Edebiyyat.az » Palitra » Pol Qogen

Pol Qogen

Pol Qogen
Palitra
Necef Esgerzade
Müəllif:
20:12, 02 may 2019
2 104
0
1895-ci ildə fransız müstəmləkəsi olan Taitinin əsas limanı — Papeetaya bir neçə ay əvvəl Marseldən çıxmış gəmi yan alırdı. Göyərtədə gəzişən sərnişinlərin gördüyü mənzərə heç də ürək gedən deyildi: kobud şalbanlardan yığılmış körpü, palma yarpaqlarıyla örtülmüş və ağardılmış evlər, taxta kilsə və «Jandarmeriya» yazılmış ikimərtəbəli koma.
Bu gəmidə gəlmiş 47 yaşlı Pol Qoqen sınıq-salxaq ömrünü, ümidsiz arzularını qoyub qaçmışdı. Müasirlərinin gülüb ələ saldığı rəssamı, uşaqların unutduğu atanı və Paris jurnalistlərinin ələ saldığı yazıçını irəlidə heç nə gözləmirdi. Ticarətçilər və çinovniklərlə bir dəstədə vaxtından qabaq qocalmış, hündür və kürəyi əyilmiş insan da sahilə düşdü. Vaxt vardı, indi hamının rədd etdiyi rəssam firavan burjua sayılırdı.  


Sakit, işgüzar və əzzəvara Qoqen


Qoqenin arvadı ətli-canlı, sarışın, danimarkalı Metta həyatından və ərindən razıydı. Bir cüt qara atla qoşqulu fayton, rahat, əntiq mallar və qədim farforla dolub-daşan malikanə, sakit, içməyən, işgüzar ər. Düzdür, onu danışdırmaqçün sözü ağzından maqqaşla çəkmək lazım gəlirdi. Amma at nalını bir əliylə əyə bilən Pol Qoqen başından papağını salmış ədəbsizi birja zalında şil-küt eləyə bilərdi. Onu özündən çıxaran olmasaydı, ayaqüstə yatırdı. O vaxt yazıq Metta hələ bilmirdi ki, malikanə, bank hesabı, hətta onun özü də əsl Pol Qoqenə heç bir dəxli olmayan anlaşılmazlıqdır, səhvdir.


Taxta sabolu dəli


«Birjanı atıram» deyən kimi ən əvvəl arvadı onu dəli adlandırmışdı. Sonra uşaqları da götürüb Kopenhagenə öz evlərinə köçmüşdü. Axı Qoqen Parisin küçələrində taxta başmaqlarda dolaşıb ondan ayrılmaq istəməyən oğlunu yedirməyə bir tikə çörək tapa bilmirdi. Uşaq da tez-tez xəstələnir, atasının nə həkimə, nə də rəng almağa pulu olmurdu. Çəkdiyi rəsmləriysə heç kim almaq istəmirdi. Axşamlar Paris küçələrinin sarı fonarları yananda, teatr və restoranlardan gözəl geyinmiş adamlar çıxıb tanınmış rəssamların sərgisindən bəhs edən afişaların yanında ayaq saxlayanda Qoqen yağışdan yaş olmuş taxta sabolarını gölməçələrdə şappıldadanda kasıblığını anlasa da, heç nədən peşman deyildi, o, bilirdi ki, irəlidə onu şöhrət gözləyir.


