Adil Mirseyid - "Əlvida"
Poeziya
rok-n-roll xatirəsi
bir xatirəm yaşayır növbahar kafesində
bir ruh kimi yaşayır guya ki bəxtiyardı
təsəlli aramıram daha yağmur səsində
bir zamanlar dünyada başqa bir adil vardı
bu kafeyə gələrdi soyuq şərab içərdi
hər günü son gün kimi yaşayardı dünyada
dost dediyi adamın günahından keçərdi
sevdiyi bir qadını öldürərdi röyada
lennonun eynəyinə bənzəyirdi eynəyi
bir rok-n-roll havası vardı dərdli başında
heç sözünə baxmazdı ritmi pozuq ürəyi
saqqalı ağarmışdı hələ otuz yaşında
ölümün yalnızlığı səsləyir onu bəzən
umudun ağ yelkəni uzaqlaşır hər səhər
növbahar kafesini əbəs axtarırsan sən
sənə demişdim axı labirintdi bu şəhər
Ay sonatası
ay gedir mor dağlar ulduzlar qalır
ay gedir fanilər yalqızlar qalır
ay gedir çin olur yarımçıq yuxum
ay gedir oynayır bədəndə ruhum
ay gedir hürküb diksinir atım
ay gedir qırılır qolum qanadım
ay gedir sönərmi sönməzmi bilməm
ay gedir dönərmi dönməzmi bilməm
ay gedir bir söz çıxmır dilimdən
ay gedir ürəyim düşür əlimdən
Qar eskizi
qar yağır
qar yağır
qar yağır
qar yağır
qar yağır
qar yağır
qar yağır
bəyaz pendir
qara çörək
qırmızı çaxır
qar yağır
qar yağır
qar yağır
Əlvida
daha mənə təsəlli yox
yay gecələrində belə sənin səsin soyuq
yay gecələrində belə güzgülər buz kimi
yay gecələrində belə buz bağlamış güzgülərdən
ölüm baxır gözlərimə bir qara kabus kimi
daha mənə təsəlli yox
daha yollarım bağlı
əlim ayağım qollarım bağlı
yenə çıldırıb ölümün ağlı
uzaqlarda uzaqlarda xınalı dağlar
xınalı dağlarda analar ağlar
uzaqlarda ay işıqlı bir dəniz
məni güllələyin siz
daha yollarım bağlı
əlvida dağlar əlvida
ölülər sağlar əlvida
əlvida könül ahlarım
əlvida günahlarım
yollarda qaldı gözlərim
dindirmə məni laldı gözlərim
Ölüm haqqında metafizik düşüncələr
bir şair də itirdik bu şəhərdə
məndə bir şəkli qalıb bulvarda çəkdirmişik
bir də telefon nömrəsi
hələ də hələ də qulağımdadı
içki məclisində şeir oxuyan səsi
insan insanı ölümündən tanır demiş bir şair
ölüm dəyimdidə bilməyib bizim dostluğumuzu
amma axşamlar çayxanaya gəlmir daha
mən ondan incimirəm
köhnə dost düşmən olmaz
bəzən gizlicə utanıram onun şeirlərindən
utanıram pəncərəmdən gülümsəyən
gözəl səhərdən
mətbəxdə oturmuşam bəzən səhərə qədər
qaranlıq pəncərədə ay işığında şəhər
və masanın üstündə bir fincan qara kədər
ölüm haqqında
metafizik düşüncələrə dalıram
zamansızlıq içində yaşayıram sanki mən
dünyadan dörd əlli yapışıb
yaşamaqda israr edirəm
hər gecə bir ulduzdan
başqa bir ulduza gedirəm
bir zamanlar mən də şair idim
təpədən dırnağa qədər
ürəyimdə bülbüllər yuva qurardı
ürəyimdə bülbüllər qafamda qəza qədər
bir şair də itirdik bu şəhərdə
indi mərmər başdaşından
bizə baxıb gülümsəyir ödünc aldığı ölüm
hər gün bir az ölüb dirilməyə bənzər
başa gələcək bəlaları ulduz falıyla yozmaq
bir rüzgarla qeyb olacağımızı bilə-bilə
oturub şeir yazmaq
ay qeyb oldu göy üzündə bir ara
qaranlıqda fit çalır sərxoş külək
mən özüm özümdən qaçıram sanki
sinəmin altında plastik ürək
mən bir faciə qəhrəmanıyam bu anda
gecə qan qoxuyur köhnə limanda
Köhnə dəyirmanın göyərçinləri
bir meyxana küncündə dərddən gəbərir qərib
başı üstünə bir mələk qanadlarını gərib
bütün bəlalardan qoruyur onu
aynada mələyin bəyaz kölgəsi
burası tanrıların adamına şahid
sivil bir avropa ölkəsi
