Edebiyyat.az » Poeziya » Həmid Piriyev - "Məğlub"

Həmid Piriyev - "Məğlub"

Həmid Piriyev - "Məğlub"
Poeziya
Necef Esgerzade
Müəllif:
18:43, 07 aprel 2019
2 114
0
Məğlub"

Monoşeir

xırda pulların uğur gətirdiyinə inanıram
dörd dənə beş qəpikliyim
iki dənə üç qəpikliyim
bir dənə də bir qəpikliyim var
marketdə qaytarıblar qalıq qalanda
çox adam bu xırda pulları götürmür
yerinə kibrit istəyir
ya da birdəfəlik çay paketi
mənsə götürürəm
çünki xırda pulların uğur gətirdiyinə inanıram
çantamda gəzdirirəm həmişə
sonra onları təzədən marketdə götürməsələr də
satıcılar üç qəpiklik beş qəpiklik uzatdığımı görüb
ikrahla baxsalar da
(vaxt keçə-keçə başqalarına fikir verməməyi öyrənmişəm)

əyalət şəhərciyinin mərkəzindəki
köhnə beşmərtəbəli binanın dördüncü mərtəbəsində
bir otaqlı mənzilim var
paytaxtdakı evim iki otaqlı idi
daha doğrusu evimiz
anamla yaşayırdıq orda
sonra anam öldü
mən qorxmağa başladım
gündüzlər evdə tək qalmaqdan
gecələr tək yatmaqdan
səhərlər evdən getməkdən
axşamlar evə qayıtmaqdan qorxdum
elə bilirdim o biri otaqda kimsə var
məni izləyir
məni güdür
yuxum çəkildi əvvəlcə
sonra rahat çimə bilmədim
tikələr ilişdi sonra boğazımda
evi satıb qaçdım şəhərimdən
sığındım əyalət şəhərciyinin bir otaqlı mənzilinə

indi bu darısqal evim
bir də üst-üstə iyirmi yeddi qəpik xırda pulum var
bir də hər şeylə maraqlanan yaşlı qapı qonşum
bura təzə gələndə tək yaşayırsan soruşmuşdu
yox demişdim
tək nə üçün yaşayım ki
pişiyim var demişdim
üç rəngli şirin pişikdi
tez-tez çimizdirirəm demişdim
yanımda yatızdırıram demişdim
inanmışdı
inanmağa davam etsin deyə evə pişik yemləri
müxtəlif konservlər almağa başlamışdım
indi də alıram
hər dəfə həftəlik alver edib marketdən qayıdanda
qonşumla rastlaşmağa çalışıram
pişik yemlərini konservləri göstərib
pişik məni boğaza yığıb deyirəm
qazandığım buna gedir deyirəm
yaman qarınquludur deyirəm
gülümsəyib başını tərpədir
koservləri özüm yeyirəm sonra
pişik yemlərinisə tullayıram qara torbanın içində

evim xudmanidi rahatdı
əşyası azdı
mənə çatacaq qədərdi hər şey burda
paytaxtdakı evimdən gətirmişəm hər şeyi
birnəfərlik çarpayım
bir şkafım
bir dənə stolum
bir dənə stulum
bir dənə nimçəm
bir dənə qaşığım
bir dənə çəngəlim
bir dənə qazançam
(onu həm də tava yerinə işlədirəm)
bir dənə fincanım
bir ovuc günəşim
bir çimdik rahatlığım
bir hər şeylə maraqlanan qonşum
bir də üst-üstə iyirmi yeddi qəpik pulum var

pəncərəmin nəfəsliyinin şüşəsi sınıb
mən gələndə çatlaq idi
siləndə sındı
karton yapışdırdım yerinə
şəhərdəki evimdə qeyd etdiyim
axırıncı səkkiz martda iş yoldaşımın hədiyyə verdiyi
şokolad qutusunun kartonunu
şəkilli tərəfi içəri yapışdırdım
hər səhər oyananda
pəncərəmdən boylanan günəşlə bir yerdə
süd içində üzən şokoladları da görürəm
ərimir günəşdə
çox da dadlı görünür
hərdən iştahım çəkir
narazı deyiləm günəşimə şərik çıxsa da
(bura köçdüyüm iki aydı
hələ bilmirəm soyuq havalarda
yağışda
qarda
şokoladların necə göründüyünü)

üstündə günəbaxan çiçəkləri şəkli olan yataq dəstim var
bir də hər şeylə maraqlanan yaşlı qonşum
çox şey soruşmaq istəyir məndən
gözlərindən görürəm
yolda həyətdə pilləkanlarda
qapının ağzında rastlaşanda
tez salam verib keçirəm yanından
suallarından yayına-yayına
yaşlı qonşum hər şeyi bilmək istəyir
amma bilmir ki
bura elə hər şeylə maraqlanan
hər şeyi bilmək istəyən
nə üçün evlənmirsən
bəlkə sevdiyin var
bəlkə haçansa sevdiyin olub
səni atıb başqasını alıb
bəlkə haçansa təcavüz ediblər sənə təsirindən çıxa bilmirsən
bəlkə nəsə xəstəliyin var
bəlkə görüşdüyün var amma evlənmək istəmirsiniz
soruşan qohumlarımın
qonşularımın
rəfiqələrimin
iş yoldaşlarımın əlindən qaçmışam
(inanmayın bayaq dediyimə
hələ də hamıya fikir verirəm
böyüsəm də ağıllana bilməmişəm hələ)
ananın bircə qızıydın muradını gözündə qoydun
anan sənin əlindən çərləyib öldü
o qədər zəhmət çəkib təkbaşına səni böyütdü
sənsə qucağına bir nəvə vermədin
deyən qohumlarımın
bu yaşda çətin subay birinə gedəsən
yaxşı dul kişilər var görüşdürək tanış ol
evlən lap uşağı da olsa eybi yox
bu yaşdan sonra uşaq doğan deyilsən ki
deyən qonşularımın
bədbəxt olsalar da
(bunu dəqiq bilirəm)
qabağımda xoşbəxt rolu oynayıb
öz aləmlərində mənə acıq verən
sırf göz dağı vermək üçün məni evlərinə çağıran
(hər halda mən belə qəbul edirəm)
uşaqlarını qucağımda otuzduran
ərlərini tərifləyən
rəfiqələrimin əlindən qaçmışam
boynuma çox şey qoyurdular
müxtəlif həyat hekayələri yazırdılar mənimçün
(bekarçılıqdandı məncə)

əsas səbəbisə heç kim bilmirdi
bilsə də heç kim demirdi əsas səbəbi
demirdilər ki
atam mən qucaqda olanda anamı atıb getdiyi üçün evlənmirəm
istəmirəm mən də atılım
istəmirəm uşağıma həm ana həm ata olum
istəmirəm kişi olum
burda sakitəm
burda rahatam
burda təkəm
poçtda işləyirəm
cüzi maaşım bəs edir mənə 
və xəyali pişiyimin yemlərinə
xudmani evim
hər şeylə maraqlanan qonşum
bir də üst-üstə iyirmi yeddi qəpik eləyən
dörd dənə beş qəpikliyim
iki dənə üç qəpikliyim
bir dənə də bir qəpikliyim var

əyalət şəhərciyinin mərkəzindəki
köhnə beşmərtəbli evin dördüncü mərtəbəsindəki
bir otaqlı mənzilimin
nəfəsliyinin şüşəsi sınıq pəncərəsindən baxıram dünyaya
xoşbəxtəm
və inanıram xırda pulların xoşbəxtlik gətirdiyinə

2018in iyulu
(C)
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)