Edebiyyat.az » Ədəbi tənqid » Ziyafət Soltan - Həyat relslərində açan çiçəklər

Ziyafət Soltan - Həyat relslərində açan çiçəklər

Ziyafət Soltan - Həyat relslərində açan çiçəklər
Ədəbi tənqid
admin
Müəllif:
17:16, 30 dekabr 2024
336
0
Ziyafət Soltan - Həyat relslərində açan çiçəklər




 Ömür, bəlkə də, həyatın zülmət qaranlığında sevgi çırağı ilə çıxdığımız ümid axtarışıdır. Sanki doğulduğumuz gündən bəri üzərimizə qoyulmuş bu vəzifənin ilkinliyini hiss edirik. Önümüzü görə bilmək üçün sonu naməlum olan bu yola tutduğumuz çırağın alovu sıçrayıb ürəyimizi yandırsa belə, əsla təslim olmuruq. Bəlkə də, ümidsiz yaşamağın mümkünsüzlüyü miras kimi ötürülüb insan irqinə və yer üzündə insanın yaradılışı ilə birgə arzu, sevgi, ümid qönçələyib. Yalnız öz istəklərini yaşamağı bacara bilənlər üçün o kiçik, zərif tumurcuqlardan həyatın özü çiçəkləyir və çiçəkləyəcək.

 Çingiz Aytmatovun “Cəmilə” povestində də hadisələr təxminən belə cərəyan edir. Yazıçı aid olduğu Qırğız xalqının milli mənəviyyatını, mədəniyyətini özünəməxsus orijinallıq və ekspressivliklə əks etdirərkən, digər tərəfdən, mövzunun dünyəviliyi ilə əsərin sərhədlərini genişləndirir. Bu bəşərilik əsərin oxusu zamanı bizi mühakiməyə yox, insanın daxili dünyasını anlamağa yönəldir. Povestin baş qəhrəmanı zarafatcıl, şıltaq, qəşəng bir qızdır. Öyrəşilməmiş azadlığı “ayılda hifz olunan təsəvvürlərlə bir araya sığmayan” Cəmilə ailəsi ilə münasibətlərdə də xeyli açıqsözlü və səmimidir. Belə bir xarakterlə o, ayılda, demək olar ki, bütün qadınların həsəd apardığı, kişilərin arzuladığı, lakin əsla çata bilmədiyi obrazdır. Cəmilə dörd aydır ki, ailə qurub, onun evliliyindən sonra II Dünya müharibəsi başlayıb və əri döyüşə yola düşüb. Ailələrin təlaşla cəbhədən xəbər gözlədiyi vaxtlarda digər qız-gəlinlər kimi taxıl daşıyıb, ot biçən Cəmilənin bu yola hansı hisslərlə çıxdığı yazıçı tərəfindən bizə birbaşa bildirilməsə də, Sadıqla onun arasında olan uçurumu cəbhədən gələn ilk məktublardan duya bilirik. Ərindən gələn kağızlarda sətir-sətir ümid gəzən Cəmiləyə yaxşı halda bir “salam” qismət olur. Cəmilənin həyəcanla, bəlkələrlə sətirlərin üzərində gəzişən gözlərində yazıçı qələmi yox, oxucu hissləri yaradır göz yaşlarını. Gecikmiş sevgidən, biganəlikdən imtina edən Cəmilə ayılın ən primitiv düşüncələrinə, adət-ənənələrinə qarşı ürəyinin səsini qoymağı bacarır. Çoxlarının qibtə etdiyi maddi həyatı əlinin tərsi ilə geri itələyir, ürəyindən kənarda saxlayır. Öz həyatı üçün başqaları yox, o özü xəyal edir.  

 Cəmilə hər şeyi: müharibədən qayıtmaqda olan ərinin düşəcəyi vəziyyəti, onu hər kəsdən çox sevən qayınanasının göz yaşlarını, ayılda arxasınca danışılacaq əxlaqsız sözləri yaxşı bilir. Belə bir məkanda və zamanda Cəmiləni bu qədər güclü edən də onun ümididir. Ömür yolunu sevgi ilə işıqlandıra bilmək arzusudur. O bu işığı Daniyarın sevda, həyat qoxan notlarında tapır. Daniyarın əlindən tutub qaçdığı yollara, nəhayət, həyat çiçəkləri səpələnir onun ürəyindən. Cəmilə xoşbəxt olub-olmayacağını bilmir, biz də bilmirik.  Lakin bir şey aydındır, arxasına baxmadan çıxdığı yolun elə başlanğıcında Cəmilə yenidən doğulur və yaşamağa başlayır.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)