Edebiyyat.az » Proza » İtalo Kalvino - Şirniyyat mağazasında qarət

İtalo Kalvino - Şirniyyat mağazasında qarət

İtalo Kalvino - Şirniyyat mağazasında qarət
Proza
Necef Esgerzade
Müəllif:
12:16, 05 fevral 2020
1 290
0

Diribaş təyin olunmuş yerə gəlib çıxanda o birilər onu artıq gözləyirdilər. İki nəfərdilər: İsabala və Becid. Ətrafda elə sakitlik idi ki, küçədən evdəki saatların zəng səsləri eşidilirdi: budur, iki zəng, — səhər açılana qalmamaqdan ötrü tələsmək lazım idi.
— Getdik, — deyə Diribaş söylədi.
— Haradadı? — deyə yoldaşları soruşdu.
Diribaş görəcəyi «işi» əvvəlcədən açıb danışanlardan deyildi.
  — Yaxşı, getdik, — deyə o təkrar etdi.
Onlar çaylaqlara bənzər boş küçələrlə, tramvay yolunun dəmir relsləri ilə onları müşayiət edən ay işığında dinməzcə addımlayırdılar. Diribaş bir an belə sakit dayanmayan sarı gözlərini ətrafa gəzdirərək daima nəyisə qoxulayırmış kimi, burun dəliklərini oynada-oynada irəlidə gedirdi.

İsabalaya ona görə bu adı vermişdilər ki, təzəcə doğulmuş körpəninki tək1 iri başı və cılız bədəni vardı. Bəlkə bir də ona görə ki, qısa qırxılmış saçları, qara nazik bığları və göyçək sifəti də vardı. O, sanki başdan-ayağa əzələdən ibarət idi, özü də pişik kimi yüngülcə, sezdirmədən yeriyirdi. Bir yerə dırmaşmaqda, gizlənmək lazım gələndə yumaq kimi domuşub oturmaqda tayı-bərabəri yox idi. Diribaş da hər dəfə onu özü ilə aparmaqda nə elədiyini yaxşı bilirdi.
— Diribaş, işin içində bir şey olacaq? — deyə İsabala şoruşdu.
— Baş tutsa, — deyə Diribaş heç nə bildirməyən bir ifadə ilə cavab verdi.
Diribaş yoldaşlarını yalnız onun özünə məlum olan qaranlıq dalanlardan keçirib, bir həyətə gətirdi. O ikisi başa düşmüşdü ki, hansısa mağazanın arxa otağında iş görmək lazım gələcək. Ona görə də Becid tez özünü qabağa verdi, çünki keşikdə durmaq istəmirdi. Becidin bəxtinə düşən keşik çəkmək idi. Onun arzusu evlərə girmək, orda-burda eşələnmək, başqaları kimi ciblərini doldurmaq olsa da, o, polislərə ilişmək qorxusu ilə soyuq küçələrdə veyillənməli, dişləri şaxtadan bir-birinə dəyə-dəyə, özünü toxtaq tutmaqdan ötrü siqaret sümürə-sümürə daima keşikdə dayanmalı olurdu. Arıq cüssəli bir siciliyalı idi bu Becid, — qəmgin mulat sifəti vardı, əlləri də uzanıb plaşının qollarından çıxardı. Hər dəfə də bu cür «iş»lərə gedəndə o, kim bilir, nədənsə qəşəng geyinərdi: başında şlyapa, boynunda qalstuk, əynində də su keçirməyən plaş. Aradan çıxmaq lazım gələndə isə, plaşının ətəklərini qaldıraraq, sanki qanad açmaq istəyən quş kimi yerindən götürülərdi.
Becid, tez şuxerə2 — deyə Diribaş burun dəliklərini oynadaraq söylədi.

Becid könülsüz-könülsüz yerindən tərpəndi. Çünki bilirdi ki, Diribaş burun dəliklərini get-gedə daha da tez-tez oynada,nəhayət, dayanıb, tapançasını çıxara bilərdi.
