Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - "Zavod uşaqları”na elegiya

Kənan Hacı - "Zavod uşaqları”na elegiya

Kənan Hacı - "Zavod uşaqları”na elegiya
Ədəbi tənqid
admin
Müəllif:
20:20, 29 dekabr 2023
330
0
Kənan Hacı - " Zavod uşaqları”na elegiya




Keçmişlə yaşamaq insanı ətalətə sürükləyir, donuqluğa məhkum edir, deyirlər. İnsan gələcəyə baxmalıdır, həyatının ritmini bu günə hesablamalıdır, gələcək üçün divident toplamalıdır... Çox şeylər deyirlər. Amma... bizdən ayrılan, həyatımızdan, taleyimizdən keçib getmiş, əbədi yoxluğa qarışmış doğmalarımız bizə keçmişdən qopmağa imkan vermir. Axı onlar bizim həyatımızın bir parçasıdır. Onlarla bağlı saysız-hesabsız xatirələrimiz var.

Anar mənim gənclik illərimin ən etibarlı dostlarından bəlkə də birincisi idi. Mən Buzovnanın “zavod” deyilən ərazisində torpaq sahəsi götürmüşdüm və orda ev tikdirməyi planlaşdırırdım. O ərəfələrdə “zavod uşaqları” yaxınlıqda tikinti getdiyini görüb başıma toplaşdılar və mən tezliklə onlarla dostlaşdım. Əlbəttə, hamısıyla deyil. O uşaqların içərisində ikisi ilə isinişə bildik, biri Anar, o birisi isə Ceyhun idi. Hər ikisi istiqanlı, mehriban, səmimi uşaqlar idi. Ceyhun yumşaq təbiətə malik idi, Anar isə diribaş, hər şeyə çevik reaksiya verən, vəziyyəti yönləndirməyi bacaran oğlan idi. Qısa müddətdə üçümüz ayrılmaz dostlara çevrildik. Evin bünövrəsi qoyulandan kirəmiti vurulana qədər bu iki dost yanımda oldu, fiziki işlərdə, materalların alınmasında, daşınmasında mənə yaxından kömək etdilər. Bu müddətdə biz bir-birimizə əməllicə doğmalaşdıq. Anam həmişə deyirdi ki, Kənan, bu dostların olmasaydı, evin tikintisi yarımçıq qalacaqdı. Çox vaxt bizim evdə yığışardıq, anamın bişirdiyi yeməklərdən yeyib deyib-gülər, zarafatlaşardıq. İndi o günlər mənə hədsiz dərəcədə uzaq, əlçatmaz görünür. Mənə elə gəlir ki, o zamandan çox-çox qərinələr keçib, ilğım kimi xatırlayıram o günləri... 

Fikrimdə pərakəndəlik yaranıb. Bir müddət bundan əvvəl Ceyhunun ölüm xəbərini eşidəndə sarsıldım. Ölümündən bir-iki il əvvəl şəhərdə təsadüfən rastlaşdıq və 28 may metrosu həndəvərindəki kafelərdən birində oturub keçən günləri yad elədik. Ceyhun haqlı olaraq gileyləndi ki, şəhərə köçəndən bizi birdəfəlik unutdun. Düz sözə nə deyəsən... Söz verdim ki, başım ayılsın, mütləq kəndə gələcəyəm, yenə yığışarıq. “Bax, gözləyəcəm, mütləq gəl!” dedi. Tale fürsət vermədi. Heç ağlıma gəlməzdi ki, bu, bizim Ceyhunla son görüşümüz olacaq...

Taleyin burulğanları çox vaxt doğma insanları müxtəlif yerlərə səpələyir, dostlardan ayrı düşürsən, həyatına yeni dostlar daxil olur. İnsanın həyatında hər dostun öz yeri var, amma gənclik dostlarının yeri əvəzolunmazdır. Onları heç kəs əvəz edə bilmir. Ceyhun da, Anar da mənim üçün belə əvəzolunmaz dostlardan idilər. İndi hər iki dost haqqında keçmiş zamanda danışıram. Təsəvvür edin, onların heç biri əlli yaşına çatmadı, bu dünyadan cavan köçdülər. Ceyhunu bəşəriyyətin ən böyük bəlası olan xərçəng apardı. Dəfninə yetişə bilmədim... Gec xəbər tutmuşdum. Bu da bir nisgil kimi ürəyimdə qaldı. 

Ceyhunun atası Vahid kişi haqqında yazdığım yazı “Ədəbiyyatın kulisi” kitabımda yer alır. Son dərəcə xeyirxah, mərd insan idi. Kasıb yaşasa da səxavətini heç kəsdən əsirgəməzdi. Övladlarını halal çörəklə böyütmüşdü. Ceyhun da zəhmətkeş oğlan idi, özünü oda-közə vurub atasına dayaq olur, ailənin güzəranını yaxşılaşdırmaq üçün çalışırdı. Mən təzəcə tikdirdiyim evə köçəndən sonra bir müddət işsiz qaldım. Həmin kritik dönəmlərdə Ceyhun hər gün axşamüstü bizə gəlirdi və məni sıxıntı çəkməyə qoymurdu. Yay aylarında dənizkənarı kafelərdən birinə çəkilib yeyib-içməklə qəmi-qüssəni özümüzdən kənarlaşdırmağa çalışırdıq. “Kənan, darıxma, yaxşı olacaq”. Ceyhun tez-tez bu ifadəni işlətməyi sevirdi. Poeziyanı çox sevirdi, ali təhsili olmasa belə, güclü duyum qabiliyyəti vardı. Nəsimidən, Füzulidən, Seyid Əzimdən ona qəzəllər oxuyurdum, bihuş olurdu. Əlbəttə, ona xoş gələn bu qəzəllərin zahiri, estetik qatı idi, əruzun ritmi, ahəngi ürəyinə yatırdı. İstedad payı təkcə yaradıcı adamlara aid deyil. Ömründə bir kərə bədii əsər yazmayan, ümumiyyətlə, sənət əsəri yaratmayan o qədər istedadlı insanlar var ki... Sözün bu mənasında sənət adamı olmayanların bir qəribə taleyi də Ceyhunla Anarın payına düşmüşdü. Onlar sadə, mütəvazi və qısa ömürlərində nur topası kimi yaşadılar. Ancaq işıq saçdılar, qaranlığı sevmədilər. 

Biz kasıb uşaqlar idik, bir-birimizin pencəyini, ayaqqabısını geyinərdik. Mənim istifadə etdiyim ətirdən Anar da, Ceyhun da istifadə edirdi, Anarın qoluna taxdığı saatı elə vaxt olub ki, mən taxıb hansısa toya, ad gününə getmişəm. Heç yadımdan çıxmaz, 30 yaşım tamam olan gün restorana getməli idik. Anar qalstukuma baxdı, dedi bu qalstukla adam arasına çıxmazlar, özü də ad günündür. Nimdaş qalstuku özü boynumdan çıxartdı, yerinə atasının təzə qalstuklarından birini bağladı. 

Valideynlərim dünyasını dəyişmişdi, tək yaşayırdım. Anar dönə-dönə tapşırmışdı ki, işdən qayıdanda mütləq bizə gəl. Gedirdim, anası süfrə açırdı, oturub birlikdə nahar edirdik, sonra ya televizorda hansısa filmə baxırdıq, ya da harasa gəzməyə çıxırdıq. Bir-iki dəfə kirli köynəyimi yumuşdu anası... Ümidsiz, çarəsiz günlərimdə Anar məni tək qalmağa qoymurdu. İndi onun o qayğıkeşliyini xatırlayanda qəhərlənirəm. Anar mənim üçün doğma qardaş qədər əziz idi... 

Heç yadımdan çıxmaz... Hərbi xidmətdən yenicə qayıtmışdım. Anam dedi ki, Anar nə yaxşı uşaqdır, neçə dəfə bazarlıq edib, mənə baş çəkməyə gəlib. Deyirdi ki, Xədicə xala, nə çətinliyin olsa, mən ölməmişəm, mənə de. Heç nəyin fikrini çəkmə. Gedib Anarla görüşdüm, restoranlardan birinə getdik, möhkəm yeyib-içdik. Səhəri günü evdə dincəlirdim, qapı döyüldü, çıxdım ki, Anar əlidolu qapının ağzında dayanıb. Matdım-matdım baxdığımı görüb dedi:

-Nə gözüvü döyürsən? Kömək elə.

Anar əməlli-başlı bazarlıq eləyib gəlmişdi. 

-Yekə oğlansan, bu nə işdi görürsən? – dedim.

-Sənlik deyil, Xədicə xala üçün bazarlıq eləmişəm, - dedi.

Bir aya bəs edəcək qədər ərzaq alıb gətirmişdi, sabuna-şampuna qədər... 

Əlbəttə, gənc idik, arada şuluqluq da edirdik, gənclik hoqqalarımızı düşünəndə Anarın özünəməxsus jestləri, zarafatları, məzəli əhvalatlar gözümün önünə gəlir. 

Payızın ilk çağları idi, havalar əməllicə soyumuşdu. Dəniz kənarındakı tanış dostlarımızdan birinin işlətdiyi restorana gedirdik, axşam düşmüşdü. Qamışlıqdan keçəndə Anarın idarə etdiyi maşın gölməçəyə düşdü, motor söndü. Suyun içində qaldıq. Maşından enib təkan vermək lazım idi, hər tərəfimiz su idi. Dizəcən suya girmək lazım idi. Mən tərəddüd etdim, maşından enmək xəstələnmək demək idi. Onsuz da ciyərlərim nasaz idi. Anar ayaqqabılarını, corablarını çıxarıb şalvarını çirmədi və maşından endi, tək canı ilə maşını təxminən 10 metr məsafəyə qədər quruya çıxınca sürüdü. Mən xəcalət çəkirdim. Sonralar hər dəfə mənə deyirdi ki, alə, sən nə qorxacaq adamsan! Yanında bir qəşəng qız olsaydı, elə soyunub girərdin ki, suya! Yox e, səninlə yola çıxmaq olmaz, adamı yarı yolda qoyarsan. 

