Edebiyyat.az » Poeziya » Şükür Əli - Şeirlər

Şükür Əli - Şeirlər

Şükür Əli - Şeirlər
Poeziya
admin
Müəllif:
21:56, 03 dekabr 2020
1 396
0
Şükür Əli - Şeirlər


Balıq və balıqçı

Ömrümün hansısa günü itib elə bil,
Düşüb... düşüb yaddaşımdan haradasa.
Bəlkə də başım səni sevməyə qarışmışdı onda,
Ya da Bayıl üçün darıxanda
Bəlkə də avtobusda ,metroda
Hara tələsəndə,
Çayxanaların birində,
Çəkiblər düşüncəmdən..
Bəlkə də dostlarımın biri,
Oğurlayıb gizlincə.


İtib hansısa gün..bilirəm
Yoxluğunu hiss edirəm həmin günün,
Nə oldusa ondan sonra oldu
Yoxsa bu qədər qaranlıq deyildi göy üzü
Və bir o qədər buludlu.
Mən də tək deyildim bu qədər.
Çox da olmasam birazca ümüdli,
Azca dərdli idim.
Hələ düşüncəmdə qara dəliklər,
Doğulmamışdı,
Gözlərim boşluğa bənzəmirdi.


Ömrümün hansısa günü,
Bəlkə də dəniz sahilində
Qumların içinə,
Ulduzlara baxanda,
Düşüb yaddaşımdan.


Bilmirəm ki,
Çoxdan onu küləklər qapıb,
Dalğalar dənizin altına çırpıb,
Bir balıq udub onu,
Sonra yad bir sahildə 
Bir balıqçı tapıb o balığı,
Bircə gün uzun yaşamaq üçün,
Arzu tutub.
Sonra yaşayıb və unudub.

   ***
Dondurma  şeiri.

Bir az sən var idin ,
Zamanın tərkibində.
Bir az da mən.
Bir az sevgi,
Bir az da ayrılıq .
Ona görə dadı damağımda qalıb,
Uşaqlıqda yediyim dondurma kimidi,
-İndi ələ düşmür əvvəlki zamanın dadı.



Böyüdük boyumuz keçdi,
Atamızın boyunu.
Qırışdı əllərimiz,
Anamızın əli kimi.


Tapşırdıq uşaqlığımızı,
Qonşuluqdakı xalaya.
Çıxıb getdik 
Həkimə getmək adıyla.
Uzaqlara...


Böyüdük, böyüdük,
Ulduzlardan
Qara dəliklərə döndük.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)