Görürsən oranı? — deyə Diribaş İsabalaya işarə elədi.
Bir qədər hündürdə, sınıq şüşə yerinə karton vurulmuş balaca pəncərə idi.
— Dırmaşırsan, girirsən içəri, açırsan mənimçün. Göz-qulaq ol, bayırdan görünən lampaları yandırıb-eləmə, — deyə Diribaş izah etdi.
İsabala hamar divara meymun kimi dırmaşmağa başladı, kartonu sakitcə irəli basıb, başını içəri soxdu. Buna qədər o, heç bir iy duymurdu, ancaq indi birdən nəfəs alanda, burnuna şirniyyata xas olan qoxu axını vurdu. O, aclıqdan da güclü olan, keçmiş zərif bir duyğunun xatirəsinə bənzər titrək həyəcan keçirdi.
— Deyəsən, buradakıların hamısı şirniyyatdır, — deyə o düşündü.
Neçə illər idi, lap müharibə başlanandan o, doyunca şirniyyat yeməmişdi. İndi həmin bu şirniyyatı tapmayınca o, hər yeri eşələyəcəkdi, əmin ola bilərsiniz. O, qaranlıqda aşağı enməyə başladı, ayağı telefona dəydi, şalvarı süpürgəyə ilişdi, nəhayət, yerə düşə bildi. Şirniyyat qoxusu daha da güclənirdi, ancaq bilmək olmurdu ki, hansı tərəfdən gəlir.
— Burada, deyəsən, kalan şirniyyat var, -deyə İsabala yenə fikirləşdi.
O, qaranlığa alışmağa çalışaraq, qapını tapıb Diribaşı içəri buraxmaqdan ötrü əlini irəli uzatdı. Ancaq dərhal ikrah hissi ilə onu geri şəkdi: burada, onun qarşısında yumşaq və yapışqan bir heyvan, olsun ki, bir dəniz heyvanı gizlənmişdi. İsabalanın əli havadan asılı qalmışdı, — yapışqan, nəm və sanki qartmaqla dolu bir əl. Hiss etdi ki, barmaqlarının arasında nəsə yumru şeylər, sanki vəzilər kimi, şişlər əmələ gəlib. O, qaranlıqda gözlərini bərəldir, əlini burnunun qabağına tutsa da, heç nə görmürdü. Düzdür, heç nə görmürdü, ancaq qoxunu hiss edirdi. Birdən o, güldü. Başa düşdü ki, torta toxunub, əlinə yaxılan da krem və şəkərli albalıdır.
İsabala dərhal əlini yalamağa başladı, — o, bir əlini yalayır, o biri əlilə isə ətrafda eşələnirdi. Bu dəfə o, üstü möhkəm, ancaq qabarcıqlı qabıqla örtülü yumşaq bir şeyə toxundu: krafen3 idi. O, ətrafda eşələnməyinə davam edə-edə krafeni bütövlüklə ağzına soxdu. İçində mürəbbə olduğunu hiss edəndə, ondan ani bir sevinc gülüşü qopdu. Əla yer idi. Qaranlıqda əlini hansı istiqamətə uzadırsan-uzat, mütləq yeni bir şirniyyat növü tapacaqsan.
Bir qədər aralıda kimsə qapını səbirsizliklə döyürdü. Diribaş idi, gözləyirdi ki, onun üçün açsınlar. İsabala səs gələn tərəfə üz tutdu, ancaq əlləri əvvəl tort-bezelərə, sonra isə badam pirojnalarına toxundu. Qapını açdı. Diribaşın cib fənəri onun kremdən ağarmış bığlarını, sifətini işıqlandırdı.
— Bura şirniyyatla doludur! — deyə İsabala ucadan pıçıldadı, guya ki, Diribaş bunu bilmirdi.
— Şirniyyat vaxtı deyil, — Diribaş onu əli ilə kənar etdi, — vaxtı itirmək olmaz. O, fənərindən süzülən nazik işıq zolağı ilə ətrafı nəzərdən keçirə-keçirə irəli yeridi. İşıq saldığı hər küncdə uzanıb gedən rəflər, rəflərdə sıra ilə düzülmüş vazalar, vazalarda isə hər cür formada və rəngdə pirojnalar topası, yanılı şamlardan axan mum kimi yerə damcılayan krem dolu tortlar, müxtəlif növ bulka yığını, alınmaz nuqa və halva qalaları görünürdü.
Birdən, İsabalanı dəhsətli təlaş bürüdü — bütün bu gördüklərini yeyib doymağa vaxtının çatmayacağından, bütün bu şirniyyat növlərinin dadına baxmadan aradan çıxmalı olacağından, bütün bu bolluğun onun həyatında yalnız bir neçə dəqiqəlik mövcud olacağından xəbər verən bir təlaş! Onun gözünə nə qədər çox şirniyyat dəyirdisə, həyəcanı da bir o qədər artırdı. Diribaşın fənərinin işığında sezilməyə başlayan hər yeni şkaf, mağazanın hər yeni vitrini sanki bütün yolları kəsirmiş kimi, İsabalanın qarşısında peyda olurdu.
O, rəflərə tərəf cumub, boğula-boğula, heç bir dad duymadan birdən-birə iki, üç pirojnanı ağzına basmağa başladı. O, sanki bu şirniyyatlarla, təhlükəli düşmənlərlə, onu xırçıltılı və ürəkvuran mühasirə halqasında sıxan bu əfsanəvi nəhənglərlə mübarizə aparırdı və bu mühasirədən o özünə yalnız çənəsinin gücü ilə yol aça bilərdi. Yarı doğranmış yağlı kökələr öz sarı, qorxunc cəhənğlərini aralayır, əcayib krendellər yırtıcı bitkilərin sarmaşıq gülləri kimi uzanıb gedirdi; və İsabalaya bir anlıq elə gəldi ki, bu şirniyyat özü onu yeyib, axırına çıxacaqdır.
Diribaş onun əlindən yapışıb, ardınca dartdı:
— Kassanı, kassanı yarmalıyıq, — deyə o, acıqlandı.
Ancaq rəflərin yanından keçərkən o, ilk növbədə əsas məqsədindən yayınmamağa çalışsa da, özü də, əlüstü, bir qıça rəngbərəng biskviti, tortlardan birininn üstündəki şəkərli albalını, bir dənə də brioşu4 tələsik içəri ötürdü. Birdən o, fənəri söndürdü:
— Bayırdan görünür, — dedi.
Onlar mağazanın vitrinli, mərmər oturacaqları olan kafe hissəsinə gəlib çıxmışdılar. Küçədən zəif gecə işığı süzülür, vitrinlərin dəmir qapıları şəbəkəli olduğundan, bayırdan kölgələrin qəribə rəqsində evlər və ağaclar görünürdü.
İndi kassanı yarmaq lazım idi.

— Tut, — deyə Diribaş bayırdan görünməsin deyə, fənəri yandırıb onu başıaşağı yönəldərək, İsabalaya ötürdü.
Ancaq İsabala bir əli ilə fənəri tutsa da, o biri əli ilə yenə ətrafda eşələnirdi. O, bütöv bir kişmişli keksi qapıb, Diribaş öz kilidaçanları ilə qıfılın üstündə əlləşənə qədər, onu adicə çörək kimi basışdırmağa başladı. Çox keçmədi ki, keks onun ürəyini vurdu və o, yarı yeyilmiş keksi mərmər döşəməyə tolazladı.
