Edebiyyat.az » Film » Coen qardaşları ilə müsahibə

Coen qardaşları ilə müsahibə

Coen qardaşları ilə müsahibə
Film
Necef Esgerzade
Müəllif:
17:14, 07 may 2019
1 497
0
Qocalara yer yoxdur” (No Country for Old Men) filminin məzmunu çox klassikdir (bir nəfər məlum miqdarda pulu ələ keçirir, bu pulları istəyən başqa birisi isə onun arxasınca düşür), bununla bərabər sürpriz və gözlənilməz hadisələrlə doludur.
Joel Coen: Bu intriqa, sadiq izləyicisi olduğumuz Cormac McCarthy`nin romanında eyni ilə əks olunub. Möhtəşəm qurulmuş tapmacanı daha da dəyişmək fikrimiz yox idi.
Ethan Coen: Kitabda bizi özünə çəkən, az öncə vurğuladığımızın eynisidir: hadisələrin gedişatı qarşısında hiss edilən davamlı bir həyəcan və bunun ara vermədən romanın yarısından çoxunu əhatə etməsi. Bu eyni zamanda filmin öz janrında da dəyişikliyə məruz qaldığını göstərir. “Qocalara yer yoxdur” filmi pis insanların nə olur olsun sonluqda hakim qarşısına çıxdığı bir təqib filmi deyil, hətta romanın tamamilə fərqli bir formada qurulduğunu deyə bilərəm.
 

İlk dəfə bir romanı filmə uyğunlaşdırdınız, üstəlik kitab müasir klassika nümunəsidir. Belə olması gözünüzü qorxutdumu?
J.C: Doğurdan da, “Qocalara yer yoxdur” ədəbi əsərdən filmə uyğunlaşdırdığımız ilk filmimizdir. Ssenarist olaraq bu işi başqa rejissorlar üçün etmişdik. James Dickey`in məşhur kitabını – “Ağ dəniz”inə bir gün filmi çəkilərsə rejissorluğunu etmək ümidi ilə ssenariləşdirmişdik, amma bu ümidimiz puç oldu. Bu dəfə McCarthy`nin kitabı nəşrindən bir il öncə, sanki bu niyyətimizi sınamaq istərmiş kimi bir film proyekti olaraq qarşımıza çıxdı.
                                                                                            
Ədəbi əsərlərin filmə uyğunlaşdırılmasının ən çətin tərəfi şübhəsiz onun üslubudur. Siz ədəbi tərzi ekranda necə əks etdirirsiniz?
E.C: Bu roman fərqli səviyyələrdə bir müvəffəqiyyətdir. Əlbəttə üslubun, belə desək, görüntülü tərcüməyə sığmadığı məqamlar oldu, amma kitabın məzmunu, qəhrəmanları, dialoqları onu ekranlaşdırmağa imkan verirdi. Digər tərəfdən kitabdakı dialoqları kəlimə-kəliməsinə ələ aldıq. Bu dəyərli əsərdən ilhamlanmaq barədə narahat olmadıq, əksinə olaraq özümüzə güvənirdik. Bu çətinliyin çəkilişlər zamanı lehimizə olacağına əmin idik. Bu dəfə, hər zamanki işimizin vacib bir qismi başqası tərəfindən gerçəkləşdirilmiş oldu. Cormac McCarthy zərif bir xəzinə əmanət etmişdi, bu gözümüzü qorxutmadı, əksinə ona qarşı minnətdarlıq yaratdı.
 
Filmi çəkərkən əsas probleminiz nə oldu?
E.C: Önəmli bir çətinliklə qarşılaşdıq. Roman iki hissədən bir monoloqdan ibarət idi, polis Bellin öz-özünə içində danışdıqları filmin məzmunu ilə tamam əlaqəli deyildi.
J.C: Onlar dəyişkən mövzulardan ibarət şəxsi monoloqlar idi.
E.C: Bu obrazın baxış bucağı ekranlaşdıra biləcəyimiz formada romanın məzmununa toxunmuşdu.
J.C: Digər tərəfdən bu səsin varlığını qorumaq istəyirdik, bu halda film tərəfdən bunun həllini axtarmaq məcburiyyətində idik. Monoloqların bir hissəsi filmin əvvəlində göstərilir, geri qalanı isə əsas olaraq Bellin həyat yoldaşı Loretta və köməkçisi Wendell ilə olan danışıqları idi.
İşin maraqlısı, filminiz Cormac McCarthy qədər güclü bir şəxsiyyətin əsərinə bu qədər sadiq olmasına rəğmən, bir o qədər də sizə xasdır.
J.C: Hansı hissənin yazara, hansı hissənin bizə aid olduğunu ayırd eləmək çətindir. Bu kitab bizi də təsirləndirdi. McCarthy bəzi məqamlarda bizə çox bənzəyirdi, misal olaraq, obrazları təbiətlə əlaqələndirmə forması… Digər bir tərəfdən bizim edə bilmədiyimiz şeylərə nail olmaq bacarığına sahibdir. Aramızdakı informasiya mübadiləsi bir az bu iki faktorun sayəsində formalaşdı. Bir ədəbi əsər qarşısında duyulan hörmət və ya orjinallıqdan uzaqlaşma ehtiyatlığı mənə problemin ən çətin tərəfi kimi gəlmir. James Cain`in romanlarının filmə uyğunlaşdırılması mövzusunda nə düşündüyünü ondan soruşan bir jurnalistin dediyi kimi: “Kitablarıma heç bir şey olmayıb, onlar hələdə orda, komodun üzərində dururlar.” Kitab bir şey, film isə tamam ayrı şeydir. Bu bizim filmimizdir və önəmli olan bizi bu kitaba yönəldən coşqunu canlı tutmaq və onu filmə uyğuşlaşdırma arzumuza sadiq qalmaq.
E.C: Ədəbi keyfiyyəti və soruşduğu suallar bizə romanın əhəmiyyət veriləcək bir tərəfini göstərdi – absurd yumorun ifratlığını… Sıxışdırılmış hava ilə işləyən bir silahla insanları alnından vuran pis bir adam, şübhəsiz, marağımızı cəlb etmişdi.
J.C: Çox tez fərqinə varırsınız ki, bu ədəbi olmaqdan çox, görüntü baxımından daha təsirli bir obrazdır. Bir növ iyrənc sehirlənməyə varacağını görmək üçün, bu adamı əlində bu silahla yolda addımlayarkən düşünmək kifayətdir.
 
Kitabda olduğu kimi filmdə də paralel iki səviyyə mövcuddur. Bir yanda şiddətin intensiv fiziki ölçüsü, digər tərəfdə məyusluğa uğramış polis Bell`in dünyaya baxışındakı mənəvi və intelektual ölçü.
E.C: Bu iki səviyyə ayrı deyil, bir-birinə çox bağlıdır. Oxumağı bitirdikdən sonra ilk nəzərimizə çarpan, romanın cəsur bir baxış bucağıyla yaxşıları və pisləri əsla eyni məkanda qarşılaşdırmaması idi. Ondan sonra bunun romana təsirlərini araşdırmağa başladıq. Ssenarini yazarkən birbirilərini izləyərkən bu üç qəhramanın əsla ortaq bir yerdə görünmədiyinin fərqinə vardıq. Dramatik və bir o qədər qəribə olan bu vəziyyət aktyorların seçiminə həddən-artıq ciddi yanaşmağımıza səbəb oldu. İlk olaraq Tommy Lee Jones ilə razılaşdıq ki, beləcə üçbucağın bir tərəfi düzəldi. Sonra Javier Bardem və Josh Brolin`i bucağın digər tərəfləri üçün əla seçim olduğunu qərarlaşdırdıq.
 
