Edebiyyat.az » Poeziya » Rəssam Yusif Mirzənin şeirləri

Rəssam Yusif Mirzənin şeirləri

Rəssam Yusif Mirzənin şeirləri
Poeziya
admin
Müəllif:
23:51, 18 dekabr 2020
1 356
0
Rəssam Yusif Mirzənin şeirləri





Amadeo Modilyaniyə

İri şəhərlər,
Böyük meqapolislər,
Anlamazlar tale acılarını.
Sevindirməzlər xoşbəxtlik arayanları.
Nə göz yaşlarına baxmaz,
Nə giley-güzara inanmazlar.
O da ola,
İşvəli fransız gözəlləri tək,
Cilvələnən Paris...
Paris...Paris...
Je t aime...
Tale nə qədər dönükdü,
Yoxsul yersiz-yurdsuz,
Bir qərib rəssam
Dolaşırdı
Küçələrdə.
Monparnas, Monmartr...
Kimlərsə pul-para
Qazanırdı,
Kimlərsə şan-şöhrət
Arzusundaydı.
Kimlərinsə taleyi ilə
Oynalırdı.
Kimlərsə aldanılırdı.
Sevilənlıər sevilirdi,
Atılanlar atlırdı.
Sən elə dahiydin,
Modilyanı
Parisə gəlsən də,
Gəlməsən də
Paris yaşatmadı səni,
Sən onu sevsən də.

Aprel-may 2012
Bakı. Xaqani-4. Emalatxana





Elegiya

Ustad Müslüm Abasov üçün gecikmiş elegiya

Ustad...
İçərişəhərin
Sevdiyin evləri,
Dar küçələri,
Çoxdan sökülmüş.
Zəfəran rəngli işıqlar
Süzən,
Lampaları çoxdan
Sönmüş...
Sən gedəli..
İçərişəhər də,
Daha həminki içərişəhər
Deyil,
Dəyişib tamam...
Atılıb, ya da satılıb.
Qədimnən qalma
Nə var.
Qara rəngli, bəzəkli-
Naxışlı,
Köhnə tikiş maşınları,
Daha az tapılar.
Ya da heç tapılmaz...
Ustad,
Rəsmlərində bir dünya var.
Qeyri-adi rənglər
Danışan.
Sirli –sehirli işıqlar
Sayrışan.
Palitranı görməmişdim,
Kaş görəydim.
Emalatxanana
Gəlməmişdim,
Kaş gələydim.
Heyhat...
Bir an kimi ötüb keçdi
Həyat.

Sentyabr-oktyabr 2012.



Babil qÜlləsi

Qalxıb pilləkəni,
Keçib zalları.
Fırlanıb, dolanıb,
Qalxdım yuxarı
Gör neçə pəncərə ,
Gör neçə qapı...
Uzun tunellərin
Sonu görünmür.
Çıxışlar bilinmir,
Qatlar bilinmir.
Bu qüllə bu qədər
Hara yüksəlir.
Məndən aşağıda
Buludlar keçir,
Ulduzlar sayrışır,
Ay şəfəqlənir.
Nə qədər yüksəyə
Qalxmışam indi,
Əlim, ayağım da
Yerdən üzüldü.
Yamanca soyuqdur,
Üşüdüm, Tanrım.
Mənə bir yol göstər,
Yerə qayıdım.

Fevral 2012


Dua

Üzümü çərçivəyə,
Təzəcə çəkdiyim
Kətana söykədim,
Sanki özüm də bilmədən ,
Qəfildən, səbəbsiz
Dodaqlarımı ona
Toxuduraraq,
Son bahar 1998
t yavaşca öpdüm.
hələ rəng dəyməmiş,
tanış, bakirə qoxusunu
sinəmə çəkdim...
və dua etdim.
ağappaq dünyadan
mənə baxan
sənət ilahəsinə...

2 dekabr, 2008.
Emalatxana




Laçına qar yağır

Bir il içərisində dünyalarını dəyişmiş
Atamın və Anamın əziz xatirələrinə


Eşidirsən...
Laçına qar yağır,
Ağappaq, bəmbəyaz
Yumşaq.
Laçına qar yağır,
ağ çiçəklər,
ağ ləçəklər,
Ağ kəpənəklər
uçur uçur havada,
Ehmalca, aram aram
qonurlar torpağa.
Laçına qar yağır,
hər tərəf sakitlik,
Hər tərəf dümağ,
Hoçaz qayası ,
Mərkiz dağı
Boz duman içində.
Laçına qar yağır,
Eşidirsən...
Dinləyirsən...
Xatırlayırsan...
Niyə ağlayırsan...
Niyə ağlayırsan...

Dekabr 2000-2003


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)