Edebiyyat.az » Təqdimat » "Biz" nə deməkdir?

"Biz" nə deməkdir?

"Biz" nə deməkdir?
Təqdimat
nemət
Müəllif:
21:45, 27 may 2019
2 903
0
"Biz" nə deməkdir?


Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. 

Məhəmməd Əmin Rəsulzadə 

  “Bütün orqanizmlərin həyatı və ölümü atomların birləşməsi və ayrılması üzündən baş verir. Həyatverici atomlar girdə və hamar olur, ölçüləri də çox kiçikdir. Ruh isə odlu atomlardan ibarətdir və onların müvəqqəti birləşməsindən yaranır. Atomların bağları qırılan kimi ruh da məhv olur”   


Demokrit 

 Biz - Klub olaraq xarici və yerli kitabları çap edəcəyik. “Biz” klubunun təqdimatları olacaq. “Biz” klubu video çəkilişlər edəcək, sorğular keçirəcək. “Biz” klubu Edebiyyat.az saytında müntəzəm olaraq yazılar yayımlayacaq. Digər ədəbiyyat saytlarının ürək edib paylaşa bilmədiyi məqalələri, hekayələri və şeirləri, “Biz” təqdim edəcək. Necə ki, edir də.
 Biz – “Eşşək” ləri bizləyəcək. Eşşək tərs heyvandır. Heyvan dayandısa, onu hərəkətə gətirmək çətindir. “Biz” bunun öhdəsindən gələcək. “Biz” həm də maskalar cıracaq. Həyat teatr olsa da, obrazların roldan rola keçməsinə imkan verilməyəcək. Qatıq ağdırsa, ağ da deyiləcək. Heç olmazsa qatığa qara deyənlərə etiraz edənlər tapılacaq.
 Biz- Zamyatinin “Biz” əsərindən başlanğıc götürür. Roman riyazi motivlərdən yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 "İnteqral"-ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu fərdiçilik xəstəliyinə alışdıran isə İ-330 adlı qadın olur. “Biz” romanından təsirlənərək Corc Oruell "1984", Oldoks Haksli "Cəsur yeni dünya", Rey Bredberi "451 farengeyt" kimi antiutopik əsərlər yazıblar.
 “Biz” utopiya, xəyallar, arzular deyil. “Biz” gerçəklikdir. “Biz” antiutopiyadır. “Biz” reallığın acı görünüşü, vahiməli baxışıdır. “Biz” hər deyilənə tabe olmayan, öz xətti olan, yaltaqlığı, qorxaqlığı, ikiüzlülüyü qəbul etməyən klubdur. “Biz” kiminsə onu xilas edəcəyini düşünmür. “Biz” fərdlərin toplandığı klubdur. “Biz” kütlə deyil.  
 “Biz” ilk iş olaraq kitab təqdim edir. Yazıçı Kənan Hacının “Yeraltı külək” adlı povest və hekayələr toplusu kitabı ilə görüşünüzə gəldik. Tezliklə yeni kitablar, təqdimatlar baş tutacaq. Hamını gözləyirik.
 Ona görə bizik ki, insanlara biz olmağı təbliğ edək. Əksəriyyətin eqosuna sığınaraq öz şəxsi maraqlarına xidmət edərək ciddi sənət nümunələrini görməzdən gəlməsinə əngəl olmaq üçün bizik. Ədəbiyyatımızı yerlibazlıqdan, qohumbazlıqdan, tayfabazlıqdan, pulbazlıqdan, şöhrətbazlıqdan və başqa bazlıqlardan xilas etmək üçün bizik. Bizik ona görə ki, dəyərlərini özümüzə həyat prinsipi etdiyimiz böyük şəxsiyyətlər – Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy, Əhməd bəy, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə biz olmağı mən olmaqdan üstün biliblər. Sağlam nümunələri olmayan xalqlar bədbəxtdir, ancaq sağlam nümunələri olduğu halda ciddi nöqsanlara yol verən xalq daha bədbəxtdir. Adlarını sadaladığımız şəxsiyyətlər böyük məhrumiyyətlər, aclıq, yoxsulluq yaşadıqları günlərdə də xalq, vətən idealını öz həyatlarından üstün tutublar. Ziyalı olmaq öz həyatından imtina etməkdir. Təəssüf ki, kimlərsə məqsədli şəkildə Azərbaycan gəncliyini “mümkün deyil” sözlərinə inandırmağı bacarıblar. “Biz” mümkün deyil fəlsəfəsini darmadağın etmək üçün yaradılıb.
  “Biz” in əsas məqsədi Azərbaycana xidmət etməkdir. Mən. Biz. Məndən qurtulmaq. " Məni"ni unutmaq. Təklik mən deməkdir bəzən. Təklikdən qurtulmaq, " Biz"ə çevrilməkdir. Çevrilmək deyəndə Kafka yada düşür. Böcəyə çevrilən insan. Hamı ona qarşı idi. Əvvəl evə pul gətirirdi deyə onu sayanlar artıq onu əzməyə, məhv etməyə hazır idilər. Bizim böcəyə çevrilmək fikrimiz yoxdur. Bizim əzilmək fikrimiz yoxdur. Bizi böcəyə çevirmək istəyəcəklər. Dirənəcəyik. Bizi əzmək istəyəcəklər. Dözəcəyik. Qandi deyirdi: " Sizi ilk öncə görməzdən gələcəklər, sonra sizə güləcəklər, daha sonra sizinlə mübarizə aparacaqlar və sonda siz qalib gələcəksiniz". Hə biz həm də sizik. Siz də biz. Sizinlə birləşib biz olacağıq. Məndən biz yaranacaq, sizdən də biz.
 Biz fərqliyik. Biz özümüzük, əyrimizlə düzümüzlə. Nə Avropa fikir adamlarını oxuyub kütləyə yuxarıdan aşağı baxırıq, nə rus dilində bir neçə söz öyrənib ictimai yerdə söhbətlərimiz arasına rusca sözlər soxub özümüzü "cool" göstəririk. Biz təqaüd və başqa imtiyazlar üçün çalışmırıq. Biz 20-ci əsrin əvvəllərində Azərbaycanda baş vermiş elmi mədəni inkişafı indi yenidən yaratmaq istəyirik. Biz ölkəsində qırağa çıxan kimi öz ölkəsinə yuxarıdan aşağı baxanları, öz millətini bəyənməyənlərin yox, ömrünün sonuna qədər Azərbaycan deyən Fətəli Xan Xoyskinin, Əli bəy Hüseynzadənin, Həsən bəy Zərdabinin yolunu gedəcəyik. Bax, böyük  Məhəmməd Əmin Rəsulzadənin Gəncliyə xitabındaki Siyavuşlar bizik. Bu cəmiyyəti  cəhalətin və zülmətin əlindən “Biz” xilas edəcəyik.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)