Edebiyyat.az » Ədəbi tənqid » İmran Verdiyev - Mütaliə haqqında

İmran Verdiyev - Mütaliə haqqında

İmran Verdiyev - Mütaliə haqqında
Ədəbi tənqid
admin
Müəllif:
20:50, 25 aprel 2024
773
0
İmran Verdiyev - Mütaliə haqqında






                                  “Kitabsız bir ömrün nə mənası var”.

                                            S.Vurğun


 F.Bekon  kitabın cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmiləridir." 

C.Bruno isə yazırdı: “İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır”. Fərdi psixoloji proses olmasına baxmayaraq mütaliə cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir.  

    Təəssüf ki, ölkəmizdə kitab oxumağa - ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir.

    ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur.  

    Halbuki mütaliə şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.     Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir. 

 Əbu Turxan kitab  barədə  deyirdi  ki, ordu torpaqları, kitab könülləri fəth edir.

Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox  aparıcı  klinikalarında  yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.  

 Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb  və  gənclərin  mühakimə  yürüdə  bilmək  qabiliyyəti  sürətlənib.

Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar . 

Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompyuter vermir, əksinə televizor onları itirir... Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.  

Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər. 

London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda  53-75 kişi və qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir. 

Mütaliə  həmçinin  uşaqların  nitqinin,  lüğət  ehtiyatlarının, ümumiyyətlə,  nitq  mədəniyyətlərinin  formalaşmasında,  insani  dəyərlərin  aşılanmasında  əvəzsiz  vasitədir.

 Ona  görə  də  mənəvi-əxlaqi dəyərlər  aşılaması  və harmonik şəxsiyyətin formalaşmasındakı  rolunu və əhəmiyyəti,  tibbi baxımdan oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini  nəzərə  alaraq  mütaliəni vərdişə çevirmək lazımdır. Bu işdə yaşlılar uşaqlar və gənclər  üçün nümunə olmalıdırlar.  

Çünki uşaq və gənclərin təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşaq və gənclərin mütaliəsi onun həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır . Uşaqlıqda və gənclikdə oxunan bir kitab, demək olar,  adamın  bütün  ömrü boyu  hafizəsində  qalır  və  onun  sonrakı  inkişafına  təsir  göstərir.  

Oxunan  səhifələrin sayının  çoxluğu kimsənin  yaxşı   oxucu  olduğunu   göstərməz. Oxumaq  yazılı  sözləri  tanıma,  sözlərin  mənalarının  nə  olduğuna   qərarvermə   və   bu  sözlərin   mənalarının  dərk  edilməsi  kimi  bir  çox  bacarığı  tələb  edən  olduqca  kompleks  bir  əməliyyatdır.  Çoxdan  sübut  edilmişdir   ki,  adını  oxuduğu  obyektin  nə  olduğunu  bilən  insan  oxuma  və   anlamada   daha  sürətli  olur. 

Sürətli oxu  səmərəli mütaliənin  əsas  şərtlərindəndir.    Bunun  üçün  oxucu  fasilələrlə  oxuya,  "sözləri  deyil, fikirləri   görməyə" (yəni  tək-tək  sözləri  deyil,  söz  qruplarını  oxumağa),  səhifə  ilə  (monitorla)  göz arasında  normal  məsafə   saxlamağa  və  səhifəyə  dik  bucaq  altından  baxmağa,  yalnız  gözlərdən istifadə  etməyə,  nə  oxuyacağını  və  necə  oxuyacağını  əvvəlcədən  müəyyən  etməyə,  oxu  texnikası qaydalarına  əməl  etməyə  çalışmalıdır.  Ənənəvi  qiraət  zamanı  dərk  olunmanın (qavramanın)  dərəcəsi  60 %,  sürətli  qiraətdə  isə,  80 %  təşkil  edir.  Orta  qiraət  bacarığı  (və  ya adəti)   olan  insanın  gözləri  bir  kitab sətrində  12-16,  sürətlə  qiraət  edənin  isə  2-4  duruş  edir.   Sürətli  qiraət  zamanı  gözlər  yavaş  qiraətə  nisbətən   daha   az  yorulur.

  Hazırda həyatımıza elektron kitablar və elektron mütaliə də daxil olmaqdadır. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Amma bir məsələ var ki, bu gün heç də bütün kitabların elektron versiyası yoxdur. İnternet olmayan kəndlər var. Ən vacibi şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz. “Ənənəvi formada kitab oxumağa üstünlük verənlərin bir sıra tutarlı dəlilləri var. Onlar kitabla fiziki təmasdan, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqədən və bu zaman yaranan atmosferdən zövq aldıqlarını bildirirlər. Hətta araşdırmalara görə, yaponlar uşaqlarına hələ körpə vaxtlarından kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiri ilə mütaliəyə meyillənsinlər. 

Neyrobioloqlar da bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, hətta kitabın üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır”. Hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil.

  İstər ənənəvi, istərsə də elektron mütaliədə  kitab  seçimi  xüsusi  əhəmiyyət   kəsb  edir.  Başqa sözlə, düzgün  kitab  seçimi  mütaliədə  əsas  şərtdir.

    Düzgün  kitab  seçimini  zəruri edən  amillərə   aşağıdakıları  göstərmək  olar:

    1. İndi dünyada sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, "nə mənsəbə qulluq etdiyi" hətta müəllifləri tərəfindən belə bilinməyən, "söz yığınından ibarət olan“, kriminal  və pornoqrafik səciyyəli  kitabların  sayı xeyli artmışdır. Ona görə  də  təsadüfi (səhv)  kitab  seçimi    xeyirdən  çox  ziyan  gətirə  bilər.   Mütaliədə  səhv  seçimlər isə  bir  sıra  fəsadlar  yaradır:  oxucuda  fikir  qarışıqlığına  səbəb  olur,  onu  ümidsizliyə  sövq  edir  və  hər  şeyə  şübhəylə  yanaşan birinə  çevirir.   

