Edebiyyat.az » Ədəbi tənqid » Cahangir Məmmədli - Torpaq həsrətli poetik sətirlər

Cahangir Məmmədli - Torpaq həsrətli poetik sətirlər

Cahangir Məmmədli - Torpaq həsrətli poetik sətirlər
Ədəbi tənqid
nemət
Müəllif:
20:18, 18 aprel 2020
1 645
0
Cahangir Məmmədli - Torpaq həsrətli poetik sətirlər

                                     






 

Yazı masamın üstündə məni gözləyən xeyli kitab var: elmi, bədii, publisistik əsərlər. Və mənim bu məqamlarda iki təsəllim var: biri  pəncərəmin önündəki Universitetim - ömrümü, həyatımı bağladığım Universitetim, digəri masamın üstündəki kitablar.

 

Ömrümü, həyatımı bağladığım bu Universitetə indi koronavirus “tətilləri” günündə əlim çatmır, əlacım öz pəncərəmdən onun pəncərələrinə göz dikməyimə qalıb. Bu müqəddəs görüntüdən təsəlli tapıb yazı masamın arxasında otururam və son vaxtlar mənə bağışlanmış kitablara pənah gətirirəm. Yaxın dostum Rəfail Tağızadənin “Su üzərində bahar” şeirlər toplusunu vərəqləyirəm. Əvvəlcə sərlövhələrə baxıram və elə bu an gözümə belə bir sərlövhə dəyir: “Boş şəhər”. Mənə çox “doğma” və qəribə gəlir bu şeir. “Boş şəhər!” Yaxşı ki, şeirin sonunda onun yazıldığı tarix də var: 29.06.2016. Və elə ən qəribəsi də budur. Axı Rəfail Tağızadə bu şəhərin bir gün belə boşalacağını hardan bilirmiş?

 

Bu şəhər, küçələr yenə də bomboş,

Yorğun ayağını sürüyür səki.

Süpürür şəhərdən xatirələri,

Saralıb tökülən yarpaqlar təki.

 

Əlbəttə, mənim yuxarıdakı sualım ritorik sualdır, amma bu şeir koronavirusun boşaltdığı dünya şəhərlərindən birinin dəqiq təsviridir:

 

Bu şəhər, küçələr yenə də bomboş,

Daha inanmıram bu şəhər dola.

Bu doğma şəhərdə qəribəm, Allah,

Məni də özüylə aparan ola.

 

Şeirin ardını oxumaq çətindir və mən bu bədii həqiqətin ağrısı ilə pəncərəmdən küçələrə, magistral yollara baxıram. Küçələr, yollar, məhlələr bomboşdur, heç kim, heç bir hərəkətdə olan avtomobil gözə görünmür. Adamın havayı yanıb-sönən işıqforlara, tikintisi yarımçıq qalan binalara, dünyaya pəncərədən baxan insanlara yazığı gəlir.

 

Etiraf edim ki, bu şeir koronavirusun tüğyan etdiyi günlərin mümkün təsvirini vermək üçün əlimə düşən bir bəhanədir. “Su üzərində bahar” kitabı onlarca maraqlı  tematika daşıyan bir şeirlər toplusudur və bu şeirlər öz səmimiyyəti, müəllifin fəlsəfi ovqatı ilə adamı özünə çəkir.

 

