Ələsgər Əhməd - İsanın atası olsaydı.
Poeziya
Ələsgər Əhməd - İsanın atası olsaydı.
Anatidaefobiya – bir ördək tərəfindən izlənilmə qorxusu.
Qazlar romanı xilas etdi,
Hörümçək Məhəmmədi
Süleymanın cəhənnəminə,
Sunamilər gətirirdi qarışqa ordusu
Heyvani görüntülər,
Vicdanınızdakı ədalətli döyüntülər buna gözəl demədi
Həmin döyüntülər,
Ayrılan cütlüklərin unutduğu video-kasetdi.
Yatmazdan öncə “Donald Duck” izləyib,
Qorxan uşaq qədər çarəsizsən
İzləmək mi,
İzlənmək mi daha yorucudur?
Dünyaya necə gəldiyini düşünürsən
Əslində prezervativ də
Cinsəl yox,
Valideynliyi ürək məsələsi bilənlərə
Beyinsəl qoruyucudur
Pəncərəni çöldən buxarlayıb,
İşarətlər çəkir, uşaq ölümləri
Yəqin ki, anlamırsan,
Rəngarəngliyi güldürür, təkrar-təkrar istəyirsən
İzləmək üçün qaşığı da yeyirsən
Azadlığını dramatikləşdirir
Boz təfəkkürlərlə fırçalanmış cizgi filmləri
Sənin hələ gözlərində,
Ananın ağlamağı kinayədi
Sənin üçün hələ uşaq oyuncağıdı,
Qəddafinin cinayəti
Bilirsən?
Piyadalar şahlara əzilərlər,
Fillərin gedişlərində
Səmazən rəqsində,
Ulduzların bağrı yarılar
Buludlar yodlanmış pambıqlar kimi ağrıyarlar,
Süd dişlərində
Böyüyəcəksən
Alışqanın evdə qalanda
Siqaretini yandırmağını istəyəcək küçə gözəlçələri
Və hər saatın tamamında,
Eyni səsi çıxaracaq divar saatı sərçələri
Tanımadığın qadınların,
Çiyinlərində islanacaq gödəkçələrin
Elektrik xətləri
Makiyajını pozanda küçələrin,
Evə qaçıb, “A Serbian” filmini izləyib,
İyrənə də öyrənə də bilərsən
“Metamarfoz” oxuyanda
Sevdiyin qızın, görmək istədiyi oğlana da çevrilərsən.
Hətta həbs də edərlər
Bədəninin yumşaqlığını yoxlayar dəmir alətləri
Sabirin buz şeirində,
Yıxılmamaq hikkəsiylə sürüşərsən
Everestdən himalaya,
Himalayandan comolunqmaya qədər
Təbii ki, bilməzsən
Hansı şeirin, neçənci misrasıdı
Mixail Yuryeviçin Qafqaz dağlarına qışqırdığı kədər.
Xərçəng xəstəliyinin
Nə olduğunu eşidəndə
Saçını kəsdirməkdən qorxarsan
Bethovenə karsan deyəcək qədər, kobudsan
Unutsan,
Özün olarsan, onun görmək istədiyi “Sən”
İntiqamlardan əl çəkib
Nazım Hikmət oxuyan sevgililərinə,
Xəyanət etməzsən
Çərpələngini uçurdan küləyi,
Ailə biləcək yetimlər
Məqsədlərinin üzərində,
Səni rəqs etdirməyəcək alqoritmlər
Elm sahiblərinə çəmkirəcəksən
Fizika kvantdı
Uşaq islanmasın deyə,
Üç nəfərlik çardaq qurmaq istəsən də təksən
Suriya vətəndaşları doğuluşdan miqrantdı
Birdən yadına düşər
Sonsuzluq övladındı
O sonsuzluq ki, göylərdə də hökm sürür
Günəş də qadındı
Bir az da böyüyərsən
Zəhrimar- ilan zəhəri oxunar ərəb əlifbasında
Qılınclar,
Qalxan qığılcımlarından odlanar
Dəmirçinin əllərinin pasında
Vəhşi quşlar,
Qəfəsdəkilərin sancılarından qanadlanar
İlk ayrılıq şeir də yazdırar,
Şəkil də çəkdirər
Vərəqin bir üzündə yaşıllıq dovşanları,
Gözünü qorxudan cizgifilm boztövrüdü
Digərində misralar:
Qadınlar var ürəyi yumşaqdı,
Qadınlar var daş dövrüdü
İranlı şairlər,
Filmlərdəki gözəl qadınları şallağlayırdı
Film demişkən
Maxbalbaf bir filmində kaktusa su vermək üçün ağlayırdı
Sad sözü şad olurmuş
Siqaret tüstüsünə boğulan tülkülərin,
Quyruq əlavəsiylə
İntihar edəndə
Gözlərini yumursan, ölümü görmək üçün
Taxta qutunun üstünə çıxıb, bədənini yellətmirsən
Əkiz olursan,
Nida işarəsiylə.
Piramida quldarları,
Heyfislənir
Üzləri solğun görünür, misir ehramlarından
Nə vaxtsa,
Bir tortun üzərində düzülmək arzusu hiss edirsən,
Bütün kilsə şamlarından
Şam ağacları, ağ nizələrdi
Köksünə buz salxımları sancılır, üşü.
Və sonuncu şam yeməyi
Bir növ bağışlanmaq idi, İudanın öpüşü
Ya da dodaqlarını, unutmuşdu bəlkə də
Amma bəlkələr yalançı
Korların “mən səni hardasa görmüşəm”
Dediyi ölkədə.
Məzarlığa yaxın evlərin,
İçində canlı ölülər
Başdaşları pəncərə sındırırlar
Zədəlisən
Ağlındakı qəlibi qırmaq istəyənlər
İçindəki qəlbi qırırlar.
Bu sənin həqiqətlərini
Göstərən kadrdı, inci
Kvazimodaların təbəssümü
Yumoristləri ağladırdı
Humanistləri müharibədə şəhid edirdilər, Davinçi
Fironlar kənizlərlə,
Musalar dənizlərlə gəzdi
İsanın atası olsaydı nə olardı?
Olsaydı,
Bunları ona deməzdi.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Zahid Sarıtorpaq - BİR UÇUŞUN SONUNDA ARZULANAN TÜRKÜ
LALƏ HÜSEYNOVA - SİRR
Nəcəf Əsgərzadə - İsanı kim xilas edir?
Joze Saramaqonun “İsanın İncili” – Kənan Hacı
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Rafiq Tağı - Qatilə didaktika dərsləri (hekayə)