— Tez ol qaldır! Gör, bir nə murdarçılıq edirsən! — deyə peşəsindən fərqli olaraq, qayda-qanuna qəribə hörmət bəsləyən Diribaş dişlərini qıcıdaraq, İsabalanın üstünə çəmkirdi. Sonra o, zərrə qədər öz işini unutmadan, nəfsini saxlaya bilməyib, yarı biskvit, yarı şokoladlı iki peçenyeni də ağzına basdı.
Bu arada İsabala əllərinə asudəlik verməkdən ötrü karton parçalarından və kağız dəsmallardan abajura bənzər bir şey düzəltmişdi. Bundan əvvəl isə o, üzərində «Ad gününüz mübarək» sözləri yazılmış bir neçə tort görmüşdü. O, «hücum» planını götür-qoy edərək, tortların ətrafında bir dəfə dövrə vurdu: əvvəlcə, yoxlama keçirirmiş kimi, barmağını onların üstündən sürtüb apararaq, şokoladlı kremdən bir qədər sovurub yaladı, sonra sifətini tortların içərisinə soxaraq, onları bir-bir, düz ortalarından təpişdirməyə başladı.
Ancaq o, ehtirasını heç cür boğa bilmirdi, — bilmirdi necə eləsin ki, bu şirniyyatın hamısından dadıb, nəhayət, doya bilsin. Artıq o, dirmaşıb, tortlar düzülmüş stolun qarşısında diz çökmüşdü: indi o, soyunub lap çılpaqca bu tortların üzərinə sərələnə, üzü üstə, arxası üstə orada uzanaraq, onlardan heç vaxt ayrılmaya bilsəydi! Ancaq beş-on dəqiqədən sonra hər şey bitəcəkdi və bu şirniyyat mağazaları yenə onun üçün uşaqlıq çağlarındakı kimi, burnu ilə şüşə vitrinlərə qısıldığı vaxtlardakı tək əlçatmaz olacaqdı… Heç olmasa üç-dörd saatlıq burada yubanmaq mümkün olsaydı!
— Diribaş, — deyə o, dilləndi, — səhərə qədər burada gizlənsək, kimdir bizi görən?
— Sarsaqlama, — deyə artiq kassanı açmış və banknotlarda eşələnən Diribaş cavab verdi. Polis gələnə qədər aradan çıxmalıyıq.
Elə bu vaxt, kimsə vitrini döyəcləməyə başladı. Zəif ay işığında əlini dəmir qapının şəbəkəsindən içəri soxub, şüşəni döyəcləyə-döyəcləyə işarələr edən Becid göründü. Mağazadakı bu ikisi ona tərəf getmək istədi, ancaq Becid əl hərəkətləri ilə başa saldı ki, təhlükəli bir şey yoxdur, İsabalaya işarələr etməyə başladı ki, onunla yerini dəyişsin. Diribaşla İsabala ona yumruq göstərir, dişlərini qıcıdır, işarə ilə başa salırdılar ki, əgər ağlı çaşmayıbsa, tez mağazanın qabağından rədd olsun.
Bu arada Diribaş kassada vur-tut bir neçə min lirə olduğunu görüb, söyüşlər söyür, ona kömək eləmədiyi üçün İsabala ilə dilləşirdi.

İsabalanin isə, elə bil, ağlı çaşmışdı. O, ruletləri təpişdirir, kişmişləri didişdirir, şirələri yalayır, əlləri, üstü-başı bulaşmış halda şüşə stendlərdə izlər qoyurdu. Birdən, o, hiss etdi ki, artıq, yeməyə həvəsi yoxdur, daha doğrusu, hiss edirdi ki, ürəyi bulanmağa başlayır, ancaq yenə də geri çəkilmək, təslim olmaq istəmirdi. Artıq, krafenlər onun üçün adi süngər parçalarına, biskvitlər milçəkqıran kağız rulonlarına çevrilmişdi, tortlardan yapışqan və qır axırdı. İndi o, yalnız öz ağ kəfənlərinə bürünərək çürüməkdə olan şirniyyat cəsədlərini görür və ya bu şirniyyatın bulanıq maye kimi onun mədəsinə necə yapışdığını hiss edirdi.