Allahlıq iddiası


Qoqenin ayaq basdığı torpaq göy qurşağının bütün rəngləriylə bərq vururdu: palmaların yaşıl rəngi, duru metal kimi parlaq su, rəngbərəng tropik meyvələrin fantastik rəqsi. O, gözünü yumub irəlilədi. Ona elə gəldi ki, öz rəsminin içinə, onun illərlə izləyən, rahat yaşamağa qoymayan dünyaya adladı. Bu dünyanın rəngləri Pol Qoqendə olduğundan daha parlaq idi. Onu dəli sayanlardan hər kimsə gün altında nazlanan Papeetaya bir baxışla baxsaydı, onun bura gəlməsinin səbəbini anlaya bilərdi.
Taitinin torpaqları katolik missiyaya məxsus idi. Adaya gələn kimi Qoqen ilk öncə yepiskop Marteni görməyə getdi. Yeparxiya öz torpaqlarını əldən vermək istəmədiyi üçün Qoqen koma tikməyə kiçik torpaq parçası alana qədər o çoxlu messa dinləməli və dəfələrlə gunahların bağışlanma mərasimini keçməli oldu. Provans monastrında son günlərini yaşayan Marten ata yanına gələn Qoqen pərəstişkarlarına danışardı ki, onun ən böyük düşməni şöhrətpərəstlik  və xüdbinlik olub: «Pol Qoqenin sənətçün yaratdıqlarını yalnız tanrı mühakimə edə bilər, amma insan kimi o çox qəddar idi. Ağlı üstündə olan adam daimi çörək verən işini sənətə görə atarmı? O özü Yaradan olmaq fikrinə düşüb hər şeyi özünün xəstə fantaziyalarıyla əvəz eləmək istəyirdi. O, İblis kimi Tanrıya qarşı çıxdığından günlərini sərxoşluqda, əxlaqsızlında və biabırçı xəstəlikdə bitirib… » Sağlığında Marten ata bu mətni bazar günü moizələrində dəfələrlə təkrarlayıb. Marten atanın narazılığının başqa səbəbi də vardı. Qoqen onun ən sevimli məşuqəsi, 14 yaşlı Anriyettanı əlindən almışdı.


Özünü Allah sayan rəssam artıq yoxdur


Torpağı alandan sonra Qoqen nə kilsəyə gedir, nə də yepiskopu adam yerinə sayırdı. Tikdiyi koma ona min franka başa gəldi. Üç yüz frank isə 150 litr absent, 100 litr rom və iki şüşə viskiyə sərf edildi. Hələlik qalan pulu sabun, tütün və onun yanına gələn yerli qadınlarçün yaylıq almağa çatırdı. O içir, rəsm çəkir, taxta üzərində oyma eləyir, məhəbbətlə məşğul olur və hiss eləyirdi ki, son zamanlar onun beyninə hakim olan fikirlər yavaş-yavaş uçub gedir – özünü Allah sayan rəssam artıq yoxdur.
Bir neçə il əvvəl o, ətrafındakıların hamısına nifrət edirdi. Qoqen kasıb və tənhaydı. Ənənəvi üslubda işləyən rəssamlar bahalı kostyumlarda gəzişir və öz işlərini hər hansı salonda asa bilirdilər. Amma Qoqen özünü tox tuturdu. İncəsənət yalnız özünün inandığı formada olmalıydı.


«İri yumruqlarına baxmayaraq Pol da arvadıydı»


Metta Pol Qoqenin ölümündən sonra dul qadın rolunu oynamaqda davam edərək jurnalistlə bir kupedə gedərkən təsadüfən ağzından qaçırdıqlarını «Qazett de Frans»ın müxbiri olduğu kimi yazmışdı. Kişi kostyumunu əyninə keçirmiş dolu «cənab» kiçik flyaqadan konyak sümürür və uzun Havana siqarının külünü birbaşa divana səpirdi: «Pol elə bil böyük uşağıydı. Bəli, qəddar, xüdbin və tərs bir uşaq. Sizcə, mənimlə niyə evlənmişdi, ona bəyəm qadın lazımıydı?.. O, ikinci anasını, yəni sakitlik, müdafiə, mehribanlıq axtarırdı. Bütün bunları ona mən vermişdim, oysa məni atdı. Beş uşaqla, özü də cibimizdə bircə frank olmayan vaxtda. Bəli, mən onun rəsm kolleksiyasını satıb ona bir qəpik də göndərməmişəm. İri yumruqlarına baxmayaraq Pol da arvadıydı. Sonra şeytan onun qulağına pıçıldadı ki, guya rəssamdı. Onun ucbatından mən, yaxşı ailədən çıxmış qadın dərs deməklə çörək pulu qazanmalı olmuşam. Həmin o axmaq şeytan camaatın başını piyləyir ki, pillu gicbəsərlər onun cızmaqarasını alsınlar».
Kişi xasiyyətiylə fərqlənən Mettanı Qoqen yenə də sevirdi. Taitidə onun məktublarını gözləyirdi. Fransız dilini, eləcə də atalarını unutmuş uşaqlarından heç olmasa ad günlərində təbrik məktubu gəlməyəndə uşaq kimi məyus olurdu. Ailəsini atması onu son dərəcə incidirdi. Keçmiş sahibləri onu yenə də işə dəvət edir və 8 saatlıq iş günü, daimi maaş təklif edirdilər. O, yenə də rəsm çəkib hətta sata da bilərdi. Əgər sabahkı gününü fikirləşə bilsəydi…


