Vaqif Osmanov - 《Dəli》Fatmanın《qorxulu》nağılı
Ədəbi tənqid
Vaqif Osmanov - 《Dəli》Fatmanın《qorxulu》nağılı
Qorxulu nağılları təkcə S.S.Axundov yazmır ki. Bu dəfə bir az qorxulu, amma çox kövrək bir nağıl oxudum. Esmira Mehiqızı «Dəli Fatmanın nağılı»nı yazıb. Oxudum, o qədər duyğulandım ki, Esmira xanımın kövrək nağıllar aləminə düşüb nağıldan bir nağıl yaratmağı qərara aldım. Torpaq, yurd nisgilli nağılın yüyrək dilində kimlər, nələr var — doğma insanlar və yerlər.
Bilmirəm Esmira xanımın poetik nağılının qəhrəmanı ozümü, qonşumu? Bunun əslində mətləbə dəxli yoxdu. Bir az qeyri-adi, bir az da qayğısız uşaqlıq dövrünün uşaqlarıyıq hamımız. Amma düşüncə tərzindən, zəngin təxəyyülündən o kənd uşağı Esmira xanıma çox oxşayır. Gəlin bizə «qorxulu» nağıl danışan o qızı «balaca qız» adlandıraq. Mənə elə gəldi ki, Oğuz ellərinin yurd həsrətli saf və sadəlövh qızcığazı ilə uşaqlıq çağlarımızda birgə gizlənpaç oynamışıq…
«Kələsərlikdə itən balaca qız cocuğunu bircə dəli Fatma tapardı, o da əlindən tutub deyərdi: «gedək səni axtarmağa». Tənəklərin arasında itən qız təkcə dəli Fatmaya inanardı»…
— Qorxma deyirdi dəli Fatma, səni tapacağıq.
Mən də ürəklənirdim, sevinirdim,
di gəl… ha axtarsaq da
bir dəfə də olsun məni tapmadıq…
Ehh… uşaqlıq… Səni itirdik, tapmadıq. Dadın damağımızda qaldı. Acın da şirin idi. Yəqin ki, dəli Fatma bu sərsəm dünyanın ən ağıllısıydı. Həm də xeyirxahı. Mənə məni tapmağa kömək edənlərin həsrətindəyik bu gün. Tapa bilmirik…
«Dəli Fatma hamıya dəli deyirdi —
elə kolxoz sədrinə də…
Yazıq dəli Fatmanı niyə qınayırıq ki, əksər məmurlar kimi, kolxoz sədrinin ağıllısı çox deyildi. O vaxt kolxoz sədrləri də kələsərlikdə tər tökənləri adam yerinə saymırdı. Dəli Fatma da düz deyirdi, ona görə də ona «dəli» deyirdilər. Dünyanın «dəli» və dəlilərlə dolu vaxtlarıydı…
Esmira Mehiqızının lirik «mən»ini də dəli eləmişdi dəli Fatma:
Sonra… bir gün nənəmə deyəndə ki,
dəli Fatmayla kələsərlikdə
ha məni axtarırdıq, tapmırdıq,
onda nənəm qorxmuşdu,
bərk-bərk tapşırmışdı ki:
— bir də o dəliyə qoşulma haaa,
yoxsa onun kimi özünü tapmarsan.
İllər ötüb o vaxtdan — yel qanadlı illər… Dəli Fatmanın «ay dəli qızzz, hardasan?» çağırışına həsrət qalıb özü özünü tapmayan o qız. İndi dəli Fatmanın «oğlu Oqtayın «dəli» motoskleti» də daha kənd yollarında toz qoparmır. O yolların tozu da qəribsəyib «dəli motosklet»in, dəli Fatmanın və təkcə dəli Fatmanın tapdığı o qızın izləri üçün…
İndi kəndimizin üzüm bağları da yox,
kələsərliyi də…
dəli Fatma da çoxdan ölüb
və içimdəki itmək qorxusu məndən böyükdü.
Yenə o vaxtlar ümidim vardı ki,
dəli Fatma məni tapıb özümə qaytaracaq…
amma indi səsim hər yerdən üstümə
güllə kimi qayıdır:
— kim məni tapacaq?
Ədəbiyyatşünas Y.M.Lotmana görə həcmcə çox böyük olmayan bir şeir bir neçə cildlik qeyri — bədii mətnin ifadə edə bilmədiyi informasiyanı özündə yerləşdirə bilər. Esmira Mehiqızının poetik «Dəli Fatmanın nağılı» məni Lotmanın fikrinə inandırdı…
Aprel 2021
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Əlabbas Bağırov - Köhnə kişi