Edebiyyat.az » Ədəbi tənqid » Müharibə və ədəbiyyat – Hüseyn Cavid

Müharibə və ədəbiyyat – Hüseyn Cavid

Müharibə və ədəbiyyat – Hüseyn Cavid
Ədəbi tənqid
admin
Müəllif:
00:30, 10 oktyabr 2020
1 336
0
​​​​ Müharibə və ədəbiyyat – Hüseyn Cavid




 Tühaf şey!.. Haraya getsən, hər nəyə baxsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma… Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda…
 Kürreyi-ərzin, bu canavar yatağının bir bucağı, bir nöqtəsi yox ki, duyğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın! Yanar dağlardan seçilməyən toplar, insanları deyil, səhraların vəhşilərini belə dəhşətlər içində buraxır. Dünyamız indiyə qədər hənuz böylə qorxunc bir bəlaya rast gəlməmiş, böylə müdhiş bir inqilab görməmiş. İskəndər, Napaleon kimi cahangirlər, Çingiz, Teymur kimi bahadırlar məzarlarından baş qaldırıb bu müharibəni seyr etsələr, şübhəsiz ki, heyrət və təəssürdən özlərini alamazlar. Zatən bu müharibə, bir müharibə deyil də, misri bir bəladər, bir taundur, aləmşümul bir fəlakətdir…
 Fəqət bu fəlakət hər kəsi bir dərəcədə düşündürməyir, hər ölkədə bir təsir buraxmayır. Birini güldürürkən, digərini ağladır. Birini məcus və müztərib edir də, digərini qəhqəhə və müzəffəriyyətlə sevindirir.
Bütün dünya gözdən keçirələcək olarsa, hər şeyin dəyişdiyini, hər halın başqalaşdığını görməmək mümkün deyildir. Bu dəyişmənin, bu başqalığın yeganə səbəbi isə, əlbəttə, içində bulunduğumuz müharibədir.
 Hazırkı müharibənin müvəffəqiyyətini bir çoxları texnikada, texnikanın mükəmməlliyində görürlər. Halbuki bu qalibiyyətləri yalnız texnikada deyil, başqa qüvvətlərdə də aramalıdır. Çünki yalnız yaxıb-yıxıcı toplar, növicad çəpəllinlər, boğucu qazlarla iş aşmaz. Bunlar ilk baxışda gözə çarpdığı üçün hər kəsi düşündürüb durur. Halbuki bu müdhiş silahlardan daha müdhiş almanların mühairbədəki yeni nəzəriyyələri, yeni planları, əskərindəki kəskinlik və bütün məmləkət xalqındakı əhvali-ruhiyyədir. Bu ölkənin əhvali-ruhiyyəsində isə, fənni-tərbiyənin, ədəbiyyat və fəlsəfənin təsiri inkar olunmayacaq şeylərdəndir.
Rus-yapon müharibəsində, bəzi mütəfəkkirlər, yaponların qalibiyyətini onların komandanlarında, zabitlərində deyil, ibtidai məktəblərdə, məktəb müəllimlərində, müəllimlərin xalqa vermiş olduğu tərbiyədə aramışlar. Şübhəsiz ki, bu nəzəriyyə almanlara, alman ordusuna daha ziyadə şamil olsa gərək…
Bizdə – Rusiyada ibtidai, orta və ali məktəblərin azlığı bir nöqsan təşkil etdiyi kimi, bu məktəblərdə keçilən bütün elmlər, bütün fənlər də olduqca səthi və nəzəridir. Halbuki almanlarda böylə olmayıb da bütün-bütünə bunun əksinədir. Orta və ali məktəblər kənara dursun. İbtidai köy məktəblərində belə hər elm, hər fənn son dərəcə səmimi bir tətbiqat və əməliyyat ilə keçilir. Yalnız darülfünunlar deyil, köylərdə də səyyah bir professora təsadüf edilir. İctimai, fənni, ədəbi konfranslar verilir. Fənni həqiqətlər olduqca tətbiqi bir surətdə göstərilir. Və ona görə də, hər bir alman yalnız dinləməklə qalmaz, dinlətmək də istər. Görməyi kafi bulmaz, göstərməyi də arzu edər. Hələ onlarda ibtidai məktəblərin məcburi olması, oğlan-qız, kimsənin müstəsna tutulmaması daha başqa bir feyz, daha başqa bir fəzilətdir.
İştə böylə bir mühitdə böyüyən, böylə bir ölkədə yaşayan tələbə və talibələr ikmali-təhsildən sonra bir də öz filosofları, ədibləri tərəfindən yazılmış əsərləri mütaliəyə başlarlar. Şübhəsiz ki, ən faydalı düşüncələr, ən ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilir. Çünki düşünməyə başlayanlar, xilqət və təbiətdə bir qayə, bir nəticə arayan gənclər yalnız mütaliə sayəsində öz məsləkini təyin edə bilir, öz aradığını bulur.
 Əgər bir millətin fəlsəfi və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil cərəyanla qapılıb da həp o yolda hərəkət edər və mümkün deyil, axıntıya qarşı bir dürlü kürək çəkməz. Məsələn, bir gənc bir şer, bir hekayə, bir roman, bir tarix, bir faciə oxuyacaq olursa, dərhal özünə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhəman seçər, bir tip bəyənər və o ruhda yaşamağa yeltənər və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə, adətən, aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar.
İştə məzkur əsərlər zəhərli, əxlaqsız, kevşək bir mövzu təqib edərsə, er-gec bütün oxucularını da zəhərləmiş olar. Kəskin, ciddi və mətin bir yolda yazılmışsa, şübhəsiz, qaredə də eyni fikri, eyni duyğunu oyandırmış olar.
Ədəbiyyat, bir millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. Gələcək necə isə, indiki ədəbiyyat və fəlsəfənin təsiri və nüfuzuna qapılır və heç bir dürlü də qurtuluş imkanı tapa bilməz.
 İndiki iranlılar, bilxassə farslar göz önünə gətirilsin, bütün İranın əhvali-ruhiyyəsi təhlil edilsin, bütün şəhərlər, bütün köylər əfyunçuluq, şürbilik, səfsətə və laübalilik içində yuvarlanıb gedir. Müstəsna olaraq az bir qismi çıxdıqdan sonra, hər kəsdə, hər qafada bir ətalət, bir məskənət görünür. Əcəba, ruhları əzməkdə olan bu gevşəklikləri, bu səfaləti doğuran kimdir, nədir, hansı səbəblərdir?
- Şübhəsiz ki, ədəbiyyat…
 Ruhanilər və hakimlərin korluq və bacarıqsızlığı da təsirsiz deyil, amma eyicə diqqət buyurulsa, ən mühüm səbəb yenə ədəbiyyat və mətbuatdır.
Firdövsi, Sədi, Nizami, Hafiz, Xəyyam kimi nadireyi-fitrətlər müstəsna; onlardan sonra gəlib də dünyanı beş quruşa almayan zahid məslək ədiblər, laübali və məsxərəçi şairlər, əxlaqsız və yaltaq məddahlar, əcəba, hansı rəzalət qaldı ki, yapmadılar? Nə saçmalar, nə əfsanələr uydurmadılar?!.
Bu hal Türkiyədə də əskik olmamış… Bir kərrə tarixi-ədəbiyyat gözdən keçirilsə, Ruhi kimi laübali məşrəblər, Nəfi kimi yayqaraçılar, Nabi kimi ölgün bir fikir daşıyan fəlsəfəçilər, Nədim kimi səfahətpərvərxərabatilər öz yazılarilə türklərin sağlam və sarsılmaz ruhlarını pozub gevşətdilər. Şinasi dövrünə gəlincəyə qədər, bəlkə ondan da sonra həp bir diziyə əcəm ruhu, əcəm fəlsəfəsini izlədilər.