Yer üzünün cənnəti

 
150 litr absent çox çəkmədi. Özü də içir, yanına gələn yerliləri də içirdirdi. Sərxoş olandan sonra qamaka sərələnib gözlərini yumanda gözünün qarşısına üzlər gəlirdi. Qaranlıqdan kürən Van Qoqun dəlisov gözləri çıxır, əlindəki ülgüclə onu doğramağa cəhd edirdi. O vaxt Van Qoq öz qulağını kəsib «Məndən yadigar olsun» deyərək ovcuna qoymaq istəmişdi. Müəllimi ağsaqqal Pissaro da gözünün qarşısına gəldi. Uğura qarşı hərisliyini müəllimi ona heç bağışlaya bilmirdi.
… Okeanın tünd göy lövhəsi, dor iplərində mahnı oxuyan külək, sahildəki ağ evlər – burda rəssamlar heç kimə lazım deyil. Gündüzlər əli qanayanadək bellə işləyir, gecələr tropik mığmığalar zülm verirdi. Sonra bu işindən də əl çəkib bir az uzağa, Martinikaya köçür. Çörək ağacının meyvələri orda su qiymətinə idi, suyun özünü bulaqdan götürüb içmək olardı. Yerli qadınlarsa bel bağından başqa heç nə geyməzdilər. Səfil, rədd edilmiş rəssam özünü cənnətə düşmüş kimi sandı, bu cənnət sonra onun rəsm lövhələrində canlanmağa başladı.


«Ləyaqət göbəkdən aşağıda yerləşmir!»


Yaratdıqlarını Fransaya aparıb göstərməyə bir qəpiyi də yox idi. Ona görə yol haqqını ödəməkçün matros kimi gəmiyə işə düzəlib Parisi heyrətə salacağını düşünürdü. Açdığı sərgi biabırçı surətdə uğursuz keçdi. Bütün Paris onun qırmızı itini yada salıb hələ çox güləcəkdi.
Fransa zəhləsini aparan kimi o, Taitiyə yaşamağa köçür. Əvvəl o hər gecəni yeni qadınla keçirmək kimi yerli adətdən həzz alırdı. Sonra başa düşdü ki, bu sehrli adət-ənənə ona yaratmağa mane olur. Arabir qadın bolluğundan da şikayət edirmiş: «Bu axmaq qızlar lap başını itirib. Hər gecə yatağıma soxulurlar. Avropada cinsi münasibət sevginin nəticəsidir. Okeaniya adalarında isə əksinə, sevgi cinsi əlaqənin nəticəsidir. Kim haqlıdır? Əslində bədənini satan daha çox günahkardır. Qadınlar azad olmaq istəyirsə, buna onların haqqı çatır. Qadın  ləyaqətin göbəyindən aşağıda yerləşmədiyini anlayan gün o, özünü azad hiss eləyəcək».
Qoqen özününkü adlandıra biləcək yeganə qadını axtarmağa başlayır. 16 yaşlı Teura adlı qızı seçir. Valideynləri onu çox ucuz qiymətə vermişdilər. Səhər Qoqen quyudan su gətirib əvvəl bostanı sulayır, sonra isə molbert arxasına keçir. Əgər Parisdə qoyduğu rəsmlərdən hansısa satılsaydı, bu xoşbəxtlik daimi ola bilərdi. İşlər satılmır və bir qəpik də xeyir gətirmirdi. Bir ildən sonra dostları onu Taitidən zorla çıxarmalı oldular.


