Edebiyyat.az » Poeziya » MAHİR N. QARAYEV — MƏNƏ O DÜNYANI GÖSTƏR, İLAHİ

MAHİR N. QARAYEV — MƏNƏ O DÜNYANI GÖSTƏR, İLAHİ

MAHİR N. QARAYEV — MƏNƏ O DÜNYANI GÖSTƏR, İLAHİ
Poeziya
admin
Müəllif:
10:25, 24 aprel 2024
332
0
MAHİR N. QARAYEV — MƏNƏ O DÜNYANI GÖSTƏR, İLAHİ




                    Bağışla, başladım şeir yazmağa –

                    Bağışla, sözünü kəsdim, İlahi...

                                Salam Sarvan             



Bu yağış 

sel yağış, selləmə yağış –

ən azı əlli il belə yağmamış! 


İlahi, gözlərim bağlanır daha,

gözü bağlatmağın vaxtıdır artıq;

Vaxt vardı gəlməyin vaxtı idi ha,

indi də getməyin vaxtıdır artıq.


Bu şərti sən özün kəsdin, İlahi, 

şərtini yerinə yetirdim, şükür!

Qurduğun dünyanı gəzdim, İlahi,

verdiyin ömrü də bitirdim, şükür!


Mən – ayağın altda, 

Sən – başım üstdə,

gah ayaq-baş olduq, gah da baş-ayaq;

Əlli il bu ömür keçdi şum üstdə,

keçdi ki, xırmanda yabalaşmayaq.


Yadımdan çıxmayıb – 

ölümün haqdır!

Qulun ağzı nədir çıxsın əmrdən...

Dəqiq bilirəm ki, bu gecə vaxtdır –

yığışıb durmuşam boxçam əlimdə.


Vaxtdır!

Son şərtimiz bitir bu axşam –

göndər mələyini, göndər, İlahi!

Mən bu əlli ildə çox darıxmışam –

yaman darıxmışam səndən, İlahi!


Qulunam!

Bəndənəm!

Mən də səndənəm!

Göndər mələyini, göndər – gəlim mən!


Qoy gəlim...

qoy girim sənin bağçana –

çiçəyindən dərim, gülündən öpüm;

izn ver, qarşına qoyum boxçamı,

rüsxət ver, əyilib əlindən öpüm.


Fürsət ver, bir kəlmə sözümü deyim,

sözümü yarımçıq kəsmə, İlahi:

    - Sənin bu dünyanı heç bəyənmədim,

    mənə o dünyanı göstər, İlahi!.. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)