Avropa yolunu tanır-tanımaz, bir də fransız müqəllidliyi meydan aldı. Həm də fransızların az-çox ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəyərsiz və çürük əsərləri təqib olundu, tərcümə edildi və özlərindən xüsusi əsər yazanlar belə, bir dürlü təqliddən yaxanı sıyıra bilmədilər. Həm də əskilik ilə yeniliyi, əcəmilik ilə fransızlığı qarışdıraraq, iki çürük, iki əxlaqsız uçurum arasında qaldılar. Yalnız Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kimi məşahir, bir də milli ənənələri, milli duyğuları dinləyən bəzi gənc ruhlar, gənc qələmlər köhnəlikdən, müqəllidlikdən sıyrılmağa başladılar. Namiq Kamal kimi özünü hər kəsə sevdirə bilən böyük bir hünərvəri belə çox kiçik, çox darruhlu buldular və haqları da var…
İştə, türk-fars ədiblərinin öz millətinə, millətin əhvali-ruhiyyəsinə olan təsir İngiltərədə, Fransada, İtaliyada, Almaniyada, Rusiyada və sair məmləkətlərdə də eyni dərəcədə şamil və hökmfərmadır.
Məsəla, ingilisləri alaq: onların ötəndən bəri cahangiranə bir əməl arxasınca qoşmaları, hər yerdə nüfuz qazanıb da hər ölkədə rol oynamaları siyasi qüvvətlərə mədyun olduğu kimi, fəlsəfi, ədəbi təsirlərdən də varəstə deyildir.
İngilislər məğrurdur, soyuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə bunlar, bu sifətlər mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kimi dahilərin əməlpərvər, aləmşümul əsərləri, Herbert Spenser kimi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhəsiz ki, hər ingilisdə, bütün xalq ruhunda böyük və səmimi bir təsirə malikdir.
Fransanın da Jan Jak Russo kimi həssas və məriz bir ruha malik olan filosofları, bir para xəyalpərəst, hoppa şairləri, bəzi əxlaqsız, modaçı romançıları, şübhəsiz ki, fransız həyatına, fransız mühitinə təsir etməmiş deyildir.
İtaliyaya gəlincə, əski italyanlarla işimiz yox…
  Biz indiki italyanları yalnız musiqiçi – çalğıçı tanıyırıq. Çalğının bəslədiyi ruh və əxlaq hər yerdə, hər kəscə bəlli olduğundan, onların oynayacağı roldan bəhs etmək lüzumsuz görüldü.
Rus-alman mühitinə gəlincə, bu mühitdəki həyat və ədəbiyyat daha başqadır. Rus-alman sözü araya gəlir-gəlməz, həm ədib, həm filosof olmaq üzrə iki böyük sima, iki nüfuzlu mütəfəkkir qarşımızda dikilib durur. Onların biri məşhur Tolstoy, biri də alman filosofu Nitşedir.
Son zamanlarda bu iki müqtədir dahinin Rusiya və Almaniyada oynadığı müvəffəqiyyət inkar edilməyəcək bir nüfuz və qüvvətə malikdir. Tolstoy qocaman və möhtəşəm romanlarilə, ufacıq, sadə risalələrilə, munis bir qayeyi-əməl, məsihapəsəndanə bir məslək izləmiş, izlədiyi qayeyi-əməli, düşündüyü məsləki rusiyalılara, bilxassə ruslara bəyəndirmiş, milyonlarca qarelərini, incili-şərifin əfvedici təlimatilə yaşatmağa çalışmış, az-çox müvəffəq də ola bilmişdir.
Məzkur Nitşeyə gəlincə, o daha başqa bir yol, daha başqa bir qayeyi-əməl təqib etmiş. Onun əsərlərində Tolstoyun düşündüyü “mərhəmətlərdən” əsər yox…
O, zəiflərin əzilməsini qayət təbii bulur. Məhəbbət, mərhəmət kimi duyğuların xəyalpərəstanə, mənasız şeylər olduğunu isbata çalışır, həm də isbat etməkdən aciz qalmaz.
Ona görə də, Tolstoy Nitşeyə yarımdəli alman – deyə tənqid və müaxizə edir və onun məcnunanə əsərlərinin Rusiyada təb və nəşrinə, tərcümə edilməsinə, nüfuz qazanmasına qızmaqdan bir dürlü özünü alamaz. Və onun yürütməkdə olduğu fəlsəfənin yaxıcı zəhərdən başqa bir şey olmadığını da əlavə edir.