İt kimi yaşamaqçün o, arvadı və uşaqlarını qurban vermişdi


Neçə il sonra Şarl Moris Parislə vida gecəsini xatırlayırdı. Sərgidə Qoqen çoxlu iş sata bilmişdi. Hər şey yaxşı idi. Amma birdən əyilməz və məğrur Qoqen başını əlləriylə tutub hönkürdü. Ağlayaraq deyirdi ki, məhz indi, artıq nəsə alınanda o, verdiyi qurbanın həcmini başa düşür. Uşaqlar Kopenhagendə qalmışdı, o, onları heç vaxt görə bilməyəcəkdi! Ömür ötüb, o isə həyatını it kimi yaşayıb. Can atdığı məqsədi hələ də əlçatmazdı. Ola bilər ki, onun yaratdıqları heç kimə lazım olmasın.
Taitiyə qayıdan kimi Qoqen Parisi və Mettanı da ürəyindən çıxarıb tulladı. O, az işləməyə başlamışdı – əlləri və gözləri sıradan çıxmaq üzrəydi. Yerli gözəlçələrsə onun komasını tərk eləmək fikrində deyildi. Fransadan çıxmazdan əvvəl o sifilisə yoluxmuşdu. Ucuzvari rəqs meydanında qarmağına keçirdiyi qızın sağlam olmadığını ona polis demişdi. İndi ayaqları sözünə baxmır, iki əl ağacına dirənib gəzməli olurdu. Hər iki əl ağacı indi Nyu-York muzeyində saxlanılır. Komasının sütunlarında oyduğu abırsız oymalar Boston kolleksiyasına, yataq otağını bəzəyən yapon pornoqrafik estampları şəxsi kolleksionerlərə qismət olub.
Pol Qogen


Dava-dalaş varsa, deməli, həyat da var!


Onun uğuru Taitidən çox uzaqlarda, elə Parisin özündə baş qaldırmışdı. Əsərlərini alır, haqqında yazılar yazmağa başlayırdılar. Bu məqalələrdən heç xəbəri də olmayan Qoqensə yepiskop, qubernator və yerli jandarmlarla mübarizə aparırdı. O, yerliləri uşaqları missioner məktəbinə verməkdən və vergilərdən yayındırmağa çalışırdı. Cəmi 20 nüsxədən ibarət olan qəzetində (indi onların hər birinin qiyməti qızıla bərabərdir) çinovniklərin karikaturasını çəkir, məhkəmələrdə çəkişir, qəzəbli və axmaq nitqlər söyləyirdi. Əsl həyat artıq bitib, indi o, özünü inandırırdı ki, dava-şava varsa, deməli, həyat da var.
Əslində Qoqen ikinci dəfə bura ölməyə gəlmişdi. Gətirdiyi pullar il yarım bəs eləməliydi. Hər ehtimala qarşı arsen pretaratını da (mışyak) hazırlamışdı. Özünü öldürməyə cəhd eləyəndə zəhərin dozası ölməkçün az, yaşamaqçün isə çox olmuşdu. Gecə səhərə qədər qaytarandan sonra üç gün yataqda qaldı. Özünə gələndən sonra o, heç nə hətta ölümün özünü də istəmirdi. Onun öləcəyi günə hələ üç il var…


Dünyanın ən bahalı rəssamı


1903-cü ilin mayın 9-u gecə vəfat eləyib. Düşmənləri deyirdi ki, rəssam özünü öldürüb. Dostları inanırdı ki, onu öldürüblər. Balışının başında atılmış morfi şprisinin olması hər iki versiya üçün dəlil ola bilərdi. Yepiskop Marten onun dəfnini keçirdi, jandarmlar bütün varidatını sataraq (ən abırsız rəsmlər serjant Şarpiyonun xüsusi cəhdiylə zibilə atıldı) bədbəxt rəssamı basdırıb işi bağladılar.
Əvvəlcə 200-250 frank qiymətləndirilən rəsmləri indi on minlərlə dəyərləndirilirdi. Metta özünə yer tapa bilmirdi, axı böyük bir varidat əlindən çıxmışdı. 20 ildən sonra onlar yüz dəfə də bahalaşdı. İndiyədək atalarına nifrət bəsləyən uşaqları analarının axmaqlığını söyməyə başlamışdılar. İndi onların atası dünyanın ən bahalı rəssamlarından biriydi.

Müəllif: Gülnarə Rəfiq gulnarerefiq@gmail.com
Mənbə: Bizim Yol qəzeti


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)