Edebiyyat.az » Poeziya » Şəhid Teymur Rəsulovdan şeirlər

Şəhid Teymur Rəsulovdan şeirlər

Şəhid Teymur Rəsulovdan şeirlər
Poeziya
admin
Müəllif:
18:30, 03 mart 2022
1 967
0
Şəhid Teymur Rəsulovdan şeirlər




Qar yağdığı bir gecədə

 

Qar yağdığı bir gecədə 

Yerdə yatmaq istəyirəm.

Şaxta qoy qənim kəsilsin,

Düşmən olum istəyirəm.

 

Zaman mənə qarşı gəlsin,

Əcəl mənə gülüb, keçsin,

Qar, boran acısın mənə,

Mənsə dözüm istəyirəm.

 

Mən ki donmaq istəyirəm,

Bir az qar, bir az şaxtadan,

Bir az dost, bir az da yaddan,

Bir az da bütün cahandan,

Uzaq olmaq istəyirəm.

 

Keçsin gecə, mən yatmayım,

Sevgimi nəfsə satmayim,

Ruhumu heçə saymayım,

Gerçək olmaq istəyirəm.

 

Ölüm gəlsin qaça-qaça,

O an ömrümdə gül aça,

Mən o gülü o ölü

Qurban etmək istəyirəm.

 

Yarım gəlsin gözü dolu,

Axtarmayım sağı, solu,

Ürəyimdə sözlər dolu,

Nakam getmək, istəyirəm.

 

Ömrü geri saya-saya,

Aşìq olum günə, aya,

Vida edib bu dünyaya,

Cavan getmək istəyirəm.

 

Torpaq olmaq istəyirəm,

Məzar olmaq istəyirəm,

Göydə bir ruh istəyirəm,

İnsan olmaq istəmirəm.

 

Allah olmaq istəyirəm,

Gerçək olmaq istəyirəm,

Zaman olmaq istəyirəm,

Tale olmaq istəmirəm.

 

 

 

 

 

Səndən olsa

 

Həyat –insanın, öz niyyətini başqalarında görə bilmək arzusudur.

Ömür –zamanın sayıb-sayıb, sona yetmək arzusudur.

İnsan- Yaradanın mükəmməl olanı yarada bilmək arzusudur.

Sən isə sevgimin daim var ola bilmək arzususan, sevgilim.

 

Səndən olsa, 

Ən uzaq səfərə çıxan,

Sarvanı olmayan ümidsiz karvanla məni yolçu edərsən.

Çünki bilirsən, sevənlər ən keçilməz yollardan geri gələnlərdir.

 

Səndən olsa, 

Uşaq ikən masa altında saçlarını bəzədiyin  

O yazıq gəlinciyinə “mən” deyərsən.

Çünki bilirsən, ən sevimli gəlinciklər,

Qızların hər nazına dinməz-söyləməz dözən,

Sədaqət göstərənlərdir.

 

Səndən olsa, 

Məni dünyada yox, 

Buludların üzərində əsir edərsən.

Çünki bilirsən, ən saf damlalar

Buludlarda əsir qalıb, süzülüb yerə gələnlərdir.

 

 

Səndən olsa, 

Xoşbəxtliyin

Əlləri anasıyla   atasının əllərində olan,

Parkda gəzən o körpənin 

O əllərdən asılaraq, havada uçmaq istəyi olduğuna

Məni inandırarsan.

Çünki hiss edirsən,

O xoşbəxtliyi yaşamayanlar

Bir ömür xoşbəxtliklərini yetim hiss edirlər.

 

Səndən olsa, 

Məni inandırarsan ki,

Xoşbəxtlik   ata - ananın əllərindən tutub,

uça bilmək arzusudur.

Çünki anlayırsan, bu azadlığı yaşamayanlar

Sevginin saflığından kasad olurlar.

 

Səndən olsa, 

Əsl yalnızlığın, 

qayğısızlıq olduğunu yaşamağımı istəyərsən

Çünki bilirsən, qayğısız yaşayanların könlünü sevdikləri qırır.

 

Səndən olsa,

“Mən Günəş olum,

Sən isə həsrətimlə yaşaya-yaşaya, 

Məndən həyat alan Ay ol” deyərsən.

Çünki bilirsən, Ay ilə Günəşin məhəbbətini

Bir az hicran, bir az sonsuzluq, bir az da yalnızlıq sındırır.

 

Səndən olsa, 

“Ümidsiz, qayğısız, qırılmış sevgi olaq”, - deyərsən.

Çünki bilirsən, unudulmaz sevgilər,

Yalnızlığa, sonsuzluğa, mümkünsüzlüyə düçardır.

 

Məndən olsa, 

Səni heç sevməzdim.

Amma nə oldusa, səndən oldu, sevgilim.

Səndən oldu, sevgilim.

Səni zamanla bağışlayacam...


 

 

Yavaş – yavaş   bağışlayacam səni

 

Yavaş – yavaş  bağışlayacam səni...

“İtil otağına, gözlərim görməsin səni” deyən 

Ananın övladını iki saat sonra yanına çağırdığı kimi,

Sonra gecə sərxoş gəlmiş oğul kimi evdən qovacam səni.

Sabah tezdən dostuna zəng edib,

“Ona de, evinə qayıtsın” deyəcəm.

Bir bəhanə tapıb, nənənin yanına göndərəcəm səni,

Mən dəniz sahilində tənha oturarkən,

Sən çiçəkli yamaclarda mənim üçün darıxacaqsan.

Ömrü qısa olur yaz günlərinin,

İlk xəzanda yenə səni çağıracam.

Dərdimi bölüşüb, ürəyimi açacağam,

Bir də tünd bir şərab açacağam.

İçib, içib şikayət edəcəyəm səndən sənə,

Sonra sərxoş olub gecəylə baş - başa buraxacam səni.

Qapını çırpıb, həyatından yox olacam,

Günlər aylar olacaq, yuxuna qarışacam.

Aylar illər olanda dən olub saçlarına qarışacam,

Sənin gözün pəncərədə, mən isə hər gecə qapında olacam,

Sən məni gözləyəcəksən, mən isə hər gecə mehmanın olacam.

Sən hiss etmədən, mən səni görmədən,

Yaşayıb, darıxacağıq.

Sonda günün birində,

Torpağa qarışacağıq.

Öncə sən getsən, bağışlamaram səni

Amma...

Amma səndən öncə   getsəm,

Bil ki, çoxdan bağışlamışam səni

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)