Edebiyyat.az » Ədəbi tənqid » Vaqif Osmanov - Poetik gecələrin işığı

Vaqif Osmanov - Poetik gecələrin işığı

Vaqif Osmanov - Poetik gecələrin işığı
Ədəbi tənqid
admin
Müəllif:
20:58, 17 fevral 2022
1 099
0
Vaqif Osmanov - Poetik gecələrin işığı

  
Gecə.
İnsan.
Və Ay.
İnsan tənhalığı, özünə hesabatı, sabahın xəyallar məkanı. Gecələr.
Sən və səni tək buraxmayan, həmdəm Ay. Gecələr...
Belə gözəllik qarşısında ancaq onu duyanlar dayana bilər.

Qazi - şair Rəfail Tağızadə özü də, sözü də ülvi duyğularla dolu işıq selində çimir gecələr - dənizdə Ay çimən kimi. Şair gecələr işıqlı hiss və həyəcanını həzin və kövrək misralara çevirib sözsevərləri aydınlıqlara səsləyir. O, sözlə müalicə edən loğmandı, hətta göylərin dərdini də bilir: “şimşək göy üzünün kardioqramını çıxarır” qaranlığın qucağında:

Göy üzü infarkt keçirib bu gecə, 
ağrıya-ağrıya 
pəncərəmi yuyur göz yaşlarıyla.

Dünya laqeydlik buzunda üşüyürsə, bir şəfqətli nəfəsə möhtacdır.
Gəl, yaxın dur, 
isidəcək,
gecəni nəfəsimiz...         

Ay gecələr sevənlərin əhd-peymanının şahididir, saxta sevgiləri görəndə buludlardan üzünə rübənd çəkir, bəşəri zülmətə qərq edir, saf sevgilərin yolunu işıqlandırır. Günəşin kiçik bacısıdı Ay,  gecənin - sevgilisi. Rəfail müəllimin Ayı şairanədi:

Gecənin qaranlığı kölgən kimi
sərinlik səpmək istədi od tutan bədənimə.
Gecədə Ay da yox,
baxıb oxşadım sənə...    
...Bu gecə qonaq Ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.    

Rəfail Tağızadənin payız ovqatı təbiətin özü kimi səmimidir, payızla gecələrin ülfətinin lirik tərənnümü bütün yaradıcılığının leytmotividir. Onun şeirlərindəki payız və gecə bir-birinə çox oxşayan iki kövrək sevgilidi, - hər ikisi duyğuludu, səxavətlidi, həsrətə, nisgilə bələnən körpə kimi kövrəkdi, hətta məğrur Qız qalası da:

Bu payız gecəsində ağaclar sərxoş...
...Dəniz şampan köpüklü, 
dalğalar vals gedir, 
gəmilər ləngər vurur.
Bakının əlində 
gecəyə növbə çəkən Qız qalası dolu badə.

Şairin bütün şeirlərində, poemalarında, publisistik yazılarında lirik ovqat dominantlıq edir, istər saf sevgini, istər Vətən, torpaq həsrətini, istərsə də onun söz kəhkəşanının əbədi və ədəbi “qəhrəman”ı qara zülflü, qara gözlü gecələri tərənnüm etsin. Bəsirət gözü həmişə açıq insan üçün işığın, yaxud qaranlığın fərqi yox, onlar həmişə görürlər. Rəfail müəllim, qaranlıqda işıq axtarır, tapır, onu poeziyaya çevirib bizə göndərir. O, həm də qazi - Vətən, torpaq, haqq-ədalət uğrunda döyüşən zabitdi (“qılıncla qələmi əldə tutmaq hər kəsə qismət olmur” - dünya şöhrətli professor Rafiq Əliyev), işıqla zülmətin əbədi savaşında işığın tərəfindədi:

Eyvana çıxarsan tələm-tələsik: 
budur həmin səma, həmin göy üzü.
Səni ulduz görər, Ay salamlayar 
bir ayrı baxışda, bir ayrı gözdə.

Pəncərə önündən bir cüt göz baxar, 
o qəmli gözlərdən bir cüt yaş axar,  
evlərə bir həsrət daşıyar gecə,
yenə öz ömrünü yaşayar gecə...

Şairin həsrətində də, qəmli gözlərində də işıq gördüm. Belə olmasaydı gecə öz ömrünü yaşamazdı...

 Axı “şeir şairin daxili monoloqudur, yəni iç səsidir” (Adil Mirseyid). Şairin iç səslərindəki dörd mövzu bütün yaradıcılığı boyu daha prioritet, daha bəşəridi - Qarabağ, payız, gecə və dəniz.

“Qərib şəhərdəki gecə” daha çox həsrətlidi, nisgillidi, “yad otaqlar, boz divarlar, günün boşluğunu çıxarır üzə”, doğma gecələrin nisgili isə doğmadı, işıqlıdı, sevgiylə, lirik pıçıltılarlarla ləbələb doludu,  Vətən, yurd yerlərinin həsrətindəki ümid, inam  şirindi. 
Qərib gecələrdə

Gecədə darıxan bir qərib kimi 
qaçmaq istəyirsən özün-özündən, 
bir özgə otaqdan, özgə gecədən...

“Gecələrin müqəddəs günahı”nı özü çəkən Rəfail müəllim “gecənin sevgi nəğməsini qızaran şəfəq dilində” zümzümə edir, qəlbləri coşduran ecazkar nəğmənin notlarını yerə göz qırpan ulduzlar, sinəsi dağlı Sarı Aydan süzülüb gələn işıq zolaqları ilə bizə göndərir - “gecənin yuxusunu qaçıran yağışın həzin-həzin, yumşaq dənələriylə”, şimşəyin işıq diliylə, ildırım hayqırtısıyla. Şair bir yağış tablosu yaradır sözlərin rəngiylə:

Bu gecə
qəriblərin yığıldığı otelin 
ən qəribiyəm...
... səsini içinə almış otaqda 
çırpınır ürək, 
darıxan qapımı döyür musiqili külək, 
ovqatım dəyişir 
könlümün səsində, 
Şopenin həzin musiqisində.

Çevirib üzünü, çevirib göyə 
ağacın torpaqdan küsən vaxtıdı, 
uzun gecələrdə tutub əl-ələ 
ulduzların yallı gedən vaxtıdı.

Şimşək qapımı döyür 
sən gizlən içərimdə, 
içimə bir işıq sal, 
nur saçsın içərim də.

Hər misra, hər bənd rəssamlara ideya, mövzu verəcək qədər mükəmməl söz etüdüdü, insanın içini və çölünü qaranlıqda da nura bələyir. Sözü ağırsanballı professor Cahangir Məmmədli Rəfail Tağızadə poeziyasını ustad meyarı ilə dəyərləndirir: “təbiət atributları - gecə də, gündüz də, ağaclar da, qar, yağış, tutqun hava - bunların hamısı şairin baxış bucağında, yaşadığımız dərdlərin ifadəsində bədii detallara çevrilir”. 

Gecənin ilıq nəfəsində, “ağaclar, binalar mürgüləyəndə, yollar, pilləkənlər növbətçi fanar işığında dincələndə” dəniz şirin yuxu görmüş körpə kimi dodaqaltı qımışanda:

Tək bizim pəncərə 
evlərə növbə çəkir.
Necə gözəl mənzərə:
tək otağın işığı, 
qaranlıq sakit gecə...
Saatsa öz öz işində...

Əsrarəngiz və duyğulu gecə mənzərəsi. Həm də gecə serenadası...

İnanmıram ki, Rəfail müəllim gecələr tənhadı. Ulduzlar, Ay, ilham pərisi, siyah hörüklü gecələri nurlandıran xəyallar onu heç vaxt tənha qoymaz. Ancaq nə səbəbdənsə bir ilahi gecədə şair tənha qalıb. Təkliyə dözməyib “sonuncu qatara pənah gətirir”. Uman yerdən küsərlər, tez gecə həmdəmlərini - ulduzları, Ayı, ilham pərisini, romantik xəyallarını haraylyır ki, tez gəlin, “məni öz qoynuna alıb itirir, bitirir bu gecə, məni bitirir, tənhalıq içində, təklik içində, vaqonla dolu adam içində darıxan” şair “uzun, incə bir yol” gedir, Aşıq Veysəl kimi:

Ayı mürgüləyən, 
qaranlıq bitməyən 
bu zülmət gecədə, 
dəmir qollar arasında 
yırğalanıb gedirəm.

Qatar onu “gecə xəyalları”nın qanadında uzaqlara aparır - poetik düşüncələr sehrinə.
Sözdən lirik və poetik lövhələr yaratmağı ona heç vaxt xəyanət etməyəcək ürəyinə, təxəyyülünə, qələminə güvənənlər bacarar, həmin lövhənin işığı xəyalları, sözü ilə zülməti dəlib keçənləri tənhalıqdan qurtarar. Baxın, üç bənddə neçə gecə etüdü var?

Göy üzü aram-aram 
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud Ayı aparır.

Yenə dartaraq qaşını, 
əyib buludlu başını, 
tökür gözünün yaşını, 
bu gecə yaman ağlayır.

Ay da yox, kiridə onu, 
dar olur sükutun donu. 
Göz yaşının yoxmu sonu? 
Bu gecə yaman ağlayır.

Lirik gözəllik. Bu gecənin göz yaşları bulaq suyu kimi dupdurudur, qaranlıqlara meydan oxuya-oxuya bəyaz işıq gətirir - “Ağ yol” göstərir sevənlərə.

Rəfail müəllim, doğrudan da “ömür səhnə deyil, gecə də pərdə”. Ancaq bu tamaşaya baxmamaq da olmur. Pərdəarxası oyunlar nədənsə bizi özünə çəkir həmişə. Örtülü pərdələr arxasında bəşər övladlarının işləkləri deyəsən, hələ çox davam edəcək, kədərimizi sevincimizlə,  yalanı doğruyla, şübhəni inamla sevgili edəcək. Zaman çox qəddar rejissormuş, biz də bizə verilən mizanları məzlumcasına oynamağa məcbur edilən aktyorlarıq. “Gecənin sükutu”nu sözlə pozmağı bacarsaq da, “işıqları sönməyən o tənha evin pəncərəsini döyən bir göyərçini” içəri çağırmağa cürətimiz çatmır. Nə olsun ki, o göyərçinin “dimdiyində gətirdiyi məktubun hər sözündən” sevgi ətri gələcək. Bizim Vətənə, torpağa, yurda, doğmalara sevgimiz, düşmənə nifrətimiz də qıtlaşıb. Göyərçinlə görüşdən bizə ancaq gözlərimizin öpüşünün duzlu-məzəli tamı qalacaq. Pəncərələrin işıq buraxmamağından, gözümüzün işığa allergiyasından qorusun Tanrı bizi.  

Lal divarlar yaddaşına köçürər, 
pərdələrin izlədiyi görüşü.

...Qoşa qol arasından 
ötür ömür qatarı...

Biz də bu qatarın sərnişinləriyik. Bizə qalan əməllərimizlə işıqlandıracağımız gecələrdi, Günəşli gündüzlərdi, mərhəmətimizdi, sevgimizdi, bəşəriliyimizdi, mənəvi dəyərlərdi, bunlar zülmətin bağrını yarmağa bəs edər, əgər içimizdə varsa. Bir də yollar. Həsrətinə 30 il dözdüyümüz yerlərə bizi aparacaq yollar. Bəs o yerlərin gecələri, Ayı, ulduzları bizi doğması kimi qaşılayacaqmı, əzizi biləcəkmi? O həzin gecənin, 30 ilə yaxındı qızılgülləri açmayan həyətin, düşmən dadmasın deyə bar verməyən “9 qoz ağacı”nın, bizim gəlişimizdən heyrətlənib dikələrək baxan uçuq evin daşlarının sevincini görəcəyi günü Rəfail müəllim səbirsizliklə gözləyir. Mən də. Bu duyğuların, nisgillə vüsalın dadı bambaşqa olacaq. O “gecənin sükutu”nda qazi şairin fərəhinə, sevincinə şahid və  şərik olmağı bilirsiniz necə gözləyirəm? Axı mən də orada olacağam...

 Biz sirli-sehirli, həsrətli, vüsallı gecələrə vurğunuq, zülmətə yox. “Gündüz görmədiklərimizi görmək üçün”...

“Yoxluqda varlıq”, qaranlıqda işıq axtaranlar Tanrının ovqatının xoş çağında doğulanlardı...  

“Tənha gecə dərd əlindən qaralır”. Ömrün bir anını da tənha qalmayaq, ömrün bir anı tənha qalmasın...

Gecənin pənahı işıqdı, bir də kövrək xatirələr. Xatirələrimizin işığı yanar olsun...
“Gecələri sübhə daşıyaq”.  İşıqlı əməllərimizlə doludursa, daşıyacağıq...
                                                                                                                 Yanvar  2022

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)