Gülay Tahirlidən yeni şeir

Poeziya
Gülay Tahirlidən yeni şeir
Getdin,
On oyuncağım vardı,
Mənim sağdakı beşim
Soldakı beşimə yetmir.
Nə var ki addım atmağa?
Bilirsən də, mən yıxılan deyiləm.
Amma hansı qüvvə qaçırar ayaqlarımı?
Hər sığalda çırpınardı ürəyim,
İndi yüz çəkic gətir, səsi çıxmaz.
Getdin,
Gözlərimin yaşı axmaz.
Deyirlər, böyüklər ağlamaz,
Ruhuma baxma, oyuncağım yoxdur.
Dənizə getdim,
İslanmamış qayıtdım.
Otların da üstündə ayaqyalın gəzmirəm,
Qabağına qaçmıram itlərin, pişiklərin,
Ciyərlərimə çəkməyi unuduram
Yağışda torpaq qoxusunu.
Sən heç bilirsən, baharın xəzan qorxusunu?
Sevgilərin qəfil çökən duman qorxusunu?
Yaxşı ki, balıqlar dənizə danışmır yuxusunu…
Nə zamansa yadına düşsəm,
Bil ki, yaxşıyam.
Yaxşıyam, sən yaxşı ol.
Mövzuya uyğun linklər:
Nizami Bayramlı - Cabbar Çətinin poetik məhkəməsi: məsumluğun dağıdılmış mifologiyası
ŞvartsMan (Tamerlan) - Nikahdan kənar münasibətlər (hekayə)
Mətanət Teymurlu- “Cəhənnəmin Rənglərində Dante və Virgil”
Mətanət Teymurlu- Tarixlə Əfsanənin Kəsişdiyi Qadın
Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr