Edebiyyat.az » Təqdimat » VAQİF OSMANOV - DURNA QATARINA SIĞIŞAN ÖMRÜN HARAYLARI

VAQİF OSMANOV - DURNA QATARINA SIĞIŞAN ÖMRÜN HARAYLARI

VAQİF OSMANOV - DURNA QATARINA SIĞIŞAN ÖMRÜN HARAYLARI
Təqdimat
Nicat Heşimzade
Müəllif:
14:10, 25 iyul 2019
538
0
Aida Adıgözəlin şeirlərini durna qatarından ayrı düşən qərib durnanın harayına bənzədirəm. O qərib durnanın doğmalarından ayrı düşən ruhunda saxta hıçqırtı, sızıltı, haray, çağırış olmur. Burda hər şey təbiidir, səmimidir, Aida xanımın sözü və özü kimi. Bu şeirlər gah çılğın, təlatümlü, gah da dənizin ləpəsi kimi mülayim, həzin qəlbin çırpıntılarıdır. Durna qatarı kimi düzülən, amma sırada durmayıb azad, sərbəst hərəkət edən misralar həm də Aida xanımın özü kimi ərköyündür. “Durna qatarının səfinə bənzəyən ömürlü” Aida xanım “ağ qanadlı arzularının, xəyallarının qanadında” poeziya göylərində cövlan edəndə qatarından ayrı düşən qərib durnadan daha çox hökmlü qartala bənzəyir. Bu sözün qüdrətidir... Onun hər şeıri durna qatarındakı bir durnadır. Səsi, sükutu, çağırışı bir - birindən fərqlənir, durnalardan fərqli olaraq. Hər şeir


Aida Adıgözəlin şeirlərini durna qatarından ayrı düşən qərib durnanın harayına bənzədirəm. O qərib durnanın doğmalarından ayrı düşən ruhunda saxta hıçqırtı, sızıltı, haray, çağırış olmur. Burda hər şey təbiidir, səmimidir, Aida xanımın sözü və özü kimi. Bu şeirlər gah çılğın, təlatümlü, gah da dənizin ləpəsi kimi mülayim, həzin qəlbin çırpıntılarıdır. Durna qatarı kimi düzülən, amma sırada durmayıb azad, sərbəst hərəkət edən misralar həm də Aida xanımın özü kimi ərköyündür. “Durna qatarının səfinə bənzəyən ömürlü” Aida xanım “ağ qanadlı arzularının, xəyallarının qanadında” poeziya göylərində cövlan edəndə qatarından ayrı düşən qərib durnadan daha çox hökmlü qartala bənzəyir. Bu sözün qüdrətidir...
Onun hər şeıri durna qatarındakı bir durnadır. Səsi, sükutu, çağırışı bir - birindən fərqlənir, durnalardan fərqli olaraq. Hər şeir bir həssas anın, kövrək sükutun, ərşi yerindən oynadan harayın bəhrəsidir...
“Pənbə rəngli bir otaqda, süslü, bəzəkli yataqda hər gecə yuxusuz qalan, qızdırmalı balasına qoşulub ağlayan xəyalının içində bir körpə böyüdən ananın” daxili dünyasına səyahət edən ən qəddar ürək sahibi belə kövrələr, duyğularının seli gözlərinin selinə qarışar. “Möhtəşəm bir qadın, fədakar ana” üçün “əllərini ona uzadan qaymaq dodaqlı, mələk baxışlı” körpənin gülüşündən dəyərli nə ola bilər? “Xəyalının içində” böyüyən, “dodağını büzərək onu ANA çağıran bu uzun saçlı mələk” bir gün baxçaya, sonra məktəbə gedir, günlərin bir günü də Aida xanımı “nənə” edir, dadmadığı bir nübarın şirinliyindən “nənə” bayılır:
Bir körpə böyüdürəm xəyalımın içində... Gəl mənim xəyallarıma körpə balam, Səni çox sevdim, xəyal balam, Gözləməkdən yorulmadım... Haçansa gələcəksənmiş kimi İllərlə yolunu gözlədim. Böyü, xəyalımın içində, böyü, körpə balam... Sənə layla deyə bilmədiyim üçün məni bağışla. Səni qucağıma ala bilmədiyim üçün məni bağışla. Mən də bağışladım səni, Məni “ANA” etmədiyin üçün...