Mən Rəfail Tağızadənin şeirlərini oxuduqca belə bir qənaətə gəlirəm ki, insan ömrünün bütün anlarında səmimiyyət öndə gedir. Və bu mənada yaradıcı insanın ən böyük istedadı onun səmimiyyətidir. Yazıçının, şeirin, poeziya sözünün özü bəlkə də semantik məzmunda səmimiyyət deməkdir. Yaranışından səmimiyyəti olmayan şairin heç vaxt səmimi poeziyası olmayacaq. Poeziya özü səmimiyyətin məhsuludur. Mən adi bir oxucu kimi şeirdə həmişə səmimi notlar axtarıram. Belə notlar o qədər görünəndir ki, onu tapmaq çətin olmur. Rəfail Tağızadə yaranışından səmimi adamdır. Onun Qarabağ döyüşlərinə ilkin atılanlardan olması da, torpağa, Vətənə, el-obaya bağlılığı da, dostlarına olan sədaqəti də və nəhayət, ədəbi yaradıcılığa vurğunluğu da onun səmimiyyətindən doğur. Onu əksər şeirlərindəki pessimizm, kövrək notların çoxluğuna görə qınayanlar da tapılar. Ancaq bu kövrək, pessimist hisslərdə şairin estetik ideyaları öz əksini tapır və oxucu bu ideyalara bələd olduqca özü də şairin yanında yer alır.

 

Könlümə toran düşüb,

İçim dolu sualdı.

Baxdım sınıq güzgüyə,

Allah, bu hal nə haldı.

 

deyən şairin baxdığı güzgü, əslində, dünyaya açılan bir pəncərədir və əgər bu pəncərədən görünən dünya sən deyən deyilsə, min bir sualla doludursa:

 

Düşüb bu yolun ağına,

Baş alıb, çıxıb gedəsən.

İzin də arxanca baxa

Yox olub birdən itəsən.

 

Yox olub birdən itəsən (“Ağ bulud”) kimi bir fikrə şərik olan hər kəs insanın çıxıb getmək istəyini “qalıb yaşamaq” istəyinə çevirmək üçün gərək bu dünyanın kamilləşməsinə can atsın. Amma əgər hələlik bu dünyada Qarabağ dərdi varsa, Xocalı qətliamına dünya dözümü varsa, bütün bu etinasızlıqları  görən Qarabağ döyüşçüsü adını özü daşıyan bir şair necə pessimist olmasın:

 

Sükutu qoynuna çəkən dərədə

Həsrətin, kədərin izi üzündə,     

Köhnə tumarında sığalım itən

Bir kəhər dayanıb Cıdır düzündə.  

 

Xatirələri, yaddaşları Şuşanın Cıdır Düzündə qalan bir kəs bu sətirləri hansı ovqatla oxumalıdı. Haçansa Cıdır Düzündə bircə saatlıq hava almış hansı bir kəs bu sətirlərdən sonra silaha sarılmağa hazır olmaz?

 

Yaxud Qarabağda düşmənin viran qoyduğu evlərin, xanimanların ümumiləşdirilmiş obrazını yaradan bir şeir sualla bizdən hansı cavabı tələb edir?

 

İlahi, bu evdə kim qalacaq, kim?

Bu evin yükünü kim qaldıracaq?

Çəkib öz içinə dərd havasını,

Bu sönmüş ocağı kim yandıracaq?  

 

Şair özü də bu suallar qarşısında acizdir və çıxış yolunu hələlik xəyallarda tapır:

 

Bir ay doğar

Yorulan buludlar arasında.

Bir ay doğar, işıqlanar gecələr.

Əllərimi, qollarımı görərəm,

Sənə gedən yollarımı görərəm.

 

Qəribsəyən gecədə

Yolların yanağından

Tək ağlayan qəribin

Göz yaşını silərəm...  

 

Rafail Tağızadənin hər sətirindən yağan Qarabağ həsrəti onun aparıcı tematikasıdır. “Qaçqın uşağı” şeiri yandırıb-yaxan bir ağı timsalı kimi hər kəsi düşünməyə çağırır.

 

Qismətinə acı tale yazısı yazılan – 

Qaçqın uşağı

Küçəsi - səhranın çıxış xətti

Məhləsi - yardım məntəqəsinin yanı,

Evi sonuncu çadır,

Yatağı çadırın küncü – 

Qaçqın uşağı

 

deyən şairin bu sətirləri təkcə özünə doğma qaçqın uşağının deyil, dünyanı bürüyən qaçqın yetimlərin fəryadı kimi ümumiləşdirilir:

 

... Nə doğulduğu yerin dəqiq ünvanı,

Nə günü, ayı,

Nə nəsli-nəcabəti, məkanı bəlli,

Çadırda doğulan – 

Qaçqın uşağı...

