Rəssam Əli Qaffarlı (müsahibə)
– Salam, Əli bəy. Xoş gördük. Necə oldu ki, rəssamlığa həvəsiniz yarandı?
– Xoş gördük. Xoş gəlmisiniz. Mən rəssam ailəsində doğulmuşam. Gözümü açandan atam rəsm çəkib. Atamın işlərinə baxanda əlavələr etmək istəyim yaranmışdı sonralar. Əlavələr də edirdim. Acıqlanırdılar.
– Rəssamın əl işinə əlavə etmək istəyi cəsarət tələb edir. Qorxmurdunuz?
– Düzü qardaşımın da həvəsi olub rəsmə. Mən uşaqlıqda əsasən musiqi ilə maraqlanırdım. Yaş ötdükcə anladım ki, yox, sən demə rəssamlıq mənə daha maraqlıdır.
– Siz Sumqayıtda yaşayırsınız. Orada emalatxana açmaq istəyiniz olubmu? Nə üçün məhz Bakı şəhərinin mərkəzində emalatxana açmısınız?
– Sumqayıt sakit yerdir. Amma Bakının əsas qədmiliyi məni cəlb etdi.
– Sizə deyim ki, Sumqayıtda kitab sərgisi olanda izdiham var idi. Yəni, incəsənətlə maraqlanan çoxdur.
– Bilirsiniz, Bakıda emalatxanan varsa, daha rahatdır.
– Rəssamlıqla bağlı daha hansı arzularınız var?
– Fərdi sərgim olmasını istəyirəm.
– Bunun üçün nə etməlisiniz?
– Çoxlu kompozisiyalar işləməliyəm.
– Tanınmış rəssamların öz üslubu var. Sizin üslubunuz varmı?
– Hələki üslubumu tapmağa çalışıram. Daha çox portret işləyirəm.
– Ədəbiyyatla rəssamlığı necə birləşdirmək olar?
– Rəssamlığın içində lirika var. Hərflər rənglərdir. Rənglərin qafiyəsini tapmaq olur. Mən ədəbiyyatla rəssamlığı ayırmıram. Bir ailədir.
– Siz həm də müəllimsiniz. Tələbələrə nə demək istərdiniz?
– Rəssamlığın əlifbası natürmortdur. Ondan başlayaraq hər şey öyrədirəm. Amma bəzi insanlar istəyir ki, alma çəkmədən portret işləsin. Bu düzgün deyil.
– Azərbaycan rəssamlığının gələcəyini necə görürsünüz?
– Əslində inkişaf gedir. Fərdi yaradıcılıqla məşğul olan rəssamlar artıb. İndinin özündə xanım rəssamlar bəy rəssamlara baxmış çoxalıb.
– Təşəkkür edirik, Əli bəy.
– Var olun. Xoş idi...