On ikinci filminiz üçün ilk filminizi çəkdiyiniz yerə – Texasa getdiniz.
J.C: Eyni əyalət olmasına baxmayaraq, eyni bölgə deyildi. Texas ucsuz-bucaqsızdır. El Pasodasanızsa, deməli Los-Ancelesə Hyustondan daha yaxınsınız. Qərbi və Şərqi Texas arasında çox fərq var. Austində (ilk filmimiz çəkdiyimiz yer) “Qocalara yer yoxdur” filminin çəkildiyi yerləri heç görməyən insanlar var, onlar üçün də yad bir coğrafiyadır.
E.C: Alyaska və Havay adalarını nəzərə almasaq Texas ən uzaq və çatmaq çətin olan bir əyalətdir. Çəkilişlər zamanı buna görə problemlərimiz oldu.
J.C: Xüsusilə yeri müəyyən etməkdə çətinlik çəkdik. El Pasoya getmək üçün iki təyyarə dəyişdirib, sonra bir maşına minib 3 saatlıq yol getdikdən sonra çəkilişləri edəcəyimiz yerə çatdıq.

“Qocalara yer yoxdur” bütün filmləriniz arasında təbiətə bəlkə də ən önəm verənidir. “Farqo” (Fargo) filmindəki kimi geniş qarlı mənzərələrlə əlaqəsi olmayan aydınlıq və quru peyzajlarda başlanğıcdan etibarən təbiətin fiziki varlığını hiss edirsən. Foto-rejissorunuz Roger Deakins`lə necə işləməyə başlayıbsız?
J.C: Həmişəki kimi Roger Deakinslə ortaq
işlədik. Gündə iyirmi dəqinizi keçirmək üçün mükəmməl bir yer olduğunu deyirdi: yarısını günəşin doğuşu zamanı, yarısını da batdığı vaxt. Geri qalan vaxtlar dayanılmaz idi. Çox da qonaqsevər bir yer deyildi. Günəş şüalarının tam təpənizə vurduğu uzun saatlar cəhənnəm atəşində bir kabus kimi gəlirdi. Buna görə çəkilişləri səhərlər çox erkəndən, axşamları da çox gec edirdik. Moss`un (Josh Brolin) çaya qədər təqib olunduğu və iti vurduğu səhnəni sonda çəkmək istəmişdik. Ancaq ardıcıllıq tamamlanana qədər yavaş-yavaş günəş doğmuş olurdu. Həftələrlə davam etdi. Hər gün səhərdən və alacaqaranlıqdan bir neçə dəqiqə oğurladıq. Texasda möhtəşəm saatlar tez keçir və bu qısa zamanda günlük bir və ya iki plandan artıq çəkməyə imkan olmur.
E.C: Əsəblərimizlə bu qədər oynayan bir çəkiliş yaşamamışdıq. Gün bitmədən öncə Roger Deakins günəşin batmağını, qaranlığın düşməsini əlindəki aparatla gözlədi. Bütün komanda hava tam qaranlıq olmadan bir kadr daha çəkilməsi üçün dəridən-qabıqdan çıxırdı.

Filmin İncildən götürülmüş kimi görünən metafiziki həcmi, eyni apokaliptik düşgünlüyə sahib “Millerin kəsişməsi” (Miller Crossing) filmini ağla gətirir. Pisliyin belə təsviri Şimal ədəbiyyatına daha çox xasdır.
J.C: Elə buna görə Cormac McCarthy`nin filmlərimiz arasında ən sevimli filmi “Millerin kəsişməsi”dir. İlk tanış olduğumuz zaman bunu dilə gətirmişdi. Açığı bu bənzərlikləri sonradan, zaman keçdikcə gördük. Balaca bir kənddə mənfi qüvvələrlə üz-üzə gələn bir qadın polisin hekayəsindən bəhs edən “Farqo”nun da eyni tipdə olduğunu sonradan anladıq. Kitabı oxuyarkən bunu hiss etdiyimizi deyə bilmərəm.
Javier Bardem`in geyim və saç stili ona alleqorik bir görünüş qazandırıb.
E.C: Hardasa dərisinin altındakı sümükləri görünürdü. Bu obrazda uyğunlaşdırma problemi ilə yenidən qarşılaşdıq. Romanda Anton Chigurh fiziki olaraq təsvir edilməyib. Onun obrazını etdikləri və danışıqlarına uyğun formalaşdırdıq. Bir filmi çəkdiyiniz zaman obraz mütləq və real olaraq göstərilməlidir. Chigurh obrazının fiziki görünüşündən heç bəhs etməmək, deyəsən, Cormac`ın ədəbi qənaətcilliyi idi. Beləcə “Chigurh”u necə canlandırmalı?” sualı ilə qarşı-qarşıya qalmışdıq. Javier Bardem`in geyimləri və saçı art komandamızın əziyyətinin nəticəsi idi. 70-ci illərin sonunda Qərbi Texasdakı bir barda, saçı və geyim tərzi ilə belə bir tipin doğurdan da yaşadığını tapdılar.
 
Bu rolu Bardem`ə vermək ağlınıza hardan gəldi?
J.C: Mütləq o bölgədən olması o qədər də önəmli olmayan obraz o idi. Bir az yad biri olduğu romanda da rahatlıqla görülür.
E.C: Cormac çəkilişlər əsnasında bizi ziyarətə gəldiyi zaman Chigurh adının mənşəyini soruşduq. Etnik cəhətdən hər hansı xalqa mənsub olduğunu iddia etmək üçün qəribə bir ad idi. Cavab olaraq, heç bir yerdə var olmadığı üçün bu adı seçdiyini söylədi.
J.C: Amerikalı olmayan bir aktyora rol vermək barəsində bizim qarşımızda duran bir əsas yox idi. Digər tərəfdən, uzun müddətdir Javier Bardem ilə işləmək istəyirdik, amma əsasən bəlli janrda Amerika hekayələrindən bəhs edən filmlər çəkdiyimiz üçün, bu fürsət tez-tez qarşımıza çıxmırdı. İngilis dilini mükəmməl bilirdi, amma ispan əsilli olduğuna görə, bəlli etməməsi üçün ləhcəsinə bir az da ciddi fikir verməyini xahiş etdik. Çünki bu obrazın hardan gəldiyi maraq obyekti olmalı idi.

Woody Harrelson`un oynadığı şirin dilli və mülayim digər pis adam Carson Wells ilə müqayisə edildiyi zaman Chigurh, tamamilə insan bədənində özünü biruzə verən şər qüvvədir sanki.
E.C: Doğrudur. Kitabda və eyni ilə Javierin Chigurhu oynama tərzində yaxşılıq və pisliyi aydınlaşdırmaq maraqlıdır. Yaxşılığın və pisliyin xaricindəki zalım mühit şərtləri ilə uyğunluq içərisindədir.

Bu obrazın nəzərəçarpan bir xüsusiyyəti də başdan-ayağa yumordan uzaq biri olmasıdır.
J.C: Bəli, xüsusilə qəzetdəki xəbərdən bəhs etdiyi anda, bu ironiya sadəcə filmin son hissəsindədir.
E.C: Yumor anlayışı çox quru və Amerikanın bu hissəsində yaşayanlara xasdır. O yerin insanları belə gülmədən ciddi-ciddi əylənməkdən həzz alırlar. Aralarında dedi-qodu edərkən soyuqqanlılığı itirməyən sifətləri, həqiqətən çox Texsaslıya xasdır. Romanda polis Bell`in monoloqlarını bu qədər dözülməz edən də budur. Digər tərəfdən nə qədər qorxunc işlərə əl atırsa, o qədər çox qəhqəhəsi artır.

Qəhramanların yerli dialektlərinin və aralarında danışdıqları küçə dilinin çox müvəffəqiyyətlə və yerində işlənilməsi, tamaşaçının filmdən aldığı zövqü daha da artırır.
J.C: Cormac McCarthy`nin yerli dili də mükəmməl işlədə bilməsinin kitabına qarşı heyranlığımızı yaradan səbəblərdən biri olduğunu desəm yəqin ki, təəccüblənməzsiniz.

