RAUF QƏRİB ALAGÖZ - VƏTƏN ÜÇÜN
Poeziya
RAUF QƏRİB ALAGÖZ - VƏTƏN ÜÇÜN
Ürəyində eşq olana soyuq da bir, isti də bir.
Haqq uğrunda yanan qəlbə alov da bir, tüstü də bir.
Mənim üçün bu torpağın altı da bir, üstü də bir.
Ölsəm torpaq olub yurdun torpağını çoxaldaram.
Vətən üçün yaşayıram, Şəhadətə şövqlə varam.
Hayıf vardır bircə canım, min olaydı, verəydim hey.
Yağı gələn sərhədlərə candan divar hörəydim hey.
Parça-parça olaydım mən, yurdu bütöv görəydim hey.
Zövq alardım hər acıdan, ağrımazdı bircə yaram,
Vətən üçün yaşayıram, Şəhadətə şövqlə varam.
Ana yurdum Anam mənim, can Anama can fədadır.
İlk nəfəsim, son nəfəsim, damarımda qan fədadır.
İstəmirəm yüz il ömrü, verim, hər bir an fədadır.
Bircə Vətən azad olsun, azadlığa dostam, yaram.
Vətən üçün yaşayıram, Şəhadətə şövqlə varam.
Susmaz qələm, susmaz dilim, haqq yolunda ölərəm mən,
Düz uğrunda hər əzabı çəkib şərəf bilərəm mən.
Vətənimə göz tikəni yer üzündən silərəm mən.
Torpaq şanım, şərəfimdir, qanımla tarix yazaram.
Vətən üçün yaşayıram, Şəhadətə şövqlə varam.
Haydı igid, haydı qardaş, haydı qutlu səfər bizim.
Nərəmizdən yer titrəsin bu dəfə, bu səfər bizim.
Bayrağımız zirvələrdə, o müqəddəs zəfər bizim,
Mübarizəm sonsuzadək Polad kimi vurram, qırram.
Vətən üçün yaşayıram, Şəhadətə şövqlə varam.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Viktoriya Tokarevadan povest
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə