Edebiyyat.az » Poeziya » AZAD QARADƏRƏLİ - DƏYİŞİMİN POEZİYASI, YAXUD DƏYİŞƏN POEZİYA

AZAD QARADƏRƏLİ - DƏYİŞİMİN POEZİYASI, YAXUD DƏYİŞƏN POEZİYA

AZAD QARADƏRƏLİ - DƏYİŞİMİN POEZİYASI, YAXUD DƏYİŞƏN POEZİYA
Poeziya
admin
Müəllif:
16:57, 23 yanvar 2022
1 847
0
AZAD QARADƏRƏLİ - DƏYİŞİMİN POEZİYASI, YAXUD DƏYİŞƏN POEZİYA

                  




 

       (Yeni ildə poeziya söhbəti: dəyişən misralar, əfqan landayları və 

             gənc xanım şair Nərgiz Nasirin şeirləri üzərinə)

 

 

 

 

            Şeirə, poeziyaya sehrli bir aləm kimi baxmışam həmişə. Hətta o dərəcədə ki, şeirin dünyanı xilas edəcəyinə belə inanmışam. İşdir, bu bir qədər şişirtmə kimi gəldisə, onda belə formul edək:”Şeirin dünyanı dəyişəcəyinə inanmışam.”

            Hardan gəlir bu absurd anlama vara bilən fikir? Əlbəttə, klassikadan. Homerdən, Nizamidən, Xəyyamdan, Füzulidən, Şekspirdən, Götedən, Vaqifdən... Və nənələrimizin bayatılarından...

            ...Şeiri (sözü) “bir nigari-ənbərinxət” (“nigari-ənbərinxət” kəlməsini çox yerə yozmaq olar, amma söz ki nigardan, ənbərdən və xətdən düşdü, bunun qadın ətri, yaxud ətriyyatı qoxuyan xətt – yazı olduğu məlum, yəni ayrı yerə fırlatmağın heç mənası yox) adlandıran böyük Füzuli bunu da deyib: “Bir dövrdəyəm ki, nəzm olub xar...”

            Məlumdur ki, Füzuli buraların adamı olmayıb. Yəni biz onu güclə özümüzünkü eləsək də, o Molla Məhəmməd Füzuli Bağdadidir. Zira Füzulini bizimki edən dilidir. Bəli, o bizim dildə, bütün dünya türklərinin anlayacağı ortaq türkcədə - Azərbaycan türkcəsində yazıb...

            Füzuli dilimizi Yaxın və Orta Şərqdə işlək dilə çevirib! Yuxarıda dediklərimə yaxınlaşırıq yavaş-yavaş. “Şeirin dünyanı dəyişməsi...”

            “Sabir İran inqilabına bir ordudan çox xidmət edib...” – Abbas Səhhət deyib. Özü Sabir qədər qüdrətli şair olmasa da, həm doktor, həm şair idi, həm də ədəbiyyatımızda ilk dəfə Qərb şeirini orjinaldan çevirən – ftansızcadan çevirən, bizə dünyaya bir ayrı gözlə baxmağı öyrədən kişi idi. Sabirə də çox təsir etdiyi şəksizdir.

            ...Mən yaradıcılığa şeirlə başlamışam. Yəni, onuncu sinfəcən şeir yazmışam. Düzdür, bu vərdiş indi də məndən əl çəkməyib, amma peşəkar kimi deyil, həvəskar kimi.

            S.Vurğunun şeirlərini uşaqkən deklamasiya ilə deməkdən zövq alardım. Sonra  “bəzi” şeirlərini deməli oldum... “Mən tələsmirəm” kimi...

            Sonra R.Rza ilə tanışlıq başladı və S.Vurğun açıq-açığına ona uduzdu. Sonra Əli Kərim bu işi daha da qüvvətləndirdi. Amma Məmməd Araz meydana çıxandan sonra hər kəsin öz qiymətini verməli oldum: S.Vurğun və M.Araz ictimai yüklü şairdirlər, R.Rza və Əli Kərim insanın daha çox fərdi dünyasının şairləridir. Sonda hamısı insana bağlanır. S.Vurğun və R.Rza kommunizmin şairləri idilər və bu yolun tam qalibiyyət yolu olduğuna inanırdılar. “Lenin” və “Zamanın bayraqdarı” bu inamdan yaranmışdı... Şeir kommunizmi qurmuşdu artıq... Amma şeirdə... Həyatda isə bu heç vaxt olmayacaq. Bax, burada şeir dünyanı yox, dünya (əslində rejim) şeirin yolunu  dəyişmişdi. (Əslində, azdırmışdı.)

