Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - 37-dən sonrakı faciə: 38 deportasiyası.

Kənan Hacı - 37-dən sonrakı faciə: 38 deportasiyası.

Kənan Hacı - 37-dən sonrakı faciə: 38 deportasiyası.
Ədəbi tənqid
admin
Müəllif:
22:25, 09 sentyabr 2022
1 037
0
Kənan Hacı - 37-dən sonrakı faciə: 38 deportasiyası.




 

Xalq yazıçısı Əzizə Cəfərzadənin “Xəzərin göz yaşları” romanı üzərinə qeydlər

 

 

Sovet dönəmində qadağan edilmiş mövzular vardı. Bu mövzularda yazanlar gözümçıxdıya salınır, adları qara siyahıya düşürdü, əsərləri nəşriyyatların planından çıxarılırdı. “Qlavlit”in gözündən bircə sətiraltı mənanı belə keçirmək mümkün deyildi. İdeoloji basqılar infantil ədəbi nümunələrin meydana gəlməsinə səbəb olurdu. Ədəbiyyatın inkişaf prosesini zaman-zaman ləngidən bu sistem dünya ədəbiyyatının qapılarını da birdəfəlik üzümüzə qapamışdı. Dünya ədəbi arenasında hansı proseslərin getdiyindən xəbərsiz qalan sovet yazıçıları lokal məkanda istehsalat ədəbiyyatı yaratmağa məhkum edilmişdi. Yazıçını fabrikə, zavoda göndərirdilər ki, get həyatı öyrən, gəl və roman yaz. Belə bir absurd cəmiyyətdə yaşayırdıq. Bu və digər səbəblərdən yetmiş illik nəhəng bir makulatura yarandı. Azərbaycan ədəbi dilinin formalaşmasında böyük xidmətləri olan yazıçılarımızın (Əbülhəsən, Mir Cəlal, Süleyman Rəhimov, Əli Vəliyev, Mirzə İbrahimov, Mehdi Hüseyn və sair) əməyinə kölgə salmadan deyək ki, o dövrdə kolxov və sovxozdan yazılan  və heç bir bədii dəyəri olmayan neçə-neçə “şişman” roman sosialist sistemi çökdükdən sonra aktuallığını itirdi. Bu gün nə həmin yazıçıların, nə də onların yazdığı əsərlərin adları heç yerdə çəkilmir.

Bizi inkişafdan saxlayan bu mənfur ideologiya ədəbiyyatımızın dünya ədəbi prosesindən geri qalmasının əsas səbəblərindəndir. Dünya ədəbiyyatının qan damarını yeniləyən nəzəri etaplar (izmlərin bir-birini əvəz etməsi) bizim ədəbiyyatdan yan keçdi. Yazılmalı olan mövzular, eksperimental tryuklar lokal çərçivədə boğuldu. Bu barədə çox yazılıb, məqsədimiz bu deyil. 

Müstəqillik dövründə dünyaya pəncərələr açıldı, qadağan olunmuş yazıçıların əsərləri gün üzünə çıxdı. Yasaq mövzularda xeyli əsərlər yazıldı. Ədəbiyyatımız davamlı olaraq dünya ədəbiyyatıyla ayaqlaşmağa çalışdı və bu gün Azərbaycan yazıçılarının da əsərləri ölkədən kənarda nəşr olunur. Ədəbi okeanda bizim “balıqlar” da üzür. Bu, çox sevindirici haldır.   

Bu günlərdə Xalq yazıçısı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin ömrünün son illərində qələmə aldığı “Xəzərin göz yaşları” romanını oxudum. Onu da qeyd edim ki, həmin qadağalar dövründə ədəbiyyatımızın üzünü ağardan qüdrətli yazıçılarımızdan biri də məhz Əzizə xanım Cəfərzadə idi. Hələ gənclik illərində sovet cəza aparatı onun da qələmini qırmağa çalışmışdı. Fərqli düşündüyü üçün... Tofiq Fikrətin kitabını oxuduğu üçün universitetdən qovulmuşdu. Bunu indiki gəncliyə izah etmək çox çətindir. Necə yəni? Tofiq Fikrəti oxumaqda nə qəbahət var?! Buna görə gənc bir tələbəni universitetdən qovarlarmı? 