Anar adam tanıyan idi. Bəzən kimlərsə mənim sadəlövhlüyümdən istifadə etmək istəyəndə qoluma girib kənara çəkirdi, qulağıma pıçıldayırdı ki, səninlə danışan çox alçaq adamdır, rədd elə onu. Anar məni pis adamlardan qoruyurdu. Bir dəfə mənim üçün qurulmuş tələyə düşdüm, Anar məni evə gətirib səhərə qədər danladı. “Axı sənə demişdim ki, bu əclaflardan uzaq dur, bunlar bizim tayımız deyil. Anasının əmcəyini kəsənlərdir bunlar”. Xatırlamaq istəmədiyim həmin hadisəyə görə bir neçə ay başım ağrıdı. O çətin aylarda Anar məni bir an da olsun, tək qoymadı. Atası Aydın kişi o uşaqlara demişdi ki, Kənanın başından bir tük əskik olsa, məndən inciməyin. Anar məni qorudu, evində saxladı, anası mənə analıq elədi. O ailənin üzərimdə haqqı-sayı böyükdür. Mən ailə quranda da Anar yanımda oldu. Onda artıq analarımız haqq dünyasında idilər. Anar mənə qardaş oldu. Məndən bir-iki il sonra o da ailə qurdu. Həyat yoldaşımla onun toyunda iştirak etdik. İndi fotolara baxıram, inana bilmirəm ki, Anar artıq həyatda yoxdur. Bu itgi ilə barışmaq çox çətindir. 

İndi ona təəssüflənirəm ki, son illər biz Anarla mütəmadi görüşə bilmədik. Ara-sıra zəngləşirdik, gileylənirdi ki, niyə itirib-axtarmırsan? Zarafatla “nə alçaq adamsan” deyirdi. Mən ondan incimirdim. Bizim yalnız ikimizə aid olan zarafatlarımız vardı. 

Anar şəkərli diabetdən əziyyət çəkirdi. Amma ümumən səhhəti pis deyildi. Ötən yay görüşəndə də çox gümrah görünürdü. Nə yaşı vardı ki... 44 yaş. Düşünürdüm ki, cavandır, müalicə ilə bu xəstəliyin öhdəsindən gələcək. Şəkərlə uzun ömür sürən o qədər adamlar var ki... 

Bir neçə gün bundan əvvəl kənddən mənə zəng etdilər. Uşaqlıq dostum, köhnə qonşumuz Sahib idi. Dedi ki, bəs belə bir xəbər eşitmişəm... Damarımda qanım dondu. Dedim ola bilməz. Dedi Tiktokda paylaşım ediblər, orda rastıma çıxdı. Dərhal Anarın telefonuna zəng etdim, nömrəsinə zəng çatmırdı. Səhərə qədər gözümə yuxu getmədi. Səhər Anarın qardaşı Elşənin telefon nömrəsini tapıb zəng vurdum. Səsindəki üzüntüdən hər şeyi anladım. Səhhətinə qarşı biganəlik xəstəliyini şiddətləndiribmiş... Qəflətən, üsulluca, heç kəsi incitmədən, umu-küsü etmədən getmişdi Anar... 

Heç vaxt unutmadığım söhbətlərində, atmacalarında, zarafatlarında o qədər böyük duyğu, həssaslıq və insanlıq vardı ki, tanıyan hər kəs səni sevməli, unutmamalıdır. O, öz dünyasının havası ilə yaşayan adam idi. Həyatı və insanı əllə toxunulan reallıqlarla qiymətləndirmək olmaz. İnsanlığın, dostluğun, etibarın ölçüsü nədir, heç kəs bilmir. Əziz qardaşım, sən doğmaların üçün belə bir ölçü idin. Qayğılarını, acılarını xəstə ürəyində elə gizləyib saxlayırdın ki, mənim kimi söz adamı belə bunu fəhm edə bilməmişdim. Həyatım boyunca heç bir dostum sənin qədər saf, təbii, səmimi, etibarlı olmadı. Yadındadır, hərbi xidmətə gedəndə sənə bir əmanət qoyub getmişdim. Qayıdanda sən o əmanəti mənə qaytardın. Dedin necə vermişdinsə, elə də qaytarıram özünə. 

Səninlə doyunca dərdləşə bilmədik, son illər çox uzaq düşdük, Anarım... Özümü elə günahkar sayıram ki... Nə biləydim axı... Nə biləydim ki, ömür möhlətin bu qədər qısa olacaq?!.. 

Amma mən nə vaxtsa yenə görüşəcəyimizə inanıram. Səninlə də, Ceyhunla da... 

Əlvida, məni yalan dünyada tək qoyan dostlarım!...    


29 yanvar, 2023-cü il

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)