Edebiyyat.az » Poeziya » Aydın Əfəndi -" Kütlə "

Aydın Əfəndi -" Kütlə "

Aydın Əfəndi -" Kütlə "
Poeziya
Necef Esgerzade
Müəllif:
00:34, 12 aprel 2019
1 651
0
Aydın Əfəndi 1959-cu ilin 26 noyabrında anadan olmuşdur. Riyaziyyatçı olub. Finlandiya Universitetlərinin birində mühazirə oxumuşdur. Əsərlərini və şeirlərini rusca yazırdı. Yusif Səmədoğlunun təqdimatıyla "Literaturnaya qazeta"da haqqında yazı və şeirləri dərc olunub [4] . 1997-ci ildə 37 yaşında vəfat edib.
Картинки по запросу aydın əfəndi

Aydın Əfəndi 1959-cu ilin 26 noyabrında anadan olmuşdur. Riyaziyyatçı olub. Finlandiya Universitetlərinin birində mühazirə oxumuşdur. Əsərlərini və şeirlərini rusca yazırdı. Yusif Səmədoğlunun təqdimatıyla "Literaturnaya qazeta"da haqqında yazı və şeirləri dərc olunub.
1997-ci ildə 37 yaşında vəfat edib.


* * *

Həyat
Qanadlarını çırpır
Göyə millənir
Gücü çatdıqca...
Vəhşi ümidlə
Ağlasığmaz
əlçatmaz şeyə toxunmaq üçün
yanmayan şeyə çınqı buraxmaq,
yandırmaq
gücü yetməyəni qaldırmaq

orbitindən qopub
dünyanın başına dolanmaq
ötüb keçmək dünyanı.
... ya da
Naşı bir ovçunun gülləsinə tuş gəlib
qulaq batıran fəryadla
daş kimi yerə düşmək
donub qalmaq əbədi
işıqlar keçənə qədər...



KÜTLƏ

Dağın başında durub
Baxırdım
Başı-ayağı
Siri-sifəti bilinməyən kütləyə.
Axı insan yalnız insanların arasında
Gizlənə bilər
Demiş filosoflar.
Yaxınlaşdım, kütlə məni udub apardı,
Qışqırmaq istədim, "mənəm" demək istədim,
Ancaq kütlənin nə vecinə
Qışqırım, ya fəryad edim.
Mən belə bir axıntının
İçində min ildi yaşayıram.
Kütlə öz həyatını yaşamış,
Məni doyurmayan həyatla.
Ancaq günlərin bir günü
Hansısa bayramda
Qara geyinmiş bir adam gördüm,
Kütlədən qopub ayrılan.
- Mənəmmi bu? -
Bir anlıq düşündüm.


* * *

Reallıqla toqquşan həyat
Divara çırpılıb toz olub getdi.
Dibsizliyə, məchulluğa baş vurub,
Bizə ancaq boş otaqda
Qogenin rəsmini asmaq qaldı.
Məndən ancaq bu qaldı, -
Taiti adasından "Qara donuzlar",
Pol Qogenin ləzzətlə seyr etdiyi mənzərə,
Burda o, cüzamdan ölüb, bilirsiz.
Minlərlə toz dənəsinin yığışdığı
rəsmin aşağısından
pişik keçir heyrət içində: sahibi hanı bəs?
Sahib artıq çoxdan yoxdu
Və o düşünür ki,
Sahib qayıdarsa,
Hər şey tərsinə fırlanıb yerini alacaq
Həyatsa
əvvəlki mənasına dolacaq.
Ancaq sahib gəlmir ki gəlmir -
Divarlar allahsızcasına udublar onu,
İzi-tozu qalmayıb.
Rəsmsə asılıb ordan hələ də,
Canına minlərlə tozu yığaraq,
Pişiyə rahatlıq vermədən,
Çaşıb qalmış
Keyimiş...