Diribaş şirniyyatı və aclığını unudub, dəli kimi başqa bir kassanın qıfılını açmağa girişmişdi. Elə bu vaxt mağazanın arxa otağında heç kimin başa düşmədiyi Siciliya dialektində ağır söyüşlər söyən Becid göründü.
— Polis? — deyə ağappaq ağarmış Diribaşla İsabala bir ağızdan soruşdular.
— Dəyişmək, dəyişmək, — deyə Becid oz dialektində inildəyir, «u» hərfi ilə işlənən5 saysız-hesabsız sözlər yağdıraraq, onu bu soyuqda ac-yalavac qoyub, burada şirniyyat basışdırmağın insafsızlıq olduğunu sübut etməyə çalışırdı.
— Şuxerə! Şuxerə get! — deyə İsabala qəzəblə bağırırdı. Bu, artıq, bir toxun qəzəbi idi, indi bu qəzəb onu daha xudbin, daha da acıqlı etmişdi.
Diribaş anlayırdı ki, Becidi dəyişmək son dərəcə ədalətli bir iş olardı, eyni zamanda, onu da başa düşürdü ki, İsabalanı inandırmaq da bir o qədər asan olmayacaq. Ancaq şuxersiz qalmaq olmazdı, ona görə də tapançasını çıxarıb Becidə tuşladı.
— Becid, dərhal yerinə! — deyə o söylədi.
Bütün ümidini itirən Becid fikirləşdi ki,getməzdən əvvəl heç olmasa özü üçün bir az ehtiyat görsün. O, iri əllərini uzadıb üstünə sidr qozu səpilmiş badam peçenyesi ilə ovuclarını doldurdu.
— Bəs səni əlində bu qoz-badamla tutsalar onlara nə oxuyacaqsan, ay sarsaq? — deyə Diribaş ona acıqlandı. At yerinə, itil!
Becid ağlayırdı. İsabala hiss etdi ki, ona nifrət edir. O, üzərində «Ad gününüz mübarək» sözləri yazılmış tortu qaldırıb düz Becidin sifətinə tolazladı. Becid çox asanlıqla kənara çəkilə bilərdi, ancaq bunun əvəzində o, mümkün qədər çox tort qapsın deyə ağzını aralayıb, sifətini irəli verdi, sonra isə sifəti, şlyapası və qalstuku torta bulaşmış halda hırıldayaraq, dilini burnuna qədər uzadıb, az qala bütün sifətini yalaya-yalaya öz yerinə cumdu.
Nəhayət, Diribaş pul saxlanan əsas kassanı aça bilmişdi. İndi pullar onun şirəli barmaqlarına yapışdığından o, lənət yağdıra-yağdıra banknotları ciblərinə basırdı.
— Hə, İsabala, aradan çıxmaq vaxtıdır, — deyə Diribaş ona işarə elədi.

Ancaq İsabala hər şeyi elə-belə qurtara bilməzdi. Bəs necə? — bugünkü tıxmaq elə bir tıxmaq olmalı idi ki, sonralar o, bunu illər boyu öz yoldaşlarına və toskanalı Meriyə danışa biləydi. Toskanalı Meri İsabalanın məşuqəsi idi. Onun uzun nazik ayaqları, şişman bədəni və sifəti vardı. İsabala da onun xoşuna gəlirdi, çünki o, iri bir pişik kimi Merinin qucağına dırmaşıb, orada yumaq tək yumrulanardı...
Becidin ikinci gəlişi onu bu fikirlərdən ayırdı. Bu dəfə Diribaş dərhal tapançasını çıxartdı. Becid isə — polis! — deyə, plaşının ətəklərini yığaraq tullana-tullana yerindən götürüldü. Diribaş olub-qalan pulları yığışdırıb, ikicə addıma özünü qapının ağzına yetirdi. İsabala da onun ardınca.
