Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - ON 1K2 ( e s s e )

ŞvartsMan - ON 1K2 ( e s s e )

ŞvartsMan - ON 1K2 ( e s s e )
Ədəbi tənqid
admin
Müəllif:
20:11, 26 may 2022
893
0
ŞvartsMan - ON 1K2( e s s e )



You only see what your eyes want to see How can life be what you want it to be? MADONNA, “FROZEN” 


Sən yalnız gözlərinin görmək istədiyini görürsən Həyat necə istədiyin kimi ola bilər? MADONNA, “DONMUŞ”


 Bir, iki, üç.. yox. Yeddi.. doqquz…yox, yox. On iki…Hə, ON 1K2. İlin 12 ayı. Şiəlikdə 12 imam və İsanın 12 həvarisi. Olimp dağının 12 allahından əlavə Heraklın 12 qocaqlığı. Və bildiyimiz, amma inanmadığımız 12 bürc. Əvvəlcə deyim ki, burada yazdıqlarım və yazacaqlarım çoxdan bilinən, amma az danışılan məsələlərdirlər. Mənim esselərim oxuduqlarımı, dinlədiklərimi analiz edərək azərbaycanlıların daşlaşmış düşüncələrini qırmaqdır. Çünki fikirlər inanmaq üçün deyil, fikirləşmək üçündür. Zaman keçdikcə, bunu daha yaxşı başa düşürəm ki, azərbaycanlılarla söhbət edə bilmirəm. Azərbaycanlılar səndən, məndən, ondan ibarət deyillər. Azərbaycanlılar bu yazını oxumayanlardır. Hər futbol komandasında 12 nəfər oyunçu var. Qolumuzdakı saat da 12-ni göstərir. Niyə 12? İnsanlıq tarixi matriarxal dövrdən (ana xaqanlıq) patriarxal dövrə (ata xaqanlıq) keçiddə nə 11, nə də 13, məhz 12 nizamın və ilahiliyin simvolu oldu. 12 rəqəmi təbiətin riyazi bölgüsüdür. Təqvim necə yarandı? Bunu xatırlamaq vacibdir: İnsan heç nəyi öz götündən uydurmayıb. Ətrafına, onu əhatə edən təbiətə baxaraq yaradıb. Təqvimin tarixi də belədir. İnsana yaşamaq, əkin və təsərrüfat üçün zaman, onun ölçüsü, bölgüsü və bundan yaranan cədvəl lazım idi. Bu dünyada insan özünün yaşamağı üçün hər şeyi yaradıb: allahları, dinləri, qanunları, bayraqları, musiqini, fəlsəfəni, təqvimi, bürcləri və s. Zaman keçdikcə, bizim homo sapienslər təbiət haqqında daha çox biliyə sahib oldular. Günəşin batmasını, yerinə Ayın çıxmasını ölçməyə başladılar. Yerin Günəş ətrafında dövr etməsi ilə fəsillər yaranırdı. Bu dövr etmənin 365 gün (bəzən 366) olduğunu kəşf etdilər. İlk təqvimlər Ay təqvimi və Günəş təqvimi idi. Ərəblərdə ay təqvimidir, indiki dildə, hicri təqvim. Əlbəttə ki, biz də ərəblərin işğalı altında olan müsəlmanlar kimi hicri təqvimlə gedirdik. Xristian rusların işğalı nəticəsindən sonra biz bugünkü kimi miladi təqvimə keçdik. Qədim Misirlilərdə isə Günəş təqvimi idi. Sonradan Roma imperiyasının əyalətinə çevrilən Misirlə bu təqvim Romaya, sonra din olaraq xristianlığa keçdi, Miladi təqvim oldu. Bir sözlə, yaşadığımız həyatlar və mədəniyyətlər bir transformasiyadır. Təqvim, loru dildə desək, zamanın günə, həftəyə, aya və ilə bölünməsidir. Bir həftəmizdə yeddi gün var. Allah dünyanı altı gündə yaratdı, yeddinci gündə istirahət etdi. Bir ay 30 gündür. Yerin Günəş ətrafında fırlanması 365 gün (bəzən 366) çəkir. 365/12=30 (31) edir. Bəzi aylar 30, bəzi aylar 31-dir. Yer planeti Günəş sisteminə daxildir deyə təqvim də heliosentrik sistemə görə yaradılıb. Zaman keçdikcə, modern təqvimlər yaranmağa başladı. Bunlardan ən çox bilinənlərdən biri Roma imperatoru Yuli Sezarın adı ilə bağlı olan Yuli, yaxud Yulian təqvimidir, digəri isə 226-cı Papa Xlll.Qriqoriyanın (Qriqorius) adını daşıyan Qriqoriyan təqvimidir. Yulian təqvimdə yeni il mart ayından başlayır. Çünki təbiət o zaman doğulur, yenilənir, gecə və gündüz bərabərləşir. Hamının bildiyi kimi Sezar yaratdığı təqvimdə yeddinci aya (yeddi rəqəmi Romanın yeddi təpəsini bildirir) öz adını verdi: Juli>July>İyul. İyul ayını 31 gün etmək üçün 30 gün olan fevral ayından bir gün götürüb iyul ayına əlavə etdi. Sezarının öldürülməsindən sonra bu təqvimə Oktavian Avqust (Augustus) düzəlişlər etdi. Əlbəttə, bu zəhmətlərin qarşılığı olaraq Oktavian səkkizinci aya öz adı Avqustu verdi. 30 gün olan avqust ayına fevraldan bir gün götürüb əlavə etdi. Beləliklə, yazıq fevral ayı dörd ildən bir gah 29, gah da 28 gün olur. Niyə başqa aydan yox, məhz fevraldan gün götürülür? Maraqlı sualdır. Bu haqda düşündüm və gəldiyim qənaət budur ki, fevral ayının etimologiyasından qaynaqlanır bu. Fevral (February) ayı Qədim Roma dinində “təmizlənmə” allahı olan Februusun adından yaranıb. Qadının aybaşı müddəti fevral ayının 28 gününə bərabərdir. Təmizlənmə, saflaşma ayı sayılan fevral ayından sonra mart ayına -Yeni ilə keçilir. Qədim Misirdən Romaya keçən Günəş təqvimi üzərində qurulan Yulian təqvimi də, təbii ki, Ayı təmsil edən fevraldan gün götürməlidir. 16-cı əsrə kimi bu təqvim doğruluğu və xətaları ilə gəldi. Qriqoriyan adlı bir Papanın yaratdığı təqvimlə hər şey baş-ayaq oldu. Mart ayında başlanmalı yeni il, yanvar ayından başlamalı oldu. Nədir-nədir, bu Papanın doğum günü yanvar ayındadır. Buna görə, miladi təqvimlə biz Yeni ili yanvardan qeyd edirik. Başqa monoteist dinlər kimi xristianlıq da savadsızlığını burada göstərdi. Yeni il yaz fəsilində, martda qeyd edilməlidir. Təbiət yazda doğulur, yayda gəncliyini yaşayır, payızda yarpaqlarını tökür, yəni qocalır, qışda isə donur, ölür. Təbiətin donduğu, ölüm yuxusuna getdiyi yanvar ayında nə Yeni il ola bilər ki?! Bu gün Miladi təqvimlə gedən ölkələr təbiətə zidd yaşayır. Müsəlmanların Hicri-Qəməri təqvimi də yaradılışa ziddir. Kimsə siyasi-dini səbəblərə görə Məkkədən Mədinəyə köçübsə (hicrət), bunum təbiətlə, fəsillərin “əbədi döngü”sü ilə nə əlaqəsi var?! Qısacası, bu təqvimlər təbiəti rasionallaşdırmaqdan, özünə uyğun, sərf edən formaya salmaqdan başqa bir şey deyil. 12-ci imam və 12 həvaridən danışmağa dəyməz 12 imamın və 12 həvarinin adlarını yazaraq sizin vaxtınızı almaq və bu yazını mənasızca uzatmaq istəmirəm. 12-ci İmam Məhəmməd MEHDİdir. Bu imam Mehdinin ölüm tarixi və necə öldüyü bilinmir deyə müsəlmanlar onun qeyb olduğunu və nə vaxtsa qayıdıb ilahi nizami (12 rəqəmi) bərpa edəcəyinə inanırlar. Sadəcə, ölüm tarixi bilinmir deyə bir adamın öldüyünə inanmamaq absurd deyilmi? Tarixdə elə şəxslər var ki, doğum tarixləri bilinmir, ölüm tarixi bilinir. İndi bu adamlar doğulmayıblar, yaşamayıblar? Yəni İmam Mehdi ölüb, sadəcə tarixini və necəliyini bilmirik. Yaşasaydı, 1000 il gözləməzdi, buna əmin ola bilərsiniz. Min ildir qayıtmayan adamın min birinci ildə qayıdacağına kim inanar ki?! İsa peyğəmbər də xristianların imam Mehdisidir. Öldü və üç gündən sonra dirildi. Xristianlar hələ də İsa Məsihin ikinci gəlişini gözləyirlər. Bir adamı iki il gözləyərlər, Odissey (Odisseus) kimi 20 il gözləyərlər, amma min il, iki min il bir adamı gözləməyin adı axmaqlıqdır. Özünüz fikirləşin, dirilmişəmsə, öldürüldüyüm dünyaya yenidən qayıdaram? Ağılı başında olan adam qayıtmaz. Amma içimdən məzələnmək istəyi yaransa, həvarilərimin gözünə arada bir görünərəm. Olimpik allahlar Mənim uşaqlığım Olimpdə keçib. Olimp Bakıda harada yerləşir? Mədəniyyət və İncəsənət Universitetinin yanında. Qədim yunanlarda Olimp (Olimpus) dağı mədəniyyətin, yaradılışın, incəsənətin yarandığı və təmsil oldunduğu yerin simvoludur. Bu mənada mən də Elmlərdə, Olimp deyilən yerdə yaşamışam. “Olimpik allahlar” dediksə, deməli, mitologiyanın“əlifba”sından danışmalıyıq. Amma mümkün olduqca yığcam və qısa danışacağam. Səbəb budur ki, mitologiya haqqında bir neçə yazılarım olacaq deyə onu ayrıca bir mövzu kimi işləmək istəyirəm. Mənim həssas yerim mitologiyadır, çünki dinlərin əsl sifəti orada gizlənib və azərbaycanlılar da psixoloji təfəkkür baxımından müsəlman olduğundan mitoloji biliklərə sahib deyillər. Mitologiyanı bilən adam dinçi, müsəlman və yaxud xristian olmur. Bir az gec dərk etsəm də bildim ki, axundların, şeyxlərin, hacı Şahinlərin, hacı Qartalların, hacı Ramillərin, hacı Famillərin, hacı Surxayların, hacı Suxarilərin mitologiyadan anlayışları yoxdur. Əlbəttə, bu mənim fikrim deyil, din tarixçilərinin, kulturkritikerlərin, antropoloqların gəldiyi nəticələrdir ki, ilk allahlara baxsanız, onların necə qorxunc və çirkin olduqlarını görərdiniz. İnsanlar mədəniləşdikcə, gözəlləşdikcə allahlar da gözəlləşdilər. Artıq allahlar qorxulacaq varlıqlardan seviləcək varlıqlara çevrildilər. Yunanların baş allahı Zevsin (əslində Zeus) şəkillərinə baxın, elə bil bodibildinqlə məşğul olub: necə yaraşıqlı, necə güclüdür... Alman filosofu Foyerbax demişkən, allahmı insanı yaratdı, yoxsa insanmı allahı yaratdı? Yunanıstanda ən hündür dağ Olimpusdur. Deməli, allahların məkanı da orada olmalıdır. Onlar dünyanı buludların arasında yerləşən bu dağın zirvəsindən idarə edirlər. 12 allahın adları belədir: 1 ) ZEUS – “allahların və göylərin atası” hesab edilən Zeus göylərin və şimşəklərin allahıdır. Titan Kronos və arvadı Reanın ən kiçik uşağı və oğludur. Qardaşları Paseidon və Hades, bacıları isə Hestia, Hera və Demeterdir. Hera Zeusun həm bacısı, həm də rəsmi arvadıdır. Baş allahın həyat tarixçəsi belədir: Zeusun atası Kronos öz atasını, yəni Zeusun babasını xədim edərək taxtdan salmışdır. Bu səbəbdən Kronosda fobiya yaranmışdır ki, doğulacaq uşaqlarından kimsə ona öz atasına etdiklərini edə bilər. Bunun qarşısını almaq üçün Readan doğulan uşaqlarını yeyib udaraq qarnında saxlayır. Son beşik Zeus doğulanda anası heç olmasa onu xilas etmək üçün ərinə dəsmala bükülmüş daş verir. Kronos da onu uşağı bilib yeyir. Zeus beləcə xilas olur. Böyüyüb qardaşlarını xilas edir, atasının düşmənləri ilə ittifaqa girir və titanlar müharibəsində qələbə qazanan Olimpusluların baş allahı olur. Bir şeyə diqqət edin ki, Zeusun atası Kronos zaman allahıdır və öz uşaqlarını yeyir. “Xronoloji” sözü Xronos - Kronosdan yaranıb. Kronosun öz uşaqlarını yeməsi zamanın öz yaratdıqlarını yeməsidir. Yəni biz vaxtı öldürmürük, vaxt bizi öldürür. Rövşən Abdullaoğlunun “Zamanı necə yeyək” kitabı belə cəfəng səslənir, çünki sən zamanı yeyə bilməzsən, atan Zaman səni yeyir. Zeusun arvadbazlıqlarından, çox qısqanc arvadı Heranın Zeusun sevgililərinə olan kinindən və o qadınlardan doğulan uşaqların başına gələnlərdən uzun-uzadı danışmaq bizi əsas mövzudan uzaqlaşdıracaq. 2 ) HERA – baş ilahə. Evlilik, Qadın, Bərəkət kultudur. Çoxyönlü ilahədir. Zeus nə qədər başqa qadınlarla gəzsə də, Hera nə qədər qısqansa da, dalaşsalar da ailə birliyini qoruyublar deyə Zeus və Heranın evliliyi “Hieros Gamos” (Müqəddəs nikah) adlanır. Hera Zeusun ölümlü qadınlardan doğulan uşaqlarına qarşı amansızdır. Heraklesin doğumunu gecikdirir, ərinin sevgilisi Semelanın ölümünə səbəb olur, Zeusun qeyri-qanuni uşaqlarını öldürməyə çalışır. Hətta öz uşağı Hefaistosu çirkin və şikəst olduğu üçün dağdan dənizə atır. Zeus bizim atalarımızı təmsil edirsə, Hera da anamızdır. Qısqanc, ailəcanlı, ancaq öz uşaqlarını sevən, ərinin sevgililərinə qarşı isə qəddar olan insanlığın anası. 3 ) PASEİDON – Dəniz və Zəlzələlər allahı. Mitologiyada dünyanı qardaşları Zeus və Hadeslə üçlükdə idarə edirlər. Paseidonun da çoxlu sevgililəri olsa da, arvadı Amfitritedir. Amfitrite dənizlər dibi ilahəsidir. Dünyanı öz aralarında bölən üç qardaşın üçünün də tək arvadı var: Zeusda Hera, Paseidonda Amfitrite, Hades isə Persefona. Bu mövcud hakimiyyəti qorumaq üçün vacib olan tarazlıqdır. Hera ilə birləşib qardaşı Zeusu taxtdan salmaq istəyən və cəzalanan, Odisseusu evə qayıtmamağı üçün dənizlərdə azdıran, Medusaya təcavüz edən də Paseidondur. Dəniz və zəlzələlər kimi coşqun, dağıdıcı, hikkəli allahdır. 4 ) DEMETER – Taxıl və Əkinçilik ilahəsi. Ana sevgisinin simvoludur. Adının mənası “torpaq ana” deməkdir (de –“torpaq”, meter - “ana”). Hera Paseidona bacısı ilə cinsi əlaqədə olmaq fikrini beyninə salır. Demeterin ən gözəl qızı Persefona Zeusdan olan qızıdır. Persefonanı isə öz əmisi Hades qaçıraraq özünə arvad edir. Demeter qaraya bürünür, məhsuldarlıqda, əkində qıtlıq olur. Hadesin bioqrafiyasında Persefonanın qaçırılması və anasına geri qayıtması haqqında danışılıb. Bu dörd allahlar birinci dərəcəli allahlardır. Niyə? Çünki insan həyatı üçün vacib olan dörd sahəni özlərində birləşdiriblər. İkinci dərəcəli allahlar bunlardır: 5 ) AFRODİT – Məhəbbət və Gözəllik ilahəsi. Homerə görə, Zeus və Dionanın qızıdır. Hesioda görə isə Afroditin doğuluşu belədir: zaman allahı Kronosun atası Uranusun cinsi orqanını orağı ilə kəsib xədim etmişdir. Bu kəsilən cinsi orqan dənizə düşərək köpük yaratmışdır və bu köpükdən Afrodit doğulmuşdur. Afrodit sözünün mənası da “köpükdən doğulmuş” deməkdir. Afrodit heykəl və rəsmlərdə çılpaq təsvir olunur. Bir çox insan və allahlarla birlikdə olsa da, əri Hefaistosdur. Allahların ən çirkini və şikəsti olan sevmədiyi Hefaistosa ərə verilməsinə baxmayaraq, əri dəmirçixanada gecə-gündüz işləyərkən, o, Ares, Paseidon, Hermes və digər allahlarla əylənirmiş. Afrodit həmişə rəfiqə və köməkçiləri ilə gəzərmiş, qızlara da sevdikləri kişilərlə eşqbazlıq etməyi məsləhət görərmiş. Ərinə Areslə xəyanət edən Afroditin bu qadağan olunmuş münasibətdən Fobos (qorxu), Deimos (dəhşət) və Harmonia (ahəng) adlı uşaqları olur. Başqa sevgilisi Hermesdən isə Hermafrodit adlı uşaq doğulur. Bu gün hermafrodit ikicinsiyyətli (həm kişi, həm qadın) adamlara deyilir. Afroditə uyğun real qadın Merilin Monrodur. 6 ) ATENA – Ağıl, sənət, döyüş strategiyası, sülh ilahəsi. Atası baş allah Zeus, anası isə ilahə Metisdir. Yunanıstanın paytaxtı Atena (bizim dildə, Afina) onun adını daşıyır. Atenanın doğuluş tarixçəsi belədir: Zeusa deyirlər ki, Metisdən doğulacaq uşaq sənin hakimiyyətini əlindən alacaq. Zeus buna inanıb arvadı Metisi udur. Sonra başında dəhşətli ağrılar yaranır. Oğlu Hefaistosa deyir ki, “qılıncınla başımı yar, bu ağrı dayansın, qorxma, mən nə etdiyimi bilirəm”. Hefaistos da baş allaha qarşı çıxmaqdan ehtiyat etsə də, tam başından olmasa da, alnından zərbəni endirir və qan əvəzinə əlində qalxan və nizə ilə qızı Atena “doğulur”. Əslində Zeus oğul övlad gözləyirdi, qız övladı oldu. Bu da Zeusu sakitləşdirdi: axı oğullar atalarını iqtidardan salmağa çalışırlar. Bununla da, Atena Zeusun ən sevimli qızı oldu. Başqa cür desək, atasının “ağıllı qızı”dır. Yunan allahları arasında yalnız o atasının ildırımlarından istifadə edə bilərdi. Ona “Atena Partenos” da deyirdilər. Yəni, Bakirə Atena. Çox güman, bu ilahə sonradan xristianlıqda Bakirə Məryəmə çevriləcəkdi. Heç kimlə nə evlənib, nə də cinsi əlaqədə olub. O, atasının başından doğulduğu üçün ögey bacısı Afroditin əksinə, bədənlə heç bir təması ola bilməz. O, ağıllı qadındır. Amma bununla belə qəddarlığı da sonsuz idi. Məsələn, onun məbədində xidmət edən gözəl bakirə Medusa. Atenanın əmisi Paseidonun Medusaya gözü düşür, məbəddə gizlicə ona hücum edərək zorlayır. Atena əmisi dənizlər allahı Paseidonu cəzalandırmayacaqdı ki… Atena heç bir günahı olmamasına rəğmən Medusanı məbəddən qovur, onu gözləri ilə başqalarını daşa çevirən ilan saçlı qorxunc qadına çevirir. Hətta bu cəza azmış kimi onu öldürməyə gələn Perseusa kömək də edir. Bu bizim arxaik düşüncədir ki, zorlayan adama yox, zorlanan qadına pis baxmaq. Atena o dərəcədə seksual, bədənçi məsələlərə dözümsüz idi. Atena bir obraz kimi türk serialı “Yaprak dökümü”ndəki Fikrət adlı qadını təmsil edir: atasını sevən, evlənməyən, hisslərinin köləsi olmayan, evdə baş verən hər şeyi bilən. 7 ) ARES – Zeus və Heranın oğulu olan müharibə allahıdır. Ares sülhün təmsilçisi Atenanın düşmənidir. Nə qədər Atenaya (sülh-qadın) qarşı çıxsa da, Ares (müharibə -kişi) həmişə məğlub olur. Aresi Afrodit və Hades xaricində heç bir allah sevmir. Gözəlliyin və Şəhvətin ilahəsi olan Afroditin müharibəni sevməsinin səbəbi, seksin, məhəbbətin, bədənin ölüm və qandan ibarət olmasıdır. Axı məhəbbət də bir növ döyüşdür, seks kimi qarşındakını yemək, qanatmaq və öldürmək istəməkdir. Hades də boş yerə Aresi sevməz. Müharibə ölüm deməkdir; Hades də ölülər səltənətinin allahıdır. Ares atası Zeusun sevmədiyi davakar oğludur. Aresin Olimpus dağında yer tutmasına səbəb olan şey atasına qarşı üsyankar davranışıdır. Atası Zeusa deyib ki, mənə Olimpiyada yer verməsən və insanların həyatına müdaxilə etməmək şərtimi qəbul etməsən, səni Olimpdən aşağı atacağam, özümü baş allah edəcəyəm. Zeus məcbur qalıb Areslə razılaşır. Ares mitologiyada daha çox Atena ilə dirəşməsi və gözəl Afroditlə sevgi macəraları ilə məşhurdur. Erotika sözü yunan allahı Erosdan gəlir. Eros da Afroditin və Aresin uşaqlarından biridir. Buradan o məna çıxır ki, həyatı və məhəbbəti təmsil edən erotika “gözəl döyüş sənəti”ndən yaranmışdır. Ares həmçinin Romanın qurucuları olan iki əkiz qardaş Romulus və Remusun əfsanəvi atasıdır. Romada Aresə “Mars” deyirlər. Döyüşkən xalq olan Spartalıların baş allahı da təbii ki, Ares olmalıdır. 8 ) APOLLON – Biseksual tərəfi ağır gələn Zeusun və Letonun oğludur. Sarışın və çox yaraşıqlıdır. Mitologiyada musiqinin, sənətlərin, tibbin və xəstəliklərin, günəşin və işığın, dürüstlüyün, poeziyanın, uzaqgörənliyin allahıdır. Əkiz bacısı Artemisdir. Apollon İsa Məsihin mitolojik versiyasıdır (bax: ŞvartsMan. Ecce homo: Jesus, yoxsa Nietzsche?). Freskalarda İsanın başının arxasındakı parlaq işıq günəşin rəmzidir, yəni apollonizmdir. 9 ) ARTEMİS – Ovçuluq və məşə ilahəsidir. Zeus və Letonun qızı, Apollonun isə bacısıdır. Apollon günəşin simvolu, Artemis isə Ayın simvoludur. Apollondan bir gün əvvəl doğulub qardaşının doğulması üçün anasına kömək etmişdir. Anasının çəkdiyi əzabı görən ilahə evlənməməyə və bakirə qalmağa and içmişdir. Artemis qardaşı kimi sarışın, gözəl, əndamlı, ciddi üzlü ilahi bakirədir. Ona yaxınlaşmaq istəyən kişiləri ya marala, ya da dovşana çevirərək cəzalandırarmış. Bundan əlavə Artemis bakirəliyini bir kişiyə verib hamilə qalan qadınları oxları ilə öldürərmiş. Amma bir rəvayətə görə, Artemis gənc və yaraşıqlı ovçu Oriona aşiq olmuş, qardaşı Apollon isə bacısının onunla evlənməsini istəməmiş və hiyləyə əl atmışdır. Bacısının Orionu görə bilməyəcəyi uzaqlığa aparmış, hədəf göstərərək oxu ilə vurmasını istəmişdir. Beləcə Artemis istəmədən sevdiyi kişini öldürmüşdür və kədərlənmişdir. Bu kədərdən göydəki Orion ulduzu yaranmışdır və Artemisin sevgisi əbədiləşmişdir. Başqa rəvayətə görə isə, Orion Artemisə yaxınlaşıb əlindən tutmaq istəyəndə ilahə əsəbləşmiş və onu öldürmüşdür. Meşələri dolaşıb gah ov edən, gah da köməksiz heyvanların balalarının qayğısına qalan Artemis qardaşı Apollondan fərqli olaraq, mədəniyyətim qoruyucusu yox, vəhşi təbiətin, canlılar aləminin himayədarıdır. Buradan nəticə çıxarmaq olar ki, qadın təbiətə, yaradılışı bağlıdır, kişi isə bu vəhşi dünyadan uzaqlaşıb özünə mədəni dünya yaradan varlıqdır. 10 ) HEFAİSTOS – Alov və dəmirçilik allahı. Zeus və Heranın oğlu olsa da, Heranın onu özü tək doğduğu deyilir. Doğularkən çirkin və şikəst olan Hefaistos allahların gülüşünə səbəb olur; anası Hera utandığından onu Olimpus dağından dənizə atır. Sağ qalan Hefaistos dənizin dibində, vulkan dağlarının dərinliyində sevdiyi dəmirçiliklə məşğul olur. Çirkin olmasına baxmayaraq, insanlar və allahlar arasında ən sevilən allahdır. Olimpusdakı saraylar, allahların və qəhrəmanların güclü silahları, Erosun oxları və kamanı, Afroditin gözqamaşdırıcı kəməri, Zeusun insanları cəzalandırmaq üçün göndərdiyi ilk qadın Pandora onun əsərləridir. Arvadı gözəl Afrodit anası Heranın ona hədiyyəsidir. Hefaistos Cəbiş müəllim obrazına uyğundur. 11 ) HERMES – allah Zeusun və insan Maianın oğludur. Allahların ən hiyləgəri, ən oğrusu, atleti, praqmatiki və biznesmenidir. Bir dəfə Apollonun inəklərini oğurlayıb aradan çıxmışdı. Apollon da Zeusa şikayət etdi. Hermes inəkləri qaytardı və özünün musiqi aləti liri ifadə edərək Zeus və Apollonu sehirlədi. Zeus onu cəzalandırmaq əvəzinə qanadlı bir cüt ayaqqabı verdi və onu öz carçısı təyin etdi -yəni islamdakı Cəbrayıl mələyi. Zeusun əmrlərini insanlara çatdıran və ölülərin ruhunu yeraltına aparan da Hermesdir. O yeganə allahdır ki, həm allahların məkanına, həm insanların yanına, həm də yeraltı dünyaya gedə bilir. Bu mənada Hermes yerin altını da, üstünü də bilir və işarəsi Əkizlər bürcüdür. Hələ uşaq vaxtı zarafat xatirinə Zeusun əsasını, Paseidonun üçbaşlı “vilka”sını, Aresin qılıncını, Afroditin kəmərini, Apollonun oxlarını oğurlamışdı. 12 ) DİONİSOS – Üzüm, şərab və əyləncə allahı. Allah Zeus və insan Semelanın oğludur. Zeusun qısqanc arvadı Heranın qurduğu hiylə ilə Semela ölür, Zeus yanğından oğlunu xilas etmək üçün öz buduna tikir. Bununla Dionisos olur- “ikinci dəfə doğulan”. Heranın sərhəd tanımayan qısqanclığı və Zeusun oğlunu ondan qorumaq cəhdləri ayrı bir macəradır. Dionisos olimpik allahların ən kiçiyidir və Helen panteonuna tərs düşən allahdır. Şərqdən gələn və insanlara üzümçülüyü və şərabçılığı öyrdən allahdır. Əylənməyi, içməyi sevən Dionisos gah kədərli, gah şən olur. Dionisos instinklərin təmsilçisidir. Onun həyatı elə parçalanmalar və birləşmələrlə doludur ki, yalnız sərxoşluqla bunlara dözmək olar. Keçi kimi saqqalı və buynuzu olan, qadın kimi buruq saçları və döşləri olan Dionisos bir az da dəlisovdur. Kefli İsgəndərin yunan versiyasıdır. Fridrih Niçenin ( Friedrich Nietzsche) ən çox adını çəkdiyi yunan allahıdır. Niçeyə fəlsəfənin Dionisosu da demək olar. Olimpus dağında əlavə iki allah da var, amma mükəmməliyin və ilahiliyin simvolu olan 12 rəqəmi varlığını qorusun deyə onu sistemə daxil etməyiblər. 