Edebiyyat.az » Ədəbi tənqid » Könül Nuriyeva - Nə yazmışamsa, yazmışam artıq (Saramaqonun "İsanın incili" əsəri haqqında) 1-ci hissə

Könül Nuriyeva - Nə yazmışamsa, yazmışam artıq (Saramaqonun "İsanın incili" əsəri haqqında) 1-ci hissə

Könül Nuriyeva - Nə yazmışamsa, yazmışam artıq (Saramaqonun "İsanın incili" əsəri haqqında) 1-ci hissə
Ədəbi tənqid
nemət
Müəllif:
00:12, 21 fevral 2020
1 947
0
Könül Nuriyeva - Nə yazmışamsa, yazmışam artıq (Saramaqonun "İsanın incili" əsəri haqqında) 1-ci hissə




 İosiflə Məryəmin oğlu bütün insan oğulları kimi – anasının qanına bələnmiş, hər yanı selikli və öz əzabını dinməz çəkən məxluq kimi doğuldu. J.Saramaqonun bir bu cümləsi kifayət edərdi ki, kitabın heç bir dini kitabdan doğmadığını oxucuya bildirsin.

İosif günahsız olaraq doğulmuş oğlunun halına acıyaraq düşünürdü: ”Uşaqlar  həmişə onları əkmiş atalarının  və bətnində  yetirərək, həyata gətirən  analarının ucbatından ölürlər, zira doğulmasaydılar, ölməzdilər”. Və bu fikri bu gün ailələrdə, cəmiyyətdə məhz valideynləri tərəfindən psixoloji və mənəvi olaraq,  hər gün yavaş – yavaş öldürülən uşaqlara aid etmək olar, dini kitablara zidd olsa belə, deməliyik. Hirsi, hikkəsi,  evdə böyük mənəm kibri, qısqanclığı, qaydaları pozmaq olmazları, ənənələrdə boğulması, kiflənmiş məhəllə, oba, qonşu qınaqları valideynlərin “ nə deyər” ləri ilə birləşəndə, qatil valideynlər min il əvvəl də, bu gün də aktualdı.

 Saramaqonun  qəhrəmanı ölümü necə ifadə etmək lazım gələndə tərəddüd etmir və deyir ki, ağlasığmaz ifadəmə görə üzr istəyirəm, təxminən, zamanla məhdudlaşdırılmış  bir ölüm veriləcək  və bu ölməzlik artıq bizimlə olmayan insanları  nə qədər xatırlayırıq, nə qədər seviriksə, bir o qədər də davam edəcək.

“ İsanın incili” əsərində dəfələrlə və hər dəfəsində daha mənalı şəkildə Tanrı haqqında düşüncələr oxucunu buz kimi suya salıb, çıxardır. Düşüncələrində yenilik, uşaqlıqdan Allah haqqında beyninə qoyulmuş manqurd fikri dəyişmək istəyi , dərk et və sev  kimi özünü araşdırma ideyaları aşılayır. Məsələn; “əgər Tanrı, həqiqətən bütün məxluqların, həm heyvan, həm insanların atasıdırsa, bu qırğına necə sevinə bilər?” Burda məbəd təsvir edilir, paklaşma mərasimində göyərçinlərin, günahsız heyvanların qanı axıdılır.

Qan və paklık bir qütbün ən uzaq tərəfləri deyilmi?

Məryəmin təmizlənməsi , göyərçinin başının üzülməsi ilə icra edilir. Əsl təmizlənmədən söhbət gedə bilməz. ”İnsanların, xüsüsən də qadınların buna  ümid bağlamaları tamam mənasız şeydir, söhbət yalnız ondan gedir ki, qadın doğuşdan bəri bəlli müddətini başa vurub, artıq hər şey əvvəlki kimidir, yer üzündə iki göyərçin azaldı, bir oğlan atdı .” Elə isə əsrlərdi, dindar heyətin  adı insanları aldatma səbəbi nədir, insanlar niyə belə səylə aldanmaq istəyirlər?

Ruhun nicatı, şüurun sağalması göyərçinin ölümü ilə olurmu, bununla özünü aldatmaq gülünc deyilmi?

Əsərdə sevgi motivləri azdır, elə bu azlığı   Saramaqo belə ifadə edib: “Sevgi kəlməsini ifadə etməyə söz tapılmır, məsələ ondadır ki, söz nə qədər  desən  var, amma sevginin özü yoxdur.”

