Edebiyyat.az » Proza » ŞVARTSMAN - QAPIARASI DÜŞÜNCƏLƏR (hekayə)

ŞVARTSMAN - QAPIARASI DÜŞÜNCƏLƏR (hekayə)

ŞVARTSMAN - QAPIARASI DÜŞÜNCƏLƏR (hekayə)
Proza
admin
Müəllif:
05:01, 21 aprel 2024
1 122
0
ŞVARTSMAN - QAPIARASI DÜŞÜNCƏLƏR (hekayə)




Öldürülən bütün qadınların bədənlərinə həsr olunur. 


Məni dəyişdirən hadisələr zəncirinin ilk halqası evimdə qapının arasından arvadımın başqa bir kişi ilə sevişməyinə baxmağı ilə başladı. Bu nə vaxt olub,  hansı fəsil idi, Nyu-Yorkda saat neçə  idi kimi suallar mənasızdır. Hamlet iki seçim arasında qalmışdı: olum ya ölüm? Mən isə bu sualı şəraitə uyğun dəyişdirərək qapıarasında qalmışam: öldürmək, yoxsa öldürməmək? Yox, sualı daha düzgün qoyaq: öldürmək, yoxsa bağışlamaq? 

Onların sevişməyinə baxıram, otaq alaqaranlıqdır. Kişinin üzü aydın görünmür, arvadımın səsi oynaşının səsindən daha çox eşidilir. Hə, xəyanətə uğramışam. Nə etməliyəm? Əslində sizə bu haqda danışmalı deyiləm. Özümü gülünc vəziyyətə qoyub sizə özümü güldürə bilərəm ancaq. Belə şeylər haqda danışmaq  qəbulolunmazdır. Və mən niyə bu qədər uzun danışıram? Çünki nə edəcəyimi bilmirəm və sizdən də kömək istəmirəm. İstədiyim, sadəcə, mənə qulaq asmağınızdır. 

Sol gözümlə qapının açıq qalmış yerindən onlara baxıram. Qancığa bax, başqasının şeyini necə də ağzına alıb! Mən bunları öldürməyim də nə edim??? Mənə nə mane olur? Qorxuram? Axı nədən qorxuram: türməyə düşməkdən, yoxsa arvadımın mənə xəyanətini başqalarının da bilməyindən? Hansı daha qorxuludur? Əgər arvadımı öldürsəm niyə öldürdüyümü onsuz da hamı biləcək!  Onlar  qəbirə gedəcək, mən də türməyə və balalarım da yetim qalacaq. Bu vəziyyətdən necə çıxa bilərəm? 

Belə bir   məqamda birdən dostlarla birlikdə bir məclisə yığışmağımız yadıma düşdü. Xatırlamıram nə vaxt olub. Əhvalımız xoş, yeməklər əla idi. Söhbət əsnasında Elxan telefonunu çıxarıb birini dəvət etdi. Yarım saatdan sonra bir oğlan məclisimizə yaxınlaşanda Elxan onu bizimlə tanış etdi. Adı ŞvartsMandır, yazıçıdır. Məclisdə altı nəfər idik, o gəldi yeddi olduq. Sonra  söhbət necəsə fırlanıb evlilik və xəyanət məsələsinə gəlib çıxdı. 

-Nə əcəb evlənməmisən? - Şvartsmandan soruşdum. 

-Statistikaya baxmaq lazımdır. Azərbaycanda evlənənlərin 40 faizi boşanır. Yerdə qalır 60 faiz. 60 faizi də sizin xətrinizə bərabərləşdirək: 30 faizi xoşbəxtdir, 30 faizi bədbəxt. Nəticə olaraq, əlimizdə evlənib xoşbəxt olmayan 70 faiz insan var. Halbuki onlar xoşbəxtliyi evlilikdə axtarıblar və bu seçimdə cəmiyyət onlara xoşbəxtlik arzulayaraq aldadıb. 

Ələsgər və İsmayıl  səssizcə razılaşdılar.

Kamal dedi:

-İndi, qardaş, bu o demek deyil ki, sən evlənsən 70 faizin içində olacaqsan. 

