Edebiyyat.az » Poeziya » Ələsgər Əhməd - L-Fira

Ələsgər Əhməd - L-Fira

Ələsgər Əhməd - L-Fira
Poeziya
admin
Müəllif:
05:21, 04 sentyabr 2020
4 704
0
Gücün buludlara çatır, əlin aya da təkcə tanrıya can borcun yoxdu Nərminə də var, Elinaya da.




 

Hər kərtənkələ tapdalayanda

Balaca dinozavr öldürdüyümə görə üzülürəm

Aramızda olmayan canlıların,

Dünyadan xilas olmaqlarına sevinib,

Boş yerə gülürəm

 

Ekranda görünən,

Yaşam döyüntülərindən anlamıram ki,

Barmağını tərpədə bilməyənlər,

Qorxularını asar komadan

Dənizdəki dostumun acısı bitmədən

Digər dostumun, dostu

Sümüklərini qaçıra bilmədi

Ölümü tələsdirən sarkomadan

Gözləyənlərin dərdini bilməz ki, gəlməyənlər

-getmədən-

 

Tanrı bizə dua etmək üçün

ən inamsız qismətləri ismarlayır

Elə hər gün

Məryəmləri daşladır,

İsaları mismarlayır

Sən isə,

əllərindən bir-bir ümid uçurdursan

Ulduzlarını saya bilmədiyimiz,

Buludlarını qaya bilmədiyimiz asimana

Gəminin lövbəriylə,

“bir gün hamı qayıdacaq” xətti çəkirsən limana

Dizləri əzilən uşaqlıqların xatirəsidi

Məhəllə-məhəllə unudulan topun hədəf dəyişməsi

Gəlinciyini qucaqlayıb, ağlayan qızın səsidi

Topun qonşunun əlinə yox,

Evinə düşməsi

Sən qadın azadlığı bizik deyirdin,

Hindli qızların hesabları kəsilirdi “brəhməndə”

 

İndi mən də-

 

Yeni bir gələcək həvəsinə,

Keçmişimi sıfırlamışam

Böyütmək unutdurmaqdı-

Necə böyüyürlər? Unutmuşam

İçimdəki uşağın qapısını qıfıllamışam,

Açarı da udmuşam.

 

Yağışlardan çəkinirdim

Torpaq hər addımda palçıqdan yarandığımı xatırladırdı

Özü-özümə deyinirdim

Azad seçimli ərzaqlardan,

Diktatura dadırdı

Göz qapaqlarını örtüb,

“görünməz” klastrafobiyaları görüb,

Baxmaqdan yorulmuşdun

 

Kor olmuşdun?

 

Qırmızı nöqtəyə zillənib,

Yaşıla rənglənirsə mavi gözlərin

Məni buludlardan seçə bilmədimi,

Səmavi gözlərin?

 

Hər dəfəsində kimsə,

İntiharı lənətləyəndə,

Zürafələr təbiət qarşında başlarını əyəndə

-ikiləşirəm-

Çəkilməyim,

Ya çəkilim?

.. yoldu

Dənizdən məzarlığa üzəndə,

Adını təkrarlayıb, fikirləşirəm

 

“Sənin başdaşında şəkilin,

Mənim başdaşınla şəkilim oldu”

 

 

 

Sumqayıtlı dostum uşaqlıqda,

Pişiklərin bığını kəsərmiş

Acını hiss etməsinlər deyə

Özü də kim?

Bayram universitetlərin, qurban tələbəsi

Üstü-başı qoxuludu

 

Şəhərlərin görünüşü qorxuludu

İntihar məkanları

Bakının dənizi,

Sumqayıtın 14 mərtəbəsi.

 

Ayaqlar insanları qucaqlayır,

Getməsinlər deyə

 

Küləyin ovcunda uçan-

Uçurumun sonuncu addımına qədər qaçan

Tələbə qızın fərdi işləri

Oxuduğu kitablardan öyrəndiyi

Və öyrətmək istəmədiyi vərdişləri

Əlindən alınmış arzuları

Balaca bir taxtalı evi,

Otların üstündə xoşbəxtlik rəsminə çəkilən quzuları

Sənin bu xəyalların

Mənim də gerçəkləşdirə bilməmək dərdim

Məsələn:

Bacım yaşasaydı,

Dayı da ola bilərdim.

 

Onu xatırlayırsan?

Otağın qaranlığından,

İçimdəki işıqlar söndü

Qayıtmadı,

Qayıtmaq istəmədi

O günlər deyərkən

“O” günlərə döndü

 

Uşaqkən,

Göyü o qədər daşladıq

Tanrı planetləri böldü

Sülh quşları da öldü

Qorumaq istədiyin insanlar söyüldü,

Döyüldü. Bağışla məni

 

Çox uzundu.

Hər şeyi uzatdığımdan, pislənirəm

Təsir etmir.

Daha da uzada bilmədiyim misralar üçün heyfislənirəm

Bilirsən,

Adamın danışmağa kimsəsi olmayanda yazır da

Hal-hazırda

 

Gücün buludlara çatır,

əlin aya da

təkcə tanrıya can borcun yoxdu

Nərminə də var,

Elinaya da.

 

Bilirdinmi?

Sevgi-

Günəşlə də quruda bilməyəcəyin “yaşdı”

Xəzinənin üstündəki ilanın,

Bəzəyində gizlədilib sirrlər

O qədər tabutlar qaldırdıq ki,

Şəhid anaları dünyanı ağ yuyub,

Qara sərirlər

 

“Üzülmə, ana

Bir də gördün oğlun,

Ayaqlarının altına yaxınlaşdı”

 

Bədənimizin nə qədərisə,

Sudan ibarətdir

Bəs,

Niyə içimiz yanır?

Səni sevən adamlar möcüzəyə,

Məni aldatmaq istəyənlər bəzəyə inanır

 

 

Və günəş oyanır:

Sabahın xeyir

Mənim sənə yazmaq istədiklərimdən,

Xəbəri var allahın?

Xeyr.

Yazıla bilməyən,

Kiminsə deməyə dili gəlməyən,

Yolların səkisində gəz

Bircə bunu bil

Hərflərin fərqliliyi,

Sözlərin eyniliyini dəyişdirməz

 

Nə vaxtsa

Parkların birində eynəyini taxıb,

Heç kimi görməmək eşqinə düşərsən

 

Saatına baxıb,

Fəsilləri dəyişərsən

Qaranquşun dimdiyində uçar vaxtı

Buralarda yaşamaq-

Fahişəxanada bakirə qalmağı bacarmaqdı

 

“Sevmək” sevilməyənlərin yaratdığı,

Ritual feldi- qışqırarsan

Viski şüşələrini sındırdığın klubda

Amma sənin də haçansa,

Bir sevdiyin olub da

 

Dünyaya düz baxsam da

Gözlərim əyridi

Təsəlli-

Boş yerə eşidilən sözlərin xeyiridi

Qalibiyyətinə sevindiyimiz zövqlər,

Məğlubiyyətə uğrayır

Sənin güləndə dişlərin gözəl görünür,

Mənim dişlərim ağrayır

Fərqimiz budur

Sən torpağa ana olursan,

Məni torpaq udur

 

Biz irqçi deyilik

Amma rənglər,

Özlərini dərilərdən üstün aparır, nə etmək olar?

 

Ağlayacağını bilə-bilə

Güldüyümüz zəncilər də ağarır, nə etmək olar?

 

Bir yolun kənarında gülümsəyəsən

Göz qırpımlarım şəkilini çəksə,

“Qəşəng düşdün deyəsən”

Düz yol?

Gülməlidir.

Bir yol ki sənə,

Qəzadan yayınmağı öyrətməyəcəksə

 

Və bil ki,

 

Yoxluq- kar qulaqla

Eşidiləcək qədər yaxın

Azadam deyən dustağın,

 Ayağından gələn zəncir səsidir

 

Heyəti olduğumuz həyat-

Gecə bir əsgəri oyadıb,

“Alo de, atandır” deyəndə 

“Mənim atam yoxdur” deməsidir

 

Sadəlik gözəllikdir düşünürsən

Üşüyürsən

Gözlə, əllərini sıxım,

Damarlarının temperaturuna baxım

Bunlar ki, buz salxımıdı

Bilmirəm, nədi. Fəqət, əl deyil

Axı,

Can almaq da sadədir,

Gözəl deyil

 

Sənin heç nəyə ehtiyacın yoxdur,

Heç nənin sənə ehtiyacı var

Berlində qarşılaşsaq,

Yazdığın sonuncu mesaj kimi baxarsan

Görərsən,

Hardasa buralarda sarı yarpaqlı dar ağacı var

Məni güllələyərlər,

Birini də sən çaxarsan. 

 

Lənət olası Almaniya

Gəlmədin, gəlmədin, gəlmədin.

 

Əziz, defektoloq,

Uşaqlığımla məşğul ola bilmədin.

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)