2. Müxtəlif  səbəblərdən  bəzən  uşaq və gənclər   bilik  və  yaşlarına  uyğun olmayan  kitabları  oxumağa  girişirlər. Aydın  məsələdir ki,  8 – 10 yaşında olan bir uşağın  gənclik  romanını  və  yetişkinlər üçün nəzərdə  tutulan kitabları  oxuyub anlaması  mümkün  deyil.  Çünki  bu zaman  kitab  və  uşaq  “eyni  dildə”  danışa bilmirlər.  Aydın məsələdir ki,  onlar belə  kitablardan  zövq  ala  bilməyəcək  və  mütaliədən  soyuyacaqlar.  Bir  maraqsız  kitab  isə  insanı  ömürlük  kitablardan  uzaq  sala  bilər.

3. Təsadüfi  seçilən  bəzi  əsərlər  oxucunun  psixologiyasına  mənfi təsir edir. Məsələn,  şiddət  və  qorxu  məzmunlu  kitabları  oxuyanlar   digərlərinə    görə çox dalaşqan,  üsyankar  və  aqressiv  olurlar . “Pis kitab da bizi pis yoldaşlar kimi korlayır”. (Fildinq)

    4.  Bəzən  oxucular  heç kəslə məsləhətləşmədən elə  kitabları  mütaliə edirlər ki, həmin kitablarda  dilimizin nitq normaları və üslubi xüsusiyyətləri gözlənilmir, yersiz  arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə (xüsusən  tərcümələrdə)  yer verilir.  Əsərin anlaşılması  çətin olur.  Halbuki  kitab dilimizin zənginliyini  və  gözəlliyini  nümayiş  etdirməli, anlaşıqlı  və  axıcı bir dildə olmalı  və  oxucunun  lüğət  ehtiyatını  artırmalı,  onların  nitq  mədəniyyətini  formalaşdırmalıdır.  

5. Bəzi  əsərlərdə ana  mövzu  qeyri-müəyyən  olur,  hadisələr  ləng  şəkildə  cərəyan  edir,  çoxlu  sayda  obrazlar  olur,  onların  bəziləri  həddindən  artıq  idellaşdırılır (təbiilikdən çıxarılır),   zaman xronologiyası  tez-tez  pozulur (keçmişə və  gələcəyə  gəliş-gedişlər  çox  olur).  Uzun təhkiyələrə yol  verilir.  Bunlar  isə  ikili  və   yalnış  anlamalara  səbəb  olur,  gənc oxucuları  çaşdırır,  onların  canlarını  sıxır. Nəticədə onlar   usanır  və bezirlər.  Onlara  elə  gəlir  ki,  kitabların  hamısı  belədir.

6. İndi  kitab  bazarında  tərtibatı  və dizaynı  müasir  tələblərə  cavab  verməyən  kitablarla da  tez- tez  rastlaşırıq. Bu kitabların  düzgün  seçilməyən  rəngi, kağız  və  şrift  formatı,  məzmunla  uyuşmayan  üz qabığı  və illüstrasiyaları  onu  oxumaq  üçün  alanların  estetik  zövqünü  korlayır.  Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv  şrift  və düz  olmayan  sətirlərarası  interval  gözlərin nurunu  da korlayır..  Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar insanların gözlərinə zərəri var. 

Zənn  edirik  ki, kitab seçiminin  zəruriliyini əsaslandırmaq  üçün  yuxarıda  göstərilənlər  yetərli sayıla bilər.  Düzgün  seçilməyən  hər  hansı  ayaqqabı   insanın ayaqlarını  incidib  şikəst  etdiyi  kimi,  düzgün  seçilməyən  kitab  da oxucuların  insani   duyğu  və  dəyərlərinin  formalaşmasını   ləngidir, mənən  şikəst edir . (Uşaq və gənclərin mütaliəsinin təşkilində bu məsələlərin nəzərə alınması xüsusilə vacibdir)  

Mütaliənin  səmərəliliyi  onun  icra  olunduğu  şərait  və  vaxtdan da  çox  asılıdır.  Ona  görə  də  münasib  mütaliə  vaxtının  təyin  edilməsinə  (şərti   olaraq)  xüsusi  fikir  verilməlidir.  Sübh  və  səhər çağı,  yatmazdan  qabaq  mütaliə  üçün  ən münasib  vaxt  sayılır.  Əzgin  və  yorğun  vaxtlarda   mütaliə  etmək  məsləhət görülmür. 

Mütaliə  salonu  olduqca  sakit,  mümkün   qədər   bər-bəzəkdən  uzaq  olmalıdır.  Atmosfer  temperaturu  və  işıqlandırma  sistemi  münasib,  mütaiə  vasitələri - stol  və  stul,  həmçinin  digər texniki   avadanlıqlar  mütaliə  üçün  əlverişli  olmalıdır.

Mütaliə  ilə  məşğul  olan  gün  ərzində  konkret  istirahət  saatlarının  müəyyən edilməsi,  mütaliəarası  fasilələr,  düzgün  qidalanma,   zehnə  xeyirli  qidaların  qəbulu  da  diqqət mərkəzində   saxlanılmalıdır.  


                                                                                     İmran Verdiyev

Azərbaycan Respublikasının Əməkdar müəllimi 

       

 



 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)