Edebiyyat.az » Söhbət » Mixail Haneke ilə müsahibə

Mixail Haneke ilə müsahibə

Mixail Haneke ilə müsahibə
Söhbət
Necef Esgerzade
Müəllif:
12:47, 15 aprel 2019
1 561
0

Siz əhatəli şəkildə psixologiya və fəlsəfə oxumusunuz…

– Nə qədər əhatəli oxuduğumu deyə bilmərəm. Psixologiyadan da, fəlsəfədən də öyrəndiyim bu oldu: Oxumağa başlamazdan əvvəl suallara cavab tapa biləcəyimizi zənn edirik, amma nəticə olaraq əlimizdə cavablar yox, suallar qalır. Mütaliədən öyrəndiyim tək şey budur: sual verməyə davam etsəniz də cavab almayacaqsınız.

“Gizli” filminin sonu filmləriniz arasında ən ümidverici sonluğu olan filmdir. Bu nə ilə bağlıdır? 
– Bunu çox fərqli formalarda izah etmək olar. Bu barədə bir-birinə zidd xeyli fikirlər eşitdim. İki uşağın öz aralarında razılığa gələcəklərini söyləyənlər oldu, yəni müsbət yanaşanlar… Məcidin uşağı qaçıracağını düşünənlər də. Çox fərqli şərhlərin olması xoşuma gəldi. Çünki mənim fikrimcə film uçuş xətti kimi olmalıdı. Tamaşaçılar həmin xətlə hara istəyirlərsə ora da uçmalıdırlar.  

Devid Linçin “Bağlı şose” filmi ilə sizin filminiz arasında oxşarlıqlar var. Məhrəm hislər, məxfilik, şəxsiyyət kimi mövzular iki filmdə də dərindən işlənib. Sizcə iki filmi bir-birindən ayıran və birləşdirən məqamlar nədir? 
– Bu suala cavab verən adam mən olmamalıyam. Bu mənim işim deyil, film tənqidçilərinin işidir (qəhqəhəylə gülür). Devid Linçi sevirəm. Ancaq o məndən fərqli film anlayışına malikdi.

Filmlərinizdə inkişaf etmiş kapitalist cəmiyyətlərin, xüsusilə avropalının da içərisində olduğu şəxsiyyət böhranına qarşı göndərilən mesajlar var… 
– Mən siyasi filmlər çəkmirəm. Çox şəxsi filmlər çəkirəm. Belə bir cəmiyyətdə yaşayan biri kimi əlbəttə ki siyasətə dair fikirlərim ola bilər. Ancaq iş zamanı xarakterlərə baxıram. Bu adamlar bəlli cəmiyyətləri təmsil edən tiplər deyil. Onlar daha çox özlərindən danışan obrazlardı. Məsələn, “Gizli”də təbii ki, eyni zamanda həm də siyasi məsələlərdən, Fransa və Əlcəzair arasındakı əlaqələrdən bəhs olunur… Lakin hər cəmiyyətdə kollektiv yaddaşla dəfn olunmuş problemlərlə qarşılaşa bilərsiniz. Eyni filmi burada da, Avstriyada da çəkərək faşizmə mesaj göndərə bilərik. Həmin filmdəki kimi şəxsi günah duyğusu ilə çəmiyyətdəki günah duyğusunun üst-üstə düşdüyü vəziyyəti hər ölkəyə tətbiq edə bilərsiniz. 

Stefan Sveyqin “Dünənin dünyası” adlı kitabında 19-cu əsrin sonundakı azadlıq mühitini idealizə etdiyi Vyanada yaşayırsınız. Eyni zamanda iki dünya müharibəsini də ağır formada keçirən və Avropadakı gedişatdan hiss etdiyi üzüntüylə ömrünü sona çatdıran Sveyqin ölkəsidi bura…
– Bu gün isə Amerikanın mədəni əyaləti halındayıq. Amerika filmlərinin tamaşaçı sayına diqqət yetirin. Bütün dünyada (bəlkə bir az Fransa xaric ola bilər) insanların doxsan faizi Amerika filmlərinə baxmağa gedirlər. Geriyə qalan faiz isə çox azdı. Bu bir həqiqətdir. İllüziyaya qapılmamaq lazımdır.

Vyana dünyanın yaşamağa uyğun olan ən yaxşı şəhərlərindən biri kimi qəbul olunur. Par-par parıldayan geniş küçələr, sağlam və iqtisadi səviyyəsi yüksək insanlar… Bura gələndən bəri bir nəfər də evsiz adam görmədim…
– Bəli Paris və Londonla müqayisə etdiyiniz zaman Vyana həqiqi paytaxt kimi deyil. Daha çox kənd kimi bir yerdi. Metropol şəhərlərdə insanların yoxsulluğu, səfaləti daha çox nəzərə çarpır. Vyana isə əyalət ab-havasında olan son dərəcə xoşagələn bir yerdi.

Mənim diqqətimi çəkən Vyana kimi bir yerdən son dərəcə qaranlıq mövzularla əlləşən bir rejissorun çıxmasıdır…
– Vyana eyni zamanda dünyanın ən yüksək intihar faizinə sahib olan bir şəhərdi. Səhv etmirəmsə, Finlandiya və Macarıstandan sonra ən yüksək intihar nisbətinə sahibik. Biz bir az yaşlanmış və yaşamaqdan yorulmuş cəmiyyətik.  

Filmlərinizdə qadınların inkişaf edərək kişiləşmiş qadınlar olduğunu söyləyə bilərikmi? Sanki kişiləşmiş xasiyyətlərə malikdirlər…
– Əgər “Pianoçu” filmindəki İzabella Huppertdən bəhs edirsinizsə, mən ona tam cavabdeh deyiləm. Həmin film bir roman əsasında çəkilib. Son dərəcədə intellektual və aqressiv bir obrazdı. Amma aqressiv kişi özəlliyi olduğunu deyə bilmərəm. Bu həm də xarakter məsələsidi… Filmlərimdəki qadınlar adətən xoşagələndilər. Elə deyil?

Kişiləşmiş xasiyyətin olması xoşagələn olmamaq mənasına gəlmir axı… 
– Kişiləşmiş qadınlar məni maraqlandırmır. Kişini onsuz da özümdən tanıyıram (gülür). Qadınlar daha maraqlıdı. Bu səbəbdən də bütün aktrisalar mənimlə işləmək istəyirlər. Çünki hər zaman yaxşı rolları var. Halbuki filmlərimdə rol alan kişilər hər zaman müsbət obrazları ifa etmirlər.



Türkiyə kinosundan film izləmisinizmi? 
– Əslində mənim kinoya getməyə vaxtım olmur. Gedəndə də aktyorların perfonmanslarına baxmaq, öz filmlərimə aktyor seçmək üçün gedirəm. Amma Fatih Akının “Divara qarşı” filmini izlədim və bəyəndim. Xüsusilə də kişi aktyorun performansı xoşuma gəldi. Aktrisanın keçmişi haqqında mətbuatda çox danışıldı. Əslində isə kişi aktyorun ifasından söhbət getməliydi.

Sizə təsir edən filosoflar, yazıçılar, rejissorlar kimlərdi? 
Gənc olduğum zamanlar Bressondan çox təsirləndim. 50-ci illərin filmlərinə çox baxmışam. Qodar, Rosselini və Antonioni. Əslində bütünlüklə İtalya kinosundan təsirləndiyimi deyə bilərəm. Xüsusilə Antonionin “Qızıl çöl” filmi mənim üçün çox önəmlidi. Oxuduğum yeganə filosof isə Paskaldı. 17-ci əsrdə yaşayıb. Onu təkrar-təkrar mütaliə edirəm.

Bu gün bir tərəfdən texnologiyanın inkişafı ilə bərabər əlaqələr asanlaşsa da, digər tərəfdən də münasibətlərin yaxınlığı itir. Misal üçün mən davamlı olaraq noutbuku ilə gəzən insana çevrildim. Fotokameram, fotoaparatım, telefonum yanımda olmasa küçəyə çıxmıram. Hətta bəzi dostlarım bu cür texnologiya aludəçiliyimdən şikayət etməyə başlayıblar. Siz necə insanların bir-birləri ilə olan əlaqərindəki yaxınlığın, səmimiyyətin itməsi barədə düşünürsünüzmü?
– Bütün filmlərimdə insanlar arasındakı rabitənin çətinləşməsindən bəhs olunub. Düşünürəm ki, vəziyyət gördüyümüzdən də çətindir. Hər kəs öz dünyasını, öz dilini yaradır. Və insanların sözlərə yüklədikləri mənalar fərqlidir. Tutaq ki, mən mavi dediyim zaman siz mənim mavimdən başqa şey anlayırsınız. Eyni şey haqqında danışdığımızı zənn edirik, əslində çox fərqli yerlərdəyik, bu zaman ünsiyyət çətinləşir. Bu səbəbdən də sözləri təhlükəli hesab edirəm və onlara etibar etmirəm. Sözlər sizi əyri yollara aparıb çıxara bilər. Və siz azarsınız. Məncə iki insan arasındakı ən həqiqi rabitə vasitəsi seks və musiqidir.

Doğurdan belə düşünürsünüz?
– Doğurdan… Seks daha həqiqi dildə danışır… Bədən yalan söyləməz…

Tərcümə: Samirə Əşrəf
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)