            Hər halda istək kimi, arzu kimi maraqlıdır. Neruda da, N.Hikmət də bu taxtı qurduqlarını zənn edirdilər... Poeziya nələr edə bilir?!

            Və Şəhriyar! Bir “Heydərbabaya salam”la Azərbaycanda dil inqilabı etdi. Güney Azərbaycan xalqı İran mütləqiyyətinin əsirinə çevrilmiş böyük şairdən üz döndərməkdə ikən o öz inqilabını etdi və getdi! O inqilab hələ də davam edir! Başa çatsa, onun adı Şəhriyar inqilabı olmalı...

            Fikrət Qocanın şeirlərini sevirdim bir zamanlar! Axı o onda şair idi!

            Allah heç kimi gözükölgəli eləməsin. Onu ölümün ağzından aldılar və şairin ixtiyarını da aldılar. 

Şair sifarişlə yazanda şeiri olur püf... (Püf bizdə “püf” eləyəndə yarpaqları göylərə uçub yox olan çiçəyə deyilərdi – biz uşaqlar qoymuşduq bu adı. Bir də bir ayrı “püf” var, o daha betərdir... Bir də “puf” var. Bu tamam alayı şeydir: içi puf ağac, içi puf adam... Burda içi çürümüş, boş, mənasız anlamındadır. Bu sonuncu daha amanısızmış... Allah qorusun.)

            Ona görə də “püf” şeirləri oxuyuncan, bir bayatı oxuyaram, gözüm də dincələr, qəlbim də, hələ rəngim-rufum da təzələnər. (Bizdə buna toxuyan bir deyim də var: “Xiyar yeyincən bir stəkan su içərəm, gövşəməyim də özümə qalar.”):

            

             Mən aşiqəm, al mənnən,

            Yaşıl sənnən, al mənnən,

            Ya dərdimə şərik ol, 

            Ya bu canı al mənnən.

            

            Şeir doğulduğumuz gündən ölənəcən bizi müşayət edir. 

            Düz eşitdiniz ölənəcən. Öləndə ağı deyirlər ya, bax o da şeirdi. Özü də ən rəhmsizindən:

            

             Dağların qarı mənəm, 

             Gün vursa, ərimənəm.

            Qəbrimi dayaz qazın,

            Cavanam, çürümənəm...

 

            Bir də var ölümdən sonrakı həyat. Baş daşına, sinə daşına yazılanlar. Epitafilər.

            Bu günlərdə, torpaqlarımız azad olununca anamın, nənəmin Maştağa qəbiristanındakı qərib  qəbrlərini ziyarət etməyə getdik. Baş daşına yazdığım misraların rəngi solmuşdu. Məzar baxıcılarına tapşırdım ki, onları rəngləsinlər. Nənəmin baş daşındakılar beləydi:

 

            Gözlərim yol çəkir dumanda, çəndə,

            Cismim burda qaldı, ruhum Vətəndə...

 

            Vətən isə azad olmuşdu və anamla nənəmin ruhlarını şad etmək üçün bu xəbəri verməyə getmişdim onlara...

 

            ...Mən şeirin gücünü Eldar Baxışın surətində görmüşdüm. Adam onsuz da boy-buxunlu idi, amma onun əzəməti şeirindən gəlirdi. Şeir onun üzünə ayə kimi qonmuşdu. Belə:

            

            ...Demə, sən bağ, mən hasaram,

             Demə, sən tərlan, mən saram.

             Səni bağrıma basaram,

             Lap belə ölüm olasan. 

