Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - “HƏSRƏT YOLÇUSU”NUN “SAHİBSİZLİK DƏRDİ”

VAQİF OSMANOV - “HƏSRƏT YOLÇUSU”NUN “SAHİBSİZLİK DƏRDİ”

VAQİF OSMANOV - “HƏSRƏT YOLÇUSU”NUN “SAHİBSİZLİK DƏRDİ”
Ədəbi tənqid
admin
Müəllif:
09:11, 23 avqust 2022
679
0
VAQİF OSMANOV - “HƏSRƏT YOLÇUSU”NUN “SAHİBSİZLİK DƏRDİ”

                                                                                                             




                                  (Rəfail Tağızadənin  Qarabağ esselərinə esse)

Qarabağda talan olandan gözü yolda qalanların “xəyalındakı Şuşa”, Ağdam, külli-Qarabağ dərdinin halı necədir? Torpaq həsrətlilərə o yerlər əlçatmaz, ünyetməzdi. Onlar ölülərini “gözlərində, beyinlərində basdırırlar”. Onların dərdini heç dağlar da çəkə bilməz.  “Həsrət yolçuları”nın dərdi birdi ki? Ən ağırı düşmən tapdağında olan torpaqlarımızın  sahibsizlik dərdi”ni...

“Ölənlərimiz “məni yurdumda basdırın. Rahat ölüm” – deyirdilər. Bu gözümüzdəkinə, fikrimizdəkinə, yaddaşımızdakına da aiddir. Basdırmadıqlarımız basdıracaq bizi”.

“Başımızdakı, içimizdəki” ölü xatirələr yaddaşımıza dinclik vermir. Xatirələr ölmür desələr də “sahibsizlik dərdi” hər şeyi öldürür - maddi və mənəvi varlıqları. Ölülərin qiyamı dirilərinkindən daha güclüdü. Torpağı yağmalananlar ölülərini “qaçqın qəbristanlığı”nda dəfn eləsələr də,  ölü xatirələri torpaq da qoynuna almır, şəhid ruhları kimi göylərdə gəzirlər...

“Bu payız küsəcək məndən Qarabaq”. Bu Qarabağın həlim xasiyyətli, kövrək oğlu Şahmar Əkbərzadənin nigaranlığıydı. Görəsən Qarabağın bu gününü görsəydi şairin narahat ürəyi dözərdimi? Şair qəlbi həssas olur. İnanıram ki, Şahmar Əkbərzadə də son otuz ildə son mənzilində bir an da rahat uyumayıb.

Həsrətdən gözlərinin kökü saralan ana torpaq necə çəksin Vətən oğullarının, igidlərin arxadaşı hər qayanın, daşın, rəngi solmuş, ətri itmiş Xarıbülbülün, kövrək bənövşənin, barsız qalmış ağacların “sahibsizlik dərdi”ni? Bu qədər ağır yükə ana ürəyi dözərmi? Şəhid dərdi, qazi dərdi, yuvasından perik düşən oğul-qız dərdi, “beşiyindən mavi göyləri yox, çürüməkdə olan vaqonun altını görən” körpələrin uşaqlıq arzularının puç olmasını görə-görə necə yaşasın xain düşmənin tapdağı altında ana torpaq? “Sahibinə həsrət qazi qıcı”nı necə qoynuna alsın ana torpaq? Niyə anamızın ürəyinə  bu qədər ağır dağlar çəkilməsinə biganə olduq? Səbrimizin səbri nə qədər qalınmış...

“Qarabağa payız gəlib, çoxdan uçubdu quşlar. İlk avtomat, ilk top səsindən, barıt qoxusundan boğulmaqdan qaçan quşlar” nəhayət isti yuvalarına qayıdırlar. 28-30 ildən sonra Qarabağa doğma payız gəldi. Bahar kimi payız. Xarıbülbül, bənövşə bu payızda açdı. Qorxmadı ləçəklərinin solmasından. Yanındakı doğmalarının ist nəfəsindən, sevincli baxışından, əllərinin hərarətindən ürəkləndi. Payızın xəzanına, qışın soyuğuna meydan oxudu. Köçəri quşlar bu payız qayıtdı baharlı yurda, isti yuvalarına. Quşların sağ qanadı başımıza . “Bizdən xoşbəxtdirlər”. Bizdən tez ayaqları dəydi doğma ellərin torpaqlarına...

