Edebiyyat.az » Ədəbi tənqid » Rövşən Yerfi - Yaşam düşüncələri... (kiçik esse)

Rövşən Yerfi - Yaşam düşüncələri... (kiçik esse)

Rövşən Yerfi - Yaşam düşüncələri... (kiçik esse)
Ədəbi tənqid
admin
Müəllif:
08:17, 16 dekabr 2022
1 519
0
Rövşən Yerfi - Yaşam düşüncələri... (kiçik esse)


 

 Həyatda hər bir şəxs insan doğulsa da, hamı ADAM səviyyəsinə yetişə bilmir…
Kimsənsə O-san, ruhunla, əməlinlə, qabiliyyətinlə - könlüncə deyilsə belə. 
Həqiqət natəmiz olduğu üçün hər kəsə acıdır. Amma ona bir az yalan qatılanda acısı itir, hamının xoşuna gəlir.

Sözlər, dəyərlər o zaman əhəmiyyətsizləşir, gözdən düşür ki, arxasında həqiqətdən çox zora dayaqlanmış, arsızlaşmış YALAN durur. 
ŞƏR dünya yaranışından əsrlərlə hökmranlıq etsə də ÜLVİ ruha qalib gəlib XEYİR ola bilməyib, daim ŞƏR qalıb.

O şey ki, olmalıdır, nə qədər qarşısı alınsa da, MÜTLƏQ olacaq. Baş verən qüsurları görüb susmaq, yalnız tərifləmək XİDMƏT sayılmamalı - adicə RİYAKARLIQdır.s
Müxalif olmaq - müxalifətçi olmaq deyil, yüksək dövlətçilik, vətəndaşlıq duyğusudur. Yaltaqlanmaqla sevgi olmaz, tulapayı əldə edilər. Qorxu altında baş verən ehtiramla - nifrətə zəmin yaradılır. Sevgi üçün qayğı gərəkdir, basqı yox... 

Fərqli düşünmə olmayan yerdə inkişafa ümid etməyə dəyməz, yalnız imitasiya qazanılar. Əgər bir adam və bir qurum etdiyi qanunsuz hərəkətə görə utanmaq əvəzinə, onu aşkarlayandan qisas almağa çalışırsa, bu artıq heç bir ölçüyə sığmayan HARAMZADALIQdır...

Hər dəfə söz qanmaq istəməyən adama rast gələndə "DANABAŞ" ifadəsinin möhtəşəmliyinə heyran qalıram.. Allah Mirzə Cəlilə rəhmət eləsin.

 

YARADAN bəndəsinin allahsızlığına 40 il, bəzən də 70 il dözürsə, ondan təcili nəsə gözləməyin yeri yoxdur. Səni bu səbəbdən “faili-muxtar” yaradıb ki, ona çox da arxayın olmayasan.

 
Saxta və yalana o qədər alışmışıq ki, daha əsas meyar həqiqət yox, GÖRÜNTÜ sayılır
Gücün və zorun hesabına YALAN və SAXTAKARLIQ adiləşdiyindən həqiqətdən ÜSTÜN OLUB... 
Düzgünlüyü, həqiqəti ETİRAF ETMƏK hər qəlbin bacarığı deyil. Bunu yalnız qəlbində İLAHİ SEVGİSİ olanlar edə bilər.. 


Ömürboyu kilolarla cəmdəyi üçün yaşayanlar, onu meyit olmağa qoymayan üç-dörd qramlıq ruhun varlığına hər zaman kor olarlar. 
Çox təəssüf ki, cəmiyyətimizin heysiyyəti əsasən beli ətrafında – qarnı və cibindədir. Tanrının insanla bağlı ən çox xoşagəlməz işi BAŞI qarın, MƏDƏ qarşısında diliqısıq etməsidir. Elə bu səbəbdən insanlığın böyük əksəriyyəti yaşamını başının əvəzinə QARNI ilə götür-qoy edir...

Həqiqi KƏRƏM (mənəviyyatlı, alicənab) əhlində heç vaxt gözqamaşdıran ZƏR olmayıb. Həm zərin, həm kərəmin eyni ölçüdə birgə mövcudluğu mümkün deyil. Zərin bol olduğu yerdəki kərəm bir qayda olaraq SAXTAdır, GÖRÜNTÜdür..

Özü ziyan çəkməməsi üçün başqasına kömək etmək, Allah adamı olmaq deyil. Bütün hərəkətlərində xeyir, qarşılıq güdən adamlar başqalarını da özləri kimi sanıb edilən xoş işlərdə də, daim gizli SƏBƏBlər axtarırlar. Belələrində - Allah, vicdan, camaat xatirinə düşüncəsi - çatmır.. 
Bu ölkədə ən böyük fərasət, qabiliyyət adamlardan pul qoparmaq sayılır. Nə edək ki, MƏNƏVİYYATIN BAZAR DÖVRÜndə yaşamaq zorundayıq... 

Nə qədər ki, abırlı adamlar var, SIRTIQLAR həmişə uğur qazanacaqlar 
Həyatda hər kəs etdikləri günahlarının və edə biləcəyi halda xeyirxahlıq etməməklərinin, yaranan fürsətləri qaçırmaqlarının cəzasını çəkir. Görünməyən ləyaqəti, vicdanı - görünən vəzifəyə, əmlaka sərf edə bilənlərə həmişə heyrət etmişəm: “necə yaxşı bacarırlar?..”

Yaşantımda məni ən çox sıxan hiss (istər qəzetlərdə, istərsə də “paqon”da işləyəndə) kimisə qorxuzub, ya hədələyib rüşvət-xərac almaq qabiliyyətimin olmamasıdır. 
Boğazdan yuxarı danışmağı sevmirəm. Danmıram, ehtiyac üzündən könüllü verilənə etiraz etmədiyim anlarım olub. Amma qısnamaqla, aldatmaqla mənimsəmək, “çırpışdırmaq” əlimdən gəlməyib, heysiyyətimə, mənliyimə sığışdıra bilməmişəm.

Çirkinliklər içərisində daim ləyaqətini qoruyub saxlamaq ən çətin işlərdən biridir. “Fərasətli” sayılan, ətrafımızdakı simasız quldurlara, talançı dələduzlara, haramı halal kimi yeməyə vərdiş olanlara, ürəyimdə nifrət etsəm də, bəzən vicdanı itirməmək “bacarıqsızlığı” səbəbindən həyatımda çəkdiyim əzab-əziyyətə görə də özüm-özümdən utanmışam...
Dünya ədalətsiz dünyadır. Neynirəm, Allahın səbrin gözləyib, qırx ildən sonra veriləcək qədri-qiyməti, haqqı-bəraəti, ya da axirətdə cənnəti...

Nə birinci deyiləm, nə də axırıncı. Məndən yaxşıları da olub, var, pisləri də çoxdur. Bəzilərindən artıq deyiləmsə, əksəriyyətdən əskik də deyiləm. Bu halətlə yaşamaqda nə qədər gərəyliyəm?.. 
Varmı mövcudluğumun mənası?.. Nə tam anlaya bilirəm, nə də mənə aşkarı anlatmaq istəyən var. Ancaq əminəm ki, məkan və zaman daxili YARADILIŞda az da olsa, varam, yox deyiləm.

Təvazökarlıq, gözütoxluq axmaqlıq yox, əsilzadəlik əlamətidir. O varla olmur, qanda olur. Onu yalnız vicdanı təımiz olanlar duya bilər və qiymətləndirər... 

Ömrümdə vacib böyük qazancım - HƏR KƏSDƏ olmayan, vicdan rahatlığıdı. Heç olmasa, ulu Yaradan onu mənə çox görməsin, aparanda inamla-imanla HÜZURUNA ÇIXA BİLİM..

Keçənləri xatırlarkən ən çox yaddaşlarda ölümlər qalır. Elə bil, insanlar özlərindən olanları axirətə yola salmaq, dəfn etmək üçün gəlirlər dünyaya. Hamının sonu meyit olmaqdır. Fərq ondadır ki, hər kəs dünyadan ləyaqətlə getmir və hər gedənin xatirəsi yaddaşlarda əziz tutulmur.

 
SƏN, şəhər məzarlıqlarında qəbrin ən azı otuz il sonra ziyarətsiz qalarsa, ləğv edildiyini bilirsənmi? Nəticə-kötücələrinin məzarını tanıyacaqlarına, yiyələyəcəklərinə əminsənmi? Eh.. qafil adam... Bəs, özü ilə qəbrə pul aparan ğörmüsənmi? Elə isə onda tələbatından artıq olanı başqası üçün niyə yığırsan, ay bədbəxt!.. 

Həyatda hər şey nisbidir, ötəridir, müvəqqətidir. Keçici, axarı və axırı olmayan yoxdur. 
Bütün sıxıntıların, əzabların əsasında yoxluq, olmamaq, qeyri mövcudluq durur. Yoxluq – mənasızlıq, boşluqdur, mənfinin, ŞƏRin başlanğıcıdır, həm də kədərli sondur. Nəhayət, ağla sığa bilmədiyimiz fövqəlbəşər sonsuzluqdur.

Gözlə görünməyən nəhəng enerji ümmanında, dərk edilməz sirlər, mücərrədlər, müəmmalar əhatəsində yaşayırıq - həyatda hər kəs və o cümlədən mən...

09.2021

 

 


 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)