ƏLİBALA ƏHMƏDOV - UMBERTO EKONUN MÜRƏKKƏB ROMANI BARƏDƏ SADƏ DÜŞÜNCƏLƏR
1.QƏRB
Hərdən mənə elə gəlir ki, Umberto Eko "Gülün adı" romanını sırf dini hakimiyyətlərin, dini fanatizm və idealizmin hakim olduğu ölkə və cəmiyyətlərdə necə miskin, qəddar, insan təbiətinə zidd şəraitin hökm sürdüyünü xatırlatmaq üçün yazıb.
Həqiqətən dinə münasibəti birmənalı olmayan Ekonun bu romanı yazmaqla vaxtiykən Vatikana necə bir zərbə vurduğunu düşünürəm. Hərçənd bu sirli şəhər dövlətin daxilində kilsənin və papanın indi hansı ideya və meyarlarla, dünyaya hansı yanaşma nümayiş etdirib fəaliyyət göstərməsi hər kəsə maraqlıdır.
Bəlkə bu gün Vatikan bir vaxtlar Müqəddəs Fransiskan ordeni mənsublarının, minoritlərin istədiyi kimi hökmlərdən uzaq, Məsih və həvarilərin yoxsulluğu və təvazökarlığına inam bəsləyərək, o vaxtlar imperatorun yanında dayananlar kimi bu gün də hüquqi dövlətin yanında dayanmasından məmnundur?
Axı əsərdə rahib Vilhelm gözəl bir ifadə işlədir:
- Allah qullarının qulu xidmət etmək üçün vardır, xidmət edilmək üçün deyil.
O papa tərəfdarı dindarlarla (Dominikan ordeni mənsubları) insanlar və cəmiyyətin din, Tanrı və Məsih etiqadına dərindən bağlı olmadan da ədalətli bir dövlət, ölkə qura biləcəyini deyir.
Bilmirəm. Hər halda əminəm ki, bu gün Ekonun bu əsərini oxuyan istənilən qərbli və avropalı nə yaxşı ki, artıq kilsənin bu günkü həyatlarında həlledici, qanunverici faktor olmadığına sevir.
Bir vaxtlar keşişlər gülüşün caiz olub olmaması, Məsihin güldüyü yoxsa gülməməsi barədə bəhslərə girirdilər. (Hərçənd bunun çox ciddi səbəbi vardı.)
Və yaxud əsərdə inkivizator Bernardo Gui rahib Remigionu mühakimə edərkən soruşur:
- Kilsəmizin o dünyada başlayıb bitirilməli olan məsələləri bu dünyada həll etmək ixtiyarına sahib olduğuna inanırsanmı?
İnanılmaz təkəbbür, böyümə və təkəbbür nəticəsində axıdılan qanlar (Oxu - Dolçino üsyanı), kilsənin və etiqadın idealizm və tamaha qapılıb dünyanın bərbadlığını dolayı yolla etiraf etsə də buna uyğunsuz və qəddar formada müdaxilə etmək cəhdləri artıq orta əsrlərdə xristianlığı xarab və zərərli təşkilatlanmaya çevirmişdi.
Kilsə cəmiyyəti üç əsas təbəqəyə bölmüşdü:
1. Çobanlar
2. Köpəklər
3. Qoyunlar
Və onların fikrinə görə çobanlar sürüyə yararsız bildikləri istənilən qoyunu köpəklərin əliylə tonqallara ata bilərdi.
Onların yararsızlığını isbat edən əsas xüsusiyyət isə əksərən kilsənin kapitalına qarşı qaldırılmış yoxsulluğun təbliğatına qoşulmaları idi.
Artıq bəzi fransiskanlar dominikan ordeninə mənsub kilsənin xəzinəsinin vacibliyini vurğulayan papaları "Dəccal" adlandırıb, onlara qarşı çıxışlar edirdi.
"Bütün qanlı müharibələr sizin bitməyən azğın tamahınıza görə baş verib."
(Qızılgülün adı)
Ekonun romanını oxuyarkən dinlərin hakimiyyətə çevrilərkən öz nəcibliyini necə sürətlə itirdiyini bir daha anlayırsan.
Bir vaxtlar imperator və papa arasındakı çəkişmələrlə qan gölünə çevrilən qərb indi həm imperatorları, həm də papanı keçmişin ənənəsinə çevirməyi bacarıb.
Vilhelmin "iki böyük it" adlandırdığı tərəflər artıq məhdud səlahiyyətlərdən başqa bir şeyə sahib deyillər.
Bir vaxtlarsa bu qitədə bir rahib inkivizator sənədləri oxumaq üçün cibindəki şüşə böyüdücünü ortalığa çıxarmağa qorxurdu, çünki onun özünü küfr və cadugərlikdə ittiham edə bilərdilər.
(Qızılgülün adı.)
2. ŞƏRQ
Əsərdə rahib və onun müridi sirli əlyazmanın olduğu kitabxanaya yol tapıb, onu tapmağa çalışırlar. Məhz həmin kitabxanada qəhrəmanların qarşısına bir çox şərqli müəlliflərin əsərləri çıxır.
.."Şərq alimlərinin optika haqqında yazılmış əsərləri məni təəccübləndirirdi."
(Qızılgülün adı)
Baş qəhrəman İbn Sinanın eşqin çarəsi haqqında yazdıqlarını oxuyarkən, məlum olur ki, həm xristianlıq, həm də islam qadını Tanrı məhəbbətinə qovuşmaqda əsas maneə kimi görsə də, ikinci birincidən fərqli olaraq burda çarəni qadından uzaqlaşmaqda deyil, ona qovuşmaqda görür.
Baş qəhrəmanların əlinə dəfələrlə şərq alimlərinin müxtəlif mövzularda yazdığı nəfis əsərlər çıxır.
Düşünməmək olmur - bəs niyə Qərb və Şərqin bu günkü vəziyyəti belə fərqlidir?
Əslində səbəb sadədir - Qərb vaxtiylə qitəyə hökm edən imperator, kral və kraliçaları, papaları zərərsizləşdirib, idarəetmədən uzaqlaşdırdığı halda, Şərq də bunların hər ikisi də öz nüfuzunu və hakimliyini saxlamaqdadır.
Diktatorlar və avtoritarların (Bir çox postsovet) və fanatik - idealist dindarların (Əfqanıstan kimi) idarə etdiyi rejimlər hələ də qalmaqdadır.
Maraqlıdır ki, əsərdə xristian rahibləri də təkidlə azğın əməllər törədən Dəccalın Şərqdə peyda olacağını deyir.
Doğrudan da Şərq dünyası bugün Dəccalların nəfəssiz kölgəsi altında boğulmurmu?!
Umberto Ekonun romanı beyninin bir dəfəyə asanlıqla əxz edə biləcəyi tam faydalanacağı bir əsər deyil. Faydalı məlumatların bolluğu beyninin hər tərəfini tutsa da, bütün bunları qavramaq və sözə çevirmək çətindir.
Əsər adamı ümidsizliyə də aparır. Bu qədər qırğın çəkişmələrin, bölünmüş məzhəblərin, axıdılan qanların içində hansı həqiqətin mövcudluğundan söhbət gedə bilər?
Belə bir azğınlıq bizim atılmışlıq taleyimizə ən böyük işarədir.
Bəlkə də kilsə elmi əsərlərin kitabların cəmiyyətə nüfuz etməsinin qarşısını almaqda haqlıydı?
Axı Rocer Bekon Dəccalın gəlişinə həm də elmi tərəqqi vasitəsiylə hazırlaşmağın lazım olduğunu desə də, bu qədər biliyin insan əlinə rahat keçməsindən qorxu da ifadə edirdi. Çünki rahib Ubertinonun dediyi kimi "bəşər üçün çox təhlükəli olan insan ağlı" biliyi olduqca qorxunc vasitələr üçün istifadə edə bilərdi.
Bəs insan ağlı nəyə yarayır? Doğrudanmı bu dünyanı nələrsə xilas edəcək? Yoxsa doğrudan da o yaradılarkın heçvaxt onun heçnəyi belə bir tərəqqi üçün hesablanmayıb?..
3. SİRLİ KİTAB
(Burada əsərin sonu barədə məlumat var)
Gizlədilmiş kitab gülüş haqqındadır. Lakin kitaabxanaçı Burqoslu Xorxenin məhz həmin kitabı tapan Vilhelmə dediyi kimi fərq ondadır ki, bu kitabı bir filosof yazıb. Və bu filosof Aristoteldir.
Hələ kitab tapılmazdan əvvəl Xorxe müxtəlif əcaib, parodiya məqsədi ilə çəkilmiş dini məzmunlu illustrasiyalara gülən rahiblərə sərt hirslənir.
Burada əsas təhlükə gülüşün axmaqlıqdan daha çox zəkaya, qorxunu azaldan və beləcə dinə yönəlmiş təhqiqedici ağlın daha sərbəst işləməsinə zəmin yaratmasıdır.
Əgər Aristotelin güclü şəkildə yazılmış gülüş haqqındakı bu əsəri aşkar edilərək yayılmağa başlasa, onda insanlar getdikcə gülüş vasitəsiylə qorxulardan azad olmağı öyrənə bilər.
Bəs dinlərin insanlar qarşısında ən böyük silahı nədir? Təbii ki, qorxu!!!!
Qorxunun gülüş vasitəsiylə süqutu insanlar üzərində hökmranlığını müxtəlif təhdidlər, qorxunc ilahi intonasiya və vədlərlə saxlayan kilsənin ideoloji süqutudur.
Gülüş təhqiqat həvəsinə düşmüş bəşər ağlının qorxudan arınması üçün əsas vasitədir.
Aristotel isə insanların gülüşə olan münasibətini, kilsənin dediyi kimi onun şeytani bir əməl və təbiət olmasının əksinə, insanın azadlığının bir əlaməti olmasını göstərməklə dəyişə bilər. Gülüşə olan simpatiya insanı tədricən azadlaşdırar.
Məhz buna görə Burqoslu kor Xorxe bu kitabı hərkəsdən gizlədir.
Qarşımızasa yenə də modern düşüncəli Vulhelm çıxır.
“No üçün? Mən savaşardım. Öz ağlımı başqasının ağlına qarşı qoyaraq. Məncə, hər halda, belə bir
dünya Bernardo Guinin alovu və qızdırılmış dəmirinin Dolçinonun alovu və qızdırılmış dəmiri ilə
döyüşdüyü dünyadan qat-qat yaxşıdır”.
Bəlkə doğrudan da günümüzdə gülüşün (daxili rahatlıq) ateizm kimi müxtəlif inanclara sahib insanları təhqiqata, dindarlarısa qorxu əvəzinə daha inandırıcı dəlillər axtarmağa sövq etdiyi dünya keçmişdəkindən daha yaxşıdır?
Baxmayaraq ki, bu kitab insan əlinə keçməsin deyə Burqoslu Xorxe sonda bu kitabın yarısını yemiş, yarısınısa şölələnən alovun içinə atmışdı.