-Söhbət neçə faizin içində olmaqdan getmir. Evliliyin xoşbəxtliyin meyarı olmadığından gedir.  İnsan poliqam ola-ola nə üçün ömrünü bir insanla keçirmək istəsin? Cəmiyyət insanı buna məcbur edir. 20 ildir evli olub bir-birinə xəyanət etməyən qadın və kişi axtarmaq mənim yazılarımda məntiq xətası axtarmağa bənzəyir.

 Soruşdum:

-Deyirsən, xəyanət normal bir şeydir?

- Normal bir şeydir, demirəm. Qaçılmazdır- deyirəm. İki nəfəri kibrit qutusu kimi bir evə soxub onlardan ölənə kimi sadiq olmağı tələb edirsinizsə, xəyanət həmişə olacaq. Bizim ailə münasibətlərimiz xəyanəti yaradıb. 

-Dayan, dayan necə yəni ? Başa düşmədim. 

-Necə deyim, bu sünnət məsələsinə bənzəyir. Heç kim penisi kəsməz, ucundan kəsərlər ki, aşırı seksual olma. Burada penis ailədir. Cəmiyyət penisi kökündən kəsməz, yaşamağı üçün insana ehtiyacı var. Heç kim də sənə icazə verməz ki, xəyanəti yox etmək üçün ailə adlı birliyi məhv edəsən. Çünki ailənin məhvi cəmiyyətin, cəmiyyətin məhvi isə dövlətin məhvinə gətirib çıxarar. Məhz buna görə cəmiyyət səni səbəbə yox, nəticəyə adaptasiya edib. Xəyanət varsa, bu şəxslərin günahıdır, əxlaqsızlığıdır, ailəni qarışdırma. Bicliyi görürsüz burda? 

 Şokdaydım. Bu oğlan nə danışır? O, bunu necə düşünə bilib? 

-Fikir vermisiniz, xəyanətə qarşı çıxan ən çox evli adamlardır, homoseksuallığa isə ən çox nifrət edən din adamlarıdır. Niyə? Çünki özləri yaradıblar, öz içlərindən çıxıb. Ailəni xəyanət dağıdır, dini də homoseksuallıq. Seksuallığı nə qədər çox sıxsanız, bir o qədər əks təsirini görəcəksiniz. 

 Qapının arasında dayanıb onlara baxıram. Michelle Gurevich-in “First six months of Love” mahnı ilə sevişirlər. Adam arvadımın ayaqlarını aralayıb başını ora salır. Arvadım sağ əli ilə onun saçını sığallayır , ah çəkir , sinəsi qalxıb enir. Birdən hiss etdim ki, şeyim oyanıb. Gözlərimi yumuram. Bəlkə səhv məndə idi? Şəfəqin evlənmək istəmədiyini bilə-bilə onunla evlənməyə çalışdım. O vaxtı cavan idik, tələsirdim, bizi tələsdirirlər də. Şəfəq  əylənməyi sevən ehtiraslı qız idi. Mən o zaman düşünmürdüm ki, Şəfəqdən yaxşı ana olarmı, yaxşı həyat yoldaşı olarmı? Sevirdim onu, onunla olmaq mənə maraqlı idi. İndi içimdə peşmanlıq hissi  yaranıb. Ən çox da…

Şairimiz Ələsgər ŞvartsMana sual verdi:

-Yaxşı, deyirsən, xəyanət qaçılmazdır. Normal bir şey kimi danışırsan . Tutaq ki, evlisən , bir gün evə gələndə görürsən ki, arvadın xəyanət edib. Normal baxacaqsan? İndiki kimi deyəcəksən, qaçılmazdır? 

-Baxır kimlə xəyanət edib? -Şvartsman heç gözləmədiyimiz cavabı verdi. 

 Çaşıb qaldıq. Bayaqdan susan yazıçı İsmayıl Elxana ironiya ilə dedi:

-Dostumuz yumor hiss olan adamdır. 

Elxan, mən və başqaları  ŞvartsMana təəssüf hissi ilə baxdıq. Elxanın üz ifadəsindən hiss etdim ki, onu bu məclisə dəvət etdiyinə peşmandır. 

