Sərvanə Dağtumas - Azər Qismətin “Ana söyüşü” hekayəsinin psixoloji qatları
Hekayədə gənc nəsillə yaşlı nəslin psixologiyası qarşılaşdırılır. Metroda cavan oğlan ona toxunan müəllimin anasını söymüşdü. Halbuki, müəllim bunu bilmədən etmişdi, çünki metroda adam çox idi. Bu, onun qüruruna toxundu. O çalışırdı ki, buna görə oğlan ondan üzr istəsin, oğlansa ona kobudluq etməkdə, onu təhqir etməkdə davam edirdi. Bizim müəllimimiz isə öz mədəniyyətini, sakitliyini qoruyub saxlamağa davam edirdi. Müəllimin psixologiya müəllimi olması da təsadüfi deyildi. Bəs bir gənc niyə bu qədər kobud idi? Niyə tanımadığı insanın anasını söyməkdən çəkinməmişdi? Onu buna hansı yaşantıları vadar etmişdi?
– Ma, nə tez gəldin?
– Bu kişi kimdir?, – anası aldığı kartofun ağırlığını sol əlindən sağ əlinə saldı.
Oğlanın psixoloji dünyasına bu cümlə ilə daxil ola bilərik. O, anasının əlindəki kartofu götürməmişdi, yəni ona kömək etməmişdi. Ana qədri bilinmədiyi buradan sezilir. Belə olan halda öz anasına hörmət etməyən başqalarının anasına hörmət edər? Bəlkə də “ana söyüşü”nü ilk dəfə psixologiya müəlliminə qarşı işlətməmişdi.
– Yox-yox, siz gedin evə, mən də oğlunuzla insani münasibətlər barədəki yeni monoqrafiyamdan danışacağam.
Doğurdan da gəncə insani münasibətlər haqqında “dərs” keçmək lazım idi. Görəsən, indiki gənclərin çoxu niyə belə kobudlaşıb? Aqressivdir, o qədər basdırılmış duyğuları var ki, hər an “pusquda” durub silahları ilə atəş açmağa hazırdırlar.Gənclərmi tərbiyəsizləşib, yoxsa ailələrimi onları tərbiyəsizləşdirib? Bəlkə gənclərin ətrafında örnək ala biləcək yaşlı nəsil yoxdur? Əvvəllər yaşlılar deyərdi ki, indiki cavanlar…İndi isə cümlə metamorfoz olub: indiki qocalar…
Psixologiya müəllimimiz anasına o qədər dəyər verir ki, o, bu söyüşü öz qüruruna sığışdıra bilmir, gənci daima təqib edir, ondan sadəcə üzr istəməsini gözləyir, hətta döyülsə belə. Sadəcə üzr…
Nəhayət, bir neçə gəncdən “ana söyüşünün haqq-hesabını çəkməyin” yollarını öyrənən professor oğlanı gecə klubunda tapır və insanın ruhunu titrədən o sözü deyir: “Sənin anan-mənim anam”.
Oğlanı bu söz qəfildən ayıltdı. Əslində biz kiminsə anasına, atasına söyürüksə, elə o söyüş bizim yaxınlarımıza ünvanlanır. Qarğış bumeranq olduğu kimi söyüş də bumeranqdır, ikibaşlıdır. Heç bir tərbiyə görməyən, gecə klublarında narkotik vasitələr istifadə edərək, həyatını əyləncə kimi görən gənc bu an nə etdiyini dərk edir, professor ona insanlıq dərsi verir.
“Köhnə kişilərdəndir. Qabağından yeməyi özünə sığışdırmır.” “Köhnə kişilər”. Bu söz birləşməsinə nələr daxildir? Təsəvvürümüzdə onları necə canlandırırıq?…İctimai nəqliyyatda kiçik müşahidə aparsaq, görərik ki, “köhnə kişilər” cəmiyyətdə azlıq təşkil edir.
Bu hekayə bizə gənc kimi necə davranmağı öyrədir, işlətdiyimiz ifadələrə diqqət yetirməyi, həyatımızın ən gözəl çağı olan gənclik illərini hədər verməməyi, ağsaqqal adına layiq yaşlılarla davranış qaydalarını xatırladır. Psixologiya müəllimi öz peşəsinə yaraşan tərzdə gəncə səbrli şəkildə “məsləhət verirsə”, gənc də atdığı hər addımında təmkinli olmağı bacarmalıdır. İnsanları bir hərəkətlərinə görə qəlibə salmamalıdır, necə ki müəllim bilmədən ona toxundu deyə müəllimin anasını söydü.
Yazıçı niyə məhz ananı seçdi? Niyə məhz ana söyüşü? Ananı müqəddəsləşdirən nədir? Ananın insan həyatındakı rolunun sərhədləri varmı? Gənclə professorun analarına qarşı davranışları eynidirmi? Axı, hər ikisi anadır. Fikir versəniz, bizim ölkədə ana və bacı söyüşünün yükü ağırdır. Buna görə həbs olunanlar da var. Professor da həbsə düşə bilərdimi? Bilərdi, lakin etmədi. Onun bu davranışı, toleransı gənclərə örnək oldu. Heç kəsə görə həbsə düşməyə dəyməz və hər bir kəsə verilən cəza üslubu fərqlidir. Bir var, söyüş söyəni öldürüb, həbsə girəsən, bir də var ki, ağlınla, səbrinlə onu cəzalandırasan. Hər iki situasiyada cəzalandırırsan. Fiziki və ya psixoloji cəza. Fərq etməz. Elə cəza verməlisən ki, bu cəzanın yükü sənin çiyinlərinə düşməsin, sənin həyatını məhv etməsin, qarşı tərəf bundan utansın, bu halı bir daha təkrarlamasın, özünü, öz həyatını, mənəviyyatını, özünə yaraşdırdığın hərəkətləri düşünməlisən, axı onu o sözü işlətməyə vadar edən keçmiş yaşantıları, travması var. Axı, sən psixologiya müəllimisən…Axı, sən İNSANSAN!
Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.
E-mail:ferecli404@gmail.com