Bəli, buna görə adama pantürkist damğası vurub gedərgəlməzə də yollayardılar! Əzizə xanımın tələbəliyi çox mürəkkəb, ağır illərə təsadüf edib. Xalq 37 repressiyasından keçmişdi, düşünən beyinlərin, ədəbi şəxsiyyətlərin çoxu güllələnmişdi, əksəriyyəti gedərgəlməzə sürgün edilmişdi. Belə bir vaxtda Tofiq Fikrəti oxumaq üçün gərək şir ürəyi yeyəydin. Zərif bir qızcığazda bu cəsarət hardan idi? 

O, gözünü açandan fərqli bir mühitdə böyümüşdü. Anası xalq dastanlarını, folklorumuzu əzbər bilirdi, ailədə milli köklərə həddən artıq bağlılıq olub. Əzizə xanımın bütün əsərlərində tariximizə, soykökümüzə tükənməz bir məhəbbət var. Azərbaycan oxucusu bir sıra tarixi, ədəbi şəxsiyyətləri məhz onun romanlarından tanıyıb və sevib. Tahirə Qürrətüleyn, Nişat Şirvani, Zeynəlabdin Şirvani, Mirzə Güllər, Cəlaliyyə və sair. Bu səbəbdən bir universitet tələbəsi bu qadağaların səbəbini bilmək istəyirdi, bizi tariximizdən, dünənimizdən uzaqlaşdırmaq istəyənlərin xain niyyətlərini duyurmuş kimi inadla qadağan olunmuş mövzulara can atırdı. Məhrumiyyətlər, hər hansı cəza mexanizmi onu bu yoldan çəkindirmədi. Bir dəfə sovet nümayəndə heyəti İraqa səfər edərkən Əzizə xanım Hələbdə Nəsimin məzarına qoymaq üçün Şamaxıdan böyük bir gül dəməti bağlatdırıb. Səfər proqramında isə Hələbə getmək nəzərdə tutulmayıbmış. Əzizə xanım inadla “mən mütləq Hələbə gedib Nəsiminin məzarını ziyarət etməliyəm!” deyib. Sovet nümayəndə heyətinin tarixində ilk dəfə müstəsna hal kimi, məcbur olub proqramdan kənara çıxıblar və Əzizə xanım arzusuna qovuşub. Yazıçının xatirələrində bu səfər barədə təfsilatı ilə yazılıb. O xatirələri oxuyanda mütəəssir oldum, həm də böyük yazıçımızın vətəndaş qeyrəti qarşısında təzim etdim. 

“Xəzərin göz yaşları” yazıçının sağlığında dərc olunmuş sonuncu romanıdır. Bu əsəri 2002-ci ildə, vəfatından bir il əvvəl qələmə alıb. Azərbaycan ədəbiyyatında bu mövzuya ilk dəfədir ki, müraciət olunur. 1938-ci ildə o taydan bu taya bir parça çörək qazanmaq üçün gəlmiş güneyli soydaşlarımızı Stalinin göstərişi ilə üç-dörd günün içində məcburən İrana deportasiya edirlər. Bu prosesdə baş vermiş faciələr miqyası etibarilə heç də bir il əvvəlki repressiya dalğasından geri qalmırdı. Bu dəfə sadə insanların həyatı alt-üst edilmişdi, ana baladan, ər arvaddan, nişanlılar bir-birindən əbədi olaraq ayrı düşmüşdülər. Xalq şairi Balaş Azəroğlunun ailəsi də bu deportasiyadan öz nəsibini almışdı. Unudulmaz şairimiz başlarına gətirilmiş bu müsibəti özünün “Xatirələrim” kitabında müfəssəl qələmə alıb. Amma Balaş müəllim bu hadisələri memuar kimi yazıb. “Xəzərin göz yaşları”nı oxuyanda tez-tez o kitabda qələmə alınmış hadisələri xatırlayırdım. Əzizə xanım yazır ki, bu roman mənim bir yazıçı kimi fəryadımdır:

“Əziz oxucum! Yadından çıxarma, sənin xalqının taleyində bir 38-ci il olub. Faciəsiylə heç də 37-ci ildən geri qalmayan 38-ci il olub millətimizin taleyində. ...Ana balasından ayrı düşəndə mələr demişik. O mələrtidən bu 38-in mələrtisi daha faciəli oldu. Millətin doğma torpağında vətəndaşlıq hüququ olmadı. Nəticədə pənahəndə olub qaldı”. 

