Edebiyyat.az » Poeziya » Rafiq Əliyev - Ramiz Rövşən, metafizika, invariantlıq

Rafiq Əliyev - Ramiz Rövşən, metafizika, invariantlıq

Rafiq Əliyev - Ramiz Rövşən, metafizika, invariantlıq
Poeziya
admin
Müəllif:
18:08, 27 iyun 2020
2 061
0
Rafiq Əliyev - Ramiz Rövşən, metafizika, invariantlıq





(Əziz dostum və qardaşım Ramiz Rövşənin 70 illiyinə).
 
Söz vaxtına çəkər. 1963-cü ilin sərt dekabrında qatara minib Mockvaya yola düşdüm, SSRİ Elmlər Akademiyasının “İdarəetmə Problemləri” institutuna. Aspiranturaya imtahan vermək üçün. Qəbul olundum. Akademik B.Petrovun rəhbərlik etdiyi şöbəyə. Tədqiqat mövzusunu özum seçmişdim – “İdarəetmə sistemlərində invariantlıq”. Bu vacib nəzəriyyə lap cücərti vəziyyətində idi. Lakin içərimdə uşaqlıqdan və yeniyetməlikdən formalaşmış davranış xüsusiyyətlərimə bu mövzu çox uyğun gəlirdi. İnvariantlıq nəzəriyyəsinin mahiyyəti budur ki, istər texniki, istər bioloji, istərsə də sosial-iqtisadi sistem elə formalaşmalıdır ki, istənilən həyacanlandırıcı təsirlərdən ( basqılardan, zordan, təlatümlərdən) asılı olmasın, o təsirlərə invariant olsun. Məsələn, çəməndəki alaq otu külək əsəndə hər tərəfə əyilə bilir, qonşu palıd ağacı isə invariantdır, küləyin istiqamətindən və gücündən asılılığı yoxdur, çünki palıd qüdrəti var.


         İnvariantlıq nəzəriyyəsinin ideyası dünyaca tanınmış professor G.Şipanova məxsusdur, o, bu ideyanı 1945-1946-cı illərdə təklif etmişdi. Əfsuslar ki, bir sıra Sovet alimləri 1949-cu ildə “Pravda” qəzetində idealoji təsir altında bu ideyanın əleyhinə bir məqalə çap etdirdilər(lap bizdə olan kimi). O məqalədə yazılırdı ki, “invariantlıq ideyası müəllifin elmə metofizik yanaşmasıdır, zərərli elmi uydurmadir”. Vərəm xəstəliyindən əziyyət çəkən müəllif-professor tezliklə dünyasını dəyişdi. Lakin həqiqət idealogiyadan həmişə üstün olduğu üçün 1966-ci ildə Kievda keçirilən beynəlxalq konfransda “İnvariantlıq nəzəriyyəsi” elmi kəşf kimi elan olundu. Bütün konfrans iştirakçıları kimi mən də qurur hissi keçirdim, axı mənim də elmi işlərim bu nəzəriyyənin yaranmasina həsr olunmuşdu(sonralar mənim “İnvariantlıq nəzəriyyəsi”nə aid 2 kitabım çap olundu).


         Bu girişi ona görə verdim ki, həqiqi elm, həqiqi ədəbiyyat, həqiqi sənət hər zaman hər bir ideoloji təsirlərə invariantdır. Metofizik düşüncə daşıyıcısı olan böyük Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatında qırılmış metofizik poeziya bu gün 70 yaşını qeyd etdiyimiz dünyaca ünlü şairimiz Ramiz Rövşən tərəfindən bərpa olmağa başladı, güclü Sovet idealogiyasına invariant olaraq. Düzdür Azərbaycan metafizik poeziyasının yenidən ərsəyə dəlməsində ünlü şairlərimiz Vaqif Səmədoğlu və Vaqif Bayatlının da xidmətləri danılmazdır.


         Ramiz Rövşən tək poeziyada donmuş metofizik buzları qıran olmadı, o eyni zamanda poeziyamıza yeni bir poetik sistem, düzüm, kosmik  düşüncə tərzi gətirdi. Ramiz Rövşən poeziyasının zənnimcə əsas xüsusiyyəti ilahi məntiq, dərin metofizik fəlsəfi fikir bolluğu, qəlbindəki duyğular və sevgi çələnginin vəhdətidir.


         Deyirlər şairlər Allaha yaxın olurlar. Bir müddət əvvəl mən əsl ruhun zadəganı olan böyük şairimiz Ramiz Rövşənin poeziyasının qeyri-səlis məntiqə söykəndiyini “Qeyri-səlis məntiq haqında poetik düşüncələrim” yazımda araşdırmışdım. İndi baxanda görürəm ki, Ramiz Rövşənin poetik məntiqi qeyri-səlis məntiq və ilahi məntiq arasındadır.Onun bu məntiqi Allaha sevgidən doğan məntiqdir və bu sevginin qarşılıqlı payıdır. Allah və ölüm mövzusu Ramiz Rövşənin poeziyasında dominantlıq təşkil edir, hələ bu mövzular yasaq olan vaxtlarda da (zənnimcə yasaq ədəbi prosesin katalizatorudur).

        Ramiz Rövşən görkəmli ziyalımız Aydın Məmmədovun xatirəsinə yazdığı “Tabut” şerində deyir
 
Hələ çiyinlərdə gedir tabutun,
qəbrinin ağzı da açıqdı hələ.
Gözləyir o qəbrin dilsiz sükutu;
sənin sükut payın nə çoxdu hələ!..

Ən rahat, qorxusuz yoldasan indi,
dünyanın ən təmiz, ağ donundasan.
Bircə Allah bilir, hardasan indi;
ömrün əvvəlində, ya sonundasan.

Qeyri-səlis məntiq? Hə - sənin sükut payın nə çoxdur hələ, ömrün əvvəli - ömrün sonu kəsilməzliyi.
“Bircə Allah bilir, hardasan indi”. Yox bu fikir Tanrı məntiqinə söykənir. Tanrı məntiqinin dərkinə iddialı olmasam da bu şeir haqqında belə düşünürəm.
 
Başqa bir şeirdə
 
Bir ölüm havası dəydi üzümə,
Nə gözəl, nə sərin havaymış, Allah.
Sən demə, ürəyim ölümdən ötrü
Darıxan bir bomboş yuvaymış, Allah.

Sən demə, çaşmışam yolu azmışam,
Dünyaya gəlməyim yalanmış mənim.
Sən demə, dünyada anasızmışam,
Sən demə, bu ölüm anammış mənim.

Bu fikirlər tək qeyri - səlis məntiqə sığmır. Ondan yuxarıdadır.
 
Şəxsiyyətinə və əqidəsinə böyük hörmət etdiyim Ramiz Rövşən xalqını, millətini bütün varlığı ilə duyan bir insandır. “Təpədən dırnağa hiss içindəyəm” şeirində yazır


Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
Gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam.
Yox, heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim
Mən sənin yanında dururam
Sənin... küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı
Heç kəs sığal çəkməz düm ağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin.


Bu qədər mənası olan fikirləri, ağrıları bir şeirə sığışdırmaq, milyon ürəyin dərdini bir ürəyə yerləşdirmək başqa planetlərə gedib-gəlməkdən asandırmı? Görünür Ramiz Rövşən qələminin qüdrətindən, kosmik təfəkkürünün böyüklüyündəndir bu.


Ramiz Rövşən bütün varlığı ilə vətənə, torpağa bağlı bir şəxsiyyətdir. Onun vətən sevgisi, Allah sevgisi sonsuzdur.


Qayçıtək Arazı da
Aralığa atdılar.
Bu kəfəni bir az da
Kəsdilər, qısaltdılar.


Kimin əli çıxdısa,
Kimin dili çıxdısa
bu kəfənin altından,
Əlini də kəsdilər,
Dilini də kəsdilər
bu vətənin adından.


…Bu kəfəni bir aç-bax;
hələ diriyik, Allah!
Bu kəfəndən ağappaq
bizə köynək tik, Allah!


Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi, 
Yaşamağa vətən ver!..
 
Palıd invariantlığı, kosmik təfəkkürü, ilahi məntiqi, qəlbində sevgi, duyğular çələngi olan böyük İnsan, əziz dostum Ramiz Rövşənə uzun və mənalı bioloji ömür arzulayıram. Əbədi sonsuz ömrü onsuz da özü qazanıb.
Ramiz Rövşəndən Ramiz Rövşənə uzanan yol daim nurlu olsun.
 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)