Paxıllığım tutur quşlara

göydə qanad çalırlar. 

Yuvalarına dönmək üçün 

nə tikanlı məftil tanıyırlar, 

nə buraxılış vəsiqəsi.

Təkcə səngər görəndə 

yüksəkdən uçurlar.

Qazi-şair qardaşım, “bizim yerimizə çəkdiyi xəcalətdən kiçilən dağlar, çüxura düşmüş gözə dönən dərələr, yiyəsizlikdən üşüyən”, yurd-yuvasızlıqdan Azərbaycana səpələnən Xarıbülbül, utancaq bənövşə, Qarabağ atlarının kişnərtisinə, muğam məclislərinə  həsrət Cıdır düzü, Topxana meşəsi, həzin zümzüməli İsa bulağı, “tək qoyub gəldiyimiz bizdən küsən torpaqlar” bizdən vəfalıdı, mərhəmətlidi, bağışlamağı bacarandı, “axır ki, gəldiniz” deyərək bizimlə barışacaq”...

“Vətən sən ona qədəm basanda vətən olur. Həsrətinə qovuşmaq qədər böyük xoşbəxtlik yoxdur”. Gözünüz aydın, “həsrət yolçu”ları! “Sevgiyə qovuşmaq ayrı hissdir. İlk sevgini unutmaq olmur”...

Əcnəbi jurnalistlərdən biri Ağdamı “mina xalçası”na bənzətdi. Bir çox bənzətmələrdən qürurlansaq da, bu bənzətməyə sevinə bilmədik, həsrətimizin. nisgilimizin ömrünü uzatdı insanlığa qənim düşmənin basdırdığı minalar. Ağdamın torpağını qucaqlayıb öpəcəyimiz günü səbirlə gözləyənlərin səbir kasasını daşdırdı. Biz tezliklə sənə qovuşacağıq, Qarabağ! Bu aksiomdur. Bəs necə, hansı üzlə, hansı ərklə o qapıları döyəcəyik? Tanrı, üzüntülü günlərdən tez qurtar bizi!..

“Ağdama, kəndimizə çatanda torpağı bağrıma basıb, məni bağışla deyəcəm. Sonra öpəcəm”. Arzuların çin olacaq vaxtı uzaqda deyil, Rəfail Tağızadə. Qarabağ əraziləri kimi həsrətdən cadar-cadar olmuş dodaqlarımız torpağa dəyəndə qayıdacaq gəncliyimizin şirin dadı, analı - atalı dünyamız...

Düşmənin qisasının  özü də qeyri-insanidir. “Düşmən qisasını kimsəsiz qalan yerlərin daşından, torpağından aldı”. Yaxşı deyiblər, tale insana düşmən verəndə heç olmasa mərdini versin. Yaradan bizə beləsini də qıymadı. Yəqin hansısa günahın sahibiyik...

Rəfail müəllim, “indi o yerlərdə bənövşə bitir”. Az qala bir qərinəydi bitmirdi. Necə bitəydi ki?  “Bənövşə sevgi çiçəyidi”.  Bənövşəni ana torpağa, insanlığa sevgi həyalandırır, ətirləndirir, balaca boyu ilə sevgi çiçəyinə döndərir. Bəşərin, Türkün düşmənlərinin mənfur nəfəsi gəzən yerlərdə bənövşı bitməz. Nazlı olduğu qədər də qürurludu bənövşə...

Artıq başımızı dik tutacağıq. Ərənlərimiz düşməndən intiqam aldı. Şəhid ruhlarının qarşısında baş əyirik, qazilərin yaralarına məlhəm oluruq bu gün. Vətənin gözünün içinə dik baxmaq səadəti qazandıq. “Artıq məğlub məmləkətin vətəndaşı deyilik”, bütövük, hamının yanında qürurluyuq, biz qanımızla, canımızla paramparça olmuş Vətəni bütöv etdik. İndi Vətənin “tozundan, torpağından öpərək rahatlanacağıq. Ruhlar qovuşantək”.

Bir ilahi yola çıxırıq, “nə qədər nəfəs qalıb gedəcəyik bu yolu”.

“Hava da, səma da təmiz,

Sevgimiz də ləkəsiz”...

 

                                                                                               

                                                                                                  Avqust   2022.

 

  

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)