Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Mədəniyyət və mədə niyyəti

Nemət Mətin - Mədəniyyət və mədə niyyəti

Nemət Mətin - Mədəniyyət və mədə niyyəti
Ədəbi tənqid
nemət
Müəllif:
09:32, 18 may 2019
1 492
0
Nemət Mətin - Mədəniyyət və mədə niyyəti



  


"Mədəniyyət - insan tərəfindən yaradılmış ikinci təbiətdir" F.Hegel


  Makedoniyalı İsgəndər Hindistan şahını ələ keçirəndə ona bir sual verir:

 -Səninlə necə davranım?

 -Şahlara layiq.

 Bu cavabdan sonra Makedoniyalı İsgəndər əzəli düşməninə bir əyaləti pay verir. Əyalətin idarəçiliyini ona tapşırır. Mədəniyyət sənə sərf etməyən şərtlər olanda atdığın səxavətli addımdır. Tox itə sümük atmaq əməl sayılmır. Robinzon Kruzo kimsəsiz adada yeri zibilləmir. 

Mədəniyyət haqqında dərsliklərdə yazılır. «Kultura» sözünə qədim romalılar özünəməxsus şəkildə tərif vermişlər. Digərlərindən fərqli olaraq onlar «kultura»ya insan fəaliyyətinin ümumiləşdirilmiş tərifini vermişlər. Bu, fəaliyyətin müxtəlif sahələrini əhatə etməklə «texne», «mimesis», «paydey» təsəvvürləri ilə əlaqədar idi. «Kultura»nı hər hansı bir obyektin insan tərəfindən dəyişdirilməsi, yenidən yaradılması kimi qəbul edirdilər. Bu mənada «kultura» anlayışını nəzəri termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə roma natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli Siseron gətirmişdir. Onun «Tuskulan söhbətləri» əsərində bu anlayış məcazi mənada işlədilmişdir. Belə ki, Siserona görə, «kultura» insan zəkasının reallaşmasının özünəməxsus təzahürüdür. Kəndlilər torpağı becərib, ona qulluq edib, məhsul yığdıqları kimi, insanlar da beyinlərini hərəkətə gətirərək, ruhunu təkmilləşdirərək əsil mədəniyyət yaradırlar. Məhz bu xüsusiyyətinə görə M.T.Siseronun məşhur ifadəsi belə səslənir: «Düşüncə mədəniyyəti- fəlsəfədir.»

  H. Cavidin sözü olmasın, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət insanları xilas edəcək. Nədən xilas edəcək? Zəhərli qazlar buraxan maşınlar sürülməyəcək. Qidalara tullantı qidalar qatılmayacaq. Pula, vəzifəyə, şöhrətə görə heç kim heç kimin başını üzməyəcək, torbasını tikməyəcək və s. İdealist düşüncədən bacardıqca uzaq durmağa çalışıram. Yüksək mədəniyyətə sahib ölkə olan İsveçrədə belə şərabların saxtalığı gözə çarpır. Lakin ali səviyyədə mədəniyyətlərini qorumağa çalışan ölkələrdə üstün cəhətlər çoxdur. Səhər işə gecikdiyi üçün bir-birini avtobusda, metroda tapdalamırlar. Avtobuslar tez-tez növbəyə buraxılır. İşə gecikənlərə töhmət vermirlər. Öz uşaqlarının oynadığı parkları zibilləmirlər. Maşının pəncərəsindən siqaret kötüyünü yola atmırlar. Bu yaxınlarda xəbərləri izləyəndə möhtəşəm bir xəbər oxudum. Zibilyığma şirkəti zibilliklərə atılan kitablardan şirkət daxilində kitabxana yaradıb. Bir zibilyığan insan necə geniş düşüncə sahibi olmalıdır ki, belə hərəkət etsin. 

 Uşaqlıqdan uşağın yanında yerə zibil atan valideyn hələ valideyn olmağa layiq deyil. Ən şərəfsiz hərəkətlə uşağa nümunə olan ata övladını uçuruma sürükləyir. Uşaqlarda olan enerji böyüklərdə olmur. İnsan böyüdükcə enerjisi tükənir. Polşada bir gənc alim uşaqlarla təcrübə aparıb. Səhərdən axşama kimi körpə uşaqların etdiyi hərəkətləri təkrar etməyə çalışıb. Səhər 8-də başlayan təcrübə 11-də bitib. Çünki alimin enerjisi 3 saata tükənib. Uşaqların enerjisini düzgün yönəltməklə şəxsiyyətlər formalaşdırmaq mümkündür. 

 Bəzən susmaq mədəniyyətsizlik sayılır. Bəzən susmaq qızıla çevrilmir. Çətin dövrlərdə xalqını öz intelekti ilə irəli aparmağa çalışmayan ziyalı ziyalı adına ləkədir. Qondarma mükafatlar arxasında gizlənən alçaq məxluqlar yalnız özünü düşünür. İradəsiz, xaraktersiz "cansız" varlıqlar haqsızlıq qarşısında susursa, mədəniyyətsizlik etmiş olurlar. Onların niyyətləri mədə doldurmaqdır. Bəzən isə susmaq böyük bir fəlakətin qarşısını alır. Bir nəfərin susmağı yüz ölümün qarşısını ala bilər. 

 F.Engels deyir ki, insanlar yaşadıqları kimi düşünərlər. Bu fikirdən yola çıxıb, demək olar: Yaşamaq, yaşaya bilmək ali mədəniyyətdir. Mədəniyyət - yaşaya bilənlərin silahıdır. 

 Mədəniyyətsizliyin çirkin tərəfi olan - rüşvət, Azərbaycanda ən çox yayılmış virusdur. Öz rahatlığın üçün başqasını çətinə salmaq insanlığa sığmayan hərəkətdir. Rüşvəti kötükdən kəsmədinsə, vəba kimi bütün ölkəyə yayılacaq. İnsanlar tənbəlləşəcək, biri özünü digərindən üstün sayacaq, insanlarda nifrət hissi çoxalacaq. Mədəniyyət insanların ürəyinə rahatlıq gətirir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)