dördkünc pəncərə çərçivəsində
qotik lyüteran kilsəsi
beysbol papağını gözü üstünnə basıb arxadaş
güzgüyə pəncərəyə baxacaq halımı var
boyunundan quran asıb məmləkətdən yadigar
küçələrdə meydanlarda sərsəri bir
maskarad
günahları əfv edir lyütarın kilsəsi
adamı röyadan ayırdı ustad
kilsə zənglərinin ət kəsən səsi
qürbət bir yükdü çiyinlərində
şaşırmış kimi bir halı var
bu axşam nə tutulacaq yaşıl budağı
nə də sığınacaq bir xəyalı var
buzovna bağlarında yaşadığımız günlər
heç onun yadına düşürmü indi
zamanı geriyə döndərə bilsəm
qürbət qəhər edər səni deyirəm qoca dendi
macəra dolu gənclik yaşamışdı Bakıda
köhnə dəyirmanın yanında
səhərlər sevda və umud
axşamlar alkoqol axardı qanında
köhnə dəyirmanın göyərçinləri sevərdi onu
o da çox sevərdi göyərçinləri
dəyirmanın yanında köhnə bir kafe vardı
bir zamanlar orda görüşərdik biz
burdan yüz addımlıqda hökumət evi
burdan yüz addımlıqda kitabxana
burdan yüz addımlıqda dəniz
burdan yüz addımlıqda ayrılıq həsrəti
burdan yüz addımlıqda qürbət
***
quşları yemləyirdim
daş oldu ovcumda dən
mən bir kor şairinəm
ilahi tut əlimdən
dua oxuyacaqdım
söz çıxmadı dilimdən
mən bir lal şairinəm
ilahi tut əlimdən
qərib könlüm neyləsin
ayrı düşüb elindən
qürbətdə boğuluram
ilahi tut əlimdən
***
sorma bu dünyanın harasındayam
ulduzlarla dəniz arasındayam
əsən rüzgarlara
qoşulub uçmaq keçir könlümdən
yalvarıram söz açma ayrılıqdan ölümdən
burax gedim çiçəyim
rüzgar budağından qoparsın məni
burax gedim mələyim
bir gecə ay çəkib aparsın məni
sorma bu dünyanın harasındayam
dənizlə ulduzlar arasındayam
içimdə qanlı bir ümid
içimdə cəhənnəm yanğınları var
bir də bir bənövşə var içimdə
dərd dibindən baş qaldırıb
gülümsəyir hər bahar
hərdən röyalarda diksinirəm mən
röyalarda bir kəpənək
uçub qonur hərdən ürəyimin başına
tanrım bağışla məni röyalarda gördüyüm
kəpənəyin göz yaşına
* * *
röyada görürəm ölmüşəm yavrum
bu röyaya baxma gözlərini yum
ürəyimi dimdikləyir röyada qara quşlar
və dünyanı bürüyüb yağan qara yağışlar
qara quşların qara yağışları
qara yağışların qara quşları
bir şey çal mənə yavrum alfred şnitgedən
yavrum daha bir röya danışmalıyam sənə
amma gerçəkləri görüncə şaşırdım yenə
bilirsənmi bu dünyada hər ulduzun
öz qərib şairi
hər şairin öz qərib baxt ulduzu var
bir də bir qara sevda bir dəli qurşun
bir də alnımızda qara yazı var
bir şey çal mənə yavrum alfred şnitgedən
dəyişərdim ürəyimi bir kəpənək ürəyinə
uçub könül açardım bir sarı güz çiçəyinə
gün gələr anladaram mən sənə bir röyada
səadət nədir fani dünyada
* * *
min bir giriş qapısı var
görmədiyin talesiz şəhərlərin
hansı qapıdan girirsənsə gir
qara pişik çıxacaq yoluna
qara sevda yazılacaq alnına
qara fələk girəcək qoluna
qara quşlar qonacaq pəncərənə
qara mələk uçub gələcək hücrənə
qara alma ağacları altından keçəcəksən
qara tütün çəkəcəksən qara şərab içəcəksən
min bir giriş qapısı var sən doğulan şəhərin
bir çıxış qapısı var üstündə ölüm kölgəsi
min bir il hər gecə bir şeir yazdım
min bir il hər gecə bir şam yandırdım
min bir dəfə qəsd elədim özümə
min bir dəfə qara mələyim göründü gözümə
ölümlə aşıq aşıq oynadım
yadımdan çıxdı adım
pasportsuz filansız dolaşıram dünyanı
könlümlə qanad qanada sərhədlərdən keçirəm
yəməndə bir minarəyə qonuram
naməlum şairlə bir bardaqdan düyü arağı içirəm çində
