Edebiyyat.az » Ədəbi tənqid » AZAD QARADƏRƏLİ - AVDININ ŞAİRLİYİ

AZAD QARADƏRƏLİ - AVDININ ŞAİRLİYİ

AZAD QARADƏRƏLİ - AVDININ ŞAİRLİYİ
Ədəbi tənqid
admin
Müəllif:
00:35, 18 may 2023
984
0
AZAD QARADƏRƏLİ - AVDININ ŞAİRLİYİ




 

                   (Dostum Avdı Qoşqarın 65 yaşına zarafatyana bir yazı)


 


            Avdı Qoşqar haqqında bir neçə qatar sözüm var ki, burada yazmasam, ürəyim soyumaz. Nədən ki, Avdı ilə çox dərələr aşmışıq, çox gizlinlər çözmüşük, çox mətləblər qarışdırmışıq...

            Avdı ilk baxışdan bir qədər kəntöy adam təsiri bağışlayar. Üzü göyə baxıb demisini tüstülədən, ağ-qara buludlardan nicat uman, yerin bağrından möcüzə gözləyən qocafəndi kənd adamı kimi. Hə. Eyzən. O qədr safdır ki, özünü heç gizlədə bilməz. Camaatın yüz cürə fırıldağa bulayıb al-dillə dediyini elə birbaşa deyər. “Sən canın, bu mirətin dilini de, biz də bilək...” – kimi deyimlər onun boyuna biçilib. Özünü heç çoxbilən göstərməz. Kəndlərindəki tut ağacı “ayağının izini, baxışının yerini, gözlərinin yaşını” necə saxlayıbsa, eləcə qalıb indiyə. 65 ildi o ayaq izi dəyişmir, o baxışın yeri pozulmur, göz yaşı da qurumur...

            Avdı yurd adamıdır – insanın torpaqdan yarandığını ona baxıb deyiblər. Bu boy-buxunda yekə-mekə olmağına baxmayın, torpağa möhtacdı ürəyi, yurda möhtacdı gözləri, kənd yoluna düzələndi ayaq izləri...

 

            ...Torpağın-daşınmı yaralı,

            Dərdlərim səf-səf sıralı.

            Torpaq olum –

            aralanım –

            Əlacın olum, Ulu Yurd!

 

            Dedim axı, Avdının boy-buxununda, idimində heç şairlik bəllənmir – maşın sürəndə, televiziya üçün veriliş çəkəndə... adamın o yekə-mekə vücudundan şairlik bilmərrə qaçaq düşür...

            Bir dəfə Sumqayıta bir şairkimini şair eləməyə gedirdik. Yolda polis qabağımızı kəsdi. Bir də gördüm Avdı pul çıxardır polisə verməyə. Qışqırdım ki, nə etdiyindi, AZ.Tv-nin vayqanlı adını üstünə götür, hələ bir polisə pul da ver?!

            Dedi, bə həncəri eliyim?

            Dedim vəsiqəni göstər!

            Sonra da arxada qucağında kamera büzüşmüş kameramanı itələyib saldım yerə ki, bax, polis əfəndi, iş başındayıq!

            Polis bizə “çes” verdi, yaxşı yol dedi...

            Avdı belə Avdıdır...

            Fırıldaq bilməz, nömrə bilməz, kələyi heç biməz...

            Eyzən şairdi, sadəcə maşın sürəndə, veriliş üçün bir az fərli-başlı adam gəzəndə şairlikdən çıxır, olur o yekə-mekə kənd adamının şəhərə düşmüş biçarə variantı...

            Di sonra gəl, o donnan çıx, o cilddən ayrıl, təzədən sehrlən ki, şair olacaqsan...

            Ol görüm, ola bilirsənmi?!.

            Ona görə şair Avdı sürücü Avdıya, telejurnalist Avdıya üz tutub belə demiş, aldı görək nə demiş:

 

            Günaha batıb yarandım,

            Yer götürmür təmizləri.

            Günahımı yuyammadı –

            Bu dünyanın dənizləri...

 

            Şairi gərək buraxasan səllimi atlar kimi çapa düzüdünyada, bu başından vura, o başından çıxa. Şairi qəlibə saldın, şairi düdüyə yığdın, onun sözünün dadı qaçar – bu dünyanın dadı qaçdığı kimi. Avdı boyda adam, şair olandan-olana xoşbəxt olur, sözə talib olandan-olana içinə sahib çıxa bilir – çöldəkilər qoysa barı! Adam az qalır yalvarsın ki, dəyməyin mənə, nə olar qoyun bir az şair qalım:

 

            Qəlibə sığan canım hey,

            Başına dönüm, yanım hey,

            Ruhum at üstdə, xanım hey,

            Gərdişim yadımdan çıxıb...

