Edebiyyat.az » Poeziya » Şairə Nargilə Rəhmanin şeirləri

Şairə Nargilə Rəhmanin şeirləri

Şairə Nargilə Rəhmanin şeirləri
Poeziya
nemət
Müəllif:
10:22, 25 iyul 2019
1 351
0
Şairə Nargilə Rəhmanin şeirləri


...Ay adam...


Könlümdən möhrünü götür, gedirəm,
 Əmanət qəlbimi gətir, gedirəm,
 Gəl məni ömründən ötür, gedirəm,
 Sən mənim adamım deyilsən adam...


Ulduz da deyildin, aydan danışdın,
 Qurumuş bulaqdın, çaydan danışdın,
 Dondurdun sən məni,yaydan danışdın,
 Sən mənim adamım deyilsən adam..


Nədən axı sevgim sənə bayıldı?
 Ömrümün ən gözəl eşqi sayıldı,
 Düşdü xəyallarım suya, ayıldım...
 
Heç mənim adamım deyilsən adam..


      ......12 iyul 2019....












                      







..... II  Mahmudun xatirəsinə.....

Ey sən,
 eşidirsən.?
 Birincisən, ikincisən,
 bəlkə də lap minincisən,
 bilmirəm..
 Ay ölümə elçi düşən.,
 guya ölüm qazanında
 Əzrayılın yeməyinə
 "yaglı tikə" az idi..?
 Gərək sən də gedəydin
 bu tezliklə
 qara qapaq altına..?
 Həqiqətlər dəlisi...
 Bu dəlilik nə idi..?
 ...idi,...idi...,
 Axır vaxtlar 
 Məlik idi, Mövlud idi..
 Bəs idi..
 Sən də hardan çıxdın belə.?
 Belə paxıl olmağını
 bilməmişdik biz, Mahmud.!
 Son sözünü yazmaq üçün
 qara qələm əvəzinə 
 qara ölüm seçənlər..
 Mürəkkəbi necə idi Əzrayılın.?
 Bir deyin də, deyin görüm,
 Bu həyatın əvəzinə,
 axı niyə,
 qara qalmış bu ölümü ,
 ölə-ölə
 qiymətə mindirirsiz.?
 Yalançılar..!
 Nə yazmısız yalan imiş..
 şəklinizdə donub qalmış
 təbəssüm tək..
 Anların əbədi gözəlliyindən,
 körpə gülüşünün əsirliyindən,
 birinə sevgidən,
 birinə şəfqətdən...
 nə qədər yazdınız,
 ay evi tikilmişlər..!
 Elə belə yaza-yaza 
 bizləri aldatdınız..!
 Məsələn biri mən..
 nəyimə lazım idi,
 anındaca qürurumu tullayıb bir kənara,
 kiməsə "sevirəm"demək..?
 Ya da ki, 
 zəhləm getmiş birini
 çiynindən qucaqlayıb,
 gözünə gülümsəyib,
 günahından keçərək
 üzündən öpmək..?
 O qədər yazdınız ki,
 insanlıqdan, sevgidən,
 Hər şeyi, hər kəsi
 son dəfə görürmüş kimi
 sevməyə başlamışdım...
 İndi düşsəz əlimə,
 eynən özünüz kimi,
 heç nəyi gözləmədən,
 ürəyimdən keçənləri
 üzünüzə vurardım ..
 Hansı haqla, ölməmişlər,
 həyata bağlayıb bizi söz kəndiriylə,
 özünüz getdiniz...?
 İndi bizi,
 bu dünyanın
 qızmar həqiqət günəşi ,
 Baglandığımız həyat adlı
 qupquru bir agacın altında
 yandırarkən,
 Siz,
 sərin torpaq altında
 "kef"edirsiniz..
 Heç olmasa,
 duyursuzmu,
 ürəklərin
 sizə doğru hayqırtısın?
 Eşidirsiz,
 yazdığınız lap sonuncu 
 "ölüm" adlı o nağılla 
 aldadılan dostların
 son duasını.?
 ..İlahi,bir tufan qopar..!
 Qoy göy yerə,
 göy də yerə qarışsın...
 Bircə sizi özü ilə aparan,
 əcəl adlı gedən qatar
 geri,
 geri qayıtsın..!


 ....7 iyul 2019...



....Ay daşı....


Göy adamı deyildik-
 Göylərdə qalammadıq.
 Yer adamı deyildik-
 Çiçək də olammadıq...


Göz payımız Allahdan,
 Söz payımız Allahdan,
 Öz payımız Allahdan,
 Biz niyə doyammadıq..


Bu dünya qatarında
 Qanadı sınıq quşduq,
 Ha çabala, ha əlləş,
 Olmadı.. yerə düşdük..


Həyat budur əzəldən;
 Xəlvət ötüb gedəndir...
 Nə qədər sevirsən, sev,
 O bizi tərk edəndir.


Səmadan hay istərik,
 Hər ruha tay istərik.
 Günəşi qaçıranda
 Gecədən Ay istərik..