13 ) HADES – Yeraltı dünyanın və ölülərin allahı. Olimpus allahlarından olsa da, göydən çox yerin dibində yaşayır deyə onu “12”lik sistemə daxil etmirlər. Axirəti, ölülər səltənətini təmsil edir. Zeusun və Paseidonun qardaşı, Persefonanın isə əridir. Hades qardaşları Zeus və Paseidon ilə atası Kronosu taxtdan salıb iqtidara keçirlər. Dünyanı tək idarə etməyin çətin olduğunu görüb üç yerə bölürlər: göy Zeusun olur, dənizlər və yer Paseidonun, Hadesə isə yeraltı cəhənnəm qalır. Yeraltı sərvətin allahı olan varlı Hades Zeusun köməkliyi ilə Demeterin qızı Persefonanı qaçırdır. Demeter qızının qaçırılmasındam qaralara bürünür, yas saxlayır, yer üzündə bitkilər solur. Zeus bunu görüb Hadesə qızı buraxmağı tövsiyə edir. Hades (Aid) razılaşır. Amma Hades Persefonaya getməzdən əvvəl ona yemək üçün nar dənəsi verir. Burada nar simvolik olaraq, ailəni, bolluğu, qadınlığı, doğumu təmsil edir. Mesaj budur ki, sən evli qadınsan, hara getsən də evinə, ərinə qayıtmalısan. Beləliklə, ilin səkkiz ayını anasının yanında keçirəcək, dörd ayını isə onun yanında olacaq Persefona yer üzündə olanda bolluq -bərəkət olur, yerlatında olanda isə yer üzü soyuğa, yağışa, qara bürünür. 14 ) HESTİA – Ev və Ailə ilahəsidir. Rea və Kronosun qızıdır, Zeusun da böyük bacısıdır. Ev və ailə təmsilçisi olduğu üçün gündəlik həyatda vacib yer tutur. Görünüşü başını örtən yetkin qadın olduğu üçün bir növ rahibəliyin rəmzidir. Apollon və Paseidon onunla birlikdə olmaq istələr də, Zeusdan sonsuza qədər bakirə qalmağı arzulayır və Zeus onun bu istəyini qəbul edir. Fikir verin, Hestia Apollonun bibisi sayılır, Paseidon da qardaşı. Yunan panteonunda bu cür insest münasibətlər normal sayılır. O, Olimpusdakı yerini Dionisosa verərək insanlar arasında yaşamağa başlayan ilahədir. Bəzi məlumatlara görə isə, Hestianın adı olimpuslular arasında çəkilir, Dionisos isə Olimpusda olsa da, tam olimpus allahı hesab edilmir. Və allahlardan aşağı düşüb qəhrəmanlara tez-bazar keçək. 12 rəqəminin qocaqlığı Heraklesin adı ilə bağlıdır. İlk dəfə orta məktəbdə Heraklesi oxuyanda onun 12 qocaqlığı, macəraları cizgi film təsiri bağışlamışdı, düzünü desəm, maraqlı gəlmişdi. Böyüdükdə isə başa düşdüm ki, Heraklesin 12 qocaqlığı əslində insanların təbiəti, vəhşi heyvanları ram etməsi, rasionallaşdırmasının hekayəsidir. Onun 12 qocaqlığının çoxu vəhşi heyvanlarla döyüşdür. Herakles bu mənada qorxulu, bilinməz, vəhşi olan təbiəti təhlükəsiz, bilinən və mədəni hala çevirən yunan qəhrəmanıdır. Herakles allahdan və insandan doğulandır: yarıinsan, yarıallahdır. Onun həyatı atası Zeusun da həyatından çətin olub. Heraklesin dəli olması, arvad-uşağını öldürməsi, 12 qocalıqlığı, qadınlar və s. bunları yaşayıb dözmək üçün insanüstü bir varlıq olmalısan. Hər xalqın öz milli qəhrəmanları olur. Qəhrəman kimə deyirlər? Xalqdan biri olub, onun istəyib edə bilmədiklərini reallaşdıran adama. Bu mənada qəhrəman şişirdilmiş bir şeydir. Qəhrəman olmaq üçün xalqdan biri olmalısan və xalq üçün həyatını təhlükəyə atmalısan. Herakles yunanların, Kəramət Böyükçöl isə azərbaycanlıların qəhrəmanlıq nağılıdır. Nağılları isə həqiqət bilib yalnız uşaqlar inanar. Astrologiya və 12 bürc Əvvəlcə bu fərqi aydınlaşdıraq: Astrologiya və Astronomiya. İkisi də yunan sözü olan “Astra”dan ( ulduz) yaranıb. Fərq budur ki, logos (söz) sonradan nomosa (qanun) keçdi. Astrologiya – səma cismlərinin və kainatın insan xarakterinə və həyatına təsirini öyrənən qeyri-elmi sahədir. Astronomiya isə səma cisimləri və kainatı texniki metodlarla öyrənəm elm sahəsidir. Kök olaraq ikisi də eyni obyekti öyrənir. Amma mən bu yazımda sizə Kopernikdən, Qalileodan, Keplerdən danışmaq istəmirəm. Qədim zamanlarda insanlar gecələr ulduzlu səmaya baxaraq bu ulduzların nə olduğunu, həyatları üzərində hansı təsirləri olduğu ilə maraqlanıblar (Uşaqlıqda mənim də belə bir mistik təcrübəm olub, bu haqda “Mən necə özüm oldum” adlı avtobioqrafik essemdə danışacağam). Bu maraq onları göy cisimlərini izləməyə vadar edib və bu suallardan astrologiya yaranıb. Babildə sistemləşən astroloji müşahidələr Qədim