Arzu Hüseynin şeirləri
Yavaş-yavaş unudurlar adamı,
Unudurlar bir gecənin səhəri.
Unudurlar lopa-lopa bəyaz qar,
Ağuşuna aldığında şəhəri.
Unudurlar inananda birinə,
Yanağında kipriyinin kölgəsi.
Unudurlar sevdiyinin yerinə,
Doğma kimi sarılanda özgəsi.
Xatirəndə yaşananlar yazılar,
Hıçqırıqlar arasında güləndə.
Unudurlar körpə-körpə arzular,
Doğulmamış ürəyində öləndə.
Şübhələrin yenə gözü böyüyüb,
Əlvidalar qucaqlayır nidanı.
Yavaş-yavaş yadırğayıb, soyuyub,
Yavaş-yavaş unudurlar adamı.
Dodaqların xatırlayır bilirəm,
Nəfəsimin öpüşümün dadını.
Yaddaşının bir yerində hələ mən,
Yadd deyiləm, qadınınam, qadının.
Barmaqların vəfalıdır bilirəm,
Unutmayıb saçlarımın ipəyin.
Dolabında boynum üçün darıxır,
Otağında unutduğum örpəyim.
Ayaqların xatırlayır bilirəm,
Yollarımı, cığırımı, izimi.
Dəli kimi darıxırsan bəs nədən,
Belə soyuq aparırsan özünü?
Qarışdırıb xatirələr yuxunu,
Susduğunu gözlərindən görürəm.
Unutmarsan başqasında ruhunu,
Ünvanını tanıyırsan bilirəm.
İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.
Çılçıraq üzünə saldıqca kölgə,
Oynayır üstündə sirli naxışlar.
Sənə ürəyimi açardım bəlkə,
İndi içkiliyəm məni bağışla.
Bilirəm bu vüsal görüşlərindən,
Nə mən doyasıyam nə sən doyası.
Yayılır boynuma öpüşlərindən,
Çiyələk ətirli dodaq boyası.
Fırlanır başıma otaq, divarlar,
Elə bil zamandan alırıq qisas.
Bu gecə havada başqa sehir var,
Adı məhəbbətdir, adı ehtiras.
Sənsizlik o qədər ruhumu didib,
Bu qərib vüsalı göydən dərmişəm.
Səni qarış qarış İxtira edib,
Səni zərrə zərrə əzbərləmişəm.
Azmaram bu tanış cığırı izi
Qəlbimdə adının fərqli yeri var
Bilirəm heç zaman anlamaz bizi
"Həyalı"adamlar, "doğru" adamlar...
İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.
Bir dəmli çay içmədik axşam üstü
Bir ağac altında
Bir süfrə açmadıq ikimizə
qarnımızın ac vaxtında
Sahil boyu gəzmədik əl ələ
Atılmadıq dalğaların qucağına
Oyanmadıq bərabər
zamanın sübh çağında.
Öpüşmədik dəli kimi qapının ağzında
Küçənin tinində
Öpüşmədik, bir əlim saçında,
bir əlim belində
Siqaretim düşmədi ağzımdan səni görəndə
O bəyaz donunda saçlarını geri atıb
mənə tərəf gələndə,
Başqasını sevirdim, başqasını....
Yoxdur daha baxışında doğmalıq,
Xəyanətlər sildi səndə izimi.
Adam kimi sevgili də olmadıq,
Adam kimi nə olduq ki, düzdümü?
Unutdunmu qoxladığın telləri ?
Darıxdımı gözlərində uzaqlar?
Gəlirsənsə, yarı yoldan dön geri,
Qollarımda bir gecəlik qonaq var.
Boğazıma dirəndikcə yalanlar,
Qabığımdan soyuluram, çıxıram.
Yastığımda uyuyurlar ilanlar,
Yastığıma baş qoymağa qorxuram.
Nə qalıbdı dünənindən əlində?
Xatirələr qan gölüdür, uzaq dur!
Bilirəm ki, bilirəm ki, sənin də
Yatağında elə həmin sazaqdır.
Mən vüsalı gətirmirəm dilə də,
Demirəm ki, qaranlıqda çıraq var.
Qarşılaşsaq ürəyimdə hələ də,
Üşüməyə ikimizə otaq var...
Barmaqlarım saçlarımda azıbdır,
Əllərini saçlarınla ovutma.
Yox, unutma, yaşananlar yazıqdır.
Sevməsəndə, sevməsəndə unutma!
Qorxma, daha bir kimsəni sevmirəm,
İsidən yox fəsillərin qışında.
Qorxma, daha gücüm də yox gəzdirəm,
Başqasını ürəyimin başında.
Qorxma, daha telefonum hey sussur,
Gizlətmirəm zəngərimi birindən.
Qorxma qəlbim həsrətinə uduzur,
Bağlanmıram adamlara dərindən.
Qorxma, indi soluxubdur bənizim,
Kim tanıyar məni belə görəndə?
Qorxma gülüm, gecə kimi səssizəm,
Gülüşümü itirmişəm dünəndə.
Qorxma, hələ bəriyədir yollarım,
Səfərimi uzaqlara salmıram.
Qorxma, hələ sağalmayıb qollarım,
Özgəsini ağuşuma almıram.
Qorxma, gözüm açılmır ki gün görəm,
Göz yaşımı şeirlərə sıxıram.
Bax beləcə hər gün biraz ölürəm,
Hər gün biraz həyatından çıxıram...
Sığınmağa bir qucaqlıq yer ola,
Boşluğunu unutdura görüşlər.
Ürəyimin yanan yeri qar ola,
Sərinlədə ciyərimi öpüşlər.
Etmədiyim günahların naminə,
Getmədiyim uzaqlardan qayıdam.
Əcəb vurdun zəifimdən Birdənəm,
Əcəb qırdın qanadımı ay Adam.
Necə keçir saatların, günlərin?
Mən ki hələ ayılmadım yaradan.
Üşüyürmü yoxluğumdan əllərin
Ay vəfasız, ay duyğusu qar Adam.
Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki...
Nəfəs-nəfəs əridikcə odada,
Viranədən özünə taxt hörəsən.
Bacarasan ürəyini arada,
Özgəsində ovundura biləsən.
Bacarasan unudasan, atasan.
İnanmağı unudasan dərindən.
Ölüm bilib yaran üstə yatasan,
Diriləsən vurulduğun yerindən.
Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola, birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki...