Edebiyyat.az » Ədəbi tənqid » Xəyalə Quliyeva - Ş.Svayqın “Bir qadının həyatından 24 saat” əsərinin ruhumdakı inikası...

Xəyalə Quliyeva - Ş.Svayqın “Bir qadının həyatından 24 saat” əsərinin ruhumdakı inikası...

Xəyalə Quliyeva - Ş.Svayqın “Bir qadının həyatından 24 saat” əsərinin ruhumdakı  inikası...
Ədəbi tənqid
admin
Müəllif:
15:59, 25 noyabr 2021
2 733
1
Xəyalə Quliyeva - Ş.Svayqın “Bir qadının həyatından 24 saat” əsərinin ruhumdakı inikası...



 İnsan “nəyi edir?” deyil, insan nəyi “niyə edir?” sualı hətta Allah üçün də daha önəmlidir. Yəni, bir gün insanı haqq-hesaba çəkəndə, bunu etdin, onu etdin yerinə, bunu niyə etdin?, onu niyə etdin deyə soruşacaq. Niyə- əsas məsələdir! Hərəkətlərin motivi... Hərəkətlərin səbəbi. Misal üçün, iki nəfər oğurluq edir. Hər ikisinə cəza verilməlidir. Məhkəmə qurulub, sorğu-sual edilir. Birinci oğrudan  bu əməlinin səbəbini soruşduqda, cavab verir ki, evdə iki azyaşlı körpəm var idi və onlar ac idi, günlərdir iş axtarmağıma baxmayaraq heç bir yerdə iş tapa biımirdim və məcbur olub, mağazadan uşaq yeməyi və bezi oğurladım...
İkinci oğru isə, oğurluğun onun sırf peşəsi olduğu və o hər gecə bir neçə ev və avtomobil oğurluğunu artıq gündəlik adət halına gətirdiyi aydınlaşır. 
Hər ikisi oğrudur və hər ikisinə cəza təyin edilməlidir!
Amma etdiklərinin  motivi dünyalar qədər fərqlidir!
Və cəzaları da eyni olmamalıdır!
Amma çox  təəssüflər olsun ki, biz cəmiyyət olaraq, hər iki oğrunu eyni cür görürük, baxış acımız dar və kiçikdir. İmkanımız olsa, hər ikisinə eyni cəza verərik.Bizim nəzərimizdə oğru elə oğrudur!
 Amma, hadisələrin  səbəbi,hadisənin özündən daha önəmlidir.Filan hadisə niyə baş verdi məsələsi o qədər fövqəl bir məsələdir ki, buna elə-belə, kor-təbii yanaşmaq olmaz! 
Söz yox, buradakı oğru misalı ola bilər ki, uğursuz bir misaldır. Çünki, oğurluq  çox vaxt haqq qazandılımayacaq bir hərəkətdir. Amma hətta oğurluğun da motivi çox önəmlidir və cəzası da müxtəlif olmalıdır. 
Təəssüf ki, bizlər,  çox  vaxt hadisələrin motivini ya görmürük, ya da görməzdən gəlirik. Sanki, heç görmək istəmirik. Bunu görmək sadəcə bizə “sərf etmir”! Hər bir məsələni öz qəlbimizin bizə təqdim etdiyi kimi ətarafa çatdırırıq.Empati-insanlar arasında ən az təsadüf  olunan bir hissə çevrilib... Eyni ilə küçədə skamyanın üzərində uzanmış bir kişi gördükdə, dərhal onu əyyaş və sərxoş kimi beynimizə qəbul edirik.  Amma əslində o,hər hansı bir xəstəliyə  tutulmuş ola bilər və ya evi olmadığı üçün parkda, skamyada gecələmiş ola bilər...
Bir insanın həyatının elə bir anı ola bilər ki, həqiqətən o ağlasığmaz və ya cəmiyyətin əxlaq kodeksinin əksinə olan bir hərəkət eləsin. Və çox vaxt həmin hərəkət gizli edilir. Lakin, insanların bu “pis” hərəkəti yaymaq kimi bir həvəskarlığı var...
Buradan  belə nəticəyə  gəlmək düzgün olmazdı ki, cəmiyyətdə kim nə istəyir onu etsin, cəmiyyət tərəfindən pis adlandırılan əməllər aşkar edilsin və hamı da onun motivinə baxıb qiymət versin. Onsuz cəmiyyətin bu “tərəzisi” çox vaxt düzgün çəkmir və özünə sərf edən rəqəmi göstərir.
Amma əsl həqiqətdə də biz çox vaxt  ətrafda baş verən hadisələrin və hərəkətlərin əsl səbəbini bilmirik. Bilmirik ki, həmin hərəkətin sahibi həmin əməlləri edəndə nə düşünürdü? Nə keçirdi bu vaxt qəlbindən? Niyə edirdi bunları? Sonra peşman oldumu?
Utandımı elədiyindən, ya yox?
Bir də etdimi  həmin pis hərəkəti?
Başqalarına əziyyət vermək qəsdi var idimi?
Bəlkə kiməsə həddindən  ziyadə  inanıb, bu işə qol qoyurdu?
Bəlkə kimsə onun etibarından, hisslərindən sui-istifadə edirdi?
Bəlkə onun öz həyatına qarşı  etdiyi bütün  pisliklər sadəcə çarəsizliyindən irəli gəlirdi?
Düzünü Allah bilir!
Yarğılamayaq insanları. Onların gizlində  etdikləri pisliklər üçün... Ola bilər həmin gizlin pisliklər, bizim aşkar yaxşılıqlarımızdan daha məsum olsun!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)