Yunanıstana, oradan da Misir və Hinsdistana keçib. Astrologiya 17-ci əsrə kimi öz hörmətini qoruyub saxladı və adını dəyişərək astronomiyaya keçdi. Bu gün astrologiya elmin inkişafı nəticəsində “ölü” sahəyə çevrilsə də, bürclər sayəsində insanların qəlbində yaşayır. Bürclər nədir və nə deyil? Bürclər bu deyil: Əkizlər - bu gün sevgi məsələlərində uğursuzluq ola bilər. Dolça -maddi qazanc əldə edə bilərsiniz, bədxərc olmayın. Balıq - bu gün həyat istədiyinizi verəcək sizə. Qoroskop ümumi sözlər deyir və heç biri də yadımızda qalmır. Bürclər insan xarakteri ilə bağlı müşahidələrin toplusudur. Mikrokosmikin (insan) makrokosmik( kosmos, kainat) ilə təmasıdır. İlk filosoflar astroloq olublar. İnsanın və heyvanların göz bəbəklərinə makroölçüdə baxın şoka düşərsiniz: sanki kosmosa baxırsınız. Buna "kosmik cazibə" deyək. Qadın və kişinin bir-birlərinin gözlərinə baxaraq "səni sevirəm" deməsi "mən sənin kosmosunu sevirəm" deməkdir. Biz kainatın mikroskopik parçalarıyıq. Astronomiya bu gün planetlərin, ulduzların, qalaktikaların fiziki və kimyəvi tərkiblərini, ölçülərini, hərəkət arealını öyrənir. Sanki göy cisimlərinin insanla bağlılığı yoxmuş kimi. Bu mənada astronomiya yox, məhz astrologiya bizə maraqlı olacaq. Yazının ən maraqlı yeri məhz burada başlayır. 360 dərəcəli dairənin dörd fəsilə (yaz, yay, payız, qış) və dörd elementə (hava, od, su, torpaq) bölünməsi bizə 90 dərəcəli 3 aylıq sistemi gətirir. Hər fəsil 3 aydan ibarətdir və hər elementə 3 bürc düşür. 360 dərəcənin 30-a bölünməsi 12 ayı və 12 bürcü yaradır. Həmçinin 360 dərəcə bütpərəst ərəblərin Kəbədəki 360 allahına bərabərdir. Yəni, bu gün müsəlmanların gözardı etdiyi və danışanda “cahilliyə dövrü” adlandırdığı islamdan öncə ərəb mədəniyyəti təbiətlə harmoniyada idi. Heç də ərəblər cahil-zad deyildilər, bu müsəlmanların gopalogiyasıdır. Bu gün azərbaycanlıların “qılınc müsəlmanıyıq” deyə özündən narazılığın kökü islamın qılınc gücü ilə yayılmasıdır. Bu gün islamı qəbul edən ölkələr xoşluqla bunu qəbul etməyiblər. İslam işğalla, mübaribə və qanla yayılan dindir. Demək istəyirəm ki, təkcə azərbaycanlılar yox, bütün ərəblər, farslar “qılınc müsəlmanı”dır. Bürclərimiz bunlardır: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq. Bürclərə diqqətlə baxın, hamısı insan və heyvan mənşəlidirlər. İnsanın gördükləri nədir ki? Heyvanlar və insanlar. Başının üstündəki bilinməz kainatı bilinən etmək üçün insanlar yerdəki ünsürləri göydəki ünsürlərə copy paste ediblər. Bürclər astrologiyanın kentavrıdır (yarı insan, yarı at olan varlıq). Bürclərin özü 4 elementdən ibarətdir: hava, od, su və torpaq (HOST). Hava elementləri: Əkizlər, Tərəzi, Dolça. Od elementləri: Qoç, Şir, Oxatan. Su elementləri: Xərçəng, Əqrəb, Balıq. Torpaq elementləri: Buğa, Qız, Oğlaq. Bu 4 ünsür də iki yerə ayrılır: Hava və Od (yuxarıdakılar) Qoç, Əkizlər, Tərəzi, Dolça, Oxatan, Şir Torpaq və Su (aşağıdakılar) Buğa, Qız, Xərçəng, Əqrəb, Balıq, Oğlaq Sual verə bilərsiniz ki, nə üçün hava və od elementli bürclər yuxarıda, torpaq və su elementli bürclər aşağıdadır? Nəyə əsasən yuxarı və aşağı bölgüsü var? Bunun maraqlı izahı var: astrologiya əslində patriarxal düşüncənin matriarxal düşüncəyə qarşı yaratdığı i d e o l o j i k a r i k a t u r a d ı r (Prof. Nevzat Kaya). Bürclərin ünsürləri, işarələri, temperamentləri, sıralaması kişi təfəkkürünün məhsuludur. Mədəniyyəti də kişilər yaradıb. Qadın həmişə vəhşi təbiətin simvolikası olub. Analiz edək: hava haradadır? Yuxarıda, bəzən də ortada. Amma yerdə deyil, yerin altında havasızlıq var. Od haradadır? Yuxarıda. İnsanların ilk dəfə od, alovla tanışlığı çox güman vulkan püskürməsi və göydən alovlu bir daşın (kometa) düşməsi nəticəsində olub. Diqqət edin, od daim yuxarıdan, göydən düşür. Yunan mitologiyasında titan Prometeyin (Prometeus) gizlicə allahların məkanı Olimpus dağına çıxaraq odu oğlayıblar insanlara verməsi baş verən təbiət hadisəsinin əfsanəvi açıqlamasıdır. Od daim göydən, allahların olduğu müqəddəs yerdən, dağın başından gəlir. Od göyə aid elementdir. Şeytan niyə allaha qarşı çıxır? Deyir ki, məni oddan yaratmısan, Adəmi torpaqdan. Od torpaqdan üstündür, niyə mənə özümdən aşağı bir şeyə səcdə etməyi əmr