“Barton Fink” kimi keçmiş dövrlərdən bəhs edən filmlər çəkmisiniz. 1980-ci illərdə baş verən bu son filminiz kimi bir romanı dövrümüzdən çox az fərqi olan bir yaxın keçmişdə canlandırmaq daha çətin deyil?
J.C: “Farqo” filmində bu problemlə rastlaşmışdıq. Qəribə bir sınaqdır. Hekayənin baş verdiyi ölkənin bu hissəsində – Qərbi Texasda vaxtın daha yavaş getməsi işimizi daha da asanlaşdırdı. Ora getsəniz keçmişlə indiki dövr arasında digər bölgələrə nisbətən az fərq olduğunu görə bilərsiniz. Qaçınılmaz dəyişikliklər də var əlbəttə, maşınlar kimi, amma bunlar həll edilə bilməyəcək problemlər deyil.
E.C: Əsl ziddiyət, tamaşaçılar keçmişə səyahət etdiklərinin fərqinə varsınlar deyə, dövrümüzə aid olmayan şeyləri axtarıb tapmağımızdır. Elə bu məqamda maşınlar və mobil telefonlarının olmaması kimi nəticələr köməyimizə çatdı. 1980-ci illər eyni zamanda geniş vüsət almış narkotik ticarətinin başlanğıcı dövrləri idi. Bu ticarətin öz ilə gətirdiyi şiddət Cormac`ın romanını elə bu dövrlərə uyğunlaşdırmaq istəməsinin səbəblərindən biri idi. Digər bir səbəb də 80-ci illərdə filmdəki iki əsas obrazın yaş etibarı ilə 2-ci Dünya və Vyetnam müharibələri veteranı olması idi.

Richard Slotkin`nin Amerika haqqında yazdığı trilogiyanın bir hissəsinin adı “Silah döyüşçülərinin xalqı”dır. Filminiz Amerika cəmiyyətinin inanılmaz şiddətini əks etdirir.
J.C: Roman bundan bəhs edir və filmimizin sonunda da dünyanın gedişatının xeyrə əlamət olmadığını görürük. Nəticədə silahlar həmişə Amerika cəmiyyətinin bir hissəsi olub. Bell hər nə qədər filmin əvvəlində təsirli bir səslə əvvəllər polislərin silah gəzdirməyə belə ehtiyacı duymadıqlarını dilə gətirsə də. Amma Bell hadisələri hər zaman bir az geridən izləyirdi və bu səbəblə özünü gücsüz hiss edir.

Carter Burwell`in bəstələri olduqca gözəldir.
J.C: Bəli, varlıqla yoxluq arasında… Amma filmin sonu üçün bəstələdiyi musiqini çox bəyəndim. Bəstələdikləri arasında ən gözəllərindən biridir.
E.C: Musiqinin çox vacib olmadığını, hətta filmə o qədər də rəng qatmayacağını çox tez anladıq. Onun yerinə çox diqqətlə, o qədər də aydın şəkildə eşidilməyəcək miks edilən uğultulu səslərdən istifadə etdik. Carter üçün əsl çətinlik başlanğıc və sonda eşidilən o musiqiləri bəstələmək idi, amma yenə də çox səssiz bir film olaraq dəyərləndirilməməlidir.

“Paris, mən səni sevirəm” (Paris je t’aime) filmi üçün də bir bölüm çəkmisiniz. Bu tərzdə bir işi etmək xoşunuza getdimi?
J.C: Bir metrostansiyada çəkiliş etmişdik və çox xoşumuza gəlmişdi.
E.C: Qısa film çəkmək təkliflərini məmnuniyyətlə qarşılıyırıq, çünki bu çox sıx qarşılaşdığımız bir vəziyyət deyil. Həmçinin, əlimizdə çəkmək üçün heç bir zaman vaxt tapa bilmədiyimiz ssenari nümunələri də var.
J.C: Hamsı “Western” tərzi idi. Eyni janrda olmalarından əlavə heç bir ortaq xüsusiyyətə malik olmayan bu qısa metrajlı filmləri tək bir tam metrajlı filmdə birləşdirməyi belə düşündük.
E.C: Bir neçə il öncə siqaret və pivə firmaları üçün anonim imza ilə reklam rolikləri çəkdik. İşin maraqlı tərəfi o idi ki, ən az bu filmlər qədər kirayə pulumuzu çıxarmağa kifayət etməyən iki uzun metrajlı film arasında da onları çəkə bilərmişik.

Fuad Alqayev, Bakı 
Mənbə: Film Fiction jurnalı
                      
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)