Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - "DƏLİ" MEHMANIN AĞLI

VAQİF OSMANOV - "DƏLİ" MEHMANIN AĞLI

VAQİF  OSMANOV  - "DƏLİ"  MEHMANIN  AĞLI
Ədəbi tənqid
admin
Müəllif:
17:43, 24 mart 2021
1 434
0
VAQİF OSMANOV - "DƏLİ" MEHMANIN AĞLI




 Həmişə düşünmüşəm, yazı-pozularımda vurğulamışam ki, bəlkə də bizdən başqa ağıllı adama "dəli" ayaması calaq edən ikinci bir xalq yoxdur. Məni savadsızlıqda qınayanlar da tapılacaq ki, ayə, "dəli" qəhrəmana, qoçağa, cəsarətlilərə deyirlər. Vallah qəhrəmanı "dəli" adlandırmaq da ancaq bizim düşüncəmizdi. Biz gözəl sözlərin eybəcər tərəflərini yozmağın mahir ustalarıyıq...

Mehman Miri Rəsulzadənin  "Zibilə dönmüş sevgi" hekayəsinin qəhrəmanıdır, ancaq dəli deyil, çoxumuzdan ağıllıdı.  Miridən fərqli olaraq hekayəni novella hesab edirəm. Bir çox nüanslarda Miri qəlbləri oxuyub, Mehmanı indiki dövrdəki insanların bir çoxundan ağıllı olduğunu təhkiyəsi ilə sübut etməyə çalışıb və buna bizi də inandıra bilib.

İnsanın saflığına gülənlərimiz yaman çoxalıb. Bu Mirinin də ağrılı yeridir. Mehmanın "dəliliyinin gözəlliyi" ürəyinin saf, özünün xeyirxah olmasıdır. Bir də dəli sevdası...

Miri Rəsulzadənin təbiət mənzərələrinin, əkin-biçinin, kəndin sadə insanlarının qayğılarının təsviri bir aləmdir. Müəllif kəndin öz "saflığını itirməməyini qardan bilir, şimşək də o dağa-daşa ürəklə çaxır, yağış da, qar da o yerlərə birinci qonaq gəlir". Vətənimizin bir gözəl guşəsində ağacların, otların,bir-biri ilə, torpağın toxumla söhbəti təbiəti kimi munisdir. Hekayənin dili, insanların şirin və duzlu söhbətləri kimi duzlu-məzəlidir, həssas oxucu anlayır ki, hansı bölgədə yaşayır Mehman.

"Bu gözəl elin bir adət də vardı. Şər qarışan kimi hamı gizlincə evdən çıxan zir-zibili kəndin yuxarı başındakı dərədən əndərir. Arxın suyu gücü çatanı yuyub aparır, çatmayanları da kola-kosa tapşırırdı. Təbiət incikliyini çox da büruzə vermirdi".

Azərbaycanın bütün el-obalarının insanları kimi təbiəti də "mərhəmətli"dir.  Ona görə də "kartofun toxumu ah-uf eləmir, heyva ağacı ürəyini nar ağacına açır".

Amma unutmayaq ki, təbiətin qisası daha ağır olur. Göz oxşayan dərələri, yamacları zibilliyə çevirənləri bağışlamayanda təbiət haqlı deyilmi? Müdrik təbiət bizim nadanlığımıza acı-acı gülür. Acı gülüşün nəticəsini fikirləşməyin vaxtı çoxdan çatıb. Bəxtiyar Vahabzadənin dili ilə desək, anamız təbiətin sümüyünə dirənmişik... 

Mirinin təsvir etdiyi kəndin iki çarəsiz işi var - arxın içindəki zibillər və Mehmanın dərdinə əlac tapa bilməməsi. Miri bir incə məqama toxunur:

"Əvvəllər Mehmanın taleyi hamını narahat etsə də, sonralar hər şey kimi Mehmanın da əlil həyatı adiləşdi".

Başqasının dərdinə, taleyinə laqeydlik ən qədim mərəzimizdir. Bu günümüzdə lap həddini aşıb. Ona görə də kəndin uşaqları Mehmanın arxasına təpik vurub "zarafatlaşanda" böyüklərə ləzzət edir. Biz niyə bu qədər daşürəkli olmuşuq, Tanrı?..