Zahid müəllim:

-Cavan oğlan, bura kimi yaxşı gəlmişdin, bu sözündən sonra…

Ələsgər Zahid müəllimin sözünü kəsib:

-Necə yəni, baxır kimlə? -bir az əsəbi soruşdu. – Arvadının sənə xəyanət etməsi əsas deyil, amma kimlə xəyanət etməsi əsasdır? 

-Təkcə mənimçün deyil, sizin üçün də elədir  – nəhayət ŞvartsMan ona pis gözlərlə baxan adamlara cavab verdi. -Səbirli olun, izah edim. Heç bir kişi üçün arvadının ona xəyanət etməsi yox, kimlə xəyanət etməsi önəmlidir. Kişilərdən soruşsan ki, arvadının xəyanətini bağışlayarsanmı? İstər -istəməz arvadlarının kişi ilə onlara xəyanət etdiyini düşünəcəklər . Bəlkə arvadın bir qadınla sənə xəyanət edib, hə? Heç bu ehtimalı fikirləşmisən?

Süfrədə hamı susub fikirləşdi. Hətta bir anlıq nəzər yetirdim ki, yan masadakılar da bizim tərəfə baxır. 

Kamal:

-Lezbiyanlıq?

ŞvartsMan:

-Hə. Milyonda bir ehtimal olsa da, bu ola bilər.    Arvadımızı kişi ilə tutsaq, reaksiyalarımız məlumdur. Mən öldürmərəm, amma boşanaram. Kimisi boşanmaz, öldürər. Kimisi yarımcan olana kimi döyər, sonra boşanar. İndi sizdən soruşuram: Bəs arvadınızı qonşunuzdakı Səmayə xala ilə birlikdə yataqda tutsanız? Onları öldürərsiniz? 

Hamımız susduq. Mən cavab verdim:

-Fikirləşmək lazımdır. 

-Nəyi fikirləşmək lazımdır? Arvadın sənə xəyanət edib. Nə fərqi var, kişi ilə ya qadınla? Xəyanət xəyanətdir. 

Cavab verə bilmədim.

-Görürsünüz, şəxsləri dəyişəndə xəyanətə, mahiyyətə münasibət də dəyişir. Sərt reaksiya vermirsiniz. O anda ikisini də öldürmək üçün Musa peyğəmbər olmalısınız. Rəvayətə görə, Musa bir gün sevişən iki qadını görüb edam etdirir. Musa o dərəcədə əxlaqçı, qatı dindar idi. Halbuki normal kişi iki qadının sevişməyinə gülümsəyər, heç vaxt ağlına onları öldürmək fikri gəlməz. Biz  Musa deyilik. Görürəm suala cavab verməkdə çətinlik çəkirsiniz, çünki heç kim sizə belə suallar verməyib. Şəxsən mənim  başıma belə bir hadisə gəlir, məsələn, qapını açıram arvadımı Səmayə xala ilə yataqda görürəm. İlk reaksiyam belə olardı : “Aranızda mənə də yer var?” - ŞvartsMan güldü.

Biz xəyanət məsələsini ciddi qəbul etdiyimiz üçün gülə bilmirdik. Bu oğlan yavaş-yavaş bizim əhvalımızı pozurdu. Amma onun dedikləri hiss edirəm mənə təsir edirdi. Üzdə deməsəm də, daxilimdə onun haqlı olduğunu bilirdim.

-Hə… hə … ahh.. daha bərk,  tez-tez, Aaaaaayh -arvadımın  səsi otaqda bitməyən Michelle Gurevich -in “To be with others “ mahnısına qarışıb. Xəyanətin mahnısı!  Bu kişi arxadan arvadımın saçını tutub at kimi çapır. Onu da, özünü də qızışdırmaq üçün yanına şapalaq vurur. Deməli, xəyanət şəxslərə görə dəyişir? Arvadımın yanında indi kişi yox qadın olsaydı, qapıarasından onlara baxmazdım, onlara qoşulub trioseks edərdim? Bəs öldürmək, boşanmaq hara yoxa çıxdı? Hanı məni qatilə çevirən cəmiyyətin əxlaq qaydaları?  Xəyanəti bağışlamaq olmazsa, niyə arvadımı başqa qadınla tutanda bağışlamaq istəyirəm? Nəinki bağışlamaq, hətta ehtiraslanıram. Xəyanət pisdirsə, kiminlə olur olsun, bağışlanası tərəfi yoxdur. Onda niyə özümdən asılı olmadan cinsi ayrı-seçkilik edirəm? 

