Edebiyyat.az » Ədəbi tənqid » Azad Qaradərəli - Daha şairlərin dərisini soymurlar (esse)

Azad Qaradərəli - Daha şairlərin dərisini soymurlar (esse)

Azad Qaradərəli - Daha şairlərin dərisini soymurlar (esse)
Ədəbi tənqid
Nicat Heşimzade
Müəllif:
01:17, 15 oktyabr 2019
1 554
0
DAHA ŞAİRLƏRİN DƏRİSİNİ SOYMURLAR (esse) “Əyilmərəm, nə ki yer, versələr səmanı mənə!” C.Cabbarlı

                               

                                                                 DAHA ŞAİRLƏRİN DƏRİSİNİ SOYMURLAR


                                                                                      (esse)


                                     

                                                                                  “Əyilmərəm, nə ki yer, versələr səmanı mənə!”

                                                                                                                             C.Cabbarlı




            Heç unutmaram: bir ünlü şairin millət vəkilliyinə namizədliyi məsələsi vardı və hələ mənim də bu kimi oyunlara inandığım çağlar idi. Yəni, kimsə çağırıb-bağırsa, kimsə vicdanlı olsa, kimsə xalqın səsini qazansa (bu üçüncüdən heç olmaz), o deputat ola bilər allah qoymasa...

            Və hələ onda mənim və mənim kimilərin sabahlara inanan vaxtlarıydı. Sabah isə bu günün qarşısında olmalıykən, arxasında ilişib qalmışdı. Bu gün də dünənin kəsif qoxulu qoltuğundan çıxa bilmirdi...

            Məni yallah-yallahla o şairin vəkili elan etdilər. (Düzdür, bunu basabasla, güclə, zor-xoş etdilər, amma durum deyim, mənim bu işə marağım yoxdu, yalan olar: məndə də az yoxmuş – çar-naçar razılaşdım.) İşimi-gücümü atıb müxalifət düşərgəsindən namizəd olan bu ünlünün görüşlərini apardım, şeirlərindən nümunələr gətirdim, nə qədər desən qələt qayırdım... 

            Gərək burasını etiraf edim: o şairi də bu işə elə bil “basməmmədi” razı salmışdılar – eynən mənim kimi! Yaxşı eləyiblər, axsaq atın kor da nalbəndi olar...

            “Xalqın içində”  (çox iyrəndiyim bu ifadənin burada işlənilməsi özü də bir ironiyadır – taleyin ironiyası, mənə də, şairə də) olanda bir şeyə tam əmin oldum: bu “xalqa” və onun “içinə” o şairin göz dikdiyi yerdə kimin oturması  heç maraqlı deyildi. Bu “xalq” hər görüşdə əlimizə baxırdı və tez-tez sual verirdi: “Şair bir şey gətirməyibmi?”

            Şeir qarın doyurmurdu...

            Və bir dəfə köçkünlərlə görüşdən qayıdanda uşaqlardan biri mənə köntöy bir sual verdi: “Müəllim, birdən bizim şairə deputat olandan sonra xalq şairi-zad verərlər, biyabır olarıq e...”

            Bunu deyən oğlan çox gənc idi və hələ ürəyi də, əqidəsi də bir çoxumuz kimi təmiz idi. Mən əvvəl güldüm. Sonra “ey dadi-bidad”, deyib düşüncələrə daldım.

            “Verməzlər, versələr də götürməz...” – bunu isə ürəyimdə dedim. 

           “ Nə yaxşı!............................................................................................”

            O da ürəyində dedi.... 

          İndi xaricdə oturub kef eləyən o gənc yoxsa mənə, bizdə deyildiyi kimi g...ü ilə güləcəkdi...

                                                            ***

            Bilirsiniz nələr oldu?

            Axı hardan biləsiniz? “Ziya Məmmədov adlı eks-nazir şeir yazır...”

            Yox, bu deyil...

            “Bir deputat  vəsiqəsini girov qoyub borc pul götürüb...”

            Bu da deyil.

            “Ermənilər Bakını su yoluna döndərib...”

            Vallah, bu da deyil!

            “Belə o şairə xalq şairi adı verdilər... Götürdü. Bağır basıb minnətdarlıq da elədi...”

            Ba, ba, ba, budu məsələ! Götürdü. Vaxtilə demişdi   ki, o Milli Məclisin qapılarını hündür eləyin, biz oradan düz keçəcəyik!.. Amma indi əyildi və götürdü...

            O xaricdə oturub bic-bic ... ilə gülən gəncin sözü çin çıxdı...

            “Çin” demişkən, Çində uyğurları ov kimi ovlayırlar, quş kimi quşlayırlar...

            Gorun çatdasın, Mahmud Kaşqarlı!..


                                                            ***

            Bu il Bakıda dərisi dabanından soyulan, amma əqidəsindən dönməyən Nəsimi ilidir...

            Yox e, yox, day şairlərin dərisini soymurlar, xalq şairi adı verirlər...

            

                                                                                   Oktyabr, 2019

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)