bir gün açıq dənizdə yelkən açıram
bir gün himalayın üstündən uçuram
gündüzlər günəşə yoldaşam
gecələr aya qardaşam
bilsən necə məsudam mən
burma burma burulan buludların içində
amma göy qübbəsi altında vivaldi səslənir
hər axşam
köhnə parisliyəm mən köhnə tokiolu olduğum qədər
amma heyva rəngli bu güz günündə
qılçıqlı balıq kimi boğazıma tıxanır qəfil
kədər
* * *
sarı payız axşamı boz dəniz
dəniz qırçın qırçın
qayalar yalçın
payızın son ayı bilmirəm nədən
marianist rəssam ayvazovskinin
dənizini sevmədim mən
sarı payız axşamları
xatirələr tökülür budaqlardan
gün olur yaşamaq istəmir adam
amma göy qübbəsi altında
vivaldi səslənir hər axşam
gün olur umudun bəyaz
yelkəni görünmür uzaqlardan
proletar şairi berlioz və voland
allah varmı yoxmu deyə
mübahisə edirlər parkda
bu gün aysberqdi mənim məmləkətim
rofact - ağrısız həyat
heç bilmirəm necə sevgi şeirləri
yazır bizim şairlər
bilmirəm necə yaşayırlar bu payız günlərində
balıncları altında kama sutra
hərdən çıldırır ürək durub durduğu yerdə
təsəlli bulmadım mən musiqidə şeirdə
unudulmuş bir röya gözləyir məni hardasa
öz qiyamət günümü gözləyirəm mən
mən qiyamət günündən sonra doğulacağam yenidən
ya tanrı dağlarında ya edem bağlarında
ya da ləki vağzalında ya təbrizdə ya parisdə
amma harda doğulsam bəyaz mələyim yenə
şeir yazdıracaq mənə
Sentimental melodiya
məndillə gözünü silən bir qadın
ürəyində gizlədib ağısına həyatın
ilahi gözləri sözünə baxmır
göz yaşı içindən həm axır həm axmır
bütün rənglər qeyb olub bu şəhərdən
soyuq yağış yağır bu gün səhərdən
qadının ağlayan gözləri peşman
əski nəğmələrin sözləri peşman
qadının gözləri könlünə düşmən
niyə bu qadına ürək açdım mən
tül pərdəli pəncərədə sislər dumanlar
bir-birinə qarışıb gerçəklərlə dumanlar
hər damla göz yaşına arzu umud və röya
entimental bir sevda, sentimental melodiya
Güzgüdəki adam
adam öz adını unudur bəzən
bir səhər güzgüyə baxıb görür ki
gözləri qan çəkib güzgüdəki adamın
güzgüdəki adam çıx güzgüdən
çıxmasan güzgünü sındıraram mən
amma inanma sözümə
gücüm çatmaz bu güzgüyə
gücüm çatsa da əl qaldırmaram
güzgüdəki adam bağışla məni
çap etdirə bilmədim şeirlərini
satılmadım satmadım
bir də satmaq üçünmü söylə
öz-özünə oxunan dualar
özüm istəmədən aldatdım səni
vaxtsız qocaltdım səni
güzgüdəki adam kimsən nəçisən
* * *
bu gecə pəncərəmdə ulduzları saydımmusiqiçi olsaydım parisdə yaşasaydım
yazdığım şeirləri bu gün atardım oda
van qoqun rəsmlərini çalardım fortopianoda
və bir göyərçin uçub qonardı səslərin qəfəsinə
rəhmətlik şair aydın əfəndi kövrəlib ağlayardı
və hardasa bir ana qaralar bağlayardı
və bir yağış yağardı şamaxı dağlarında
və şeh damlaları titrəyərdi gül yarpaqlarında
yenə tənha bir mi notu əsərdi
dostum nijad verdizadənin içində
yəqin içib sərxoş olardı bir meyxanə küncündə
şair adil şirin də o musiqidə olardı
yəqin onun da gözləri dolardı
buludlar keçir dənizin üstündən
bir buludun üstündə oturmusan gülüm sən
buludların içindən bir yavru mələk əl edər mənə
baxaram huşum qarışar yenə
qafasındı qürbət yellər əsənləri
tanrısından küsənləri
venasını kəsənləri
bağışla dan ulduzu
ay işığı altında tək tənha qalmışam mən
göyüzündə bulud olmaq keçir könlümdən
məni də bağışla ey göylər qızı
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Seyid Hüseyn - Həzin bir xatirə