Stalin rejiminin törətdiyi faciələrdən biri də 38-ci il faciəsidir. Bu faciənin insan talelərindəki dağıdıcı təsiri romanın hər səhifəsində, hər cümləsində oxucunun qəlbini yaralayır. 

Əsmərlə Səfər bir-birlərini sevirlər, nişanlanıblar. Bu vaxt xəbər çıxır ki, həmşəriləri İrana köçürürlər. Əsmərgilin ailəsi də köçürülənlər sırasındadır. Səfər bu tayda qalır, Əsmər və ailəsi gəmi ilə hara sürüldüklərini bilmədən yola çıxırlar. Zavallılar elə zənn edirlər ki, onları Nargin adasında dənizə tullayacaqlar. “Başqaları deyirdi yox, Sibirə sürgün edəcəkər”. Qorxu qurd kimi ürəkləri gəmirirdi. Onları nə Nargin adasında atdılar, nə də Sibirə sürgün etdilər, Ənzəli limanında taletin ümidinə buraxdılar. Evsiz-eşiksiz, yurdsuz-yuvasız insanlar hara gedəcəklərini bilmədən səfil-sərgərdan həyatın başlanğıcında idilər. Qarşıda itgilər, ölümlər vardı. Əsmər Səfərə məktub yazır, amma bilir ki, bu məktub ona heç vaxt çatmayacaq. Gənc qız bu ayrılığa dözmür, üstünə neft töküb özünü yandırır. Məşədi Gülsüm nənə yolda dünyasını dəyişir, onun cənazəsini dənizə sallayırlar. Kimsəsiz qarı Xəzərin sularında dəfn olunur. Amansız tale ona bir məzarı da çox görmüşdü... Bu tayda neft quyularında ölənlərin də qəbri yox idi... 

Əri, oğlu o tayda qalmış köməksiz, çarəsiz qadınlar boğçada nə gətirmişdilərsə, satıb pulunu çörəyə, buğdaya verirdilər ki, ac qalmasınlar. Aclıq və səfalət onların simasında dərin iz qoymuşdu.  

“Bu “mühacir” adı taxılmış adamlar doğma torpaqlarında qərib idilər, hicrətdəydilər”. Ömrünün ahıl çağında faciəvi məqamlarla bol olan belə bir romanı yazmaq yazıçı üçün ikiqat, üçqat çətindir. Obrazların daxili sarsıntılarını, hiss və həyəcanlarını içindən keçirən yazıçının səhhəti də qaydasında deyildi və heç şübhəsiz, xəstəlik də ona əsər üzərində işləməyə imkan vermirdi. Amma Əzizə xanım bu əsəri böyük ürək ağrısıyla yazıb sona çatdırıb. Romanın hər cümləsində yanar ürəyin hayqırtısı eşidilir. Bu, bir el anasının, xalqının dərdlərini dilə gətirən vətəndaş qeyrətli bir yazıçının gələcək nəsillərə əmanətidir. Əsər oxucuya müraciətlə bitir:

“İstəkli oxucum! Sənə çatdırmaq istədiyim bu idi. Böyüklərin unutmağa başladığı, gənc nəslin yerli-dibli xəbərsiz olduğu bir tarix səhifəsi. Millətin taleyindən bir tarix səhifəsi! Yaxşı vərəqlə bu tarixi, əzizim! O tarixin səhifələrində təbəssümdən çox göz yaşları var”. 

Əzizə Cəfərzadə öz nəsildaşları içərisində bu mövzunu qələmə almış yeganə yazıçıdır. Hiss olunur ki, yazıçı bu hadisələri illər boyu öz içində gəzdirib və məqam yetişən kimi birnəfə kağıza köçürüb. Ömrünün sonunda hamıdan, hər şeydən vacib bildiyi üçün yazıb! Yazmasaydı, olmazdı. “Xəzərin göz yaşları” səksən yaşlı ağbirçək yazıçının, el anasının talesiz soydaşlarına ağısıdır.

    

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)