-İndi deyəcəyimi heç bir yerdə deməmişəm: Siyasi və ictimai sistemlər seksə qarşı səndə tabu yaradaraq onu sənin zəif yerin halına gətirirlər.  İnsanların seksual arzularına qadağa qoymaq düşüncə və hərəkət məhdudiyyətinə gətirib çıxarır. . Bəs bu məhdudiyyətlər hansı hüquqların pozulması deməkdir? Fikir azadlığı və sərbəst toplaşmaq. Amerika bu gün fikir və söz azadlığını 69-dakı seksual inqilaba daha çox borcludur, nəinki Martin Lüter Kinqin natiqliyinə. Hətta fransız və rus inqilabı da insanlıq üçün seksual inqilab qədər önəmli deyil. Və hər şey siyasi deyil, seksualdır. 

Qapıarasından bu gədənin masturbasiya edib arvadımın döşlərinə boşalmağına baxıram.   Donmuşam. Heç nə edə bilmirəm. İşlərini bitirəndən sonra adam otağın  işığını yandırır. Və mən onun üzünü görürəm. S…im! Bu ki ŞvartsMandır. İnana bilmirəm... Arvadımı qayıran, məni bu qapıarasından baxmağa vadar edən, bir süfrədə yemək yeyib söhbət etdiyim adam!? Zibilə qalasan! Hə, o ağıllı söhbətlərin mənası nə idi? Başqasının arvadının işini görəndə  cəmiyyətdə buna normal baxılsın? Necə sadəlövh olmuşam?! Ehh.. Necə bu adamla dost ola bildim, yaxına buraxdım! Bilirəm , o mənim arvadımı zorlamayıb, onunla yatıb. Arvadım istəməsəydi, xəyanət olmazdı. Qarşılıqlı olub deməli. Hə…Nə edim indi? Hər kəs bizi aldadıb. Ona özüm kimi inanmışdım, gələcəyin böyük yazıçısı kimi baxırdım. Bu da sonu!...

 Onlara baxmağı dayandırıb (onsuz da baxılası bir şey də qalmayıb) evdən səssizcə çıxıram. Heç kimi öldürməyəcəyəm. Başqalarının və özümün həyatını məhv etməyə dəyməz. Mən onları öldürsəm, qorxaq olduğumu biləcəyəm. Unutmaq çox çətindir, amma insan unudanda sağalır. Özümü vakuumda hiss edirəm sanki. 

Telefonu çıxardıb Səbinəyə zəng edirəm:

-Alo, əzizim, necəsən?

Səbinə yuxulu səsi ilə: 

-Yaxşıyam… Bəs sən? 

- İndi yaxşıyam, indi yaxşıyam. Yanına gəlmək istəyirəm, evdəsən?

-Hə, evdəyəm. Nəsə olub?

- Gözlə məni …

Telefonu söndürüb, siqaret yandırıram. Addımlayaraq səmaya baxıram. Hava soyuqdur, səhər indi açılır, amma qış günəşi üzümü az da olsa isidir. Bir həyat, yeni həyat işartısı… Ahh… Evdən uzaqlaşıram və uzaqlaşdıqca yüngüllük hiss edirəm. Başa düşürəm ki, bu dünyada o qədər gedəcək yer var ki… Başa düşürəm ki, kim olursan ol, mütləq biri səni anlayacaq. Başa düşürəm ki, hər şey unudulub gedəcək. 

Yolun sonunda yoxa çıxmamışdan əvvəl başa düşdüm ki, bu, dünyanın sonu deyil. Başa düşdüm ki, həyatımı dəyişmək hələ gec deyil. Başa düşdüm ki, hər necə də olsa, həyat davam edir…


 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)