Edebiyyat.az » Film » Kventin Tarantinonun «Şərəfsiz alçaqlar» filmi

Kventin Tarantinonun «Şərəfsiz alçaqlar» filmi

Kventin Tarantinonun «Şərəfsiz alçaqlar» filmi
Film
Necef Esgerzade
Müəllif:
13:05, 25 oktyabr 2019
2 698
0
İndiyədək II Dünya müharibəsi haqqında saysız-hesabsız filmlər çəkilib. Onların arasında sadə insanların həyatı üzərində qurulan, faşizmə qarşı mübarizə aparan tarixi şəxsiyyətlərin qəhrəmanlığından danışan, sıravi döyüşçülərdən bəhs edən və s. filmlər var.
 Bu ekran əsərlərinin hamısı bu və ya digər dərəcədə tarixi faktlara əsaslanıb. Amma Amerika müstəqil müəllif kinosunun yeni mərhələsinin yaradıcısı, «Kriminal qiraət», «Quduz köpəklər», «Billi öldürməli» və s. filmlərin müəllifi Kventin Tarantinonun axırıncı ekran əsəri olan «Şərəfsiz alçaqlar» filmi nəinki tarixi faktlara əsaslanmır, ümumiyyətlə, hamının qəbul etdiyi tarixi reallığı alt-üst edir. Tarantinonun filmləri ifrat dərəcə fərqli, özünəməxsus məziyyətləri ilə seçilir: qara yumor, qəhrəmanların uzun dialoqları, məşhur filmlərdən sitatlar və s. Üstəlik, tamaşaçının gözləntilərinin əksinə olaraq, onun filmləri tamamilə ağlasığmaz axarda davam edir, gözlənilməz finalla bitir.
Inglourious Basterds-film by qurenetin Tarantino
«Şərəfsiz alçaqlar» filmi də sadalanan elementləri özündə ehtiva edir. Rejissor bu filmində II Dünya müharibəsinin nəticəsini fərqli yozumda təqdim edir və alışdığımız stereotipləri məhv etməyə çalışır. Filmdə tarixdən alışdığımız faktın əksinə olaraq, Hitler intihar etmir, o, faşist əsgərlərinin döyüş şücaətindən bəhs edən filmin premyerasında kinoteatrda partlayış zamanı öldürülür, Hitlerə qarşı savaşan Amerika yəhudiləri isə faşistləri xüsusi amansızlıqla qırırlar.
 Tarantino «Şərəfsiz alçaqlar» filmində hər şeydən əvvəl kino sənətinə hədsiz sevgisini göstərib. Rejissor bu filmlə sanki nümayiş etdirmək istəyir ki, o, kinoda Tanrıdır, istənilən tarixi faktı, istənilən vəziyyəti düşündüyü şəkildə interpretasiya edə bilər və onun üçün kino hətta real həyatdan üstündür. Ən əsası isə o bunu kor-koranə yox, intellektual şəkildə, orijinal kino dili ilə gerçəkləşdirir.
 Bu xüsusda alman kinotənqidçisi Georg Seesslenin «Cənab Tarantinonun müharibə elanı» məqaləsində önə çəkdiyi məqamlar maraq doğurur. O, «Şərəfsiz alçaqlar» filmindən bəhs edərək yazır: «Tarantinonun filmi tarixi reallığı diqqətə almayan qisas fantaziyasıdır, çünki onun üçün tək bir gerçəklik var, bu da elə kinonun özüdür. Filmdə Hitler güllələnir, yandırılır və hər tikəsi qulağı boyda olur. Tarantinonun filmi dünyaya bu qədər fəlakət və ölüm gətirmiş şəxslərdən yalnız intiqam almır, o, eyni zamanda, ədalətsiz gerçəkliyin özü ilə haqq-hesab çəkir. Bu çox az filmlərdəndir ki, alman faşizminin tarixini nəql etmir, bu ədəbsiz mifin üzərindən yüngülcə adlayıb keçir.
«Şərəfsiz alçaqlar» qəhrəmanlıqdan bəhs edən tərbiyəvi əsər deyil. Bir anlıq təsəvvür edin ki, bu filmdə gördüklərimiz dünyada da eynilə bu şəkildə reallaşa bilərdi. O zaman faşizm və müharbə haqqında alman əhvalatı bir işə yaramazdı, öz xalqını əvvəlcə cinayətə, sonra fəlakətə sürükləyən cinayətkar haqqında hekayətlər isə yeni mənəvi və siyasi suallar doğurardı.
 İndiyədək istər dünya əbəbiyyatında, istərsə də kinoda nasional-sosializm (nasizm) mütləq şər qüvvə kimi təqdim olunub. Dünyada dəhşətli cinayətlərdə günahkar olan digər rejimlər də olub, amma onlar öz cinayətlərini faşizm qədər açıq-aşkar qəddarlıqla həyata keçirməyiblər. Bu səbəbdən kinematoqrafiyada dəhşət filmləri və nasizm arasında yaxınlıq hər zaman qabarıq olub.
 Amma Tarantinonun filmində nasizm vahid, mütəşəkkil qüvvə, ideologiya ilə hakimiyyətin sarsılmaz birliyi kimi təqdim olunmur.
 Əksinə, burada hərənin öz planı var, hər kəs öz maraqlarına xidmət edir, öz istədiyinə nail olmaq üçün çalışır. Yalnız harizmatik SS zabiti Hans Landa nasizmin ideoloji mahiyyətinə sadiqdir, o,„Alçaq şərəfsizlər“ filminin səhnələrində hər şeyi praktik, sadist hakimiyyətin qaydaları ilə çözür».
Alman kinotənqidçisinin fikrincə, filmdə faşizmin qurbanı olmaq istəməyən insanlar da tam müsbət tərzdə özlərini göstərə bilmirlər: «Burada böyük məsələlərin düyünü çözülür, müharibənin nəhəng subyekti məhv edilir. Tarantinonun kinohekayətində faşizm hardasa diqqətdən kənarda da qalır, faşizm müəyyən mənada bolşevizmə qarşı zəruri müqavimət qüvvəsi kimi də təqdim edilir».  
 Müəllifin qənaətinə görə, Tarantino «Hitleri öldürmək üçün kinonu qurban verir və film bu mənada bütün mərhələləri ötüb keçir».
 Kinotənqidçi film barədə fikirlərini bu sualla yekunlaşdırır: nasizmi təsvir dilinə sığışdırmaq mümkündürmü? Holokost haqqında «sabun operası» formasında danışmaq olarmı? Hitlerə gülmək mümkündürmü? İndiyədək nasizm haqqında aparılmış qızğın akademik müzakirələr bu mövzuda filmləri də öz təsiri altında saxlayıb. Kventin Tarantino «Şərəfsiz alçaqlar» filmi ilə sanki buna son qoyur və «Qordi düyünü»nü sadəlöhv bir tərzdə çözür».

Filmin təsviri: 2-ci Dünya Müharibəsi, Nasistlər tərəfindən işğal olunmuş Fransada “Alçaqlar” adında Yahudi Amerikalı əsgərlərdən ibarət olan qrup, Nasistləri kobudçasina öldürərək Üçüncü Reyx arasında qorxu yayır.
 
Rejissor: Kventin Tarantino
Rollarda: Brad Pitt, Mélanie Laurent, Christoph Waltz, Eli Roth, Til Schweiger…
Ölkə: ABŞ, Almaniya
İl: 2009
Filmin uzunluğu: 153 dəq.

Müəllif: Sevda Əliəşrəfqızı
Mənbə: Mədəniyyət qəzeti

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)