Ələsgər Əhməd - Yeni şeirlər
Poeziya
Ələsgər Əhməd - Yeni şeirlər
Xəyali görüntülər "3D"
Arabir,
eynəkdən xeyir görməyən gözlərim,
Bizi bir masada göz - gözə gətirir
Maşınların arxasından,
burnumuzun ucunda reklam olunur
Xəstəxana sıxlığından öncəki
"qəza ətiri"
Belə alınmasını istəməsəm də
həmişə belə alınır
-Burda sualları mən verirəm!-
.......
Ucuz toylara bahalı siqaretlə getməyim,
məni nə qədər varlı göstərir?
Bu adam, gözündə,
nə qədər "özündən razı" olur?
İstənilən toyun gecəsi,
rahatlığımın bakirəliyi pozulur
50 manata alınan rahatlığımın
Nə bakirəliyindən maraqlı tərəfi var,
nə də hissləri.
Burnumdan yediklərim,
gözümdən spirtli su axır
Səhər parkda,
sevgilinin qucağında dünyəvi məsələləri həll edirsən
damağımdakı ucuz siqaret,
yağış yağdırmaq üçün,
ard-arda tüstü buraxır
Axı sən,
məni heç vaxt başa düşməmisən
Bəlkə bir fincan çay,
bəlkə kokteyl?
Hər nəysə.
Elə o gündən,
həm səndən olmuşam,
həm də arxayın
Qışqırıb, demək istəmişəm:
Hər dəfə qışqırmağınız,
həqiqəti deməyiniz deyil
Bir dəfə də,
mənim ayaqqabılarımla futbol oynayın.
Görəsən İsanın atası olsaydı,
mənim kimi bezərdimi?
"Aramsız zənglərdən"
Sənə görə pulqabısını boş saxlayan,
atasından küsərdimi
üzü ağ çıxardımı, qara rənglərdən?
Deyəsən bir az qorxursan,
cavidin iblisindən- tanrının şeytanından
İsa burda doğulsaydı,
özünü asardımı, bayraq meydanından?
Ya da, bunu soruşum;
Şairlər haqqında nə düşünürsən?
Sevgidən danışarkən,
xəyanət edən Nazım Hikmət haqqlıdı?
Yoxsa
öz uşaqlarından başqa,
bütün uşaqları sevən, Aziz Nesin?
Bircə bunu pıçıldadın
-Şeirdə elə ağlamalısan ki, göz yaşı bilinməsin.-
Texniki qüsurlar
Sənə,
ürəyin boyda təşəkkür edirəm
Dostlarımı mənimlə tanış etdiyin üçün
Ən azından üçünün,
ağlından səni sevmək keçirdi
Dostlarımı səhv seçməkdən başladı
Ucuz kafelərdəki
-bahalı borclarım-
- divardakı yazıları təmizləməyim-
-cizgi filmləri izləməyim-
Anamın qarğışı,
atamın nifrəti
Bütün müvəffəqiyyətləri yaşadım,
müvəqqəti.
Körpülər qorxudan yıxılırdı
Ordan ayaqsızlar demək, keçirdi.
Sənə də yazığım gəlir,
ayaqlarını burda qoyub, getdiyin üçün
Bu gün də,
romantikadan başqa hər şey bacarıram
Hamıdan fərqli "unutmuram"
Görüşlərdə təkcə,
gözümün içinə baxmağın yox,
Büstlərin göyərçinlərə daş atmağı da,
2 addım o tərəfdə,
kostyumlu kişinin,
manatını dilənçiyə xırdalatmağı da,
gözümü döyəcləyir
Səmimi müzakirələrdən çəkilirəm,
ad günü şəkilləri kimi
Hislərim bir aydan bir gicləyir
Diktaturanın hökm sürdüyü ölkələrin,
piyada millət vəkilləri kimi
Çox yaxşı bilirsən ki,
adıma görə, siqnal səsindən zəhləm gedir
Tərslikdən də,
hər günümüz tıxacdı
Məni həzm edə bilməyənlər,
səni dada bilməyənlər acdı
Bizi bir süfrədə görənlər,
iftar açmasalar da toxdu
Dekart deyir,
" düşünürəmsə, deməli varam"
Mənsə belə düşünürəm,
" məni düşünməyənlər, yoxdu"
Məni düşündüyün üçün, minnətdaram!