Lakin eyi düşünülürsə, Nitşe fəlsəfəsinin batini çox da zahirinə bənzəməyərək, daha səmimi bir mərhəmət və məhəbbətlə nəticələnir. O, Tolstoyun düşündüyü nüqtəyə acı olmaqla bərabər, daha kəskin və həqiqi addımlarla irəliləmək istər.
Rusiyada Nitşenin qareləri az deyildir. Rusiyanın məşhur ədiblərindən, mətin üsluba, dərin düşüncəyə malik olan Dostoyevski – o böyük dahi və ruhşunas belə Nitşe yolunu, Nitşe ideyasını daha əvvəl ortaya sürmüş, indiki bərhəyat ədiblərdən Leonid Andreyevin faciələrində də az-çox Nitşe ruhu görülməkdədir. İştə bunun üçün Tolstoy Nitşeyə qızdığı kimi, Andreyevə yazdığı bir məktubda deyir:
“Leonid! Leonid! Sən məni qorxudursan, fəqət mən səndən qorxacaq deyiləm!”
Demək ki, qoca Tolstoy bu cümlə ilə məslək və fikircə özünə müxalif sayılan, Nitşe ruhuna yaxınlaşan Andreyevi bir dürlü düşündürmək, müaxizə etmək istəyir.
Hər halda, Tolstoyun ən ziyadə nüfuz qazandığı bir Rusiya olduğu kimi, Nitşenin də ən çox rol oynadığı məmləkət, şübhəsiz, Almaniyadır… İştə, demək olur ki, bu böyük mütəfəkkirlərin ən səmimi təsirləri hər yerdən ziyadə öz məmləkətlərinə olmuşdu. Bu iki məmləkətdən hər birini gözdən keçirəcək olsanız, təbii, minlərcə, on minlərcə darülfünunlara, rüşdi, edadi məktəblərə rast gələrsiniz və milyonlarca tələbə və talibənin elm arxasınca qoşduğunu, məzkur məktəblərə dəvam etdiyini görərsiniz.
Bəlli bir həqiqətdir ki, hər məktəbdə bir çox dərslər oxunduğu kimi, ədəbiyyat, fəlsəfə, tarixi-fəlsəfə dərsləri də keçilir və hər məmləkətin ən məşhur ədibinin, ən nüfuzlu filosofunun əsərləri və oradakı qayə də birər-birər təhsil və tənqid edilir.
Eyni zamanda, bütün gənc dimağlar (beyinlər) birər fotoqraf kimi duyub, bəllədiyi həqiqətləri böyük bir maraq ilə alır və o həqiqətlər get-gedə inkişaf edərək, ümumi bir duyğu, ümumi bir düşüncə, ümumi bir əhvali-ruhiyyə təşkil edir.
İştə bu gün müharibə meydanında seyr etməkdə olduğumuz igidlər, qalibiyyət arxasınca qoşan qəhrəmanlar, həp məzkur məktəblərin məhsulu, həp məzkur darülfünunların pərvərdeyi-ürfanıdır.
Demək ki, bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir.
Fəqət bügünkü müharibənin gələcək ədəbiyyata icra edəcəyi təsir keçmiş ədəbiyyatın bugünkü müharibəyə verəcəyi təsirin qat-qat fövqündə olsa gərək…
Bəli, bugünkü müharibənin hazırlamaqda olduğu zərbə çox qorxunc, çox təhlükəlidir. Bu müdhiş inqilabdan heç bir qüvvət qurtulmayacaq. Bütün elmlər, fənlər umulmaz dərəcədə sarsılacaq, dəyişəcək. Şübhəsiz ki, ədəbiyyat da bu axıntıya qapılacaq. Bəlkə daha kəskin, daha sağlam adamlarla yürüyəcək, daha doğru mətin bir yol izləyəcək… Və indiyə qədər qaraladığımız saçmalar, bugünkü parça-tikə ala-bəzək ədəbiyyatımız da büsbütün alt-üst olacaq. Gənc münəqqidlərin nəzəri-istehzasına uğrayacaq. Həm də insafsız, mərhəmətsiz, etinasız bir surətdə yırtılıb atılacaq. Heyhat!.. Son nədamət isə fayda verməyəcəkdir.

(“Açıq söz” qəzeti, 25-26 oktyabr 1915-ci il)
Mənbə: senet.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)