Edebiyyat.az » Film » Fransız kinosunda Yeni Dalğa

Fransız kinosunda Yeni Dalğa

Fransız kinosunda Yeni Dalğa
Film
Necef Esgerzade
Müəllif:
13:28, 05 may 2019
1 878
0

Yeni dalğa (La Nouvelle Vague) 1950-ci illərin sonunda fransız kinosunda yaranmış hərəkatdır.
 Bu hərəkat həmin illər ərzində ilk filmlərini çəkmiş rejissorları bir yerə toplamışdır.
 La Nouvelle Vague (Yeni Dalğa) termini 1958-ci ilin fevralında ilk dəfə Piyer Bilar tərəfindən “Cinema 58” jurnalında işlənmişdir. Sonralar isə bu ifadə 1959-cu ildə çəkilmiş, əsasən Kann Film Festivalında nümayiş olunan filmlərə aid edilirdi. Sonradan  CNC (Centre Nationale du Cinema – Fransa Milli film mərkəzi) öz reklam kampaniyasında bu termini birbaşa film sahəsinə aid etmişdir.
Bu hərəkat 1956-cı ildə Jak Rivetin (Jacques Rivette) çəkdiyi “Le coup du berger” adlı qısametrajlı filmlə ilk uğurlarına imza atmağa başlamışdır. Yeni Dalğa kino sahəsində aparılmış uzun bir axtarışın nəticəsi deyil. Bu, bir neçə fərqli düşüncəli gənc kinorejissorların görüşməsinin ani  nəticəsidir. Yeni Dalğa həmin dövrün tarixi hadisələrini əks etdirib. Bir növ bu dövrdə cəmiyyətdə  baş verən proseslərin güzgüsü rolunu oynayıb. Misal üçün, tələbə üsyanları, qadınların azadlıq hərəkatı, qüdrətli 30 illiyin başlanğıcı və sair.  Yeni Dalğa həmçinin rejissor olmaq istəyən tənqidçilər qrupunun tarixçəsidir. Həqiqətən də qrupun üzvlərinin bir çoxu (Fransua Trüfo, Jan Lük Qodar Jak Rivet və b.) “Cahiers du cinema” (Film dəftərləri) jurnalında  yayımlanan yazıları ilə məşhurlaşmış tənqidçilər  idilər. Jurnalda yaranmış bu yeni tənqidçi qrupunu “Yeni türklər” adlandırırdılar.
                                               
Bu dövrün fransız kinosu kreativlikdən və orijinallıqdan məhrum idi. Həmin dövrün filmləri yazıçıların əsərləri əsasında ssenariləşdirilib süni dekorativ film meydanlarında çəkilirdi, film qəhrəmanlarını canlandıran şəxslər isə professional teatr aktyor və aktrisaları olurdu.  Yeni dalğanın gənc rejissorları bütün bu qaydalardan imtina etdilər və filmin bünövrəsinə yenidən baxdılar. Onlar davamiyyət qanununa artıq riayət etmirdilər, filmlərdə heç zaman aktyorluq və aktrisalıq təcrübəsi olmayan insanlar çəkilir, çəkiliş üçün real məkanlar seçilirdi. Onlar kameraların proeksiyasını tamaşaçının nəzər nöqtəsinə əsaslanaraq qururdular. Onlar filmlərə yeni çəkiliş texnikaları gətirdilər: Filmdə film oyunu, kadr üzərində pauza, sürət azaltma, sıçrayış. Rejissor tamaşaçının fikrini azdırmağa çalışmır reallığı göstərir. Filmlərdə artıq simvolik mənalar daşıyan dekorasiyalardan yox, gündəlik həyatda görülən mənzərələrdən istifadə olunurdu. Bu hərakat film sahəsini necə olmalıdır kimi yox, olduğu kimi göstərirdi. Yeni Dalğa fasiləsiz olaraq komformist (klassik film tərəfdarları) film müdafiəçiləri tərəfindən hücumlara məruz qalırdı və anti-komformist adlandırılırdı. Yeni yarandığı vaxtlardan Yeni Dalğa film sənayesi nümayəndələrinin və “Positif” (Film dəftərləri jurnalının rəqibi) jurnalının aqressiyası ilə qarşılaşırdı. Yaranmasından 50 il sonra Yeni Dalğa hələ də mübahisələr doğurur və bu da onun həmişə aktiv və inkişafyönlü olmasını sübut edir, baxmayaraq ki, uzun bir vaxt keçmiş və filmdə bir çox dəyişikliklər baş vermişdir.  
1958-1959-cu illərdə hərəkat özünün ən uğurlu illərini yaşadı. Bu dövrdə hərəkatın ən aktiv üzvləri olan Fransua Trüfo, Jan Lük Qodar, Jak Rivet, Klod Şabrol, Erik Romer, Piyer Kast, Jak Doniol Valkroz ilk tammetrajlı filmlərini çəkdilər.
Yeni Dalğa aktyor və aktrisalardan da yan keçməmişdir. Hərəkatın görkəmli oyunçuları Jan Pol Belmondo (“A bout de soufflé”, “Une femme est une femme” filmlərində), Bernadet Lafon (“Les Mistons”, “La Maman et la Putain” filmlərində), Jan Seberq (“Le Petit Soldat”, “Le Mepris”, “A bout de soufflé” filmlərində), Anna Karina (“Le Petit Soldat”, “Le Mepris” filmlərində) və s. olmuşlar.

Yazan: Günel Ağamirli, Sumqayıt 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)