Aida xanım “xəyalının içindəki” körpədən üzr istəyəndə də, bağışlanmağı rica edəndə də, o körpə onu “ANA” edə bilmədiyinə görə uzun saçlı yavrusunu bağışlayanda da görün nə qədər təbiidir, səmimidir, mərhəmətlidir. “Mən də bağışladım səni, məni ana etmədiyin üçün”... Bildim ki, hamının içi göynədi...
“Bir körpə böyüdürəm xəyalımın içində” adlı bir ana duyğularından kövrəldiyim anlarda mən də Aida xanıma belə təsəlli verməyə çalışmışdım:
Bu tale səninlə oynayır oyun, Nə yası bəllidi, nə də ki, toyu. Gündüzlər həsrətlə oldun qol - boyun, Təkcə röyalarda vüsallı qadın.
Xatirələri “yağmayan leysanlarda” axıb selə gedən, ayrılıqlarla sevgili olan, vidalarla böyüyən Aida xanım könlünün divarlarına hopan ilahi sözlə, ruhuyla danışanda həssas ürəklər onun pıçıltısını eşidir, onun kövrək düşüncələrinə və özünə vurulur. O, sözdən ömür tikir, sözdən yıxılan ömürlərə incə çiyni ilə dayaq durur....
Aida xanım “xain xislətli Təpəgözlərlə, Qıpçaq Məliyin çaqqallarıyla “ döyüşə girəndə isə aslana çevrilir, Qaraca Çobana dönür. Bu zaman onda incəlikdən, kövrəklikdən, ürəyiyumşaqlıqdan əsər - əlamət qalmır. O mənəvi gücüylə bütün eniş - yoxuşu, eybəcər xislətlilərin bəd niyyətlərini məhv edə bilən cəngavər kimi qorxmazdır. Onu bu amansız zamanın fırtınaları yıxa bilmədisə, ruhu, əqidəsi çılpaq məxluqlar necə məğlub edə bilər ki?! Aida xanım yaxşı bilir ki,”qara buludun hayqırtısından yağan yağışdan sonra təmənnasız gülümsəyən Günəş mütləq doğacaq!”
Aida xanımın sevgisi də, nifrəti də, sevinci də, kədəri də özünəməxsus və özünə sadiqdir: “Mənim arzularımda ölən uşağın atası da yox idi. Yetim idi, arzularım kimi. Arzularımdan qabaq ölmüşdü o.” Bu üç cümləni “müqəddəs kədər” adlandırardım. Bu kədərin müqəddəsliyinin mayasında səmimiyyət və cəsarət durur. Ona görə də Aida xanımın kədəri bizim üçün də doğmadır. Bu etirafı etmək hər kəsin işi deyil. Aida xanımın duyğularında ağlamaq, sızlamaq, yalvarmaq, yazıqlaşmaq, tənhalıq tapa bilməzsiniz. “Allah baba pis baxır çox ağlayan uşağa.” Budur, Aida xanımı həmişə ayaqda saxlayan, əyilməz və qürurlu edən...
O, həmişə mübarizdir, vətənsevərdir. “Qalx ayağa, qoy səni saxlaya bilməsin heç kim, dəli ol, dəli!” harayı ilə “Azadlıq qalası tikmək istəyir Vətən boyda”.
Hər bir rəssam həyatı boyu heç olmasa bir avtoportret çəkir. Çünki yaradıcı adamın mənəvi dünyasını onun özü qədər qəqiq bilən ikinci şəxs çətin tapılar. Aida xanım bilirəm, rəssam deyil. Amma şairlər də sözlə avtoportret çəkirlər. Aida xanımın iki şeirində avtoportret cizgilərini görməmək olmur. Bəlkə də onu yazanda şair xanım belə düşünməyib. Bu mənim şəxsi qənaətimdir. Birinci “avtoportret”ində Aida xanım özünü belə görür:
Hey, gedən yolçu! Gecələrə məndən salam söylə! De ki, mən həmən eşq dəlisi olan qadınam! Qorxma, bütün dəlilərin gözləri böyümür, Saçları pırtlaşıq olmur. Sən Leylayla Məcnunu tanımışsın təkcə! Mən Allahdan gizli doğulan, Atəşlə küldən yoğrulan Eşq qadınıyam! Hey, gedən yolçu! Gecələrə söylə, Mən dərdlərimdən kərpic - kərpic Bəzz qalası hörən qadınam! Ömrü şəmə bənzəyən, Gilə - gilə əriyən... Kiminə işıq, kiminə istilik verən qadın! Azadlığı üçün odda yanan, Övlad üçün günaha batan qadın! Mən həmin o qadınam, Eşq dəlisi!..