Bu fikrimlə  kimisə təhqir etməkdən uzağam: Mirinin "dəli" Mehmanı bəlkə də həmin kəndin ən ağıllısıdır, eləcə də bütün kəndlərin.  Mərhəmətlidir, cəsurdur, hətta ən dar macalda özünə qıymağa hazırdı ki, başqasını xilas eləsin:

"Kəndin dəli oğlu, hamının yazığı gəldiyi bu adam günlərin bir günü onu döyən qırışmalın uşağını itin ağzından almışdı. İt Mehmanı yüngül dişləsə də, nə həkimə baxdırmış, nə iynə vurdurmuşdu. Bu yarası da başqa yaralar kimi öz-özünə sağalmışdı".

O qırışmalmı ağıllıdı, Mehmanmı? Bəlkə də o qırışmalın pulu çoxdu, "hörmət" sahibidi, məclislərin yuxarı başına dəvət edirlər, amma ürəyi yoxdu. Bu mənəviyyatın eroziyasıdı...

Mehman hətta "Allahın da yadından çıxıb. Ata-analı yetim qarda ayaqyalın, yayda əyni qalın gəzir". Balacaların məzələndiyi  Mehman "hər gün evdən çıxanda gülüşünü də özüylə götürür. Elə bil Allah qəsdən ölümü Mehmanın əlinin çatmadığı yerə qoyub"...

Mehman niyə dəlidir ki? "CEEP" istədiyi üçünmü? Yaxud şəhid olmaq istədiyinə görəmi? Biz Vətənimizi Mehman qədər sevirikmi? Biz Vətən yolunda canını fəda etməyə hazır olana dəli deyiriksə, ağıllılarımız kimdir? Qaçıb gizlənən məmur balalarımı? Qarabağ savaşı dövründə xaricdə dincələn papasının gül balalarımı?

Biganələr dünyasında Mehmanın hayına hay verən yoxdu. Heç kim ona acımır. Nazl-ədası kəndə sığışmayan Nazlı da. Nazlı kəndin qızlar bulağından su içmiş sonasıdı. Gözəlliyi kəndə gözəllik verir. Bəs ürəyi? Nə vaxtsa bir gözəl deyim oxumuşam - gözəllərin ürəyi çoxotaqlı mənzil kimidir, hər kəs orada qonaq ola bilər. Sanki kimsə bunu Nazlı barədə deyib.

Miri Rəsulzadənin novellasının Nazlısı adı kimi nazlıdır, heç kimi bəyənmədiyindən ərə gedə bilmir. Hər dəfə Mehmana bir xoş təbəssüm və bir stəkan su verməklə onu ümidləndirir. Mehman da hər gün günün günorta çağı Nazlıgilin zibillərini dərəyə daşıyır. Zibilləri dərə boyu elə səliqəylə yan-yana düzür ki, elə bil zibil sərgisi yaradır. Zibil torbalarını boşaltmır, elə yerə düzür ki, arxın suyu zibilləri apara bilməsin. O, yaşıl dərədə Nazlıgilin zibil torbalarından özüyçün sevgi gülüstanı yaratmışdı....

Uzun sözün qısası, bir gün Nazlıya şəhərdən elçilər gəlirlər və Nazlını nişanlayırlar. Nazlı barmağındakı nişan üzüyünü Mehmana göstərib "ultimatum" verir ki, daha biz tərəflərə gəlmə.

Mehmanın buna reaksiyası orijinaldı:

"Mehman hayıfını alajax. Mehman uşaq döyül!!!"

O günün axşamı Mehman evlərinə getmədi. O birisi gün:

"Nazlı qapı-pəncərəni süpürə-süpürə bəzəkli xəyallar qururdu. Zibili darvazadan çölə çıxarmaq istədi, amma nə qədər güc elədi qapı açılmadı. Atasını çağırdı, köməkləşib darvazanı itələdilər. Tay qapılar açılar-açılmaz zibil dolu torbalar atasının üstünə aşdı".

Nazlı köhnə zibil torbalarını tanımışdı...

Mehmanmı dəlidir, yoxsa onu dəli hesab edən Nazlı?


21. 03. 2021.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)