Və bunu da bilirsən
İzlədiyimiz sevgi filmlərinin,
ayrılıq hissələri:
Qısqanc sponsor reklamlarıdı
Gözümün işığı da, sönür axırda
Hal-hazırda,
bundan duyğusal nəsə tapa bilmirəm
"
Rast ki,
xərçəng xəstələri həyatın,
ən unutqan sağlamlarıdı,
xəstələnməyə başlayım
Həkim ol-
adın da, Pol Raski "
Bir də ki,
" kukla kimi qızdır" dediklərimiz
böyüyüb, qadın kimi- kukla oldular
Adım kimi əminəm.
Başqa gecələrdə unuduldular
Bir gecəlik,
geyindikləri gecəliyin sayəsində sevildikcə
Ağ rəngli parçalar
qırmızı rənglə şərəfə,
Qollarının biri bir tərəfdən,
ayaqlarının biri o biri tərəfə çevrildikcə
yoruldular, Lia
Bugündən etibarən,
şəkillərimizi çəkən,
bütün fotoqrafların sənəti:
foto-xoreoqrafiya.
İnqilabçı jurnalist
İrqçi qara maska taxıb,
güllələdi afrikalı şairi
Göyərçinlər Ağ evin dövrəsində,
oxudular şeiri.
Gözlərimə qan yığıldı
Bağırdıqca, azaltdılar səsimi
Gördüm çarmıx qardaşıdır
İsa ilə Nəsimi
İndi şahlar taxtından yox,
Öyrəşiblər təyyarədən enməyə
Qəddarlığı görüb, susma
Çək qırmızı xalçaları altlarından
Qaç,
karusel tap, dönməyən.
Dünya xəritəsini cırıb, yandır
Heç kim səni bölməsin
İsanı da geri qaytar,
göyərçinlər şeirləri bitirəndə
Başqa şair ölməsin.
Get, şahların şahını da gətir, gəl
Susub, üstünə qışqır
Kürsüsünə taxtını qoy,
danışdır.
Vəzirlərə tapşırsın ki,
hər cəllada
Gül buketi almalıdır deyilsin
Gördün əgər alınmır,
tulla ayaqqabını
İçindən sülh iyi gəlsin.
Mən ki, sənə inanıram
Hamı sənə inanmır.
Sonuncu qərar
Kamyunun yadından çıxan Merso
Niyə görə ağlamadı? bilsən,
unutmazsan.
Mən bilirəm, ağlamıram
Dama- dama dəniz olsa, nə xeyri?
Sən ki, Musa deyilsən.
Evin divarlarından,
gözün üzərimdədi
Görürəm,
qucaqlamaq istəyirsən
Əllərinlə saçımı sıxıb, ağlamaq istəyirsən
Eh, yaman çərçivələşmisən
Artıq başqa mətbəxdə
bişir qadınlığın da
Qapıyla, pəncərənin bir addımlığında,
Unutmusan, eşqin arxa fonunu
Deyəsən, evləşmisən
Bir gün ayaqyalın gəl,
Gör, nə qədər soyuqqanlıq
görübdür, bu döşəmə
Qollarını açıq saxla
qucaqlayım, üşümə.
Ya da bilirsən nədi?
Yoldaşını, körpəni də mənimsə,
mənim - sənin olmasın
Başqasının arvadını,
qucağında körpə olan qadını qucaqlaya bilmərəm
Gələn günün olmasın.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