Edebiyyat.az » Poeziya » Əli Çağla — Eskişehir xatirələri

Əli Çağla — Eskişehir xatirələri

Əli Çağla — Eskişehir xatirələri
Poeziya
admin
Müəllif:
07:36, 10 iyun 2024
572
0
Əli Çağla — Eskişehir xatirələri

   




ESKİŞEHİR XATİRƏLƏRİ (I)


İndi mən, göydə çətiri açılmayan paraşütçüyəm.

Göydən göy gözlərinə düşürəm indi mən

Gözlərinə tapşır məni, boğmasınlar

Üzmək bacarmıram. 


Sənin gözlərin dəniz, 

Mənim dərdlərim dəniz. 

Sənin gözlərin pinar,

Mənim ürəyim yanar. 


İndi mən sənin dəniz gözlərində bir kapitanam

Nəhənglər mühasirə ediblər ətrafımı. 

Dəlinir, deşilir dərdlərimin içində olan gözlərin kimi, 

Su ilə dolur gəmim

Mənə bir əl at bu gəmini limana çatdıraq

Ey tanrının dəllalı, ey mənim Nuh əmim!..


Mən səninlə iki bardaq Leyla şərabı içmək istəyirdim Cuba Barda¹

Barlar sokağına bomba qoyub partlatdı DEAŞ-lar . 

Porsuk çayında² foto çəkdirmək istəyirdim səninlə

Sel gəlib apardı Səməd adlı duyğularımı. 

Ehey, Musa bəy!..

Çəliyini əmanət verərsənmi? 

Selin ortasında foto çəkdirmək istəyirəm.  

Çəliyim Sina dağında tanrının güdazına getdi Əli bəy, bağışla!..

Sazovada³ ulduzların uçuşunu seyr etmək istəyirdim səninlə

Göylərə divar çəkdilər siyasət adamları

Ulduzların saçı görünür, naməhrəmdirlər deyə.


İndi Eskişehirin tramvayları içimdən keçir

İçindən keçirəm tramvayların indi mən.

Mənim içimdən keçirsən tramvayda sən

Sənə aldığım kitabı oxuyarkən.


Mən boğulmadım dəniz gözlüm,

Məni terror edə bilmədilər, kommunist baxışlım,

Divarları üstümə örtə bilmədilər əfəndim,

Mən yenə də ölmədim, 

             Yenə də varam,

Sənin dəniz gözlərinə şeir yazıram Təbrizdən. 


Sənin gözlərin dəniz, 

Mənim dərdlərim dəniz. 

Sənin gözlərin pinar,

Mənim ürəyim yanar...


¹ Eskişehirin Barlar Küçəsində yerləşən bir barın adıdır.

² Porsuk çayı: Eskişehirin ortasında axan çay adıdır. 

³ Eskişehirde Disneyland muzeyidir.

 


ESKİŞEHİR XATİRƏLƏRİ (II)


Sənin köynəyindən qırılıb-qopan düymə kimi

Qırılıb-qopuram bu şəhərdən indi mən. 

Səndən sağollaşmamış ayrılsam, bağışlarsan. 

Trengarın divarlarındakı saatların əqrəbələri

Görəsən nədən darıxır mənim barmaqlarım kimi?!..

Özümü bu qatarla Təbrizə götürsəm də

Ürəyim səndə qalıb...


ESKİŞEHİR XATİRƏLƏRİ (III)


Başımın üstündə qırmızı bir quş uçur aylardır,

Yuvasız bir quş. 

O quşun yerinə olsaydım bəlkə də

Durmadan uçub yanına gələrdim.

Ey quş, 

Heç bir zəncir bağlaya bilməz səni, 

Saxlaya bilməz səni heç bir qəfəs

Özgürlüyün dadını anlayan quş...

Sənin özgürlüyün ümiddir mənim üçün 

Sənin qanadların dözümdür mənim üçün 

Sənin uçuşun özgürlükdür mənim üçün,

Varlığından danışarsam 

Bütün azadlıq heykəlləri muma çevrilər xiyabanlarda. 


Başımın üstündə qırmızı bir quş uçur aylardır

Bu quş da mənim kimi yuvasızdırmı görəsən?

O quşun yerinə olsaydım bəlkə də,

Bəlkə də uçub yanına gələrdim durmadan.

Ey quş!

Heç bir zəncirə bağlanma

Sənə qəfəs yaraşmır.

Özgürlüyü sənin qanadlarından öyrənirəm

Uçuşun mənə azadlıq dərsi verir.

Sənin qanadlarının altında qalırlar sərhədlər.

Rəngin qırmızı möhür basır bütün passportlara

Varlığından söz açıram...

Bütün azadlıq heykəlləri muma çevrilir xiyabanlarda.


Mən sevdanın zəncirinə bağlandım

Qəfəsləri yaraşdırdılar mənə, 

Özgürlüyü sənin qanadlarından öyrənsəm də belə. 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)