 

Məncə, bu şeiri dünyanın bütün dillərinə çevirib dünyanın bütün qaçqın uşaqlarının faciəsi kimi dünyanın bütün mediasına səpmək olar.

 

Xocalı faciəsini yaşayan, bu faciənin döyüş səngərində özü şahidi olan şairin aşağıdakı sətirləri gerçək hadisələrin bədii təsviridir:

 

Bu gedişin-zamanın qəmi var, ağrısı var,

İçində naləsi var, dərdi var, yanğısı var...

 

... Bir gözdə analar güllələndilər,

Bir gözdə ataya uçdu güllələr,

Güllələr körpənin son oyuncağı,

Güllələr körpənin son dayanacağı...

 

Yarımçıq qoyulan ömür payıyla,

Üzündə o donmuş   qorxunc halıyla,

Bir körpə dolaşır, bir körpə gəzir,

Qanlı Xocalının gecələrində,

Kərkükün, Mosulun...

Hələb Kabulun, 

Köhnə Varşavanın, Osvensimin,

Xatının, Bağdad, Dəməşqin,

Qarabağın... küçələrində.  

 

Bu da tarixə poetik baxış və faciələrin dünya mənzərəsi. Ümumiyyətlə, R.Tağızadənin poeziyasına Vətən, ana birgəliyi, ana Vətən anlayışı titrək, kövrək notlarla səslənir və bu kövrək notlar Vətən, ana sevgisinin vahid mirasından xəbər verir. “Yoxluğun elegiyası” kimi  kövrək duyğular yaradan bir şeirində müəllif anasının ölüm faktını qərib bir ağıya çevirir, ana itkisi həm də ona görə bu qədər ağırdır ki, bu insan həyata vida demiş anasını heç olmasa, ana torpaqda da dəfn edə bilmir:

 

Səni apara bilmədim:

Nə əlindən tutub gedə bildim,

Nə yanına düşüb gedə bildim.

ANA!

Son arzum qaldı ürəyimdə,

Apara bilmədim səni,

Xoşbəxt olduğun yerə...

... Gücüm yetmədi.

Oğul gücüm, ağıl gücüm.

Nə səni qoruyub saxlaya bildim,

Nə yurdu.

Hər şeyi itirdim -

Səni də, yurdu da, zamanı da.

 

Mən bu poetik sitatı qısa yaza bilmədim. Çünki şairin bu yurdsuz ana ağrısı mənə və bütün millətimizə doğma bir ağrıdır.

 

Şairin ən ağrılı anlarından biri də belə ağır anlarda sevgili Vətənin dərdinə əlacda əlacsız qalmasıdır. Belə yerdə müəllifin ağır bir sualı hamımızı üzməkdədir:

 

Yolunda izim qalmadı,

Baxmağa gözüm qalmadı,

Kül oldum, közüm qalmadı,

Mən sənin nəyinəm, Vətən?

 

Vətən üçün ölməyi də bacarmayan, gedib-gəlmək yoxluğunu yaşayan, darda qalan Vətən üçün hələ davaya başlamayan ...əzabını çəkən şairin sonda hayqırtısı hər kəsi mücadiləyə səsləyir.

 

Kim deyir ki, çözümü yox,

Bu dərdin ta dözümü yox.

... Alışıb yanan ürəyi

əlimdə bayraq eyləyib

zəfərə, gəlirəm Vətən,

sən mənim hər şeyim, Vətən 

 

Mən kitabda Vətənlə, itirilmiş torpaqla bağlı hər biri ağı, fəryad formatlı şeirlərdən yaxa qurtarıb şairin başqa mövzularına keçmək istəyirəm. Amma mümkün olmur, çünki bu şeirlər, bu Vətən, torpaq fəryadı məni buraxmır.

 

Şairin “Həsrət yolçusu” adlı şeirindəki suallardan necə yaxa qurtarasan, axı bu suallar mənə, sənə, ona-hamımıza ünvanlanıb:

 

Ay bu yolu gedən yolçu,

Yolu, səmti bilirsənmi?

O tanınmaz cığırlardan,

Kolun izin silirsənmi?

 

İz üstünə iz düşdümü?

Dərdlər səni üşütdümü?

Öz-özünü çağıranda

Könlün bir səs eşitdimi?

 

Və mən bu şeirin ardını təqdim etməyə bilmirəm.

Kimsəsiz qalan, düşmən tapdağında olan torpağa müraciət:

 

Qanad çalan bir quş varmı,

Torpaqda oyanış varmı?

Yarı sökük divarda

Oxuyan bayquş varmı?

 

Nə gördün söylə görüm?

Nə dedi qalanlarım?
Duydumu ayaq səsin
qəbirdə olanlarım?
 

“Axır ki gəldin” - deyib,

Çönüb baxan oldumu?

Cənnəti viran görüb

Gözün qanla doldumu?

 

Biz hamımız viran qalmış Qarabağımızın da peyk çəkilişini internetdən görürük. Ancaq Rəfail Tağızadə bu görüntülərə hətta Allahın dözümünə üsyan səsi ucaldır:

 

Şəhərləri, kəndləri viran edilən,

yollarının izi itən Qarabağın

səmadan çəkilən şəklini gördüm.

Bir də şəhid oğlunu ağlamaqdan

səsi batan ana təki

Səsini içinə salmış elin,

Əzanı eşidilməyən, namazına durulmayan

divarına yazılmış o Quran kəlmələrinin yerinə

ermənilərin hər şey yazdığı

Allah evinin

Özgələr tərəfindən çəkilən son görüntülərini.

 

Və şairin üsyanı aşağıdakı son sətirlərdədir!

 

Bütün bu Allahsızlıqlara

Gözə görünməzdən bir peyk baxırdı,

Bir də Allah.

Biri ancaq görürdü,

O biri isə həm də dözürdü.  

 

Bəlkə elə bu ağrılara görədir ki, şairin məhəbbət şeirləri də kədər daşıyır:

 

Gecənin halsız vaxtına

Özünü tez yetir, mələk.

Qanadını sər üstümə

Sən ruh kəpənəkləritək.

 

Yaxud:

 

Gecələr tam qaranlıq,

gündüz sükut içində.

Uçub gedir səsin də

durnaların köçündə.

 

Yaxud:

 

Bu yerin, bu göyün heç bilmədiyi,

ayın duymadığı, eşitmədiyi,

bir sevgi nəğməsi oxuyacağam.

Qara buludların qulaqlarına. (“Sevgi nəğməsi”)

 

Bütün bu dərdli sevda yəqin həm də ona görədir ki, Rəfail Tağızadə məhəbbətin dəqiq ölçülərini bilir və onun görünən portretini yarada bilir:

 

Eşqin yaşı olmaz,

Ağlı, başı olmaz...

İlahi sözü olar,

Hissi, duyğusu olar,

Sevinci, ağrısı olar...

Eşq bunlarla eşq olar.

 

“Su üzərində bahar” şeirlər toplusu onun müəllifini həm bir şəxsiyyət kimi, həm də yüksək sənətkarlıq nümunəsi kimi bizə təqdim edir. Koronavirusdan min illər əvvəl də, koronavirusdan min illər sonra da poeziya insanı kamilləşdirən bir bədii vasitə kimi bəşəriyyətə vacib olmuş və olacaqdır.



 

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, 

filologiya elmləri doktoru, professor

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)