İkinci “avtoportret”ində Aida xanım məhəbbət şairi Nüsrət Kəsəmənli kimi “oğru olmaq istəyir”:
Sevda oğrusuyam, eşq sərsərisi, Bir ürək xətrinə məhbəsdə qallam. Qəlbindən oğurluq etməkdi arzum, Tutulsam ömürlük dustağın ollam...
Aida xanımın milli ruhunun, yenilməz qürurunun möhtəşəmliyinə baxın. Deyir ki, biz niyə sevginin ölməzliyindən söz düşəndə Romeo və Cülyettanı, Otello və Dezdemonanı, Leyli və Məcnunu örnək kimi misal çəkirik? Tükəzbanlardan, Səfərlərdən danışmırıq:
Onların sevgisimi kiçik görsəndi? Məncə, yox! Onlar ölməzliyi seçmədilər sevgilərinə...
Sevgiyə orijinal baxışdır...
Aida xanım nisgil şairidir, onun kədərinin qidası illər, çəkisi ömürdür. “Kədərini sat mənə” deyənlərin alverinə istehza ilə gülümsəyir, “bu bazarlığa əl sıxa bilmir”. Çünki onun kədəri həm doğmadır, həm də özününküdür. O kədər Aida Adıgözələ özüylə tək qalanda həmdəmdir, sirdaşdır, saçlarına tumar çəkən, ovunduran, oxşayan vəfalı ürək dostudur. Aida xanım bu alverdə həddən ziyadə “cığal”dır. “Mənim kədərimi heç kim satın ala bilməz!” hökmündə qətidir...
Aida xanım, özünüzü “vəfasızın yekəsi” adlandırırsınız. Həsrətlə sevgili olub həmişə qol - boyun yol gedirsiniz. Belə vəfasız olar? Deyirsiniz ki, sizdən ancaq bir qoşa iz, bir cüt boynubükük kölgə qalacaq, həsrətin və sizin iziniz və kölgəniz. İnanmıram. Şairin hər sözünə inanmamağı ulu babamız, ilahi sevgi şairimiz Füzuli vəsiyyət etmiş bizə. Sizdən bu dünyada nələr qalacaq - qəlbimizə, ruhumuza qida verən həssas və kövrək duyğular, səmimi dostluq, həyatsevər insan xarakteri, mərdlik, şərəf və layaqət, daha nələr, nələr...
Siz həmişə bizimləsiniz, “pəncərədəki qadın” - bütün şıltaqlıqlarınızla, sevincinizlə, kədərinizlə, bitib - tükənməyən yaşamaq eşqinizlə. “Hər şeyi unutmaq istəyən qadın”, siz bizi unuda bilməzsiniz, biz də sizi. Axı siz “qaçıb gedə bilməzsiniz içinizdəki özümdən”...
Bu gün hər yerdən sükutun səsi gəlir. Tanrım, sükutun səsi necə gur imiş, ruhumuzu sarmış bu sükut bizlərə nələrdən xəbər verir? Bu gün sükut sevincdən ağlayır, gülür, kədərə meydan oxuyur. Çünki Aida xanımın mənəvi övladını dünyaya gətirmiş sükut. Sükut poeziyaya hamilə imiş. Aida xanımın “Sükutunun səsi”ni nəhayət eşitdik bu gün. Hamımız sevinc içərisində bu gözəl - göyçək mənəvi balanın üzünə heyranlıqla baxırıq. Gəlin, bir - birimizə gözaydınlığı verək. Ruhdan doğulan mənəvi körpə necə də gözəldir, lap doğma və mənəvi anası Aida Adıgözəl kimi...
Aida xanımın ruhundakı boş qalan yeri sən doldurdun, “Sükutun səsi”. Gəlişin uğurlu olsun!..


                                                                                                                                  21.06.2019.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)