Edebiyyat.az » Musiqi » Opera səhnəmizin kraliçası

Opera səhnəmizin kraliçası

Opera səhnəmizin kraliçası
Musiqi
Necef Esgerzade
Müəllif:
20:51, 04 iyun 2019
2 001
0
  Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, Azərbaycan  mədəniyyətinin tanınmış nümayəndələrindən olan Firəngiz Yusif qızı Əhmədova milli musiqimizin inkişafında əvəzsiz xidmətlər göstərmiş sənətkarlardandır. Özünün unikal tembrli, geniş diapozonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoymuşdur. Onun yaradıcılığında yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti vəhdət təşkil edirdi. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində əsas partiyaların mahir ifaçısı kimi şöhrət tapmış, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmışdır.
      Firəngiz Əhmədova Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər böyük yaradıcılıq yolu keçmişdir. Bakı musiqi məktəbinin birinci kursunda oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəyovun onu dinləməsi müğənninin həyatında dönüş nöqtəsi olur. Firəngiz xanımın səsiniçox bəyənən Üzeyir bəy onu “milli operamızın gələcək qızıl sopranosu” adlandırır və bəstəkarın göstərişi ilə gənc müğənni təhsilini davam etdirmək üçün musiqi məktəbindən Azərbaycan Dövlət Konservatoriyasına göndərilir. Zaman göstərir ki, dahi musiqi ustadı haqlı imiş. Güclü və ecazkar səsi, yüksək səhnə mədəniyyəti Firəngiz xanımı tezliklə milli və xarici operaların əsas partiyalarının ifaçısına çevirir. 
Sənətkar opera solisti kimi teatrın səhnəsində zəngin obrazlar qalereyası yaratmışdır. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında uğurla çıxış edən sənətkarın yaratdığı Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl”,  M.Maqomayev), Nigar (“Koroğlu”, Ü.Hacıbəyov),  Sevil (“Sevil”, F.Əmirov), Səriyyə (“Azad”, C.Cahangirov), Sona (“Bahadır və Sona”, S.Ələsgərov),  Aida, Dezdemona (“Aida”, “Otello”, C.Verdi), Toska, Çio-Çio-san (“Toska”, “Madam Batterflyay”, C.Puççini) və s. obrazlar, ifa etdiyi romanslar və ariyalar Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
       Firəngiz Əhmədova Bülbül, Rəşid Behbudov, Rauf Atakişiyev, Lütfiyar İmanov kimi korifey sənətkarlarla səhnədə tərəf-müqabil olmuş, 1959-cu ildə Moskvada keçirilmiş məşhur Azərbaycan incəsənəti dekadasının iştirakçısı olmuşdu. Firəngiz xanım özü bu barədə deyirdi:““Koroğlu”da mən Böyük teatrda Bülbül ilə səhnəyə çıxdım. Bundan böyük xoşbəxtlik olarmı?”
     Firəngiz Əhmədovanın yaratdığı bir çox obrazlar ölkəmizin musiqi həyatında hadisəyə çevrilmiş, keçmiş İttifaqda böyük əks-səda doğurmuşdu. Moskvada 1959-cu il dekadası zamanı “Sevil” operasında Sevil rolunda çıxış edən Firəngiz Əhmədova  əsarətdən qurtulan Şərq qadınını təcəssüm etdirən bu obrazla moskvalıların qəlbini fəth edə bilmişdi. F.Əhmədova haqqında o dövrdə SSRİ-nin məşhur sənətkarları müsbətfikirlər səsləndirmiş, tamaşanın uğur qazanmasında onunartistlik məharətini və yüksək səs imkanlarını xüsusi qeyd etmişdilər. Fitri musiqi istedadı, məlahətli səsi, yüksək aktyorluq qabiliyyəti Firəngiz Əhmədovanın şəxsində sovet opera sənətinin ən yaxşı nümayəndələrindən birinin yetişməsi qənaətini yaradırdı.
Tarixin müxtəlif dövrlərində yaşamış bir çox xalqların həyat tərzini təcəssüm etdirən obrazların milli koloritini, xarakterik davranış tərzlərini öz oyununda ustalıqla canlandırmağı bacaran aktrisanın qədim Misir fironlarının hökmranlığı dövründə cərəyan etmiş hadisələrdən bəhs edən “Aida” operasında yaratdığı Aida obrazı möhtəşəm idi. Ötən əsrin 70-ci illərində opera səhnəmizdə tamaşaya qoyulan əsər hər dəfə zalda “bravo” sədaları və gurultulu alqışlarla müşayiət olunurdu. Onunla birgə oxuyan o dövrün görkəmli tenoru, Böyük teatrın solisti, SSRİ Xalq artisti Zinoviy Babiyhər dəfə tamaşaçılar tərəfindən çiçəklərə qərq edilmiş səhnədə bu çiçəkləri Firəngiz xanımın ayaqları altına səpirdi. Həmin vaxt “Bakinski raboçi” qəzetində çıxan məqalədəpaytaxtdan təşrif gətirmiş sənətkar Firəngiz Əhmədovanı indiyə qədər birgə oxuduğu Aidaların ən yaxşısı adlandırmışdı. 
      Firəngiz Əhmədova ölkəmizin hüdudlarından kənarda dünyanın mötəbər konsert salonlarında çıxışları ilə Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. SSRİ dövründə xarici qastrolların inanılmaz çətinliklərlə bağlı olduğu zaman Firəngiz Əhmədova Verdi operalarında əsas partiyaların ifaçısı kimi Bratislava, Praqa, Sofiya, Varşava, Buxarest və s. şəhərlərdə müvəffəqiyyətlə çıxış etmiş və fəxri fərmanlarla vətənə dönmüşdür.
      Firəngiz Əhmədova ictimai xadim kimi də səmərəli fəaliyyət göstərmişdir. O, 4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
      Firəngiz Əhmədova opera səhnəsində solist ifaçı kimi qazandığı sənət uğurlarına görə Azərbaycan SSR Əməkdar artisti, Xalq artisti və 1967-ci ildə SSRİ Xalq artisti fəxri adlarını almış, müxtəlif orden və medallara layiq görülmüş, nəhayət 1998-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir. 
      Firəngiz Əhmədova opera səhnəmizdə yeni sənətkarlar nəslinin yetişməsində əməyini əsirgəməmişdir. 1951-1988-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında solist kimi çalışan sənətkar 1989-1997-ci illərdə həmin teatrda ustad dərsləri aparmışdır. Şöhrətin zirvəsində olan sənətkar hələ də gözəl formada olmasına və səsinin möhtəşəmliyini qoruyub saxlamasına baxmayaraq “vaxtında getməyi bacarmaq lazımdır” deyərək 70 yaşının astanasında ərizə yazaraq öz xahişi ilə teatrdan gedir.
      Firəngiz Əhmədova Azərbaycan opera sənətinin sovet dövründə yetişib püxtələşmiş son mogikanlarından biri idi.Onun dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı naminə gördüyü işlər sənətə sonsuz məhəbbət, vətənə və xalqa sədaqət nümunəsidir.
            
       Məqalənin yazılmasında Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühfizə edilən 131 nömrəli fondun sənədlərindən istifadə edilmişdir.

Xatirə QƏDİROVA
S.Mümtaz adına ARDƏİA-nin 
aparıcı arxeoqrafı
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)