İosif Tanrı ilə eyni əzabı çəkir, dülgərin evi, həyəti uşaqla doludur, amma adama elə gəlir ki, bu həyət də, bu ev də bomboşdur. Tanrı heç vaxt yatmır ifadəsi əgər dillərdə gəzirsə, bizi maraq götürür, niyə yatmır sualını ona verməyə müəllif özündə güc tapır. Əgər yatmırsa, Vifliyemdə  iyirmi beş uşaq canı qılıncdan keçriləndə, o oyaq  qalıb nə edirdi ,bu sualı biz oxucu olaraq düşünürük.

Qadın olaraq  bizə ən çox toxunan romanda  qadına olan münasibətdir, əslində İosifin Məryəmə olan davranışıdır.

Uşağını dərsdən götürən Məryəm onun təhsildəki uğurları ilə maraqlanmaq ixtiyarına sahib deyildi.Məktəbin müdiri demişdi ki, qanunu qadınların əlinə verməkdənsə, oda atmaq yaxşıdır, bizim məqsədimiz qadına yerini göstərmək, dəyərsizliyini  yaddan çıxarmasına imkan verməməkdir.


İosif isə Vifliyemdə körpələrin qətlinin qarşısını ala biləcəyi gündən, arvadı Məryəmin yanına belə tez -tez  və həvəslə girirdi, sonrakı nəticələr barədə düşünmürdü, ona mənəvi ağrı verən vicdan əzabından canını qurtarmaq üçün, arvadını alətə çevirmişdi.

Qadına soruşmaq icazəsi verilmirdi, qulaq asa bilərdilər. Burda qadınlar dinməzcə ağlayırdılar, göz yaşlarını udmağı öyrənmişdilər.Saramaqo yazırdı ki, “ Onlar elə güldükləri qədər ağlayırlar, amma  bu heç də düz deyil, çünki gülüş cingiltili, göz yaşları laldır .”

Qadınlar  özlərinə qarşı biganə idilər, özləri üçün heç idilər, heçlikdə isə nə yaxın, nə uzaq, göz ilişdirəsi heçnə olmur, axı olmayan şeyə necə zilləyəsən gözünü. Düşünürük ki, bu günkü hadisələrə nəzər salsaq, uzun müddət qadının özünün özünə münasibətini tam mənası ilə dəyişməyib.

“Məryəmin  hərəsi bir yana baxan  ayaqlarının arasında, Solomeya - əbəçi qadın, dizi üstdə yerə çökdü, çünki   qadın  həm toxumu qəbul etmək üçün, həm də bətninin  meyvəsini vermək üçün ayaqlarını geniş açmışdı”, cümləsi yazının dili ilə  qadını yaratmaq güçünü, dövrün dili ilə isə nəsil artırma vasitəsi kimi verilmişdir.

 

Yazıçı roman boyu Tanrı ilə izahetmək mübadiləsindən əl çəkməyib.Qadının durumunu dəqiq verib. Özünüdərk etmədə Hesseni xatırladıb. Zalım çarı, həyatını seçmək  üçün yola çıxan gənci, gizli vicdan əzabının qovurduğu atanı və roman boyu  susaraq danışan və bizə görə ən dərin xarakterə malik ananı oxucuya öz istədiyi kimi çatdırıb.


“Mələklərin əlindən  çox işlər gəlsə də, gücləri sonsuz deyil – bu cəhətdən onlar Tanrıya bənzəyirlər – bizi ölümdən əbədilik qoruya bilməzlər”

“Tanrım elə bir gün gələcəkmi, yanımıza gəlib, öz övladların qarşısında günahlarını etiraf edəsən? “, sorgusunu verən yazıçı Tanrıya inanmaq, inanmamaq, dua ilə bəladan uzaqlaşmanın mümkün ya mümkünsüz olmasını bizim ixtiyarımıza qoyub, özü də get – gəllərdə qalmayıb, qəti fikri var, amma söyləməyib oxucuya. Həm özünüzü aydınladın, həm mənim gizli saxladığımı tapın, demək istəyib. Çoxsaylı suallarımıza cavab üçün bu kitabı oxuduq, amma yazıçının sualları daha artıq idi, və Saramaqo bizi hər sualı ilə daha da şübhələrə saldı. Birini sizə buraxıram, düşünün:

-Niyə Pərvərdigar İsaakı xilas etmək istədi və niyə günahsız körpələrdən ölüm təhlükəsini  kənarlaşdırmaq üçün barmağını barmağına belə vurmadı və  o körpələr elə Avraamın oğlu kimi  günahsız olsalar da, Tanrı dərgahında  özlərinə qarşı mərhəmət qazanmadılar?

Bu günümüzlə həmahəng səslənirmi?


19.02.2020

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)