Edebiyyat.az » Poeziya » AZAD QARADƏRƏLİ - SİZ OLMAYAN ZAMANIN MƏMMƏD İSMAYILI

AZAD QARADƏRƏLİ - SİZ OLMAYAN ZAMANIN MƏMMƏD İSMAYILI

AZAD QARADƏRƏLİ  -  SİZ OLMAYAN  ZAMANIN MƏMMƏD İSMAYILI
Poeziya
nemət
Müəllif:
20:35, 01 noyabr 2019
1 485
0
AZAD QARADƏRƏLİ - SİZ OLMAYAN ZAMANIN MƏMMƏD İSMAYILI






(Böyük şairin 80 yaşına kiçik esse)


                 Mən Məmməd İsmayılı o qədər də dərindən tanımıram. 

                Bilməyənlərə: bu yazıda iki cür anlam var: fiziki-bioloji və ruhi. İlk cümlə fiziki-bioloji mənadadır: kişi ilə bir stəkan çay içmədim, bir qısmat çörək kəsmədim, qədəh şairləri kimi stəkan toqquşdurmadım...

            Amma o sizin Məmməd İsmayıldır ki, onu siz özünüz də sonacan tanımırsınız. Sizin gördüyünüz üzdədir, sifətdədir, fizikidir, biolojidir.

            Mənim tanıdığım Məmməd İsmayılsa daha qədimdir, daha yaşlıdır, daha müdrikdir. Siz, nə yazıqlar ki, onun varlığını belə bilmirsiniz. Bilsəydiniz, vurub Uruma-Şama getməzdi ki...

            Yazıçının həyatında yerdəyişmə mühüm əlamətdir.

            Əslində, bu, zorən mühacirət idi. 




          Xaqani Təbrizə, Cəbran Amerikaya, Cavid Sibirə (zorən də olsa), Cabbarlı Bakıdan Bakıya (teatrdan jurnalistikaya)... və Məmməd İsmayıl Uruma-Şama...


            Havasına, suyuna,
           Hәlә alışmadığın bir dünyada yaşamaq-
           Vә... sonra ömrün boyu nişanın itәr deyә
           Köbәyindә ananın
           Vә gәldiyin dünyanın möhürünü daşımaq,-
           Sınaq! 


            Amma yox, dədələrimizin getdiyi yoldur Urum-Şam. Elm üçün Çinə deyil, Uruma-Şama getmədilərmi? Bax o da babalar misalı sizi tərk elədi. Öz ruhi müvazinətini saxlamaq üçün Oranı seçdi. 

            Yeri pərqu olsun, Xəlil Rza deyirdi ki, mən Bakının Türkan kəndində bağ almadım ki, bağ-bağat salam, orada ona görə bağ aldım ki, hər dəfə biri soruşanda hardan gəlirsən, ürəklə deyəm: “Türkandan gəlirəm!”. Yaxud, “Türkana gedirəm!”

            Mənim tanıdığım Məmməd İsmayıl da Uruma ona görə getmədi ki, qaz vurub qazan dolduracaq, getsəydi, elə hamının getdiyi Urumçiyə gedərdi. (Nə yazıq ki, etinasızlıq və yaddaşsızlıq Urumçini də heçə çıxarmada. Və bir də Urimçiyə uyğur deyibən deyil, Çin malı üçün gedirdik axı!..)

         O, Urumun Çanaqqalasına getdi ki, Çanaqqala misalı daha əzmli olsun, daha dik alın, daha dik qamət saxlasın! Daha üsyankar, daha məğrur, daha alınmaz, daha yenilməz... olsun, QALA olsun! Məmməd İsmayıl qalası!..

            Hə, bu gündən etibarən, bilin, poeziyamızda bir qala var fəth edilməmiş: Məmməd İsmayıl qalası!

            Və o yalançı məmur yazıçılar ki, var, xalqın pulu hesabına “əsərləri”ni xarici ölkələrdə çap etdirirlər, bilin, onları bəzi aztanınan xarici universitetlərin müəllimlərindən başqa heç kim tanımır! 

            Məmməd İsmayılın əsərləri isə dünyanı ayaq-ayaq dolaşmada. 

            

                                                           ***


         Siz olmayan zamanın şairidir Məmməd İsmayıl. Onun suallarının cavabı İndi deyil, Onda veriləcək. Onda bu günkü tünlükdən kim, yaxud kimlər qalacaq, bunu bilən bilər. Şair sualıdır bu, yiyəsi qulaq versin:


             Qazancı kül olar ocaq yerinin,
            Könlü ocaqların gözü yaş olar.
            Bəxti yüyrək olar niyə birinin,
            Başqa birisinin bəxti daş olar? 


            Onun siz görən tərəfi qafiyədədi, nəzmdədi, dildə-dişdə olandadı. Amma dərində olan tərəfi qanla bağlıdır. Ora hər adam enə bilməz. Venasına hər kəs düşə bilməz. Ora enənin təmizqanlı olması lazım. Yoxsa qan basar aləmi. Bu poeziya qanla çimizdirilib:


              Bir zaman yoğrulub qanla bu torpaq,
             Bəlkə azadlığın mayası qandı?
             Canı unutmaqdı qanı unutmaq,
             Qanı unudanlar unudulandı.

           Unutmaq sırası sənəmi düşdü?
            Unutma, elə bir an gələ bilər.
            Bu gün şəhidləri unutsan işdi,
            Sabah bulaqlardan gan gələ bilər.

            

            Onu deyirdim axı: 

            Məmməd İsmayıl olanda siz olmadınız. Siz olmayanda Məmməd İsmayıl olacaq, eeeee, çox olacaq! Var idi, var və yenə olacaq!



                                                                                   01.112019

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)