Şair Süleyman Abdulladan yeni şeirlər.
Poeziya
Şair Süleyman Abdulladan yeni şeirlər.
SONBAHAR ŞEİRİ
Qoruyucu kəməri yoxdur gözlərimin,
Özün düşün düşməməyin çarəsini...
Pərçimlənib səhrada qadağan lövhəciyi,
Ariflər də anlamaz bəzən işarəsini.
İndi vaxtı deyildir döşək sərə yer qardan,
Vaxta aldanmağın da özü qorxunc pusudur.
Gələn pıçıltı nəydi gedən qaraltılardan,
İndi hər səsdən yaxın külək uğultusudur.
Axıb gedir qum layı dalğalanan su kimi,
Bir zərrə ay işığı bilməz yan ötüşməyi.
Uzaqların milidir çəkilən yuxu kimi,
Bir qaraltı suğudub gözləyir tir düşməyi.
Bu səhra da daraldı ürək genişliyində,
Danış əzablarından sıxılanda kiməsə.
Bütün yollar qurtarır dərd yüklü dörd çiyində,
Ümid olanlar çoxdu yıxılanda kiməsə.
Dünya da bəs eləmir adam darıxsın hər gün,
Sıxıb durmağa çatmır küncə nəfəslərini.
Eh, kimdi o, sübhəcən ağlayıb getmək üçün,
Külək geri qaytarır hıçqırıq səslərini.
ÇIXARSAN
Dörd fəsildir ömür, dostum, bu yaz da,
Gecəsindən gündüzünə çıxarsan.
Haqq dediyin şəkk-şübhədir bir az da
Bir gümanla lap yüzünə çıxarsan.
İşıq gəlib zərrə getməkdir axşam...
Zülmət sonda görünəcək sirr,- ağ şam.
Dərə keçib dağ aşarsan, bir axşam,
Səhraların boz düzünə çıxarsan.
Ümid ara, təsəlli tap,- fanidir,
Acı ləzzət, şirin əzab fanidir.
Bu yer...
bu yurd...
bu dünya lap fanidir,
Sonda gedib göy üzünə çıxarsan.
QARLI ŞEİR
Üzü qışa gedən adam,
Ayaq altda yol dururmu?
Qarşıda dev zirvəmi var,
Yolqırağı uçurummu?
Yön tutanda yolu düz tut,
Tutmağa üz varsa üz tut.
Göydə olanı ağ bulud,
Yerdə boz yel uçururmu?
soyuqda oynayır bu dam,
yandırmağa gərəkdir şam...
üzü qışa gedən adam
bir çimir mürgü vururmu?
SARI ŞEİR
Üfüqlərə baxıb gördüm,
Dünyanın hər yeri sarı.
Göylərin bəti-bənizi,
Şairin şeiri sarı.
Keçib gedir hərə bir cür,
Arada dinc, bərədə kür...
Özün bilmədən bir ömür,
Yol gedirsən biri sarı.
Qollarını az bara aç,
Tanrı verməz kimsəyə bac.
Yarpaq-yarpaq çökür ağac,
Xırda yaşıl, iri sarı.
APARIR
Od ələyir kin adama,
Çor gətirir, çər aparır.
Ürəkləri su yanğısı,
Sifətləri tər aparır.
Yaman artıb qarğa-quzğun,
Hökm eləyir azğın-uzğun.
Nəhs oyundur, udan qızğın,
Uduzanı zər aparır.
Tanrı kəssin pis seyiri,
"Kim demir"i, "nə deyir"i...
Arzuların nə Xeyiri,
Olanı da Şər aparır.
ÇOXDANIN ŞEİRİ
Mən kiməsə güvənməyi
Çoxdan unutdum ey, çoxdan.
Ummuram heç nə heç kimdən,
Eyləmirəm giley çoxdan.
Yalandın, ya düzdün,- olsun,
Mənmi, ya sən küsdün,- olsun.
Ürəyimi üzdün, olsun,
Unudulub hər şey çoxdan.
Olan olsun az ovcumda,
Yay ovcumda, yaz ovcumda.
Əlim darıxmaz ovcumda,
Az olanımdır yey çoxdan.
GÜNÜQARA
Hər gün ağlamaqla, sızıldamaqla
Ağını çıxartdın, a günüqara.
Dost olsa nə vardı, sən başımıza,
Yağını çıxartdın, a günüqara.
Yazıqsan, demərəm, od tutsun canın,
Atəşlə sarılıb nədən dörd yanın?
Uğura aranı qoyub dünyanın,
Dağını çıxartdın, a günüqara.
Çıxdığın budağı kəsirsən özün,
Alma dərmədədir, gah armud, gözün.
Ən ciddi söhbətin, ən ali sözün,
Lağını çıxartdın, a günüqara.
Keçdin keçidini, aşdın yolunu,
"Olan olmaz"ını, "olmaz ol"unu...
Qatdın ölüsünü, çaşdın solunu,
Sağını çıxartdın, a günüqara.
Titrətdi çəkdiyin ah sütununu,
Gah lay divarını, gah sütununu...
Uçurtdun qəlbimin şah sütununu,
Tağını çıxartdın, a günüqara.
13.04.2021
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Əlabbas Bağırov - Köhnə kişi
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)