İsabala yenə Meri barəsində düşünürdü. Yalnız indi onun yadına düşmüşdü ki, Meri üçün bir az şirniyyat apara bilərdi. Yadına düşmüsdü ki, ona heç vaxt heç nə bağışlamayıb və axırı bir gün Meri ona toy tutacaq. O, geri döndü, bir neçə kremli borucuq götürüb, köynəyinin arasına soxdu. Sonra, dərhal fikirləşərək ki, ən kövrək şeyləri seçib,əlinə keçən az-çox bərk şirniyyatdan köynəyinin arasına doldurmağa başladı. Ancaq elə bu vaxt o, əllərini yellədərək, küçə boyu nəyi isə göstərən polislərin vitrində əks olunan kölgələrini gördü. Onlardan biri nişan alıb atəş açdı.
İsabala piştaxtanın arxasında gizləndi. Güllə, görünür, boşa çıxmışdı, çünki polislər başlarını təəssüflə bulayaraq, içəri boylanırdılar. Bir qədər sonra İsabala eşitdi ki, onlar açıq qapı tapıblar və içəri girirlər. Az keçməmiş mağaza artıq silahlı polislərlə dolu idi. İsabala yumaq kimi domuşub oturmuşdu, ancaq arabir, toxtamaqdan ötrü, əli çatan məsafədə tapdığı şəkərli meyvələrdən bir qıça limonu və ya armudu ağzına basırdı.
Polislər mağazanın yarılmasını, rəflərdəki izlərdən isə şirniyyatın yeyilməsini müəyyən etdilər. Bu minvalla, onlar da izləri itirməməyə çalışaraq, tökülüb qalmış şirniyyatdan ayaqüstü ağızlarına atırdılar. Cinayət tərkibinin müəyyən edilməsi üçün göstərdikləri səylər elə güclü idi ki, bir neçə dəqiqədən sonra onların hamısı mağazaya doluşub şirniyyatı ikiəlli basışdırmağa başladı.
İsabala ağzını marçıldadırdı. Ancaq polislər ağızlarını ondan da bərk marçıldadır, onun marçıltısını eşidilməz edirdilər. O, şirniyyatın köynəyinin altından sinəsinə necə axdığını, ürəyinin necə bulandığını hiss etdi. Şəkərlənmiş meyvələrə başı elə qarışmışdı ki, qapıya aparan yolun açıq olduğunu o, xeyli gec görə bildi.
Sonralar polis işçiləri başdan-ayağa kremə bulaşmış bir meymunun vaza və tort qutularını aşıraraq, tullana-tullana mağazadan necə çıxdığını söyləyirdilər. Polislər heyrətdən özlərinə gəlib ayaqlarını tortlardan azad edənə qədər, İsabala artıq təhlükəsiz yerdə idi.
Toskanalı Merinin yanında köynəyinin yaxasını açarkən, İsabala sinəsinə yapışmış qəribə bir xəmir parçası gördü. Onlar çarpayıda yan-yana uzanaraq, həmin o xəmir parçasını, sonuncu qırıntısına, ən axırıncı krem damcısına qədər düz səhərəcən yeyib, yaladılar.

1) İsabala (Gesubambino — ital.) İsa peyğəmbərin ikonoqrafik körpəlik təsvirləri nəzərdə tutulur.
2) Oğruların jarqonunda (dilimizdə də işlənir) keşik çəkməyə deyilir.
3) Üstünə şəkər tozu səpilmiş, içi mürəbbəli və ya kremli kömbə qoğal.
4) Yağlı, şirin ağ bulka.
5) Siciliya dialektinin əsas xüsusiyyətlərindəndir.

İtalyan dilindən tərcümə edəni:
Cəmşid CƏMŞİDOV
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)