Edebiyyat.az » Poeziya » Elvin İntiqamoğlunun şeirləri(ilk dəfə)

Elvin İntiqamoğlunun şeirləri(ilk dəfə)

Elvin İntiqamoğlunun şeirləri(ilk dəfə)
Poeziya
admin
Müəllif:
14:17, 28 iyul 2021
2 149
0
Elvin İntiqamoğlunun şeirləri(ilk dəfə)





Elvin İntiqam oğlu Məmmədli 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olub. 

2014-cü ildə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbi, 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 

Bir sıra mətbu orqanlarda şeirlərinə yer ayrılıb.

Vətən müharibəsinin iştirakçısıdır. 

“Füzulinin azad olunmasına görə” medalına layiq görülüb.




DAŞ DÖVRÜ

Niyə gəldin?
Cavab ver –
Daş heykələ oxşama...
Başın gec dəyib daşa,
Getmək fikrin olsa, səhər gedərsən –
Hava xəbərlərində
Daş deyiblər axşama!

Yəqin, elçi daşından yorulmusan,
Gəlməyib ağ atlı oğlan –
Daşdan səs çıxdı,
Səndən yox...
Danış, səsinə qurban!

Ümidlərim dünyasını dəyişib,
Xəyallarım azıb yolun –
Bir daşla ikisin yerə salmısan...
Keçmişə getməsin ağlın -
İndi tənha qalanlar
bağışlamır gedənləri...
Daş dövründə qalmısan!



        DİAQNOZ

Sən gedəndən heç nə yolunda getmir –
Beynimə ayrılıq sızıb,
Yaddaşım itmək üzrədi...
Həkim hər gün yeməkdən bir saat sonra
Bir qaşıq təsəlli yazıb!

Bir az da diqqətlə baxsan alnıma,
Görəcəksən:
Yazılıbdır Allahın qələmiylə son yazı –
EŞQ...
Damarlarım qan ağlayır sənsizlikdən –
Razılığa gələ bilmir
Ağ həsrət qırmızı eşq!

Zahirimdə daxilimi ifadə etdirmirəm mən –
Üzümdə dörd günlük gülüş,
Ürəyimdə dördhissəli qəm tapılıb.. 
Gəl, tanış ol son halımla –
Bu günlüyəm, sabahlığam,
Qismətimdə bədxassəli qəm tapılıb!


MƏLƏK QIZ

Doğularkən ölən qız,
Şükür elə, görmədin
Çölü bərli-bəzəkli,
İçi bomboş bəxti sən –
Üzülmə,
Dünyanın ən günahsız xoşbəxtisən...

Atan Mələk qoyacaqdı adını,
Anan səni mələkdən çox sevirdi...
Adın qədər yaşadın:
Allahın ölüm mələyi
Bu dünyanın Mələyini
o dünyanın mələyinə çevirdi...

Nə dərdin öldürdü səni,
Nə də bir boğazlıq ip –
Ölənlərdən rahat öldün...
Sənə "sağ-salamat gəl" dedi hamı,
Sən sağ-salamat öldün...

Bəlkə də, sən
yeganə körpəsən ki,
Doğum günün, ölüm günün
Eyni ildi,
Eyni aydı,
Eyni gündü,
Hətta eyni saatdı...
Allah haqqı, ora burdan gözəldi –
Səni Allah cənnət üçün yaratdı...

BİZİM ERADAN ƏVVƏL

Mağara dar olsa da,
Ulu icma yığışıb...
Ən savadlı adamlar
Qırıq-qırıq danışıb...

Hər şey olub bərabər,
Yox idi bəy torpağı...
Varlı-kasıb geyimi:
Ağacların yarpağı...

Hər kəs eyni süfrədə
Toplaşardı bir yerə...
Çaxmaq daşı hamını
Toplayardı bir yerə...

İndi dövran dəyişib,
İndi dünya baş-ayaq...
Biz hardaydıq, görəsən,
Yeddi yüz min il qabaq...

GƏLİŞ ÇAĞI

İndi gəlsən, ömrümü
təpədən dırnağacan
dərd içində görərsən –
Dərdin az çağında gəl...

Yazım baxışlarından,
saçından, gülüşündən –
Sözün söz çağında gəl...

Payızda gəlsən, yerə
sarı ümidlər düşər –
İlin yaz çağında gəl...

Qışın oğlan çağında
üşüyərsən, donarsan –
Qışın qız çağında gəl...


AYRILIQ

Əzizim, ayrılıq görəndə bizi, 
Çəkilərdi kənara – 
Sən öyrətdin
Ayırmağın yolların ayrılığa...
İşığa and içirdin ki, səndən ayrı qalmaram, 
Bir də belə səhv eyləmə...
Kor baxarsan işığa!

Şeytan deyir: - Götür balıq qırmağın,
Üz tut dəniz tərəflərə,
Yalvar-yaxar qayıqçının birinə,
Səni alsın qayığa...
Əlimdən heç nə gəlmir ki, təkrar əldə edim səni –
Üç arzumun üçü sən ol,
Ümid qızıl balığa!



DÜNYAYA GƏLƏNDƏ

Mən dünyaya gələndə
Oğul sahibi oldu
Adın belə bilmədiyim iki nəfər...
Heç kim mənim gözləməyib gəlişimi
Onlar qədər...
 
Mən dünyaya gələndə
Sıfır yaşın içindəydim,
Dərd sıfırın içiydi...
Məndən qabaq doğulmayan körpələr
Vaxtca məndən kiçik idi...
 
Mən dünyaya gələndə
Vaxtı bitmiş insanın
ölüm düşdü payına...
Onun yerin mən doldurdum –
Gələnlər bərabər oldu
gedənlərin sayına.


DƏYİŞİKLİK

Sağlam rəqabətləri
İndi hiylə aparır.
Ölüm lal insanları
Səslə-küylə aparır...

Dünya bilsə yerini,
Soyar sənin dərini.
O "çox şey"li birini
Çox az şeylə aparır...

Yıxır məni yıxdığım,
Əldən gedir yığdığım.
Boyun yerə soxduğum
Özün göylə aparır!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)