 

            Avdı hərdən mənə, nənəm demiş, göys ötürürdü ki, sən rahat yaza bilirsən bu boyda vurhavurun içində. Mən də yarızarafat, deyirdim ki, bilirsənmi, şair, Qara Qarayevin rus qızı olan xanımı evdə ayağının ucunda gəzərmiş və uşalarına deyərmiş ki, sakit olun, atanız işləyir. Səni bilmirəm, mən gecə hamının yatmasını gözləyirəm ki, oturub rahat yaza bilim...

            Avdı elə ürəkdən gülərdi ki! (Mötərizə arasında deyim ki, dostumun elə gözəl gülməyi var ki, o güləndə yüz qəmin də olsa, qoşulasısan.)

            -Neyniyək, gedək rusmu alaq, a qıvılsız?!

            Və təzədən gülüşürdük...

            Bir də Avdının müsibətüllah araq içməyi vardı. Lap qışın oğlan çağında da, yayın tiyamarında da qaynar su gətizdirər, araqla dolu stəkanı içinə qoyub qızdırar, sonra içərdi. İndi neynir, bilmirəm. Mən də bunu dolayardım, təzədən gülüşərdik. “Sən canın, dəymə qaynar suyuma, ağrıyıram” deyib içini çəkərdi. Və bu dediklərim onun şeirlərinə də yansıyardı:

 

            Nə qədər daş yağar başa, Allah,

            Bir baş qoltuqaltı görər nə qədər?!

            Nə qədər daş yağar fələkdən, Allah,

            Nə qədər daş yağar, dolu nə qədər!

 

            Avdı ilə ilk tanışlığımızı da xatırladım. Gərək ki, 77-ci il idi. Şüvəlanda Respublika Gənc Yazıçılarının bir aylıq seminar-müşavirəsi keçirilirdi. O köpəyoğlu Sovet hökümətinin belə əcaib-qəraib işləri də vardı axı. Zəngilanda müəllim işləyən bir gənci mindirib qatara, gətirib Şüvəlana ki, buyur, hekayələrini oxu, oxuyanları dinlə... Vaqif Bayatlı, Vaqif Bəhmənli, Maarif Soltan, Aqil Abbas, Mənzər Niyarlı, Afaq Məsud, Mahirə Abdulla, Hüseyn Əfəndi, Avdı Qoşqar, mən... və daha kimlər...

            Təzə-təzə Sabir Əhmədli hekayələrimi “Ədəbiyyat və incəsənət”də çap etmişdi və bu seminar-müşavirəyə ürəklə gəlmişdim. İndi qoca adamlar olan bu adını çəkdiklərim mənim kimi sütül uşaqlar idilər. Hələ divarın o üzündə nə olacağını bilən yox idi...

            Orada ən çox yaxınlıq elədiklərim rəhmətlik Hüseyn Əfəndi, Avdı Qoşqar, Aqil Abbas, Mənzər Niyarlı oldular. Təbii ki, o biri dostlarla sonralar da əlaqə saxladım, zira Avdı ilə aşırı dost və həm də iş yoldaşı olduq. O televiziyada, mən radioda...

            Sonra Avdı mənim kitablarımın təqdimatında iştirak etdi, məni bəzən zorən verilişlərinə çəkdi – “ağrın alem, çıxışçım zəifdi, bir az gapla, verilişin səviyyəsi düşməsin”-fialn al-dillə...

            Avdı o qədər təbii adamdır ki, bəzən nə etdiyini, deyəcəyi sözün nə ilə nəticələnəcəyini fəhm etməz, deyər şappıltıyla... Bax, o şair Avdı Qoşqardır... 

 

            Düyülü yumruğum havada donur,

            Xəncər misralarım qın ürəyimdə

            Birboylu adamlar əhatəsində...

           

            Eşitdim ki, dostumun 65 yaşı tamam olur.

            Nə gizlədim. Sevindim buna. Mənimki gələn il 70-dir. Demək, dostum ardımca dabanqırma gəlir! Xoş gəisən, şair Avdı! Xoş gəlirsən, şairin yeni yaşı!

            ...Ayağınızı yerə yavaş basın, şair şeir yazır...

 

                                                                                                          15.05.2023

 

                                               (“Məndən sonra” memuar romandan)                   

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)