Ay, gəl çevir başına,
 İşıq sal yaddaşına.
 Bir zərrə tozun kimi,
 Yaz bizi Ay daşına..


        .....29 iyun 2019....







...Gəlmişəm...


Mən sənin aşiqinəm, qapındayam, aç gəlmişəm,
 Bir kəlmə xoş sözünə qalmışam möhtac gəlmişəm.
 Sən məni tərk edəndən quruyubdur eşq aləmi,
 Ruhum da çıxıb gedib, canım qalıb ac gəlmişəm.


Günahdır, saxlasan gər qapında axşamacan məni,
 Ölərəm, məhv olaram, tərk eləyər bu can məni.
 Sədəqə ver heç olmasa bircə nəzər pəncərədən,
 O baxış saxlar bəlkə ayaqda o çağacan məni.


Ayrılıq odasına gəl qapanıb durma belə,
 Yoxmu heç mərhəmətin, daha oyun qurma belə.
 Öldürəndən sonra məni, nəşim üstə ey riyakar,
 Demə peşman olmusan, baş-gözünə vurma belə.


 .....6 iyul 2019.....


 





















....Daraq...


Analı günlərə qayıtdım bir an,
 Qəlbimdə xatirə varaq-varaqdır.
 Yenə də güzgünün qabağındayam,
 Əlimdə anamdan qalan daraqdır.


Elə bil əlləri gəzir saçımda...
 "Ay bala, tellərin yaman ağarıb,
 Dayan hörüyünü özüm açım daa"
 Dillənir güzgüdən anam boylanıb...


Yox olur ayrılıq salan əcəl də,
 Nələr, gör nələri xatırlayaram.
 Dünyadan küsəndə, hər dar macalda,
 Bəsdi o daraqla saç darayaram.


Təkcə pırtlaşıq saç açmaz bu daraq,
 Ömrümün düyünün tapar birbəbir.
 Nə ki ağrılar var yığıb çaparaq
 Verər küləyə ki, apar birbəbir.


Dünya gözəlləşib düşər yerinə,
 Aydınca daranar fikirlərim də.
 Hər gün beləcənə güzgü önündə
 Anam var Tanrıya şükürlərimdə..


 .....4 iyul 2019...














...Çarə...


Elə için-için ağlayırsan qız...
 Göz yaşın necə də mənə tanışdır.
 Sanki dünya köçüb, qalmısan yalqız,
 Kədərini dil yox, gözlər danışdı.


Qəlbin param-parça, halın pərişan,
 Şaqraq gülüşlərin yoxa çıxıbdır.
 O şən, xoşbəxt qızdan qalmayıb nişan,
 Ah, bir namərd sevgi səni yıxıbdır.


Hara qoyacaqsan o sevgini sən.?
 Ünvansız yazılan məktub kimidir.
 Daha o taleyinin hədiyyəsi yox,
 Bəxtinə yazılan əzab kimidir.


Gəl, taybatay aç pəncərələri,
 Yerə-göyə baxıb ağla doyunca.
 Nakamlıq gözünə elə hopub ki,
 Baxacaq dünyaya ta yumulunca.


Göylərdə doğulub yağan sevgilər
 Duaya, ya da ki qarğışa düşər.
 Ağla ki,hər dərdi yumağın yükü,
 Vallah, gözündəki o yaşa düşər...


 ......12 iyun 2019....














....Əriyən buzlar...

Deyirmişsən, 
 bağlanıbdır yolların..
 İstəyirsən,
 ta başından ürəyimin yol çəkim..
 Demisən ki, 
 istəmisən uzadasan, 
 dəfələrlə mənə tərəf,
 alınmayıb..
 elə bil ki quruyubdur qolların..
 Qorxma, vallah
 İndi ruhum qədərdi çəkim..
 Deyirsənmiş,
 talemizdə bu sevgi bir oyunmuş..
 Sən elə bil..
 Mən də öz bildiyimi..
 Soruşsana,oyundusa,
 axır vaxtlar
 kim görüb güldüyümü?.
 Deyirsənmiş, 
 dəyişilib qaraqabaq olmuşam...
 Bilirsən ki,
 sən gedəndən bağlanıbdı kitabım...
 Nigaransan,daha niyə yazmıram,
 Kimə yazım, 
 kimə olsun xitabım..?
 Dedilər ki,
 heç düşmürəm dilindən..
 Yalançının...
 Bircə yalan olmasın..
 Deyirəm ki,
 elə olsa, bəs yuxuma girərdi..
 Eşidirsən,
 bir də heç vaxt, 
 heç vaxt məndən uzaqlarda
 peşman-peşman danışma...
 Guya hələ dağılmayıb,
 qəlbindəymiş ilk yuvası 
 perik düşən məhəbbətin..
 Aramızda buz dağını
 əridib söz-söhbət ilə,
 Söylə, gülüm,
 məni yoxsa, 
 yenidən eşq dəryasına
 batırmaqmı niyyətin?..


 .....8 iyun 2019...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)