edirsən? Əlbəttə, allah bu məntiqli suala cavab verə bilmir və onu qovur ( Bu haqda “Məhəbbət üçün ürəkbulanma” romanımda danışmışam). Yuxarıda olanların niyə yuxarıda olduğunu bildik. Aşağılar niyə aşağıdadırlar? Çünki həqiqətən də aşağıdadırlar. Pis mənada aşağıda deyillər, insanlar torpaq və suyu daim yerdə görüblər. Hava və od mənəviliyin, ağılın, kişi olanın elementləridir. Torpaq və su isə maddiliyin, bədənin, dişi olanın elementləridir, əllə tutula bilən, geolojikdir. Hava və od tutula bilinməyən, əbədiliyi və bir növ ağılı təmsil edir. Bu gün intellegent və dinçilər nə haqqında danışmazlar? Bədən, seks, qadın haqqında. Daim Kant və Hegel kimi ağılı yüksəldərlər. Pis olan və aşağı olan nədir? Bədən, yəni qadın. Öz bədənini alçaltmalısan ki, ağılın başından çıxmazsın. Siyasətçilərin və biznesmenlərin danışıqlarına fikir verin, heç vaxt məhəbbətdən danışmazlar. Çünki məhəbbət onlara görə qeyri-ciddi, düşük mövzudur. Halbuki ən çox siyasətçilərin və biznesmenlərin porno videoları var. Nə qədər ağıllı olursan ol, bədəni inkar etmək öz ananı inkar etməkdir. Kişilərin yaratdığı ideologiyadır ki, çox seks düşkünü olan adamlar ağılsızdırlar. Düzdür, ağılsızdırlar, amma bu onları pis adam etmir. Atamız başdır, anamız bədəndir. Bu mənada torpaq qadının vajinasını, su isə vajinadan axan mayeni bildirir. Torpaq və su həyatdır, maddidir, hava və od isə ilahidir, ruhdur. Torpaq və su ünsürlərinin bürclərinə baxın, heyvan bürcləridir; həyatidirlər, zəhərli heyvanlardır, bədəndirlər. Buğa-necə də vəhşi! Yuxarıda yalnız mədəniyyətlilər ola bilər. Qız – qadındır. Aşağı dərəcəli məxluqdur. Xərçəng və Əqrəb qəribə görünüşlü, iyrəncdilər, aşağıda olsalar yaxşıdır. Oğlaq? Bu, şeytandır, yuxarı qaldıra bilmərik. Balıqlar bəs? Balıq dişidir, sudan çıxan kimi ölən, sonra iylənəndir. Balıqdan gələn kəskin pis qoxu qadının aybaşı zamanı vajinasından gələn qoxunu bildirir. Balıq yerin dibinə aid canlıdır. İndi isə hava və od ünsürlərindəki bürclərə baxaq: Qoç! Deyəcəksiz, qoç da heyvandır axı, niyə yuxarıdadır? Qoç yuxarıdan düşmüş heyvandır, İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsəndə allah göydən qoç göndərdi. Deməli, qoç ilahi olanı təmsil edir. Əkizlər – iki əkiz insanlardır. Bürclər arasında ən homoseksual deməyək, ən homoerotik bürcdür. Həm qadın, həm də kişidir. Eyni zamanda nə qadın, nə də kişidir. Tərəzi isə, əlbəttə ki, yuxarıda olmalıdır. Çünki o, ədaləti, balansı, qanunu, Femidanı (Temis) bildirir. Şir -bu, sfenksdir, günəşin simvoludur. Dolça – göy üzündən yerə enən bolluq, ruzi-bərəkətdir. Oxatan -hədəfi, nizamı, statikliyi bildirir. Beləliklə, bununla bürclər bizə yeridilən ideologiyadan başqa, bir reallığı da göstərir: bürclərin insan xarakterinin, temperamentinin analizçisi olduğunu. Əlbəttə, bu deyəcəklərimin heç bir elmi əsası yoxdur, çünki biz astronomiyadan yox, astrologiyadan danışırıq. Deyəcəklərimi həqiqət kimi yox, üzərində düşünülməyə dəyər fikirlər kimi qəbul edin. Hava və Od ünsürlü bürclərlə Torpaq və Su ünsürlü bürclər arasında sevgi, dostluq və biznes münasibətləri, ümumiyyətlə, uğurlu olmur. Necə deyərlər, aşağı ilə aşağı, yuxarı ilə yuxarı yola gedir. Varlı ilə varlı, kasıbla kasıb evlənər, dost olar, iş qurar. Bu, real həyatda da öz təsdiqini tapır. Düzdür, biz evlənərkən, dost seçərkən, iş qurarkən bürclərə baxmırıq, kimsə bunu bilsə bizi ciddi adam kimi qəbul etməz. Amma şəxsi təcrübənizdə görərsiniz ki, həyat bir enerjidir, od və hava elementli bürclərlə torpaq və su elementli bürclərin enerjisi tutmur. Daim konflikt, diskomfortluq yaradır. Xarakterlər uyuşmazlığı da demək olar. Qoç, yaxud Dolça bürcüsünüzsə, Balıq və Qız bürcləri ilə sevgi, dostluq və iş münasibəti qurmamağınız məsləhətdir. Əqrəb, ya da Oğlaq bürcüsünüzsə, Əkizlər və Oxatanla xarakterləriniz toqquşacaq. Bu səbəbdən də, yuxarıdakı bürclər yalnız yuxarıdakılarla ünsiyyətdə olsunlar, aşağıdakılar isə aşağıdakı bürclərlə münasibət yaratsınlar. Əlbəttə ki, yuxarı və aşağı ayrı bir şey deyillər. Bütövün iki yerə parçalanmasıdırlar. Nə bədəni lənətləmək lazımdır, nə də ağılı tərifləmək. İkisi də bizik. 8-25 may, 2022-ci il.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)