* * *

Harda ötüm, harda oxuyum,
Haçan, hansı məqamda,
Bu işgəncələr bizə necə dözsün,
Damarımı necə kəsim ki,
Döşəməyə sıçramasın
Bir damcı da...
Hansı döngədə ev tapım, yaşayım,
Nə arzulayım, necə bir zənciri çeynəyim ki,
əlimdə olanı itirməyim,
əlimdən salmayım...
Nə vaxt yatım, harda yatım ki,
Həyata güvəncim qırılmasın,
Səsimi itirməyim,
İntiqam düyünü açılıb çürüsün.
İstəmədiyin, bilmədiyin şeyi
Verməyəsən, götürməyəsən...
Yenə də... itirməyəsən...
Gecikmisən, amma çata bilməzsən artıq,
Çünki qatarın gedib - yoxdu daha
Bu cansıxıcı həyatı hara qoyum, bilmirəm
Belə xiffət, həsrətlə
Axı mən səninlə yaşayıram,
Səni sevirəm,
Səni öldürsəm,
Özümü də öldürrəm.

* * *

İnsan həyatının dəyəri nə?
Arzularımız bəs,
Qorxular, iztirablar, görüşlər, şübhələr...
Gec, ya tez, hamı itaət edəcək -
Barış istəyəcək,
O sərhədsiz və ölçüsüzdür,
Həm də şəriksiz...
Səma kimi, kosmos kimi
Dünyanın tavanındakı ulduzlar kimi.
Necə gedək, hara gedək ki,
Ürəyimiz də
məna və xoşbəxtlik yuva qursun,
başqa heç harda tapmaq olmasın onu.
Sənin qırılmış ürəyinin dəyəri nə?
Qana bələnmiş cisminə
Vurulan yaralar necə,
Necə ölçməli dəyərini onların?
Dəhşət və qarabasmalardan tutulmuş
gözlərin dəyəri nə olacaq görəsən?
İlahi, gəl bu şeylərin hər birinə
                                   qiymət qoy və
İtirdiyimiz vaxtın dəyərini ödə,
            əks halda cəhənnəm gözləyir bizi,
Məşum cəhənnəm, orada bizi
Üçbaşlı Kerber səbirsizliklə gözləyir
Orda sizi dişləyib, ətinizi kəsib
əbədi olaraq tavada qovuracaq
Onda indiki kimi gülə və
                        sevinə bilməyəcəksiniz.
Bəli, Tanrım, bu Sizi də gözləyir... 


ZAMAN İÇİNDƏ TƏK

Zaman bizi caynaqlarında saxlayır
Ümidsizliklə çıxılmazlıq arasında.
Son çöpünə qədər viranə qalmış
                                   yurd kimiyik,
Şəhərin buz bağlamış ucqarlarında gəzərik.
Qorxu içində yıxılmışıq
Başımız qan içində.
Təkəm mən, divanə kimi tək
Boşluğun içində, unudulmuş...
Məni çağırsan, "Tək", deyə çağır,
                                   - çünki mən
Dağılıb viranə qalmış şəhər kimi
                        yiyəsiz itlərlə doluyam,
Yorulmadan hürən,
İyrənc həyatlarına yas tutub ağlayan.
Deyirlər, məhəbbətlə ümidsizlik
Arasında qalmaq zamanın işidir.
Kimsə özünü Qız qalasından atır,
Kimsə kirli paneldən,
Kimsə, - yatıb bir də oyanmır
Yorğan-döşəyində, ya da reanimasiyada.
Onlar bir daha günəşi görmürlər,
Sübhün səsini eşitmirlər -
əbədi yuxuya dalıb.
Deyirlər hər şeyi zaman edir,
Bizim zəhlə tökən zaman
əzab çəkmədən, sakitcə,
ümidsiz və əbəs,
əclafcasına, tutqun, tərs.
Deyirlər zaman
Qanla ümidsizlik arasında udqunur.
Aşmır, keçmir, qurtarmır,
Adımı çək, tək deyə
çağır məni, mən təkəm...

Mənbə: Ədəbiyyat qəzeti
Tərcümə edən: Cavanşir Yusifli
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)