 

            İşlədiyimiz Az.Tv deyilən məkanda Eldar vardısa, hamı arınmışdı. Eldar hamının qəhrini özünə çəkmişdi. Eldar burda ikinci sədr idi. Onun sözünün qabağına söz deyən yoxdu. Çayxanada, meyxanada, iclasda, elə ekranda, efirdə də... Eldarı heyrətamiz edən şeiri idi. Belə:

 

            Mən demirəm, sən de, fələk,

             İndi açılmayan ürək,

             İndi deyilməyən dilək,

             Sonra neyləsin, neyləsin? 

 

                                    ***

            Sonra şeirimizə yeni nəfəslər gəldi… Bir xeyli ad çəkərdim, amma onlar həyatdaykən adlarını poeziyanın daş qapılarına döyməklə məşquldurlar və işlərindən ayırmamaq üçün vaz keçdim.

            Və hələ qanadı tam bərkiməmiş gəncəcik şairlər ki, onlardan çox yazmışam...

            Bilənlər bilir, uzun zaman – 10 ildən artıq müddətdə “Yazı” adlı dərgi buraxmışam. O dərgidə hamıya yer olub, təki istedadlı olsun. Gəncləri isə bir az avansla çap etmişəm ki, bəlkə sonra istedadının qatları açılar...

            İndi o dərgini elə həmin gənclərə - istedadlarının qatları açılanlara həvalə edib, qırağa çəkilmişəm. Bir nömrə buraxıblar və ikincini də çapa hazırlayırlar. Hər nömrəni hazırlayanda PDF variantını etika xatirinə mənə də atırlar... Mən də ora-burasına baxıb, “Uğurlar” yazıram. Necə də olmasa, dərginin sahibi, yəni təsisçisiyəm axı...

            Bu günlərdə çapa hazırlanan 2-ci sayın (ümumən 25-ci) da PDF-ni göndərmişdilər və əvvəl-əvvəl özümün yeni romanımın ikinci hissəsinə bir göz atdım, sonra o biri yazılara və...

            ...bir şeir məni tutub saxladı:

 

            Burda hər şey yaxşıdı...   

             Günlər keçir, gündü də. 

             Mən hər gün evdən çıxıb

             işə doğru gedirəm, 

             Ayağım ağıllı uşaq,  

             düşüncəm dəcəldən-dəcəl. 

             Bax elə indicənə 

             İş yolunun üstündən 

             Sənə doğru döndü də...

 

            Müəllifinə baxdım, tanımıram. İkinci şeiri oxudum və məni cərəyan vurdu: o “dəyişən” şeirlərin yanında boy verirdi. Yaxud o “dəyişimin” qoxusu gəlirdi. Bu misralarda bir yeni nəfəs duydum, illah da bu nəfəs qadın nəfəsi ola!.. Hə, məni qınamayın, xanım şairlərin şeirlərində bir ayrı nəfəs var ki (bizim dildə, eləcə də bütün türk dillərində cins kateqoriyası yoxdur, dədələrimiz qadınla kişini bərabər tutub, sonra hansısa əliqurumuş onları yoldan çıxardaraq “şairə”, “xadimə”, “müəllimə” kimi yapma sözləri gətirib divara təzək yapan kimi dilimizə yamayıb), bunu duymaq üçün sadəcə qadını duymalısan, o qədər. Bu xanımın misralarında da bir zənənə naxış vardı ki, şöləsi adamı uzaqdan vururdu:

 

            Atdım, çiçək atdım qayaya dəydi, 

            Qayalar üzünü çevirdi, oxdu. 

            Daşı incitməyə əlim gəlməzdi,

            Adamlar daş olub çiçəyə dəydi, 

            Çiçəklər ox oldu daş adamlarda.

            

            Misralarda qəribə qaya kələ-kötürlüyü görünsə də, eynən qəribə səslənmə də vardı və bu səslərdən qaya, daş səsləri eşidilirdi. Qayaların, daşların poeziya dilində dinməsini M.Arazda, M.Yaqubda çox görmüşük, amma bir daşın bir bala kimi əzizlənməsini, suda “nəfəsi kəsilər deyə”, bundan üşənən suyun da “boğulmasından” qorxaraq daşları cibinə yığan, gizlədən gənc qəhrəmanımız – indiki müəllif Nərgiz Nasirdə bunları gördük:

 

 

            Mən ki, uşaqlıqdan daş da sevərdim,

            Yığışıb dostlarla göl kənarında, 

            Dostlar suyun bağrın daşla yaranda,

            Tutub əllərimi üz çevirərdim.

            Daşların nəfəsi kəsilər deyə, 

            Suya da qıymazdım boğular deyə. 

           Yığardım cibimə mən harda görsəm, 

           Dostların əlindən daş gizlədərdim...

 

            Yalnız qadın yazar ona otılan oxları gül bilər, sonra da öz əzablarını çoxaltmaq üçün onları gül bilib torpağa əkər. Əzablarını sevən, əzablarından güc alan yalnız qadınlar, analar olub həmişə. Ox və çiçək, daş və ox, çiçək və insan, qadın və çiçək... Bu assosasiyalar şeirin ana xəttinə, mayasına hopub. Təsadüfi deyil ki, şeirin adı da “Çiçəkçi”dir.

            Atilla İlhan deyirdi ki, bəziləri şeiri sevməz, çünki yaraları yox, yaraladıqları var...

            Mən “Çiçəkçi”də yara gördüm... Özü də açıq yara...

            Əfqanstanda landay adlı şifahi şeir növü var. Min illərdir söylənən bu landaylarda kədər ön sıradadır. Elə ki, əfqanlar bir yerə cəm oldular, landay oxuyan bacılar qardaşlarını tərifləyərlər, qardaşlar isə landay oxuyan bacılarını yüksək qiymətə satarlar...

            Kədərlidir, deyilmi? 

            Yenə qadın, yenə kədər... amma kədərin içində belə şamı öləziməyən qardaş sevgisi... 

            Nərgiz Nasirin şeirində də bu acı var. Fəqət fərqli biçimdə:

 

            Atdım, çiçək atdım daşlara dəydi, 

            Çiçəyi ox bilən ən əziz adam, 

            Oxunu götürüb davaya gəldi. 

            Sinəm hələ belə yarılmamışdı, 

            Torpaq hələ belə ağrınmamışdı. 

            Çevirib sinəmi torpağı çəkdim, 

            Atılan oxları gül bilib əkdim…

 

            Qadın və çiçək. Çiçək və göz yaşları. Bu ikisinin, daha doğrusu, üçünün assosasiyası hardadır? Bu ikisindən, daha doğrusu, üçündən dünya nə istəyir? Niyə dünya qadının göz yaşlarından doymur? Niyə qadın və çiçək, çiçək və göz yaşları həmişə yanaşı olub? Müəllif bunlara da cavab axtarır şeirdə:

 

            Gülün enəcəyi yer də dərinmiş, 

             Buludlar səmadan yerə enərmiş. 

             Şirin su ilə bəslənən güllər,

             Duzlu göz yaşıyla kök böyüdərmiş…

 

            PDF-də bu xanım yazarın cəmi üç şeiri yer alıb. Heyf! Doyumlu şeirlər olsa da, daha çox oxumaq istəyirsən. Əslində, bu yazını başdan buracan o doyumlu-doyumsuz misralar yazdırdı. Ümid edək ki, “Yazı”da hələ bu xanım yazarın şeirlərini doya-doya çox oxuyacağıq…

            Və ümid edək ki, bu yazı Nərgiz xanımın nərgizli şeirlərinə bir pilləkən olacaq…

            Səhərləriniz şeirlə açılsın, gününüz çiçəklə axşam olsun…

 

            Və sonda: Əfqanıstanda landay yazan Muska təxəllüslü qızı qardaşları şeir yazdığına görə dəfələrlə döymüşdülər. Üstəlik, atası onu istədiyi oğlana verməmişdi. Buna görə Muska özünə od vurdu. Ondan qalan isi bu iki misra oldu:

 

            Çağırıram, dinmirsən, dönmüsən daşa,

             Bir gün çıxıb gedərəm, qal, mənsiz yaşa… 

 

            Bu gün Əfqanıstanda baş verən müsibətlər Muskanın odundan və o iki misrasından doğan yanğındır. Taliban haçansa xaraba qoyduğu ölkədən yox olub gedəcək, qalan isə Muskanın odlu misraları olacaq… Əfqanıstanı o landaylar dəyişəcək… Poeziyanın dəyişən gücü… dəyişəcək…

 

                                                                                                                        21.01.2022

  

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)